Unudulmaz şəxsiyyət Şıxəli Qurbanov

Görkəmli şəxsiyyətlərdən olan
Şıxəli Qurbanov Azərbaycan xalqı üçün təbii fitri istedad sahibi kimi Tanrı
tərəfindən göndərilmişdi, lakin çox heyf ki, bu nurlu simanı amansız ölüm
bivaxt əlimsizdən aldı… lakin S.Vurğunun söylədiyi kimi:
Ölüm sevinməsin qoy, ömrünü
vermir bada,
El qədrini canından daha əziz
bilənlər.
Əbədi xatirə tək qalacaqdır
dünyada
Sevərək yaşayanlar, sevilərək
ölənlər.
Bəli, Şıxəli Qurbanov öz
parlaq əməlləri ilə doğma xalqın xatirində əbədi yaşayan bir ziyalı, sözün
həqiqi mənasında vətəndaşlıq hissi örnək olan xəlqi və bəşəri insan kimi
qalmışdır. Xaraktercə bütöv, monolit, möhkəm iradəli, müstəqil düşüncəli
təfəkkür sahibi, yenilikçi, humanizmlə prinsipiallığı varlığında birgə yaşadan
bu ziyalı haqqında düşünmək insanda olduqca xoş duyğular oyadır, yaşamaq və
mübariz olmaq ehtirasını gücləndirir. Onun cismən olmadığı bu gün də onun ruhu
bizimlə yaşadığı üçün cəmiyyətdə rastlaşdığımız mənfiliklərə qarşı barışmazlıq
simvolu kimi rəmzi mənaya malikdir. O, mənsub olduğu xalqının xoşbəxtliyi
uğrunda rastlaşdığı çətinliklərlə ideoloji silahın bütün növlərindən, etik və
estetik meyarlarından yerində istifadə edərək nadanlığa, paxıllığa qarşı
vuruşmada davam etmişdir. Belə silahların növləri və tipləri çoxdur. Bu
silahların biri də öz kəsəri, ekspressivliyi və kütləviliyi ilə fərqlənən bədii
yaradıcılıqdır. Onun pyesləri, liberettoları, səhnə əsərləri, fəlsəfi faciələri
Azərbaycan Dram və Musiqili Komediya Teatrlarını yeni məzmun və forma
axtarışları ilə zənginləşdirmişdir.
Beləliklə, dramaturq Şıxəli
Qurbanov böyük sələfi M.F.Axundov kimi əvvəlcə bəzi müasirlərini
satirik-yumoristik gülüşlə izlah etmək yolunu tutmuşdur. Onun rəngərəng janrlı,
çeşidli üslublu komediyaları, əlvan formalı musiqili liberottaları Milli
Azərbaycan səhnəsinə yol almışdır. «Əcəb işə düşdük», «Özümüz bilərik», «Olmadı
elə, oldu belə», «Sevindik qız axtarır», «Milyonçunun dilənçi oğlu» kimi səhnə
əsərləri minlərlə müasir tamaşaçının qəlbinə yol tapmış, ona şən fərəhli və
düşündürücü gülüş bəxş etmişdir. Bu əsərlər zəngin milli komediya
ənənələrimizin, Nəcəfbəy Vəzirov, Haşımbəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev,
Üzeyirbəy Hacıbəyov, Sabit Rəhman… irsinin yeni biçimdə qanunauyğun davamı və
inkişafıdır. Həm də bu komediya və liberottolar yeni yaranan müasir səpgili
əsərlərimizə bir körpü rolu oynamaqdadır. Özündə ənənə və norvatorluğun mühüm
keyfiyyətlərini yaşadan bu komediyalarda müəllif komik xarakterlərdən satirik
inkarın ifşa üsulundan, gülüşün rəngarəng çalarlarından, incə-zərif yumorlardan
ciddi qroteskə qədər bir sıra dramatik fiqurlardan bəhrələnmişdir.
Ciddi, kəsin konfliktlərin
qadağan edildiyi bir vaxtda Şıxəli Qurbanovun mövcud mənfiliklərə səhnədən
birbaşa aşkarcasına satira atəşi yağdırması onun şəxsiyyətinin vətəndaşlıq
qeyrətindən irəli gəlirdi. Vəzifəlilərə yaltaqlanmaqla, quyruq bulamaqla vəzifə
əldə etmək, nüfuz qazanmaq və sonra da xalqın qəzəbinə düçar olmaqla çıxılmaz
vəziyyətə düşmək halları müəllifi həmişə narahat edirdi.
