• çərşənbə axşamı, 19 mart, 06:16
  • Baku Bakı 8°C

Yas mərasimini siyasi avantüra vasitəsinə çevirmək cəhdi

22.08.19 12:15 12126
Yas mərasimini siyasi avantüra vasitəsinə çevirmək cəhdi
Azərbaycan müstəqilliyini bərpa etdikdən bir müddət sonra hərbi çevriliş yolu ilə hakimiyyəti zəbt edən AXC-Müsavat cütlüyünün qısa zamanda ölkəni fəlakətə sürüklədiyi hər kəsə bəllidir. Məhz bu səbəbdən indiyə qədər keçirilən bütün seçkilərdə onlara etimad göstərilməyib. Xalqın etibarını, inamını itirmiş bu düşərgə radikallaşaraq müxtəlif vasitələrlə zaman-zaman gündəmə gəlməyə, ölkədə baş verən istənilən hadisədən siyasi məqsədləri naminə yararlanmağa çalışıb. AXCP sədri Əli Kərimli isə daha radikal mövqe sərgiləyərək, hakimiyyətə gəlmək üçün hətta şeytanla da əməkdaşlıq etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Xalq, millət, Vətən fədaisi kimi özünü cəmiyyətə sırımağa çalışan bu şəxs öz mənafeyini dövlət və millət maraqlarından, hətta lideri Əbülfəz Elçibəyə xəyanət etməklə ondan da üstün tutduğunu əməlləri, davranışları ilə sübut edib.

Şəhidlərin adından öz məqsədləri naminə yararlanmağa çalışanlar

Demokratik dəyərlərdən pafosla danışan AXCP sədri xalqdan dəstək almadığını görüb Qərb ölkələrinin Azərbaycandakı səfirliklərində bir müddət qapalı görüşlər keçirib, təlimatlar alıb, maddi maraq qarşılığında müxtəlif siyasi çağırışlar edib. 2013-cü ilin prezident seçkiləri ərəfəsində mövqeyini 180 dərəcə dəyişərək Şimaldan – "Milyarderlər İttifaqından” maliyyələşən Milli Şuranın tərkibində yer alıb. Beləliklə də dünənki qərbpərəst hansısa maddi maraq müqabilində çönüb olub şimalpərəst. Bir müddət sonra isə Ə.Kərimli əmmaməli molla libasında qarşımızda "zühur edib”, təşkil etdiyi mitinqdə radikal islamçılarla eyni sırada yer alıb. Göründüyü kimi, AXCP sədri şəxsi maraqları naminə bu günə qədər ən müxtəlif tərəflərdə yer almaqdan çəkinməyib. İndinin özündə də o, şəxsi maraqları naminə hər şeyə hazırdır. Onun üçün müqəddəs heç nə yoxdur. Ə.Kərimli bütün vasitələrdən, hətta şəhidlərin adından da öz məqsədləri naminə yararlanmağa çalışır.

Vətən övladlarının ruhuna hörmətsizliyin növbəti nümayişi

Vətənə, xalqa, millətə sidq ürəklə bağlı olan vətəndaşlar məhz bu kimi səbəblərdən AXCP sədri Ə.Kərimli ilə eyni sırada dayanmağı, onunla eyni tədbirdə iştirak etməyi arzulamır. Çünki Ə.Kərimli hər hansı tədbirdən əvvəl siyasi şou təşkil edir, məsələni mümkün qədər siyasiləşdirməyə, bundan ictimai narazılıq formalaşdırmağa çalışır. Misal üçün, 2016-cı ilin aprel hadisələri dövründə bütün xalq tarixi qələbə əhval-ruhiyyəsində olduğu halda, Ə.Kərimli məsələnin mahiyyətini təhrif edib, ordumuza qarşı kampaniyaya başlayıb. Halbuki, ordu nə iqtidarındır, nə də müxalifətin. Ordu xalqındır və Vətənimiz Azərbaycanın müdafiəsinin, suverenliyinin, təhlükəsizliyinin qarantıdır. Bu reallığı dərk etmək istəməyən Ə.Kərimli 2016-cı ilin aprel döyüşlərində şəhid olan hərbçilərimizin dəfn mərasiminə başının dəstəsi ilə gəlib, bütün yol boyu müxtəlif KİV-lərə müsahibələr verib, əsassız ittihamlar dilə gətirib. Bununla yanaşı, cari ilin birinci ayında 20 Yanvar şəhidlərinin anım mərasimində "qaşınmayan yerdən qan çıxaran” Ə.Kərimli təxribat xarakterli hərəkətlərə yol verməklə, siyasi şüarlar səsləndirməklə müstəqilliyimizin bərpa edilməsində canlarından keçən Vətən övladlarının ruhuna hörmətsizliyini növbəti dəfə ifadə edib. Təbii ki, onun bu hərəkətləri şəhidlərimizə, onların yaxınlarına hörmətsizlikdən başqa bir şey deyil.

