• çərşənbə axşamı, 19 mart, 06:16
  • Baku Bakı 8°C

Zəhmət, ölüm və naxoşluq

17.06.19 09:30 17578
Zəhmət, ölüm və naxoşluq
Cənubi Amerikanın hind tayfasının içində belə bir rəvayət var: Allah-taala əvvəl insanı o yolda xəlq eləmişdi ki, heç bir kəsin yeməyə, içməyə, libasa və evə ehtiyacı yox idi. Belə ki, nə zəhmət çəkmək lazım idi, nə bir şeyin fikrini eləmək. Və bununla bərabər insan yüz il ömür eləyib heç bir mərəzə mübtəla olmazdı.
Bir qədər keçəndən sonra xaliqi-aləm istədi məxluquna baxıb görsün nə tövr zindəganlıq edirlər və gördü ki, adamlar dünyanın ləzzətini aparmaq əvəzinə bir-birilə qovğa, mərəkə salıb dünyanı özlərinə təngə eləmişlər və öz zindəganlıqlarına nifrin oxuyurlar.
Bunu görüb Allah-taala buyurdu: "Bunun səbəbi odur ki, hər kəs özü üçün zindəganlıq edir”
Bunun çarəsini görməkdən ötrü pərvərdigari-aləm aclıq və üşümək xəlq elədi ki, insan məcbur olsun paltar və ev qeydi çəkməyə, ziraətə, çörək, meyvə və filan hasilə gətirməyə. Xudavəndi-aləm bu tövr fikir elədi: "Zəhmət bəni-növi-bəşəri müttəfiq elər, biri-birinə calar”; o səbəbə ki, adam təkbaşına nə ağac bıçqılamaq bacarır və nə ev tikə bilir, nə alət və əsbab yapa bilir və nə də toxum səpmək, taxıl biçmək, bir şey toxuyub tikmək bacarır. Aşkardır ki, bir işi bitirməkdən ötrü cəmiyyət nə qədər çox olsa, o qədər artıq olar onların zəhmətinin səmərəsi. Habelə onların zəhməti o qədər ağır olmaz və özləri müttəfiq olarlar.
Bir qədər vaxt keçəndən sonra genə xaliqi-aləm istədi yaratdığı məxluqa nəzər salıb görsün ki, necə zindəganlıq edirlər və gördü ki, adamların bir-biri ilə rəftarı irəlikindən dəxi də pis, fənadır. Çünki onlar hərçənd cəmiyyət ilə zəhmət çəkirdilər, amma dəstə-dəstə olmuşdular və hər dəstə səy edirdi o biri dəstə gördüyü işə mane olub, qoymasın onun işi hüsni-nəticə bağışlasın. Ya bəlkə çalışırdı bu dəstə çəkdiyi zəhmətin səmərəsini qəsb eləsin. Nəticədə o olurdu ki, hamı üçün pis və fəna keçirdi.
Məxluqun bu tövr rəftarını xoşlamayıb xudavəndi-aləm belə qərar qoydu ki, insanın əcəlinin yetişməyini nə özü və nə özgəsi bilə bilməsin, hər bir nəfər hər anda özündən ötrü ölümü gözətliyə bilsin. Bu qərardadı Allah-taala məxluqa xəbər verib güman elədi ki, dəxi insan ölümü hər dəqiqə nəzərdə tutub etibarsız zindəganlıqdan ötrü bir-birilə qovğa eləməz və biri-birinin gününü qara eləməz.
Amma belə olmadı. Xaliqi-aləm insana tamaşa edib gördü ki, məxluqun bir-birilə rəftarı irəlikindən dəxi də pis və fəna olub. Səbəbi budur ki, qüvvətli adamlar başlamışlar zəiflərin bəzisini öldürməyə və bəzisini öldürmək ilə qorxutmağa. Axırda belə oldu ki, güclü adamlar və bunların varisləri işsiz qalıb qəmə və qüssəyə mübtəla oldular, amma zəiflər həddən artıq zəhmət çəkib dinclik və rahatlığa həsrət qalıb narazı və qəmgin oldular. Pəs, qüvvətlilər bir-birinə düşmən gözü ilə baxıb, hər ikisi irəlikindən də dəxi bədbəxt oldular.
Əhvalı bu minval üzrə görüb Allah-taala naxoşluq xəlq etdi və xəyal elədi ki, qüvvətli adamlar zəifləri naxoş görüb və onlara rəhm eləyib kömək elərlər ki, qüvvətlilər özləri də naxoş olan vaxt zəiflər onlara kömək eləsinlər.
Amma bundan sonra məxluqun zindəganlığı dəxi də yaman oldu. Çünki qüvvətli adamlar naxoş vaxt zəifləri cəbrən vadar edirdilər özlərinə mütəvəcceh olsunlar, amma özləri naxoşa kömək eləmirdilər. Haman zəif adamlar ki, cəbrən qüvvətlilərə iş görürdülər və onların naxoşlarına qulluq edirdilər, dəxi mümkün eləmirdilər və fürsət tapmırdılar öz naxoşlarına kömək eləsinlər.
Və bundan əlavə çünki mərəzlərin əksəri sirayətedici idilər, adamlar naxoşluq tutmamaq qorxusundan naxoşlardan uzaq olurdular və bəlkə naxoşlara mütəvəcceh olanlardan da kənar gəzirdilər.
Bu işlərə də nəzər salandan sonra pərvərdigari-aləm buyurdu: "Çünki mən xoşbəxtlik nə olduğunu insana anlada bilmədim, qoy özləri nə tövr ki xahiş edirlər, elə də rəftar eləsinlər”. Və bundan sonra xudavəndi-aləm dəxi bəni-növi-bəşərdən əl çəkdi. Çox müddət keçdi və məxluq bilmədi nə eləsin xoşbəxt olmaqdan ötrü. Məhz bu yavıq vaxtlarda adamların bəzisi başa düşdü ki, bunun əlacı zəhmətdir və bu zəhmətdən nə qüvvətlilər lazımdır qorxub qaçsınlar, nə də zəif üçün bu zəhmət cəbr və zülmət olmalıdır. Bu zəhmət gərək ümumi ola və bais ola insanın dilxoşluğuna və ittihadına. Haman bəzi adamlar başa düşdülər ki, bu beş günlük dünyada – ki, hər bir dəqiqə ölümü nəzərdə tutmaq lazımdır, – ağıllı adam odur ki, bu beş günü məhəbbət və mehribançılıq ilə yola sala. Və haman bəzi adamlar bunu da başa düşdülər ki, lazımdır ki, nəinki naxoşluq insanın biri birindən uzaq düşməyinə bais olsun və bəlkə lazımdır onları biri birilə yavıq və mehriban eləsin.

Lev Tolstoy
Tərcümə edən: Cəlil Məmmədquluzadə
banner

Oxşar Xəbərlər