• cümə axşamı, 28 mart, 19:17
  • Baku Bakı 13°C

UNESKO qlobal təhsil problemləri üzrə hesabatını açıqlayıb

16.09.19 10:45 423
UNESKO qlobal təhsil problemləri üzrə hesabatını açıqlayıb
UNESKO qlobal təhsil problemləri üzrə yeni hesabatını açıqlayıb. Təşkilatın Statistika İnstitutunun yeni məlumatında deyilir ki, son 10 il ərzində uşaqların məktəbə davamiyyəti ilə bağlı vəziyyət dəyişməyib. Belə ki, 2018-ci ildə təqribən 258 milyon uşaq, yeniyetmə və gənc təhsildən məhrum olub. Bu rəqəm dünyada məktəbyaşlı uşaqların (6-17 yaş arası) altıda birini təşkil edir. Hesabatda əks olunan daha bir xoşagəlməz fakt ondan ibarətdir ki, təxirəsalınmaz tədbirlərin görülməyəcəyi təqdirdə 12 milyon azyaşlı məktəb üzü görməyəcək. "Bütün bu göstəricilərlə BMT-nin 2030-cu ilədək dayanıqlı inkişaf Hədəflərinə daxil edilmiş qlobal səviyyədə inklüziv təhsilin inkişafına nail olmaq mümkün deyil”, -deyə hesabat müəllifləri vurğulayıblar.
Məktəbə getməyən uşaqlarla bağlı yeni məlumatlar UNESKO-nun 2030-cu ildə hər altı uşaqdan birinin təhsildən məhrum olacağı və yalnız hər on gəncdən birinin orta təhsil alacağı barədə proqnozlarını təsdiq edir. Bu aspektlərə görə inkişaf etmiş və yoxsul ölkələr arasında fərqlər də getdikcə artır. UNESKO-nun məlumatına görə, aşağı gəlirli ölkələrdə məktəbyaşlıların 19 faizi, inkişaf etmiş dövlətlərdə isə cəmi 2 faizi təhsildən məhrumdur. Bu rəqəmlər yuxarı yaş qrupuna aid olan gənclərdə daha da fərqlidir və müvafiq olaraq 61 faiz və 8 faiz təşkil edir.
UNESKO-nun Baş direktoru Odre Azulenin sözlərinə görə, qızlar daha çox çətinliklərlə üzləşirlər. O əlavə edib ki, ibtidai təhsil yaşı olan 9 milyon qız uşağı məktəbə gedə bilməyəcək. Oğlanlarda bu rəqəm cəmi 3 milyondur. Həmin 9 milyondan 4 milyonu Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrinin payına düşür. Xanım Azule dünya ictimaiyyətini qızların təhsilinə daha çox diqqət yetirməyə çağırıb.
Statistika İnstitutunun direktoru Silviya Montoyya vurğulayıb: Bizim BMT-nin dayanıqlı inkişaf Hədəflərində əks olunmuş uşaqların təhsilə cəlb olunması barədə planları yerinə yetirməmiz üçün cəmi 11 il vaxtımız qalıb. Bununla belə, məlumatlar göstərir ki, bu sahədə maneələr ildən-ilə daha da artır. Mövcud problemlərin öhdəsindən fəal tədbirlər və maliyyə vəsaitinin artırılması yolu ilə gəlmək olar. Bu prosesdə hər bir ölkə iştirak etməlidir”.
UNESKO Statistika İnstitutunun yeni hesabatı BMT-nin Baş Assambleyasının sessiyası ərəfəsində dərc olunub.
banner

Oxşar Xəbərlər