Şıxəli Qurbanov həyatın
mürəkkəbliklərinə daha dərindən nüfuz etdikcə satira-yumor ölçülərinə,
incəsənətin estetik prinsiplərinə sığmayan fənalıqların şahidi olur. Həqiqi
insan ləyaqətnin alçaldılması, mənəvi mənlik şüurununu dondurulması, parlaq
ziyalı nəslinin məhvi onun təbiətən şən əhvali-ruhiyyəsini pozur: gülüşünü
faciə əvəz edir. Hər cəhətdən orijinal olan «Sənsiz» (1967) faciəsi meydana
gəlir. Əsər «bəşərin faciəsi» diapazonunda problematik mövzuda olsa da, nikbin
bir sonluqla bitir. Lakin «Sənsiz»ə müəllifsiz baxan tamaşaçı artıq müəllifin
həyatda olmadığını bildiyi üçün əsərin faciə qəhrəmanlarından olan Sevincin də,
Tərlanın da qəlbindən qopan sənsiz nidasını daha hüznlə pıçıldayırlar. Ona görə
də tamaşanın «Sənsiz» adlandırılması nakam müəllifin də «Sənsiz»i kimi daha
rəmzi, daha simvolik səslənir. Uzun illər bir-birini odlu məhəbbətlə sevən
Sevinclə Tərlanın qovuşduğu toy gecəsi gözlənilmədən faciə baş verir, əbədi
ayrılırlar. İstedadlı geoloq Tərlanı bəylik otağından gecə ikən gəlinin
ağuşundan qoparıb aparırlar. Sevinci gənlinlik yatağında gözü yaşlı, ağlar
qoyurlar. Son sözlərini – «bu bir səhvdir, indicə qayıdacağam» deyən Tərlan bir
də 18 ildən sonra bəraət alıb qayıdır. Lakin bu 18 ildə Sevincin həyatında
nələr baş vermir? Yox, Sevinc bir başqası kimi məcburən ərə getmir. O, Tərlandan
sonra keçən bu illəri səksəkəli vahimə içərisində yaşasa da, ümidini kəsmir,
ilk və son məhəbbəti Tərlanın yolunu gözləyir. Sürgündən qayıdan Tərlan da bir
başqa cür özünə əzab verir. Sevincin həyatına müdaxiəl edib onu narahat etmək
istəmir. Lakin Sevinc onun qayıtmasından xəbər tutan kimi dərhal ərini
axtarmağa başlayır….
Əsərin bu faciəli süjeti sanki
müəllifin öz taleyini əks etdirir. Deməli, Şıxəli Qurbanov bu faciəsi ilə həm
yaxşı adamlara, həm də özünə avtobioqrafik heykəl qoymuşdur. Bu heykəl Hökumə
Qurbanova, Həsənağa Salayev, Ağadadaş Qurbanov kimi istedadlı aktyorların,
Tofiq Kazımov tək intellektual rejissorun zəhməti ilə Azərbaycan Dövlət Dram
Teatrında müasir üslubda yaşayır və yaşadır.
Bəli, nadir tarixi şəxsiyyətə
çevrilmiş Şıxəli Qurbanovu fərqləndirən xüsusiyyətlər çoxdur. Bunlardan bir
neçəsini xatırlayaq. Mən hələ orta məktəbin yuxarı siniflərində oxuduğum
vaxtlarda onun barəsində eşitmişdim. Lakin özünü görmədiyim üçün başqalarından
eşitdiklərimlə kifayətlənməli olurdum.
Oğuz rayonunda (keçmiş
Vartaşendə) onun haqqında ilk dəfə atamdan eşitmişəm. Atam Oğuzun Xaçmaz
kəndində tanınmış fizika-riyaziyyat muellimi kimi çalışdığı vaxt rayon müəllimlərinin
avqust müşavirəsində (avqust ayının 24-25-də respublika konfransı keçirilirdi)
iştirak edərkən Şıxəli Qurbanovu görmüş və dinləmişdir. O vaxtlar konfransı
keçirmək üçün Bakıdan – mərkəzdən adlı-sanlı, nüfuzlu pedaqoqlar, hörmətli
şəxslər rayonlara gələrdi. Bu dəfə rayonumuza gələn nüfuzlu şəxs Şıxəli
Qurbanov idi. Həmin rayon müəllimlərinin avqust-yay konfransından sonra orta
məktəb müəllimləri ezamiyyətdən qayıtmış olurdu. Atam da işlədiyi M.F.Axundov
adına Xaçmaz kənd orta məktəbində konfransdan aldığı təəssüratları yoldaşları
ilə bölüşər, deyilən məsələləri müzakirə edirdilər və bu söhbətlərdən mənə də
pay düşərdi. Xüsusən də, Şıxəli müəllim barəsində ağızdolusu danışar, bu
insanın bir natiq və hərtərəfli ziyalı-pedaqoq kimi çıxışlarına istinad edərək
tərifləyərdilər. Əlbəttə, mən orta məktəbin son sinif şagirdi kimi bu
söhbətilərdən xeyli məmnun qalaraq Şıxəli Qurbanovu görmək arzusu ilə
yaşayırdım. Nəhayət, bu xoşbəxtlik bir neçə dəfə mənə nəsib oldu. 1964-cü ildə
mən orta məktəbi bitirib ali məktəbə daxil olmaq üçün Bakıya gəldim. Şəxsiyyət
vəsiqəm (pasportum) Şəki rayonundan verildiyi (o zaman Vartaşen rayonu Şəkiyə
birləşdirilmişdi) üçün həmin il sənədlərimi ali məktəbə verə bilmədim.
