• cümə, 26 Aprel, 06:37
  • Baku Bakı 12°C

«Triller əsər alan oxucu qətl, vəhşilik, şiddət gözləyir»

08.09.14 12:37 2081
«Triller əsər alan oxucu qətl, vəhşilik, şiddət gözləyir»
Kanada ədəbiyyatının psixoloji triller janrında yazan uğurlu müəlliflərindən Cennifer Hillier əslən Asiya mənşəli ailədə dünyaya göz açıb. Yazdığı əsərlərlə qısa müddətdə diqqəti üzərinə toplayan müəllif qapalı insanların qaranlıq həyatlarından yazmağa üstünlük verir: “İnsanların nə etdiklərindən çox, niyə etdikləri ilə maraqlanıram. Çünki insan psixologiyası etdiyi ilə yox, səbəblərlə açılır”. Pişikləri və Stefen Kinqin əsərlərini həddindən artıq çox sevən Hillier dörd kitabın müəllifi və tanınmış bloqqerdir. Kanadada Cennifer Hillier daha çox nəşriyyat, art-dizayn, kitab-piar məsələləri ilə bağlı məsləhətlər paylaşan bloqqer kimi tanınır.
Müsahibələrindən birində yazdığı əsərlərdən özünün belə qorxduğunu, bəzən yaratdığı qəhrəmanın təsir altında qaldığını və yanında kimsə olmadan yata bilmədiyini açıqlayıb. “Beynəlxalq Triller Yazarları Birliyi”, “Beynəlxalq kriminal yazarlar” və “Amerika magik janr yazarları” qurumunun üzvüdür. Kitabları ilk dəfə “Simon&Schuster” nəşriyyatı tərəfindən yayımlanan gənc xanım yazar artıq prinsipial olaraq başqa heç bir nəşriyyatla işləmir. Ömrünün beş ilini Sitldə keçirdiyinə görə indi bu şəhərdən birdəfəlik ayrıla bilmir. Ən sevimli triller qəhrəmanları Hannibal Lekter (Tomas Harrisin “Qırmızı Əjdaha” əsəri – red.E.S.), Qretçen Louel (Çelsi Keynin “Kədərli”, “Burax məni” və başqa əsərlərində silsilə yer almış qəhrəman – red.E.S.) və Dekster Morqandır (Ceff Lindseyin eyniadlı əsərinin qəhrəmanı – red.E.S.). Müəllifin “OnReads” saytına verdiyi müsahibəni təqdim edirik.
- Əvvəlcə onu deyim ki, bu janrda olan kitablar çox da diqqətimi çəkmir, oxuduqlarım da adətən konkret bir qrup insanın hekayəsi olub. Sizin kitablarınızda ən çox sevdiyim cəhət irqi, milliyyəti və bir çox vacib detalı ilə bir-birindən tamamilə fərqli olan xarakterlər qrupu idi.
- Haqlısınız, bu detalı mənə tez-tez deyirlər. Amma bu şüurlu və ya planlı şəkildə təşkil edilmiş bir şey deyil, sadəcə düşünün gündəlik həyatımız belə deyilmi? Hər gün o qədər fərqlilik, müxtəliflik görürük ki. Və əsərin janrı nə olursa, olsun, oxucuya reallıq hissi aşılasın istəyirəm, həyatdan uzaq, onda olmayan bir şey yaratmaq istəmirəm. Dünya özü belə bir irqdən, vahid görüntüdən ibarət deyil, mən kitabda bunu necə beləymiş kimi təlqin edə bilərəm?! Şeyla çinlidir, Cerri afrikalı-amerikandır, hətta yaratdığım obrazlar arasında homoseksual var, çünki gündəlik həyatımızda olan insanlar bunlardır. Bu fərqlilik və müxtəlifliyi bəyənirəm və onu olduğu kimi göstərməyə çalışıram.
- Mən nədənsə homoseksual kimi göstərdiyiniz Randalın “dost” deyərkən, sevgilisini nəzərdə tutduğundan əmin deyiləm.
- Randal geydir. Əsərdə o Texaslı, olduqca alicənab, yüksək təhsil almış, anlayışlı Morisin oğludur. Oğlunun xarakteri və homoseksuallığı ona tamamilə tərs olsa da, bir ata kimi oğlu ilə münasibətlərini qaydaya sala bilmək üçün hər yolu sınayır, sonsuz səbr göstərir.
- Bu qədər fərqli obrazları ana xəttin aparıcıları kimi bir süjetdə toplamağın hansısa uğursuz nəticəsi olacağından narahat olduğunuz olubmu, bu sizi heç qorxutmayıb?
- Bir az, o da yazıçı kimi. Amma bir oxucu kimi bu mənim oxumaq istədiyim, yoxluğunu hiss etdiyim əsər idi. Yazdığım janrda - (triller – red. E.S.) çox kitab oxumuşam, qeyd etdiyiniz kimi əksəriyyətinin qəhrəmanları ağdərililərdir, ya da bir şəhərin, bir ölkənin adamlarıdır. Belə əsərlər çox homogen görünür. Məncə, mən bir oxucu kimi o fərqliliyi axtarırdım, çünki bu mənə həmişə çox təbii görünüb və bu axtardığım detalı öz əsərlərimə əlavə etdim.
