AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ziqmund Freyd

Ziqmund Freyd

25 Yanvar 2016, 11:26 1776
Dostoyevskinin mürəkkəb şəxsiyyətini dörd baxış bucağından səciyyələndirmək olar: yazıçı, nevrotik, mütəfəkkir-etik və günahkar kimi. Bizi riqqətə gətirib həyəcanlandıran bir belə mürəkkəblikdən necə baş açmalı?

Bir yazıçı kimi o, mübahisəsiz qəbul olunur, qeydsiz-şərtsiz Dostoyevski Şekspirlə bir sırada dayanır. “Karamazov qardaşları” indiyədək yazılan bütün romanların içində dahiyanə əsərdir. “Böyük inkivizitor haqqında əfsanə” isə dünya ədəbiyyatının bədii dəyəri əsrlər boyunca sabit qalacaq şah əsərdir. Təəssüf ki, adına bədii yaradıcılıq deyilən problemin qarşısında psixoanaliz də tərk-silah olunur.
Dostoyevski daha çox bir moralist kimi zəifdir. Belə ki, onu dərin və dibsiz günah dəryasından keçərək ən ali mənəvi kamilliyə qovuşan yüksək əxlaqlı bir insan kimi təsəvvürümüzə gətirəndə bir mülahizəni unutmuş oluruq. Axı, o şəxs yüksək mənəviyyatlı sayılır ki, nəfsin daxili burulğanları qarşısında əyilmir. Heç vəchlə onun toruna düşmür. Ancaq gah günah işlədən, gah da tövbə edərək qarşısına yüksək məqsədlər qoyan insanı ən azı belə bir şeydə təqsirləndirmək olar ki, o, həyatını çox rahat və özünə sərfəli şəkildə nizama salmaqla məşğuldur. O, əxlaqın əsas prinsipinə – yeri gələndə imtina etmə xüsusiyyətinə əməl etmir – halbuki əxlaqi həyat tərzi bütün bəşəriyyətin praktiki maraq sahəsinə daxildir. Bununla o, xalqların hicrət dövrünün barbarlarını xatırladır – onlar öldürür, sonra tutduqları əmələ görə peşmançılıq keçirirdilər və bununla da tövbə özü yeni-yeni qətllərə yol açan sadə bir texniki vasitəyə çevrilirdi. İvan Qroznı da məhz belə hərəkət etmişdi; bu – artıq vicdanla sazişə getməkdir – əsl rus xarakterinin bəlirtisidir. Dostoyevskinin əxlaqi mübarizəsinin son nəticəsi də belə bir “şərəfli” tarixə malikdir. Fərdin ilkin ehtiyac hissini şərtləndirən cəmiyyətin tələbləri ilə bir araya gəlməsi uğrunda gedən qızğın mübarizədən sonra o, məcburən dünyəvi və ruhani avtoritetə – çara və xristian Allahına, rus cılız millətçiliyinə (bu şeylərə daha zəif şəxsiyyətlər daha az enerji sərf etməklə yetişmişdilər) səcdəyə doğru geriləyir. Böyük şəxsiyyətlərin zəif damarı buradadır. Dostoyevski kahin (müəllim) olmaq və bəşəriyyəti xilas etmək imkanını əldən buraxıb türmə sakinlərinə qoşulub; gələcək mədəniyyət bəzi-para şeylərdə məhz ona borclu olacaq. Görünür, bütün mümkün hallarda onun nevrozu məhz belə bir məqamda meydana gəlmişdi – elə bir nevroz ki, onun ucbatından da Dostoyevski uğursuzluğa məhkum edilmişdi. Ağlının və insanlara bəslədiyi məhəbbətin gücünə onun qarşısında tamam başqa bir yol – apostol kimi ibadət yolu da açılmışdı.
Dostoyevskinin günahkar, yaxud cani kimi nəzərdən keçirilməsi bizdə nifrət hissi doğura bilər, ancaq bu hiss cinayətə (caniyə) obıvatel baxışından mayalanmamalıdır. Cinayətin əsl səbəblərinin üzə çıxarılması heç də uzun çəkmir: cinayətkar üçün iki xüsusiyyət əsasdır – sonsuz özünəvurğunluq və güclü destruktiv meyl; yuxarıda xatırlanan hər iki cəhətin meydana çıxması üçün ümumi mənbə məhəbbət qəhətliyi və insana emosional – hissi münasibətin çatışmazlığıdır. Burada dərhal Dostoyevskidə bunların tam əksinin mövcudluğunu xatırlayırsan – onun məhəbbətə susadığının və dərya kimi aşıb-daşan sevgi gücünün sahibi olursan ki, bu da onun son dərəcə xeyirxah olmasında təzahür edir. Bu güc və ehtiyac onun nifrət etməli və əslində intiqam almalı olduğu məqamlarda (məsələn, birinci arvadına və məşuqəsinə münasibətdə) sevməyə və arxa durmağa sövq edirdi. Belə olduqda sual yaranır: bəs Dostoyevskini cinayətkar cərgəsinə qoşmaq meyli haradan doğur? Cavab: onun süjet seçimindən – bunlar başlıca olaraq zalımlar, qatillər, eqoistlik xarakterli insanlardır ki, bu da belə şeylərin məhz onun daxili dünyasında mövcudluğundan xəbər verməklə, həyatındakı bir neçə önəmli faktdan da – olsun ki, qumar oyunlarına meylindən və yaxud həddi-buluğa çatmamış qızın zorlanmasından (“İspoved”) da yan keçmir. Bu əkslik aşağıdakı qaydada həll edilir: Dostoyevskinin onu caniyə çevirə biləcək güclü destruktiv meyli onun həyatında əsasən özünə qarşı çevrilmişdi (daxildən yönəlmək əvəzinə daxilə yönəlmə) və beləliklə, mazoxizm və günah hissi şəklində ifadə olunurdu. Bununla belə onun şəxsiyyətində əsəbilik, əzab, hətta ən yaxın, məhrəm adamlara münasibətdə, habelə oxucuyla davranış üsulunda belə üzə çıxan dözümsüzlük şəklində ifadə olunan müəyyən sadist cəhətlər də vardır; beləliklə, xırda şeylərə münasibətdə onun sadizmi özündən kənara doğru meyllənirsə, ən mühüm mətləblərdə o, özü özünün cəlladıdır, bu mazoxist adam dünyanın ən xeyirxah bir adamı tək həmişə başqalarına kömək barədə düşünür.