AXCP sədri bütün kütləvi tədbirlərə eyni münasibət sərgiləyir

Ümumiyyətlə, AXCP sədri bütün kütləvi tədbirlərə münasibəti eynidir. Ə.Kərimli istənilən məsələnin mahiyyətini öz maraqlarına uyğun istiqamətləndirməyə və bundan maksimum yararlanmağa çalışır. Çox böyük ehtimal ki, AXCP sədri həlak olan pilot Rəşad Atakişiyevin dəfn mərasimində də ənənəvi davranışını nümayiş etdirəcəkdi. Ona görə də həlak olan pilotun yaxını Qabil Hüseynli vida mərasimindən müxtəlif siyasi məqsədlər üçün istifadə etmək arzusunda olan şəxslərə müraciət ünvanladı, Ə.Kərimli və onun kimilərinin arzusunun reallaşmasına imkan vermədi. Əslində, düz də etdi. Bir düşünək görək, hansı şəxs əzizinin yas mərasimini siyasi avantüra vasitəsinə çevirmək istəyənləri orada görmək istəyər? Əlbəttə ki, heç kim. Ağlı başında olan şəxs belə münasibət qarşılığında özünü saf-çürük edər, nöqsanından nəticə çıxarar. Lakin Ə.Kərimli və ətrafı bundan da yararlanmağa cəhd edib. AXCP sədri və onun dəstəkçiləri statuslar paylaşaraq hərbçinin dəfn mərasimində müxalifətin iştirakının guya hakimiyyət tərəfindən əngəlləndiyini iddia ediblər.
Onlar üçün dövlət və millət maraqları önəmli deyil

Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə açıqlayan "Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov bildirib ki, AXCP sədri Ə.Kərimlinin kütləvi tədbirlərdə iştirakı arzuolunmaz səviyyəyə çatıb. Onun fikrincə, AXCP sədrinin hakimiyyətə və dövlətə qarşı nifrəti elə yüksək səviyyədədir ki, o, artıq nə etdiyinin və nə dediyinin fərqində deyil: "Cəmiyyətin belə məsələlərdə ikiyə bölünməsi yaxşı hal olmasa da, hər kəsə bəllidir ki, bir sıra hallarda bu cür mərasimlərdə aksiya düzənləmək, siyasi şou göstərmək cəhdi olur. Elə bu il yanvarın 20-də biz belə bir hərəkətin şahidi olduq. Əli Kərimli və tərəfdaşları 20 Yanvar şəhidlərinin anım günündə belə bir cəhd etmişdilər. Bu tipli adamlar üçün dövlətin, ölkənin peşəkar bir pilotunu itirməsi, bir ailənin faciəsi önəmli deyil. Onlar hər vasitə ilə istənilən hadisədən şəxsi mənafeləri üçün yararlanmaq istəyirlər. Məhz bu səbəbdən də həlak olan pilot Rəşad Atakişiyevin qayınatası Qabil Hüseynlinin açıqlaması başadüşüləndir. Ortada faciə var, bir ana övladını, bir ailə başçısını, bir qadın həyat yoldaşını itirib. Onların ağrı-acısı, itkisi qalıb bir tərəfdə, kimlərsə bundan istifadə etməyə, baş vermiş hadisədən rəqiblərinə qarşı yararlanmağa, başqa istiqamətlərə yönəltməyə cəhd edir. Əlbəttə ki, bu, yolverilməzdir. Əli Kərimli və tərəfdarlarının belə ümummilli məsələlərdə kənarda saxlanması ən düzgün yoldur. Çünki onlar, bir qədər əvvəl vurğuladığım kimi, bütün baş verənlərdə yalnız öz məqsədlərini güdürlər. Onlar üçün dövlət və millət maraqları önəmli deyil”.

Anormallıq, düzgün olmayan siyasi mübarizə

"Olaylar” qəzetinin və eyniadlı İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz da qəzetimizə açıqlamasında bildirib ki, əzizinin yas mərasiminin siyasi meydana çevrilməsini Azərbaycanda heç bir ailə üzvü istəməz. Onun sözlərinə görə, radikal müxalifətin "lider”ləri hansısa mərasimə qatıldıqda orada müxtəlif bəyanatlar səsləndirərək siyasi şou göstərir, yaxud təşkil olunmuş tədbiri öz adlarına çıxır, bununla gündəmə gəlməyə çalışırlar. Baş redaktor deyib ki, belə hallar xoşagələn deyil, kimsə tərəfindən normal qarşılanmır: "Yas mərasimini siyasi meydana, mitinqə və alverə çevirmək olmaz. Azərbaycan xalqı belə hərəkətləri yaxşı qarşılamır. Özünü siyasi lider hesab edənlərin hansısa tədbirdə iştirak etməsindən sonra ora gələnləri öz adına çıxması, öz tərəfdarları kimi təqdim etməsi cəhdlərini dəfələrlə müşahidə etmişik. Bundan istifadə edib Qərb dövlətlərinə göstərirlər ki, guya həmin adamlar bunların tərəfdarıdırlar, bu siyasi təşkilat böyük qüvvədirlər və sair. Bu, anormallıqdır, düzgün siyasi mübarizə metodu deyil”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər