AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Zəngəzur dəhlizi regionda siyasi-coğrafi ədalətin zəfərinə yol açacaq

Zəngəzur dəhlizi regionda siyasi-coğrafi ədalətin zəfərinə yol açacaq

Cəmiyyət
07 Aprel 2021, 18:15 989
2020-ci il noyabrın 10-da Rusiyanın iştirakı ilə özündə doqquz bəndi əks etdirən üçtərəfli bəyanatın imzalanması bir tərəfdən Ermənistanı kapitulyasiyaya məcbur etdi, digər tərəfdən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi. Bəyanatın daha vacib məqamlarından biri isə insan tələfatının, qan tökülməsinin qarşısının alınması, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə insanların yaşamaq hüququnun təmin olunması, beynəlxalq mədəni əlaqələri, iqtisadi, sosial və ekoloji təhlükəsizliyi təmin etməsidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.
Deputat bildirib ki, dünyanın qarşılaşdığı və yaşadığımız koronavirus pandemiyası ilinin, Zəfər çaldığımız İkinci Qarabağ müharibəsinin yaratdığı bütün çətinliklərə baxmayaraq, Azərbaycan dövlətinin əsas hədəfi Cənubi Qafqazda sülhün qorunub saxlanılması, Azərbaycanın suverenliyinin tam bərpa olunması, beynəlxalq təşkilatların qəbul etdiyi universal və ümumbəşəri sənədlərin icra olunması və əmin-amanlığı uzunmüddətli prosesə çevirməkdir. Bu proses, öz növbəsində, ölkəmizlə yanaşı, regionun, böyük türk dünyasının, habelə tərəqqiyə doğru yol tutmuş dost dövlətlərin sosial-iqtisadi rifahına, sülh və təhlükəsizliyə birbaşa təsir edəcəkdir.
"İmzalanmış bəyanatın 9-cu bəndində Zəngəzur dəhlizi ilə bağlı məsələnin yer alması Azərbaycan xalqının multikultural dəyərlərə və tolerantlıq ideologiyasına sədaqətinin rəmzi, habelə bəndin müəllifi olmuş Prezident İlham Əliyevin uzaqgörən və uğurlu siyasətinin bariz nümunəsidir. Zəngəzur dəhlizinin regionda yeni nəqliyyat imkanları yaratması Avropa ilə Asiyanın daha sıx birləşməsinin geosiyasi əhəmiyyətini artıracaq, həmçinin türk dünyasının əlaqələrini xeyli möhkəmləndirəcək. Bu dəhliz, eyni zamanda, beynəlxalq yük daşımaları vasitəsilə ticarət dövriyyəsinin, xalqlar arasında mədəni əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcək, insanların gələcəklərinin daha etibarlı olmasına və yaxşı yaşamalarına şərait yaradacaqdır”, - deyə Məzahir Əfəndiyev vurğulayıb.
O qeyd edib ki, bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini icra etməklə bir tərəfdən dünyada ədalətin bərpa olunmasına, digər tərəfdən isə dövlətlərarası və xalqlararası beynəlxalq mədəni əlaqələrin genişlənməsinə dair yeni çağırışların və reallıqların zəruriliyini ortaya qoydu: "Tarixi torpağımız olan Zəngəzur dəhlizi regionda həm də siyasi-coğrafi ədalətin zəfərinə yol açacaq. Doğrudan da bu dəhlizin tərəqqiyə gedən yol olması özünü həm iqtisadi-sosial, mədəni-siyasi sahələrdə göstərməklə yanaşı, eyni zamanda, sülhün və təhlükəsizliyin qarantı qismində çıxış etməsinə də dəlalət edir.
Zəngəzur dəhlizi dünya dövlətlərinin 2030-cu ilədək rəhbər tutduqları universal sənəd olan "Dayanıqlı İnkişaf Məqsədləri”nə tam cavab verir. Belə ki, ölkəmiz türkdilli, habelə dünya xalqları arasında inteqrasiyanın gücləndirilməsində əsaslı rol oynayaraq dayanıqlı inkişaf məqsədlərinin təməlini təşkil edən sülh və rifah (DİM16), xalqlar və dövlətlərarası əməkdaşlığın davamlı təmininə (DİM 17) nail olacaqdır. Dəhlizin yaradacağı iqtisadi potensial isə öz növbəsində, layiqli əməyin təşviqinə, iqtisadi artıma (DİM8) və yoxsulluqla mübarizəyə (DİM1) əsaslı zəmin yaradacaqdır”.