Dostoyevskinin mürəkkəb şəxsiyyətində biz üç cəhəti ayırıb fərqləndiririk – biri kəmiyyəti, ikisi keyfiyyəti göstərən xüsusiyyətlər: son dərəcə yüksək, yerə-göyə sığmayan özündən çıxma halları, onu sadizm, yaxud mazoxizmin ağuşuna atan, ondan cinayətkar düzəldəcək perversiya cəhdləri; və bir də onun heç bir təhlilə gəlməyən YARADICI İSTEDADI. Belə bir “xatirə” heç nevrozsuz da mövcud ola bilərdi; axı nevrozun əlamətlərinin müşahidə olunmadığı yüz faizli mazoxistlərə də rast gəlinir. Qüvvələrin, ilkin meyldən doğan iddiaların və bunlara qarşı duran tormozlayıcı meyllərin nistəbini nəzərə alıb (mümkün sublimasiya hallarını da buraya əlavə edək), Dostoyevskini necə olmasa da “impulsiv xarakterli şəxslər” cərgəsinə qoşmaq bəlkə də mümkün olardı; ancaq mövcud vəziyyət nevroz faktının meydana çıxmasıyla mürəkkəbləşir – artıq yuxarıda deyildiyi kimi, məlum şəraitdə bu mürəkkəblik duruş gətirdikcə, nevroz faktı da daha yüksəkliklə əyaniləşir.
Sözün ciddi mənasında nevroz özünü nədə büruzə verir? Dostoyevski özü-özünü (digər şəxslərin də bu barədə nə dedikləri artıq məlumdur) belə bir əsasda epileptik sayırdı ki, dəfələrlə ağır ürəkkeçmələrinə düçar olmuş, bu vəziyyətlərdə huşunu itirən yazıçı düşkünlük girdabında çabalamışdı. Çox güman ki, onun özünün və başqalarının epilepsiya adlandırdığı vəziyyət onun nevrozunun əlamətlərindən biriymiş, məlum şəraitdə bunu isteriyanın ağır halı kimi də nəzərdən keçirmək olar. Ancaq bunu tam əminliklə sübuta yetirmək iki səbəbə görə mümkün deyildir: əvvəla, ona görə ki, Dostoyevskinin ayağına yazılan epilepsiya tutmalarının anamnez tarixləri qənaətbəxş və sabit deyildir, əksinə, keçicidir, ikincisi, xəstəliklə bağlı vəziyyətlərin epileptoid tutmalarıyla bağlılığı qeyri-müəyyən səciyyə daşıyır.
İkinci bəndə baxaq. Epilepsiyanın bütün patalogiyasını xatırlamaq əbəsdir – bu, onsuz da hansısa yəqinliyin əldə olunmasıyla nəticələnməyəcək, - ancaq bir şeyi bəri başdan demək mümkündür: əlahəzrət morbus sacer – kliniki baxımdan vahid anlayış təsiri bağışlayan, ilk baxışdan özünün coşqun tutmalarıyla, qıcıq və aqressivlik kimi əlamətlərdən başqa xarakterinin dəyişməsiylə səciyyələnən, ancaq yenə də heç bir təhlilə yatmayan bu dəhşətli xəstəlik yenidən və bir daha yenidən peyda olur. Peyda olur və getdikcə bütün ruhi fəaliyyətin sönməsilyə müşayiət olunur. Ancaq hansı səviyyədən baxmağımızdan asılı olmayaraq bu mənzərə nə isə qeyri-müəyyən, anlaşılmaz olaraq qalır. Qəfildən baş qaldırıb dişləməylə müşayiət olunan, həyat üçün təhlükəli olan status erilerticis səviyyəsinə yüksələn, özünə divan tutmaya gətirib çıxaran tutmalar bəzi hallarda bütün bunlara rəğmən lazım olan gücü toplaya bilməyib qısa absans vəziyyətlərində tez ötüşən başgicəllənməlinə kimi zəifləyir və eyni zamanda xəstənin sanki şüuraltının diktəsi altında təbiətiylə uyuşmayan hərəkətlərə yol verdiyi qısa dövrlərlə əvəz edilir. Nə qədər qəribə görünsə də, ümumən xalis fiziki (bədən) səbəblərlə şərtlənən bu hallar ilk əvvəl sırf qəlblə bağlı səbəblərdən doğub (qorxu) meydana çıxa bilər, yaxud sırf sonralar ürəkdəki həyəcan dalğalarından xeyli dərəcədə asılı ola bilər. Əqli fəaliyyətin aşağı düşdüyü əksər hallardan fərqli olaraq belə bir vəziyyət də mövcuddur ki, bu zaman sözügedən fəsad yüksək əqli fəaliyyəti pozmur (Helmhols) (eyni şeyin təsbit olunduğu digər hallar, o cümlədən Dostoyevskinin özünün düşdüyü vəziyyət bu mənada böyük şübhə doğurur). Epilepsiyadan əzab çəkən şəxslər küt, anormal inkişaf etmiş adam təsiri bağışlaya bilərlər, belə ki, bu xəstəlik, əlbəttə ki, xəstəliyin məcburi tərkib hissəsi olmayan, parlaq şəkildə təzahür edən idiotizm və qabarıq beyin defektləriylə birləşir; ancaq bu tutmalar özünün bütün şəkildəyişmələriylə birgə ürəyi sapsağlam olan digər şəxslər də (əksər hallarda bu qeyri-adi şəxslər ürəklərində baş qaldıran effekt hallarıyla bacara bilmirlər) müşahidə edilir. Təəccüblü deyil ki, belə bir şəraitdə “klinik epilepsiya” effektlərini dəqiqləşdirmək mümkün olmur. Yuxarıda sadalanan simptomların oxşarlığından belə bir şey hasil olur ki, bu – funksional yanaşma tələb edir, ilkin iradi meyllərin anormal şəkildə azad olması mexanizmi işə düşən kimi ən müxtəlif şərtlərin mövcud olduğu şəraitdə – həm toxumaların ağır xəstəliyə düçar olub beyin fəaliyyətinin pozulduğu, yaxud zəhərlənmə ilə müşahidə olunan xəstəliklərdə, həm də ürək enerjisinə nəzarətin böhranlı hallarında sözügedən mexanizmdən istifadə edilir. Bu iki fərqli növə ayrılmanın arxasında biz ilkin iradi meyllərin azad olunmasının əsasında duran mexanizmlərin oxşarlığını hiss edirik. Bu mexanizm özlüyündə toksiki səciyyə daşıyan seksual proseslərdən də uzaq deyildi; hələ qədim həkimlər də koitusu “kiçik epilepsiya” adlandırır və cinsi akta bir yüngülləşmə və qıcığın epileptik təsirindən azad olmayan uyğunlaşma kimi baxırdılar.
Bir yerdə götürüldükdə “epileptik reaksiya” adlandırıla bilən bütün bunlar şübhəsiz ki, həm də nevroz hadisəsində özünü göstərir, onun mahiyyəti nevrozun psixi cəhətdən öhdəsindən gələ bilmədiyi somatik qıcıq kütləsini ləğv etməkdədir. Beləliklə, epileptik tutmalar isteriyanın simptomlarına çevrilərək onlara uyğunlaşır və seksual prosesin normal gedişində olduğu tək şəkildəyişməsinə məruz qalır. Və belə olduğu üçündür ki, biz tam əsasla üzvi və atlektiv epilepsiyaları ayırıb fərqləndirə bilərik. Bunun praktik əhəmiyyəti belədir ki: birinci halda əzab çəkən beyin xəstəliyinə düçardır, ikinci halda əzab çəkən isə nevrotikdir. Birinci halda qəlb həyatı kənardan edilən təsirdən pozulursa, ikinci halda pozulma qəlb həyatının özünün ifadəsinə çevrilir.
Dostoyevskinin epilepsiyası, çox ehtimal ki, ikinci hala aiddir. Ancaq bunu dəqiq şəkildə sübuta yetirmək qeyri-mümkündür, belə ki, bunun üçün onun qəlb həyatının ilkin tutmalardan başlamış sonrakı şəkildəyişmələrinə kimi hər şeyi nəzərə almaq, bir əldə toplamaq lazım olardı – təəssüf ki, əlimizdəki faktlar qənaətedici deyildir. Ürək tutmalarının təsviri də hələ əsaslı bir şey vermir; bundan başqa ürək tutmalarıyla onları müşayiət eləyən ağrılar arasındakı qarşılıqlı münasibətlərin də təfərrüatı qeyri-müəyyən, çox zaman isə ziddiyyətlidir. Həqiqətə ən yaxın variant budur ki, Dostoyevskidə uşaq yaşlarından başlayan və o zaman nisbətən zəif simptomlarla səciyyələnən tutmalar yalnız həyatının on səkkizinci ilində uğraşdığı təlatümdən sonra (atasının qətli) epilepsiya formasını almışdı. Dostoyevski Sibir katorqasına düşəndə sözügedən simptomlar tamam kəsilmiş olsaydı, bu deyilənlər lap yerinə düşərdi, ancaq digər məlumatlar, təəssüf ki, bununla ziddiyyət təşkil edir. “Karamazov qardaşları”ndakı ata qatilliyi ilə Dostoyevskinin özünün atasının taleyi arasındakı açıq-aşkar əlaqə onun heç bir bioqrafının gözünə sataşmayıb və onlara olsa-olsa, məlum “müasir psixoloji istiqamət”in göstəricisi kimi lazım olub. Məhz özünün həqiqi mənasında götürüldükdə psixoanaliz bu hadisənin bətnində çox ağır və dəhşətli bir yaranı görməyə can atır və Dostoyevskinin buna reaksiyası da onun mübtəla olduğu nevrozun əsas məğzidir.
Əgər mən bu vəziyyəti psixoanaliz mövqeyindən əsaslandırmağa başlasam, qorxuram ki, psixoanaliz təliminin müddəalarından xəbərsiz olan adamlara qəribə təsir bağışlayam.
