• şənbə, 27 Aprel, 00:46
  • Baku Bakı 14°C

Uşağın hekayəsi

18.01.16 10:20 1828
Uşağın hekayəsi
Biri vardı, biri yox idi, neçə gözəl illər bundan qabaq bir səyahətçi var idi. Bir gün o səyahətçi səfərə çıxdı. Bu, çox sehrli bir səfər idi. O, bu səfərə çıxanda yol əvvəlcə ona çox uzun, ancaq səyahətinin yarısında yol ona çox qısa göründü.
O bir müddət çox dar bir cığırla yol getdi, heç kimə rast gəlmədən. Nəhayət, o gözəl bir uşağa rast gəldi. O uşağa belə dedi:
-Sən burada nə edirsən?
Uşaq dedi:
-Mən həmişə oynayıram. Gəl sən də mənimlə oyna!
Beləliklə, o, bütün günü uşaqla oynadı. Onlar çox şən idilər. Səma elə mavi, günəş elə parlaq, su elə şəffaf, yarpaqlar elə yaşıl, güllər elə sevimli idi ki..Onlar quşların nəğməsinə qulaq asır, çoxlu kəpənəklər tuturdular. Yağış yağanda onlar yağışın damcılarına baxmağı xoşlayırdılar, torpağın ətrini qoxulayırdılar. Külək əsəndə onun vıyıltısını dinləmək çox xoş idi, onun pıçıltıları maraqlıydı. Külək öz evindən – onlara maraqlıydı, küləyin evi haradadır- vıyıldayıb qaçanda, qarşısına çıxan buludları qovub aparanda, ağacların budaqlarını əyəndə, tüstü bacalarını guruldadanda, evləri silkələyəndə, dənizə nərə çəkdirəndə bu onlara xoş gəlirdi. Ancaq qar yağanda ondan da yaxşı olurdu. Onlar sürətlə yerə düşən, sanki milyonlarla ağ quşun sinəsindəm düşürmüş kimi görünən ağappaq qar dənəciklərinə baxmağı çox xoşlayırdılar, qarın nə qədər qalın olmasını düşünürdülər. Yolardakı, cığırlardakı sükuta qulaq asmağı sevirdilər.
Bu dünyada onların çoxlu gözəl oyuncaqları var idi. Ən maraqlısı isə şəkilli kitablardı. Yatağanlar, ev ayaqqabıları, çalmalar, cırtdan və nəhənglər, su pəriləri, mavi saqqalı, noxud saplaqları, mağaralar, meşələr, Valentinlər, Orsonların şəkiləri olan kitablar. Hamısı da təzə və həqiqi.
Ancaq bir gün qəflətən səyahətçi o uşağı itirdi. O uşağı dəfələrlə harayladı, harayladı, ancaq cavab gəlmədi. O yenidən yoluna davam etdi. Bir müddət yenə də heç kimə rast gəlmədən yol getdi. Nəhayət, o yaraşıqlı bir oğlana rast gəldi. O oğlana dedi:
-Sən burda nə edirsən?
Oğlan cavab verdi:
-Mən həmişə öyrənirəm. Gəl sən də mənimlə birlikdə öyrənək.
O cavan oğlanla birlikdə bütün günü öyrəndi. Yupiter, Yunona, Yunanlar, Romalılar haqda öyrəndi. Daha bilmirəm nələr, nələr öyrəndi, mənim sizə deyə biləcəyimdən də çox şey öyrəndi. Öyrəndiklərinin çoxunu sonralar unutdu. Onlar heç də bütün günü öyrənməklə məşğul deyildilər, hərdən maraqlı, şən oyunlar da oynadılar. Yayda onlar çayda avar çəkdilər, qışda buz üstündə sürüşdülər, piyada yol getdilər, at çapdılar, kriket oynadılar, topla olan bütün oyunları oynadılar. İndi yadıma düşənlərdən də çox idman növüylə məşğul oldular, heç vaxt məğlub olmadılar. Onların bayramı da olurdu. Neçə hissəyə bölünmüş tort dilimləri yeyir, ziyafətlərdə gecəyarısına qədər rəqs edir, əsl teatrlarda əsl qızıldan olan sarayları, dünyanın möcüzələrini görürdülər. Hələ dostlar! Onların o qədər dostları vardı ki, gərək onları saymaq üçün çox vaxt sərf edəm! Onların bütün dostları da cavan idi, o yaraşıqlı oğlan kimi. Bütün həyatları boyu heç vaxt da bir-birlərinə yad olmadılar.
Bir gün, məmnun olduğu günlərin birində səyahətçi bu oğlanı da itirdi, o biri oğlanı itirdiyi kimi. Onu nahaq yerə dəfələrlə haraylayandan sonra səyahətçi yoluna davam etdi. Yenə də bir müddət o heç kimə rast gəlmədən yoluna davam etdi. Nəhayət, o bir cavan oğlana rast gəldi. O gənc oğlana dedi:
-Sən burada nə edirsən?
Cavan oğlan dedi:
-Mən həmişə sevirəm. Gəl bir yerdə sevək!
Səyahətçi o cavan oğlana qoşulub getdi. Onlar dünyann ən gözəl qızlarına rast gəldilər - Biri lap Fanny kimi gözəl idi. Gözləri onun gözləri kimi, saçları onun saçı kimi, yanaqlarındakı batıqlar onunku kimi. O güləndə də Fanny kimi gülürdü.
Gənc oğlan o qıza vuruldu, daha demirəm kimlər kimi vuruldu. Yaxşı! O gənc oğlan hərdən çox acıqlanırdı. Çünki başqaları da Fanny adlı o qızın yanında olurdu. Hərdən qızla mübahisə də edirdlər. Sonra da hər gün bir-birlərinə məktub yazırdılar, ayrı olanda heç vaxt xoşbəxt olmurdular. Həmişə bir-birini axtarırdılar, ancaq özlərini elə göstərirdilər ki, guya heç biri-biriylə maraqlanmırlar. Bir Milad bayramında nişanlandılar, tezliklə evlınməyə hazırlaşırdılar. Daha bilmirəm kimlər kimi toy edəcəkdilər.
Ancaq bir gün səyahətçi onların hamısını itirdi, o biri dostlarını itirdiyi kimi. Yenə də onları dəfələrlə çağırdı, ancaq heç kim cavab vermədi. Bundan sonra o yenə də səyahətinə davam etdi. Bir müddət yenə də heç kimi görmədən getdi. Nəhayət, o ortayaşlı bir kişiyə rast gəldi. O kişiyə dedi:
-Sən burada nə edirsən?
Kişinin cavabı belə oldu:
-Mən həmişə məşğulam, iş görürəm. Gəl sən də mənimlə birgə işləyək.
Beləlliklə, səyahətçi bütün günü həmin kişiylə birlikdə işləməyə başladı. Onlar işləmək üçün meşəyə getdilər. Ortayaşlı kişi tək deyildi. Onunla elə eyni yaşda olan bir qadın dostu vardı, onun arvadı idi. Onların uşaqları vardı. Uşaqlar da onlarla bir yerdəydi. Onlar hamısı bir yerdə meşəyə gedir, ağacları kəsir, kəsilmiş budaqlardan, yerə tökülmüş yarpaqlardan cığır düzəldir, yükləri daşıyır, dayanmaq bilmirdilər. Hərdənbir onlar hər iki tərəfində qalın meşələr olan bir yola çıxardılar. Onlar orada bir uşağın qışqırığını eşidirdilər:
-Ata, ata, mən başqa uşağam! Məni də gözləyin!
Onlar aralıdan balaca bir uşaq görər, onlara qoşulmaq üçün qaçanda get-gedə böyüyürdü. Onlara çatanda hamısı onun başına toplaşır, onu öpür, “xoş gəldin” deyir, sonra bir yerdə gedirdilər. Bəzən bir neçə geniş yola çıxır, hamısı dayınrdı. Bu vaxt uşaqlardan biri deyirdi:
-Ata, mən dənizə gedirəm.
O biri uşaq deyirdi:
-Ata, mən Hindistana gedirəm.
Başqa birisi deyirdi:
-Ata, mən gedib harda olsa bəxtimi axtaracam.
Başqası deyirdi:
-Ata, mən göyə gedirəm!
Onlar gözlərində yaş ayrılar, üzüaşağı təkcə gedərdi. Hər uşaq öz yoluyla. Göyə gedən uşaq qızılı səmaya qalxıb yox olardı.
Belə ayrılıqlar olan vaxtı səyahətçi kişiyə baxardı, görürdü ki, o ağacların arasından baxışlarını səmaya zilləyib, bu vaxt günəş batır, qürub edirdi. Səyahətçi həm də kişinin saçının ağardığını görürdü. Ancaq onlar heç vaxt çox istirahət etməz, səyahətlərini sona çatdırmalıydılar. Həmişə məşğul olmaq üçün bu çox vacib idi.
O qədər ayrılıqlar oldu ki, daha heç bir uşaq qalmadı. Səyahətçi, kişi və onun arvadı qaldı. İndi onlar üçü bir yerdə gedirdilər. İndi meşə gah sarı, gah qəhvəyi rəngdə olurdu. Meşədəki ağacların yarpaqları da o rəngdəydi, onlar yerə tökülməyə başlamışdı.
Onlar bir gün yenə də hər tərəfi meşə olan bir yola çıxdılar, bu yol o biri yollardan daha qaranlıq idi. Onlar irəli baxmadan gedəndə birdən qadın dayandı:
-Məni çağırırlar, kişi!
Onlar dayanıb qulaq asdılar, yolun aşağısından bir səs gəlirdi:
-Ana! Ana!
Bu “ata, mən göyə gedirəm” deyən uşağın səsi idi.
Uşağın atası dedi:
-Yalvarıram, hələ yox! Hələ yox!
Səs atanın ağ saçına, yanaqlarında göz yaşlarına fikir verməyib deyirdi:
-Ana! Ana!
Sonra artıq yolun qırağında dayanmış qadın qollarını kişinin boynuna dolayıb onu öpüb dedi:
-Əzizim, məni çağırırlar, mən gedirəım!
O getdi. Səyahətçi kişiylə tək qaldı.
Onlar bir yerdə getdilər, getdilər, meşənin qurtaracağına gəlib çatdılar. Qürub edən günəşin şüaları ağacların arasından görünürdü.
Bir dəfə səyahətçi ağacların budaqlarını qırıb cığır açanda o dostunu itirdi. Səyahətçi onu çağırdı, çağırdı, ancaq cavab gəlmədi. Səyahətçi meşədən çıxıb açıq yola çıxanda gördü ki, günəş şəfəq saçır. Səyahətçi yıxılmış ağacın üstündə oturan qoca kişiyə yaxınlaşdı, ona dedi:
-Siz burda nə edirsiniz?
Qoca kişi gülümsədi, sakit səslə dedi:
-Mən həmişə xatırlayıram. Gəl mənimlə bir yerdə xatırlayaq.
Səyahətçi qoca kişinin yanında oturdu, üzü günbatana tərəf. Onun bütün dostları geri qayıdıb onun yanında dayandılar. Gözəl uşaq, yaraşıqlı oğlan, cavan kişi, ata, ana, uşaqlar. Hamısı onun yanındaydı. O heç kimi itirməmişdi. O onların hamısını sevdi, onlara qarşı mərhəmətli oldu, həmişə onlara baxmaqdan məmnun oldu. Onlar da ona hörmət edib sevdilər.
Məncə, bu səyahətçi elə siz ola bilərsiniz, əziz Baba! Çünki biz sənə hörmət edirik, sən də bizi sevirsən!
İngilis dilindən tərcümə edən: Sevil Gültən
banner

Oxşar Xəbərlər