VELOSİPED

VELOSİPED

25 İyul 2016, 11:14 1435

Natiq Abuzərliyə

Kamilgilin evi Gəncənin qədim məhəllərindən birindəydi. Onun uşaqlığı da, gənclik illəri də burada keçmişdi. Məhəllənin böyüklərinin öz qayğıları olduğu kimi, uşaqlarının da özlərinə məxsus qayğıları var idi. Yaşlılar kimi məhəllənin uşaqları da bir-birlərini adbaad, ünvan-ünvan tanıyırdılar. Maraqlısı onda idi ki, bütün uşaqlar Kamili görəndə özlərini yığışdırar, sanki ona təzim edərdilər. Kamil bu hörmət-izzəti elə-belə qazanmamışdı. Hərəkətlərində uşaqlara məxsus olmayan ölçu-biçi var idi. Kiminsə xətrinə dəyməz, artıq söz danışmazdı. Yeri gələndə məhəllənin valideynləri öz uşaqlarına "bax, görürsünüzmü Kamili, ona oxşayın, onun kimi olun” deyərdilər. Amma heç kim konkret dəməzdi ki, Kamilin hansı hərəkəti yaxşıdır, hansı hərəkəti pisdir. Uşaqlar da heç vaxt valideynlərindən soruşmazdılar ki, biz Kamilin nəyinə oxşayaq?

Kamilin atası şəhərdəki elmi-tədqiqat institutlarının birində elmi işçi, anası isə müəllim işləyirdi. Kamil gözünü dünyaya açar-açmaz onları halal maaşları ilə dolanan görmüşdü və içində bununla fəxr edirdi. Qonum-qonşunun uşaqlarının hamısının velosipedi vardı. O isə arzusunu birdəfəlik içində basdıraraq valideynlərinə bir dəfə də "mənə velosiped alın” deməmişdi. Kamil bilirdi ki, ata-anasının maaşları ailəni dolandırmağa güclə çatırdı. Məsələnin başqa tərəfi də var idi. Əgər Kamil öz arzusunu valideynlərinə bildirsə, onlar Kamilin arzusunu yerinə yetirə bilməyəcəkdilər. Bu da ata və anaya bir dərd olacaqdı. Buna görə də Kamil qəlbində baş qaldıran bu arzunu elə boğmuşdu ki, heç onun səsi-sədası gəlmirdi. Qonşu uşaqlar öz velosipedlərini Kamilə də təklif edərdilər: "Kamil, al sür, çəkinmə!”. Kamil isə həmişə bundan imtina edərdi, özünü elə aparardı ki, onun velosiped sürməkdən zəhləsi gedir, buna yerli-dibli həvəsi yoxdur. Hətta bir dəfə dalanın o başından Nazim adlı bir uşaq səhər tezdən Kamilgilin qapısını döyüb: "Atam deyir ki, sənin iki velosipedin var, apar birini Kamilə bağışla. Qoy onun da velosipedi olsun”, - demişdi. Kamil də qonşu uşağa təşəkkür edib, onun velosipeddən xoşu gəlmədiyini demişdi. Günlərin bir günü Nazimin atası zərgər Məmməd Kamilin özünü görüb: "Oğlum, Kamil, dost deyilsiniz? Nazim sənə velosiped bağışlayır, sən də onu qəbul etmirsən”, - onu ərklə məzəmmət eləmişdi. Kamil də: "Çox sağ olun, Məmməd əmi, qorxuram dərslərimə mane olar”, - demişdi. Məmməd kişi də ürəyində onun dediyini təsdiqləmişdi: "Uşaq düz deyir də, Nazim iş-gücünü buraxıb günlərlə velosipeddən əl çəkmir. Velosipedi də bir saat sürərlər, iki saat sürərlər. Daha onu vərdişə çevirməzlər”.

... Oğlunun olması xəbərini Kamilə rayonda çatdırdılar. Bu xəbərdən nə qədər sevinsə də, iş-gücdən baş açıb evinə gələ bilmədi. Amma telefondan asılı qalmışdı, tez-tez zəng edib, körpəsinin halı ilə maraqlanır, onun kimə oxşadığını soruşurdu. Bir gün Kamilin anası telefonda oğlunu əməlli-başlı məzəmmət etdi: "Ay oğul, hökumət işində işləmək tək səndə görülməyib ki. Nə olar adam hökumət işində işləyəndə? Bir gəl gör evində nə var, nə yox. Maşallah, aslan kimi bir oğlun olub, Allah saxlasın. Özü də elə bil səni itələyib yerində oturub. Bilsən sənə necə oxşayır?”. Kamilin anası bilmirdi ki, oğlunun ürəyi körpəsinin yanındadır. Amma iş də işdir... gərək rəhbərliyə raport yazıla, üstünə dərkənar qoyula, icazə verilə. Axı Kamil rayondakı məsul işçilərdən biri idi.

Kamil evlərinə çatanda gecə yarıdan keçmişdi. Qapını açıb, astaca həyətə daxil oldu. Aldığı hədiyyəni yerə qoyub, evlərinə tərəf boylandı .Otaqlardan təkcə birinin, bir də şüşəbəndin işıqları yanırdı. "Demək, mənim oğlum o otaqdadır” düşünərək aldığı velosipedi də götürüb, ayaqlarının ucunda səs salmadan otağa daxil oldu. Sevinc xanım körpənin beşiyi başında keşik çəkirdi. Kamili görəndə sevincindən bilmədi ağlasın, yoxsa gülsün. Ani olaraq, gənc ata və ana üz-üzə, göz-gözə dayandılar. İndi onlar birlikdə övlad böyüdəcəklər. Birdən Sevincin nəzərləri Kamilin aldığı velosipedə sataşdı: "Bu nədir, ay Kamil, körpəmizə oyuncaq almadan velosipedmi almısan?”

- Sevinc, bilirsən aylar, günlər necə tez keçir. Allah qoysa, Emil bir göz qırpımında böyüyəcək. Mən istəyirəm ki, onun həmişə velosipedi olsun.

- Mən belə başa düşdüm ki, oğlumuza ad da qoymusan. Emil... Mənim bu addan həmişə xoşum gəlib. Qoy o, el-oba qeyrətli olsun. Elinin, yurdunun qədrini bilsin.

Kamilin dediyi kimi aylar günlər yaman tez keçir, zaman sürətlə irəliləyirdi. Emil böyüyür, yaş üstünə yaş gətirirdi. Kamil tez-tez bu rayondan o rayona, o rayondan bu rayona iş yerlərini dəyişə-dəyişə yaşlaşmış, saçlarına dən düşmüşdü. Ad günlərində Emilə bircə hədiyyəsi olardı, velosiped... Heç kim də demirdi ki, ay Kamil, hər ad günündə Emilə velosiped alırsan, bəsdir də...

Axırıncı velosipedi Kamil Emilə 18 yaşı tamam olanda aldı. Onda Emil ali məktəb tələbəsi idi, özü də əla qiymətlərlə oxuyurdu.

Kamil artıq ömrünün 50 yaşını qeyd edirdi. Çalışdığı kollektivlərdən çoxlu məktublar, teleqramlar almışdı. İş yoldaşları, dostları onu təbrik edirdilər. Rəhbərlik isə ona xüsusi təbrik göndərmiş, polkovnik rütbəsi vermişdi. Kamilə polkovnik paqonu xüsusi yaraşırdı. Güzgünün qarşısında dayanır, saçlarındakı dənə baxa-baxa çiynindəki ulduzların işığını görməyə çalışırdı.

Birdən qapı açıldı. Emil əlini qulaqlarının dibinə qoyaraq:

– Cənab polkovnik, leytenant Emil Bayramlı sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edir, dedi. – Qapının arxasında saxladığı velosipedi atasına verdi. – Ad günün mübarək, ata!

Ata ilə oğul çiyin-çiyinə verib güzgü önündə dayandılar...