Əlimizdə yeganə mötəbər başlanğıc nöqtə vardır. Bizdə Dostoyevskinin ilk gənclik illərində uğraşdığı tutmalar barədə məlumat vardır ki, “epilepsiya” hadisəsi xeyli öncə baş vermişdir. Bu tutmalar ölüm qədər qorxunc idi, onlar ölüm qorxusu qarşısında yaranıb, letargiya yuxusu dövründə baş verirdi. Bu xəstəlik o, hələ uşaq ikən baş qaldırmışdı – qəfil pərtlik və dilxorluq şəklində; sonralar dostu Solovyova da danışırmış ki, elə bil indicə ölüm yuxusuna dalacaq – burada əsl həqiqətdə əsl ölüm səhnəsi oynanılırdı. Qardaşı Andrey danışırmış ki, Fyodor hələ gənclik illərində yuxuya getməzdən əvvəl bir kağız parçasına yazıb qoyurdu ki, gecələr ölümlə bərabər yuxuya getməkdən qorxur və buna görə təkidlə xahiş edirdi ki, onu yalnız beş gündən sonra dəfn etsinlər. (“Dostoyevski ruletka arxasında”, giriş.)
Belə ölüm tutmalarının mənası bizə məlumdur. Onlar ölən adamla – həqiqətən artıq dünyasını dəyişmiş bir adamla, yaxud sağ ikən bizim ölüm arzuladığımız bir şəxslə bərabərləşmək deməkdir. İkinci hal daha önəmlidir. Bu göstərilən halda ürəkkeçmə kəsilən cəzanın özüdür. Əvvəllər biz bir başqasına ölüm arzulayırdıq – indi biz özümüz bu bir başqası deyilənə çevrilmişik və s… Ölmüşük! Burada psixoanaliz təlimi təsdiq edir ki, uşaq üçün bu özgəsi, adətən – atasıdır və adı keçən ürəkgetmə isteriyaları da, beləliklə, nifrət bəslədiyi ataya arzulanan ölümün əvəzində… özünücəzalandırmaya çevrilir.
Ata qatilliyi, məlumdur ki, bəşəriyyətin və ayrıca götürülmüş bir şəxsin əsas və əzəli cinayətidir. Hər halda o, günah hissinin əsas mənbəyidir. Hələ indiyə kimi heç bir tədqiqatda ürəkdəki günah hissinin mənşəyini aşkarlamaq və bu günahı yumaq lüzumunu aydınlaşdırmaq mümkün olmamışdır. Ancaq bu mənbənin yeganə olub-olmaması hələ heç də mühüm cəhətlərdən deyildir. Vəziyyətin psixoloji əsası mürəkkəbdir və izah tələb edir. Bizim dediyimiz kimi, oğlan uşağının ataya münasibəti ambivalentdir. Atasını ürəyində kök salan nifrətin gücünə kənarlaşdırmaq istəyindən başqa ona qarşı hansısa zəriflik, həssas münasibət də mövcuddur. Hər iki münasibət atayla eyniləşmək istəyilə qaynayıb-qarışır, - o necə də atasının yerini tutmaq istərdi, çünki atası əsl heyranlıq mücəssiməsidir, - o necə də atası kimi olmaq istərdi – çünki onu kənarlaşdırmaq istəyi artıq mövcuddur. Bütün bunlar dəhşətli əngəllərlə baş-başa gəlməklə sonuclanır. Hansısa konkret məqamda uşaq ağlamağa başlayır ki, onun atasını qərib kimi uzaqlaşdırmaq cəhdi atası tərəfindən axtalama cəzasıyla qarşılana bilər. Axtalanma qorxusundan, daha dəqiqi, kişiliyini qoruyub saxlamaq marağıyla uşaq anaya yiyələnmək və atanı kənarlaşdırmaq istəyindən vaz keçir. Bu arzu şüuraltında, şüuraltı məkanda özünə yuva qurduğundan günah hissinin yaranmasında başlıca rol oynayır. Fikrimizcə, adına Edip kompleksi deyilən prosesi biz dəyərincə təsvir edə bildik, ancaq bəzi mühüm əlavələr də mövcuddur. Əgər uşaqda bizim biseksual adlandırdığımız faktor daha güclü şəkildə inkişaf edibsə, sonralar bəzi problemlərin meydana çıxma ehtimalı yaranır. Belə olduqda, axtalanma vasitəsiylə kişiliyini itirmə qorxusu altında uşaqda qadınlığa doğru meyl güclənir, ən əsası qəbul etmək hissi birə on artır. Yalnız axtalanma qorxusu bu razvyazkanı qeyri-mümkün edir. Uşaq başa düşür ki, o, bir qadın kimi atasının sevgilisi olmaq istədiyi təqdirdə axtalanmaya razılıq verməlidir. Hər iki ehtirasın – ataya nifrət və məhəbbətin sıxışdırılması beləcə məhkum edilir. Məlum psixoloji fərq belə bir cəhətlə müəyyən olunur ki, zahiri qorxu (axtalanma) üzündən ataya nifrət hissindən imtina edilir. Ataya məhəbbət isə ilkin iradi meyllə bağlı daxili qorxu kimi dərk edilir, bu isə öz növbəsində yenə də həmən cismani qorxu üzərinə qayıdır. Ata qarşısında qorxu ataya nifrəti qəbuledilməz edir, axtalanma həm cəza, həm də məhəbbətin dəyəri kimi dəhşətlidir. Ataya nifrəti sıxışdırıb aradan çıxaran iki faktordan birincisi birbaşa cəza və axtalanma qorxusudur – bunu normal adlandırmaq lazımdır, bizə belə gəlir ki, patogenik güclənmə yalnız digər faktorla – qadınlığın tətbiqiylə bağlı törənən qorxu hadisəsiylə şərtlənir. Beləliklə, qabarıq şəkildə ifadə edilən biseksual meyl nevrozun əsas şərtlərindən, yaxud təsdiqindən birinə çevrilir. Belə bir meylin Dostoyevskidə də olduğunu etiraf etmək lazım gəlir və bu (gizli) latent (homoseksuallıq) meyl qanuni səviyyədə belə bir mənada büruzə verir ki, bu onun məhəbbət sahəsində rəqibləriylə qəribə dərəcədə zərif münasibətində, kişilərlə dostluğunda, onun yalnız homoseksuallığın sıxışdırılmasıyla izah edilən vəziyyətləri əla dərk etməsində özünü göstərmişdi. Sübut üçün Dostoyevskinin çoxsaylı əsərlərinə də müraciət etmək olar.