Bu gün yüz illiyini qeyd
etməyə hazırlaşdığımız Azərbaycan Milli Demokratik Cümhuriyyətin, eləcə də
Azərbaycan Dövlət Pedaqoji Universitetinin yubiley təntənələrini alqışlamağa
mənim mənəvi haqqım vardır: axı, 1965-ci ilin sentyabrında ali məktəbə daxil
olmuşam, ADPU-nun birinci kursunda oxumağa başlamışam. Professor
Ə.Ə.Dəmirçizadə, F.Qasımzadə, M.H.Təhmasib,
İ.Şıxlı kimi respublikanın ən görkəmli müəllimlərinin mühazirələrini
dinləmişəm. Şıxəli Qurbanovu yaxından tanımışam… Dərsdən sonra dekanlıqdan
universitetin kiçik iclas zalında tədbir olacağını və tələbələrin də iştirak
edəcəyini xəbər verdilər.
Mən ədəbiyyat azarkeşi kimi
zala daxil olub orta sıralardan birində əyləşdim. Birinci dəfə Şıxəli Qurbanovu
burada gördüm. APİ-nin kiçik zalında professor Mikayıl Rəfilinin xatirə gecəsi
keçirilirdi. Səhnədə oturanların çoxunu tanımırdım. Rektor Şövqü Ağayev giriş
sözü ilə gecəni açaraq bizim «Ədəbiyyatşınaslığa giriş» fənnindən dərs aparan
müəllimimiz dossent Kamal Qəhrəmanova söz verdi. Mikayıl Rəfilinin aspirantı
olmuş, sonra da onunla çiyin-çiyinə çalışan Kamal Qəhrəmanov çox danışırdı.
Yadımdadır, Kamal müəllim bu yaradıcılıqda M.Rəfilinin görkəmli bir
ədəbiyyatşınas natiq kimi simasını məruzədə açıb göstərə bilmədi. Həmin gecə
haqqında «Nitq mədəniyyəti və natiqlik məharəti» adlı kitabın müəllifi
professor Ağaməmməd Abdullayev həmin məruzəni tənqid etmişdi. Professor
A.Abdullayev Kamal müəllimin adını çəkməsə də, onun Mikayıl Rəfili barədə çox zəif
məruzə etdiyini düzgün göstərmişdi. Bəli, M.Rəfili barədə daha kimlər nə
danışdısa dəqiq bilmirəm. Bircə onu bilirəm ki, danışmaq üçün söz Rəfilinin
sevimli tələbəsi Şıxəli Qurbanova verildi. Bayaqdan yerində narahat oturub
ona-buna sataşan bu adam indi çox ciddi bir görkəm alaraq gözlərini bir məchul
nöqtəyə zilləyib aramla danışmağa başladı və getdikcə səsinin ahəngi dəyişdi,
sərtləşdi. O dedi: Yoldaşlar, biz bu gün
xatirəsinə toplaşdığımız məhrum Rəfili böyük müəllim, pedaqoq, ədəbiyyatşünas
idi. O bir ədəbiyyatşünas kimi nəinki Pedaqoji İnstitutda, nəinki respublikada,
eləcə də Moskvada estetik nəzəriyyəçilər içərisində tanınmışdı. O, rus dilində
etdiyi çıxışları ilə paytaxt ədəbiyyatşünaslarını heyrətdə qoyurdu… Lakin…» o,
sözünə kiçik bir fasilə verərək daha hüznlü bir görkəm alıb nitqinə davam etdi:
«Yoldaşlar, bu APİ-nin böyük,
işıqlı bir akt zalı vardır. Bu zalda nə qədər ziyalılar çıxış etmiş, yerli
yerində təriflənənlər də olmuş, tənqid, təhqir edilənlər də olmuşdur. Həmin bu
zalın sərt soyuq divarları şahiddir ki, neçə-neçə namuslu ziyalılar, alimlər
haqsız yerə təhqir olunaraq həyatlarına sui-qəsd etmişlər. Bunlardan biri də bu
gün xatirəsinə toplaşdığımız M.Rəfili olmuşdur. Yoldaşlar, şəxsiyyətpərəstin
iki cür qurbanları olmuşdur, bunlardan birincisi bədnam 37-nin qurbanları
olmuşdur. Düşündüklərini dedikləri üçün gündüz evinin içində olduğu halda, gecə
gedib qayıtmayanlar olmuşdur. M.Rəfili də bu qurbanlardan biridir. Onun
mənəviyyatını, elmini, savadını, gözəl nitq qabiliyyətini, təmiz rus dilində
danışmasını, oratorluğunu inkar edərək həyasızcasına təhqir etmişlər.
Auditoriyada tələbələrini öyrədib onun üzünə qoymuşlar, gülünc vəziyyətdə
şəklini çəkdirib «Kirpi» jurnalına vermişdilər. Onun ruhunu, qəlbini qırmışlar…
vaxtından çox-çox qabaq ölümünə səbəb olmuşlar. Bax bunlardan biri və bəlkə də
birincisi M.Rəfili olmuşdur…
Mən bu adamın nitqinə qulaq
asıdıqca haldan-hala düşür, həm fərəhlənir, həm də təəssüf hissi keçirirdim…
bəli, bu adamın gözəl siması və nitqi özünə əbədi şöhrət tapdırmışdır. Orada
yalnız Şıxəli Qurbanov və onun nitqi xatirələrdə silinməz iz buraxdı.
Şıxəli Qurbanovla bağlı bir
xatiratım da onun Bakıda ilk dəfə Novruz şənliyini keçirməsi ilə bağlıdır.
1967-ci ildə ilk dəfə Bakıda Qız qalasının yanında Novruz bayramına həsr
olunmuş şənlik keçirilirdi. Bəzədilmiş faytonlarda insanlar gəzişir,
səmənilərlə bəzədilmiş xonçalar, Qalanın üzərində ucalıb alovlanan məşəllər,
Bahar qızının gəlişi, kos-kosa oyunları… Bakının bulvarına görünməmiş bir
canlanma verirdi.
Bahar qızı libasında faytonda
bahar simvolu Qız qalası meydanına daxil olur.
Şıxəli Qurbanovla bağlı bir
xatirə daha ibrətamizdir. Artıq Şıxəli Qurbanov Azərbaycan Kommunist
Partiyasının üzvü kimi xarici ölkələrə səfərlər edir, səfərindən qayıtdıqdan
sonra inistitutlarda görüşlər keçirir, yeni maraqlı mövzularla həmkarlarını
tanış edirdi. Xatirimdədir: London səfərindən qayıtması münasibəti ilə APİ-nin
akt zalında görüş keçirilirdi. Zal ağzına qədər dolmuşdu. İsmayıl Şıxlı da özünəməxsus
təmkinlə zala daxil olub qabaq sırada əyləşdi. Şıxəli Qurbanov rektor və bir
neçə vəzifəli şəxslə səhnəyə daxil oldu. Bu vaxt zal ayağa qalxaraq qonağı
gurultulu alqışlarla salamladı. O, bu zaman kapitalist ölkəsində gördüklərindən
danışmaqla öz respublikasını qabaqcıl ölkələr sırasında görmək arzularından
danışdı. Hələ o zaman dini ideologiyanın qılıncdın kəskin təsirə malik olmasına
aid İslam tarixindən gözəl misal-nümunə söyləyərək siyasətdə sözün oynadığı
rolu sübut etdi. O, İslamın intişarında sözün, siyasətin qılıncdın daha təsirli
olmasını misallarla sübut etdi. Kommunist Partiyasının qılıncının arxası da,
önü də kəsən bir vaxtda dini təbliğ etmək qorxulu idi. Lakin Ş.Qurbanov bir
natiq- ideoloq kimi bunu elə məharətlə etdi ki, hamı heyrətdə qalmışdı.
Ş.Qurbanov bu gün də öz parlaq
əməlləri ilə yenə də bizimlə birgədir...
Ramin Əhmədov