Ataya məhəbbət və nifrətin təfərrüatı və axtalanma qorxusu altında onların uğradığı şəkildəyişmələri haqqında psixoanalizmin irəli sürdüyü rəylər oxucuya zövqsüz və inanılmaz təsir bağışlayacağı halda təəssüfləndiyimi bildirirəm, ancaq mən heç nəyi dəyişə də bilmərəm. Güman edirəm ki, məhz kastasiya (axtalanma) kompleksi sizə daha çox inanılmaz görünəcək. Ancaq sizi əmin edirəm ki, psixoanaliz təcrübəsi məhz bu hadisəni hər hansı şübhədən kənar hesab edir və ona istənilən nevroz hadisəsinə açar kimi baxır. Axı biz bunu bizim yazıçının epilepsiyaya düçar olduğu məqamlarda görmüşdük. Ancaq özündə bizim şüuraltı həyatımızı ehtiva edən hadisələr təfəkkürümüzə necə də yaddır. Yuxarıda göstərilən halətlər ataya nifrəti sıxışdırma nəticəsində heç Edip kompleksiylə də bitib-tükənmir. Yeni olan budur ki, nəhayət bizim “mən”imizdə atayla bərabərləşmə daimi yeri zəbt edir. Bu bərabərlik bizim “mən”in yerdə qalan məzmununa qarşı çıxır. Belə olduqda biz bu məqamı özümüzün “Fövqəl-Mən”imiz adlandırır və onun ayağına ən mühüm funksiyaları yazırıq.
Əgər ata sərt və zülmkar olubsa, bizim “fövqəl-mən”imiz ondan bu keyfiyyətləri əxz edir və onun “mən”ə münasibətində aradan çıxarılmalı olan passivlik baş qaldırır. Beləliklə, “Fövqəl-Mən” sadist və mazoxist bir şeyə, mahiyyəti etibarilə qadın passivliyinə əsaslanan bir şeyə çevrilir. Bizim “mən”imizdə cəzaya çox böyük bir tələbat yaranır və “mən” özünü qismən taleyin ixtiyarına buraxmaqla, qismən də “Fövqəl-Mən”in onunla sərt rəftarından həzz alır (günah hissi). Mahiyyət etibarilə hər bir cəza elə axtalanmaya bərabərdir və belə olduğu üçündür ki, ataya münasibətdə ilkin passivlik hissinin əyaniləşməsinə çevrilir. Əvvəl-axır uşağın taleyi də atanın sonrakı proyeksiyasından başqa bir şey olmur.
Vicdanın formalaşması prosesində meydana çıxan normal hadisələr burada təsvir edilən anormal halətlərə tuş gəlməlidir. Onların arasındakı sərhədi (fərqi) müəyyənləşdirmək hələ ki, bizə müyəssər olmamışdır. Qeyd edilir ki, burada əsas rol axır nəticədə sıxışdırılan qadınlığın passiv elementlərinin üzərinə düşür. Bundan başqa bir təsadüfi faktor kimi belə bir şeyin də əhəmiyyəti var ki, qorxu törədən ata görəsən əsl həqiqətdə zülmkardırmı? Bu elə Dostoyevskinin özünə aiddir – biz həm onun müstəsna günah hissini, həm də əsl mozaxist həyat tərzini parlaq şəkildə ifadə edilən qadınlığın tərkib hissələri sayırıq. Dostoyevskini aşağıdakı şəkildə səciyyələndirmək olar: güclü biseksual meyl və dəhşətli dərəcədə zülmkar atanın müstəqilliyindən qorunmaq qabiliyyəti. Bu biseksual xarakterin üzərinə biz onun varlığının daha öncə tanınmış komponentlərini də əlavə edə bilərik. “Ölüm tutmaları”nın ilkin simptomlarına öz “mən”ini atayla eyniləşdirmək cəhdi kimi baxmaq olar. Sən axı atanı öldürüb özün ata olmaq istəyirdin. İndi sən atasan, ancaq ölmüş ata: bu elə isteriya simptomlarının adi mexanizmidir. Bundan əlavə: indi ata səni öldürür. Bizim “mən”imiz üçün ölümün simptomu kişi istəyiylə bağlı fantaziyaların ödənilməsi və eyni zamanda cəzanın mazoxist vasitəsidir, yəni sadist məmnunluğudur. Hər ikisi – həm “mən”, həm də “Fövqəl-Mən” atanın rolunu oynayırlar. – Ümumən götürdükdə şəxsiyyətlə ata obyekti arasındakı münasibət özünün məzmununu saxlamaq şərtiylə “mən”lə “Fövqəl-Mən” arasındakı münasibətlər müstəvisinə keçirilir – ikinci səhnədə yeni tamaşa başlayır. Edip komplekslərinin infantil reaksiyaları gerçəkliyin daha onlara qida vermədiyi halda sönməyə doğru üz tutur. Ancaq atanın xarakteri olduğu kimi, dəyişməz qalır, yox, o, illər keçdikcə daha da qəlizləşir və beləliklə, Dostoyevskinin ataya nifrəti, bu zalım ataya ölüm arzulaması da olduğu kimi qalır. Bu bir küncə qovulub sıxışdırılan arzuların reallaşacağı halda təhlükəli vəziyyət yaranır. Fantaziya reallığa çevrilib, bütün müdafiə vasitələri gücləndirilir. Bu andan başlayaraq Dostoyevskinin ürək keçmələri epileptik xarakter alır – onlar hələ də atayla eyniləşmək üstündə cəza kimi mənalanır. Ancaq indi onlar atanın özünün ölümü kimi dəhşətli olurlar. Buna əlavə kimi onların hansı məzmun, xüsusən də, seksual məzmun qazanmalarını qabaqcadan anlamaq qeyri-mümkündür.
Bir şey diqqətəlayiqdir: adı keçən ürək tutmalarında sonsuz məzmunlar məqamı yaşanılır ki, bu da çox güman ki, ölüm haqqında xəbər alınanda şadyanalıq və gərginlikdən boşalma kimi müəyyənləşdirilə bilər – və üstəlik bundan dərhal sonra amansız cəza mexanizmi işə düşür. Şadyanalıq və matəm, kef-damaq və kədərin belə əvəzlənməsini biz atalarını qətlə yetirən Orda qardaşlarında görürük, bunun təkrarını isə totemik ziyafət mərasimində müşahidə etmişik. Əgər Dostoyevskinin Sibirdə ürəkgetmələrinə tutulmaması doğrudursa, bu faktla adı keçən tutmaların cəzadan özgə bir şey olmadıqları təsdiq edilir. Başqa yola cəzalandırıldıqdan sonra onun bu tutmalara ehtiyacı qalmırdı – ancaq bu mülahizəni sübuta yetirmək mümkün deyildir. Dostoyevskinin cəzaya psixi qənaət lüzumu hər şeydən əvvəl onunla izah edilir ki, bütün bu illər ərzində o, nə qədər alçaldılıb təhqir edilsə də, sınmamışdı. Dostoyevskinin siyasi cani kimi məhkum edilməsi ədalətsizlik idi, onun özü də bunu bilməliydi, ancaq o, layiq olmadığı bu cəzanı çar-Atadan öz atasına münasibətdə, yol verdiyi günahın müqabilində qəbul etməliydi. Özünücəzalandırmanın yerinə o, ata əvəzinə onu cəzalandırılmasına imkan yaratmışdı. Bu bizə cəmiyyətin məhkum etdiyi cəzanın psixoloji cəhətdən təmizə çıxarılması barədə təsəvvürləri çatdırır. Bu elə doğrudan da belədir, canilərin çoxunda cəzaya susmaq meyli müşahidə edilir. Bunu onların “fövqəl-Mən”in özü-özünü cəzalandırmadan xilas edərək tələb eləyir.
İsterik simptomların dəyişkən mənasını anlayan şəxs başa düşər ki, burada bizim məqsədimiz Dostoyevskinin ürək tutmalarını bir hadisə kimi bütövlükdə öyrənmək deyildir. Belə bir mənzərəni təsəvvür etmək kifayətdir ki, onların ilkin mahiyyətinin sonradan əlavə edilən bütün layların meydana çıxmasına rəğmən dəyişməməsi təsdiq olunsun. Demək mümkündür ki, Dostoyevski heç zaman atasını qətlə yetirmək niyyəti üstündə çəkdiyi vicdan əzabından qurtula bilməmişdir. Vicdanının üzərinə düşən bu ağır yük həm də onun digər iki sferaya - dövlət avtoritetinə və Allaha münasibətini müəyyənləşdirmişdir. Birinci halda bu, onunla gerçəkdən ölüm komediyası oynayan çar Ataya tam tabe olmaqla nəticələnmiş və dəfələrlə uğraşdığı tutmalarda inikas etmişdi. Burada son söz tövbəyə məxsusdur. O, yalnız dini sferada kifayət qədər azad idi - o, həyatının son dəqiqələrinə kimi Allah bəndələri üçün bir növ qadağan edilən şübhələrin oduna tutaşıb inam və etiqadla Allahsızlıq arasında vurnuxmuş, sərgərdan ruhuna rahatlıq tapa bilməmişdir. Onun yüksək dərrakəsi, bütün kosmosun içindən bir işıq şüası kimi keçən şüuru ona yalnız inamla aşkarlanıb həll edilən çətinlikləri görməyə şərait yaratmaya bilməzdi. Dünya tarixi inkişafını öz varlığından keçirərək o, Xrist idealına söykənib günahlardan azad olmağın yolunu arayırdı - bu yolda o, özünün şəxsən içində qovurulduğu əzablardan istifadə edir ki, Xristin roluna iddia etsin. Son məqamda Dostoyevskinin qovuşa bilmədiyi azadlığın həsrətini çəkməsi belə bir faktla izah edilir ki, dini hissin söykəndiyi bəşəri övlad günahı onun şəxsində fövqəlfərdi güc kəsb etmiş və hətta onun isti, tükü-tükdən seçən ağlıya da dəf edilə bilməmişdir.
Bəlkə də adi bir təsadüfün ayağına yazmaq olar ki, dünya ədəbiyyatında bütün zamanların üç şedevri eyni bir mövzuda-ata qatilliyindən bəhs edir. Sofoklun “Çar Edip”, Şekspirin “Hamlet” və Dostoyeskinin “Karamazov qardaşları” əsəri. Hər üç əsərdə qadın üstündə seksual rəqabət - eyni eyni bir hərəkət açıqlanır. Daha açıq şəkildə bu, yunan əfsanəsinə əsaslanan dramda öz əksini tapıb. Burada adı keçən iş hələ ki, qəhrəman tərəfindən yerinə yetirilmir. Ancaq arınma və pərdələnmə əməliyyatı aparılmadan poetik əsərin yaranması barədə söhbət gedə bilməz. Atanı öldürmək niyyətinin açıq etirafı, - psixoanalizdə də bizim çatmaq istədiyimiz elə budur - müəyyən analitik hazırlıq aparılmadığı halda qeyri-müəyyən təsir bağışlayır.
Yunan dramında tələb edilən arınma (yüngülləşmə) mahiyyətin qorunub saxlanması şərtilə belə əldə edilir ki, qəhrəmanı hərəkətə sövq edən şüuraltı motiv ona yad və yabançı olan, adına tale deyilən məcburiyyət kimi gerçəkliyə proyeksiyalanır. Qəhrəman sözü güdən əməli qəsdsiz yerinə yetirir və belə görünür ki, həm də qadının təsirinə qapılmadan. Ancaq yenə də şəraitin belə gətirməsi də öz diktəsini edir - belə ki, o, çar – Ananın qəlbini yalnız Atanı simvollaşdıran dəhşətə münasibətdə yol verilən hərəkətin təkirarlanmasından sonra ovlaya bilər. Onun günahı aşkara çıxarılıb susdurulduqdan sonra bu günahı özü üzərindən atıb qəzavü-qədərin irəli sürdüyü məcburiyyətin üstünə yükləməyə heç bir cəhd göstərilmir; əksinə, günah etiraf edilir.
İngilis dramında bu - daha kəsə təsvir edilmişdir - hərəkəti qəhrəman yox, başqa birisi (onun üçün isə bu, heç də ata qatilliyi deyildir) yerinə yetirir. Buna görə də qadın üstündə seksual rəqabət motivi pərdələnməyə, üstüörtülü bir əməliyyata ehtiyac duymur. Eynilə bizdə qəhrəmanın Edip komplekslərini elə bil ki, əks olunan işıqda görüb tanıyırıq, yəni biz yalnız qəhrəmana başqalarının hərəkətinin necə təsir etdiyindən xəbər tutmuş oluruq. Bu hərəkətin üstündə o, sözsüz qisas almalıydı, ancaq nə qədər qəribə görünsə də o, bunu icra etməyə qabil deyildir. Biz yaxşı anlayırıq ki, bu adamı özünün günah hiss zəiflədib gülxınc edir: nevrotik hadisənin xarakterinə uyğun olaraq irəli növbəti addım atılır və günah hissi də özünün bu vəzifənin öhdəsindən gələ bilməyəcəyini anlamaq mərhələsinə adlayır. Elə bir hadisənin əlamətləri boy verməyə başlayır ki, qəhrəman artıq bu günahı fövqəlfərdi bir şey kimi qavramağa başlayır. O, başqalarına özündən az nifrət bəsləmir. “Əgər hər kəsin qazancı göstərdiyi xidmət müqabilində olacaqsa, dəyənəkdən kim yayına bilər?” Bu istiqamətdə rus yazıçısının roman irəliyə doğru atılan daha bir addımdır. Və burada qətli tamam başqa bir şəxs yerinə yetirir - elə bir şəxs ki, o da əsərin qəhrəmanı Dmitri kimi qətlə yetirilənə eyni övladlıq əlaqələriylə bağlıdır; əsərdə bu şəxsin canındakı seksual rəqabət motivi açıq-aşkar etiraf edilir, - ancaq tamam başqa qardaş tərəfindən, - bunu bir daha dilə gətirmək maraqlıdır ki, Dostoyevski öz xəstəliyini onun üzərinə köçürmüşdü, elə bil bununla etiraf etmək istəyir ki, epileptik də, nevrotik də, bir canda - Mən Ata qatilindəndir. Və budur müdafiəçinin məhkəmədəki məşhur çıxışı – psixologiyanın məsxərəyə qoyulması – başqa sözlə dəyənəyin iki tərəfi var ha… Poetik niyyətin pərdələnməsi işi baş tutub – indi isə bütün bunları baş-ayaq qoyub istədiyini edə bilərsən – bu, elə Dostoyevskinin bədii təfəkkürünün dərinlik ölçüsüdür ki, var.
Psixologiya yox, dindirilmə prosesinin özü əsl məsxərəyə layiqdir. Əsl həqiqətdə bu hərəkəti kimin etdiyinin bir elə fərqi yoxdur; psixologiya yalnız bununla maraqlanır ki, kim bu müdhiş işi ürəyində arzulayıb, kim bu işin icrasına xeyir-dua verib – elə bu incə məqamı nəzərə alıb tam əsasla deyə bilərik ki, bütün qardaşlar, elə təpədən-dırnağa ziddiyyət mücəssəməsi olan Alyoşka da günahkardır; həzz axtarışında ömür-gün keçirən də, başdan-ayağa şübhədən yoğurulmuş sinik də, epileptik qatil də.
“Karamazov qardaşları”nda bir səhnə var ki, Dostoyevskinin özü üçün səciyyəvidir. Dmitriylə söhbətində qoca anlayır ki, o, üzərində artıq ata qatillərinə hazırdır və onun qarşısında diz üstə çökür. Bu heç də heyranlığın ifadəsi deyildir, bu o deməkdir ki, müqəddəs qoca qatilə nifrət hissinin toruna düşmək, yaxud ondan ikrah etməyi özündən uzaqlaşdırır və onun qabağında boyun əyir. Dostoyevskinin caniyə rəğbəti həqiqətən sonsuzdur, bu hiss o bədbəxt adamın ,doğrudan da, bir insan kimi hüququ çatdığı rəhm anlayışının sərhədlərini aşır – qədim dövrlərdə ürək xəstələri və epileptiklərə, doğrudan da, bu cür rəhmdilliklə rəftar edərdilər. Onun nəzərində cinayətkar, demək olar ki, başqa situasiyalarda başqalarının boyunlarına götürmələri olduğu günahı öz üzərinə alır və bir növ, xilaskara çevrilir. O öldürəndən sonra bu hərəkəti təkrar etmək lazım deyildir – ona, yalnız ona təşəkkür etmək gərəkdir, əks halda bu qətli sən özün icra etməliydin. Və bu təkcə ürək yanğısı, yaxud rəhmdillik deyildir, bu qətlə gətirib çıxaran, qətllə nəticələnən eyni impulsların əsasında eyniləşməkdir, başqa sözlə desək, olsa-olsa narsissizimdir. Adı keçən xeyirxahlığın etik dəyəri təkcə bununla bitmir. Ola bilər ki, bu – ümumiyyətlə, bizim başqa bir şəxsə münasibətdə göstərdiyimiz xeyirxahlığın mexanizmidir və xüsusən də, yazıçının öz günahını əzablar girdabında qovrularkən başa düşdüyü fövqəladə vəziyyətlərdə açıqca büruzə verməsidir. Şübhə yoxdur ki, bu rəğbət hissi Dostoyevskinin material seçiminə əsaslı şəkildə təsir göstərmişdir.
Ölümündən sonra çap edilən irsi və arvadının gündəlikləri həyatının bir epizodunu parlaq şəkildə ifadə etmək baxımından diqqətəlayiqdir. Bu, Dostoyevskinrn Almaniyada oyun ehtirasına çulğaşdığı illər idi. Daha artıq dərəcədə bu – pataloji ehtirasa əsaslanan, hamının yekdil şəkildə təsdiqlədiyi açıq tutma haldır. Onun qəribə və ləyaqətsiz hərəkətlərinin təmizə çıxarılması üçün daha bir əl yeri qalmır. Nevrotiklərdə tez-tez baş qaldıran günah hissi borcların gətirdiyi əzabların konkret əvəzi kimi mənalanırdı və Dostoyevski də belə bir bəhanəylə çıxış edə bilərdi ki, oyunu aparacağı halda dağ boyda borcları qaytarar və beləliklə, zindana düşməkdən qurtulub Rusiyaya qayıtmaq şansı əldə edə bilərdi. Ancaq bu, bir bəhanəydi, elə Dostoyevski də bunu anlamaq, bunu dilinə gətirib etiraf etmək üçün də kifayət qədər ədalətliydi. O, yaxşı bilirdi ki, əsas olan oyunun özüdür: və yeni roiq və yen. Bunu onun məntiqsiz davranışının ilkin əlamətləriylə şərtlənən bütün detal və təfərrüatları sübuta yetirməkdir. Son qəpiyini uduzana kimi o, sakitləşə bilmirdi. Elə oyun da onun üçün özünücəzalandırma vasitəsiydi. Cavan arvadına neçə dəfə söz vermişdi ki, bir daha qumar oynamayacaq, ya da məsələn, bu gün əlini qumara bulamayacaq – ancaq hər dəfə o bu çılğın vədi pozurdu. Hər dəfə uduzduğu, havaya sovurduğu pullar özünü və arvadını kasıblığa, bədbəxtliyə sürükləyirdisə də, bu onun üçün həm də növbəti patoloji məşğulluq mənbəyinə çevrilirdi. Yoxsulluq girdabında çabaladığı məqamlarda o, arvadının qabağında dil çıxarıb yalvara, onun qarşısında özünü alçalda bilərdi, hər dəfə dil qəfəsə qoymayıb xahiş edirdi ki, bütün varlığıyla onu boğaza yığan bu qoca günahkara nifrət etsin, qarğış yağdırsın ki, belə bir əclafa ərə gedib – ancaq, aman Allah, bir belə yalvarış və tövbədən sonra sabah yenə də qızğın oyun onu ağuşuna alacaqdı. Və cavan arvad artıq taleyin onunla oynadığı bu oyun çevrəsinə də öyrəşmişdi, belə bir şeyi sezmişdi ki, yeganə düzgün çıxış yolu yenə yazmaqda, yazıçılıqda idi – o, hələ heç zaman bütün var-yoxunu uduzduqdan sonra yazdığı kimi ürəyini boşalda bilməmişdi. Qadın sezməsində haqlı olsa da, işin əsl mahiyyətini anlamaqda acizlik göstərirdi. Nəhayət, onun günah hissi amansız cəzalarla “doydurulduqdan” sonra (buna o, özü-özünü məhkum etmişdi) yazı masası arxasındakı əngəlləri də yoxa çıxırdı. O, həmişə oyun stoluna pərçilənmiş vəziyyətdə qalar, son zərrəsinə kimi parçalanıb məhv olmayınca ordan ayrılmazdı. Yalnız bu zaman həmən o şər əməl tam şəkildə həyata keçər, şeytan onun ürəyini tərk edərək yaradıcı dünyaya təhvil verərdi.

Tərcümə edən: Cavanşir Yusifli