- Qəhrəmanlarınızın mənsub olduqları etnik qruplara xas cəhətləri qoruması, xatırlatması və ya olduqları kimi qalmaları sizin üçün nə qədər vacib idi? Məsələn, əgər redaktor və ya naşiriniz sizə Şeylanın dəyişdirilərək ağdərili xarakter olmasını təklif etsəydi, bununla razılaşardınızmı?
- Bu nəsə gülməli sual oldu, heç bir redaktor belə şey təklif etməz, təbii ki, mənim redaktorum da. Amma Şeylanın asiyalı olduğunu göstərən detalları artırmağı və onun asiyalı olduğunu xarakter cəhətləri ilə göstərəcək səhnələrin artırılmasını təklif etdi. Yəni oxucu mənim “asiyalı” deyimimlə yox, əsərdəki təsvirlər, Şeylanın düşüncə tərzini göstərən ifadələrlə onun haralı olduğunu görməli idi. Belə də oldu, mən onun asiyalı və çinli olduğunu əsərin heç bir yerində qeyd etməmişəm. Şeyla Tao ad-soyadı, əsərin əvvəlindəki “asiyalılara xas dərin, qara gözlər” ifadəsi və bu kimi detallar oxucunun təsəvvürünü aydınlaşdıran üsullardır.
Düşünürəm ki, oxucu olaraq hamımız nədənsə hər şeyin birmənalı, birrəngli olacağına öyrəşmişik, çünki janr trillerdir, kriminaldır, detektivdir, çünki bizə fərqli olan göstərilməyib. Ona görə qəhrəmanlarımın, məsələn, elə Şeylanın etnik azlığa aid olmasını göstərmək bir az çətin olur. Çünki əsərdə oxucuya doğma görünən adi obrazlardan fərqlidir və onu başdan-başa təsvir etmək lazımdır.
- Bu detalla razıyam, triller romanlarda sanki oxucuya gözlədiyi və tanıdığı şeylərin verilməsi ilə bağlı sözləşmə, müqavilə var. Bu janrın oxucusunun gözləntilərini qarşılayarkən, eyni zamanda fərqliliyi və yeniliyi təmin etmək necə olur, bunun öhdəsindən necə gəlirsiniz?
- Bu, trillerin özəyidir. Oxucunun gözləntiləri qarşılanmalıdır, ortalama hər triller həvəskarı əsərdən tələ, mənfi obraz, ikiləmə, toqquşma gözləyir. Mənim bütün cəhdim bu gözləntiyə cavab verməklə yanaşı, beynimdəki yeniliyi tətbiq edə bilməkdir. Bir qadın yazıçı kimi düşünürəm ki, oxucu olsam, bu əsərdə yerinə olduqca uyğun gələn intim səhnə arzulayardım. Əksər triller romanlarda eşq səhnələrinə az rast gəlirik, o ki qaldı, seks səhnəsi. Ola bilər ki, bu trillerin ənənəsinə yad olsun, amma mənim əsərim bunun başlanğıcı ola bilər. Çünki bu gündəlik həyatın hissəsidir, oxucu qəhrəmanın həyatının bu tərəfini də görmək istəyir. Hətta burda belə ağ-qara qəhrəmanları birləşdirdim. Çünki mən keçmişə, ənənəyə məhkum olmağı sevmirəm. Məncə, yeniliyi təmin edə bilməyimin əsas səbəbi budur.
- Sizcə, janr olaraq triller niyə intimliyi önəmsəmir?
- Yaxşı sualdır. Belə səhnələr yaratmaq və sonra yazdığımı yad adamın əsəri kimi oxumaq mənim xoşuma gəlir, bu səhnələri yaratmaq mənim öz həvəsimdən qaynaqlanır. Amma etiraf edim ki, əksər triller yazarları nəinki öz yazdıqları janrda, elə digər janrlarda yazılmış əsərlərdə də intim səhnələrlə o qədər maraqlanmırlar, yəni onlara görə məna hərəkətdə, hadisədədir. Hətta ekranlaşdırılmış trillerlərə fikir versəniz, görərsiniz ki, iki obraz arasında yaxınlaşma başlayanda rejissor ya səhnəni qaranlıqlaşdırır, ya da başqa səhnəyə keçid alır. Hər halda yəqin ki, bu yazarların düşüncə mexanizmi ilə əlaqədardır, ya da mənim qadın olmağımla.
Əslində bu bir qədər də oxucu ilə bağlıdır. Triller əsər alan oxucu qətl, vəhşilik, şiddət gözləyir.
- “Creep” əsərində atanızın sizə danışdığı hekayələrdən bəhs edirsiniz. Daha doğrusu, əsərin etiraf hissəsinə bu hekayələr haqqında oxuyuruq. Bir az onlardan danışa bilərsinizmi?
- Balaca olanda, daha dəqiq ifadə etsəm, böyümək mərhələsində əslində atamın yatarkən mənə hekayə oxumaqdan o qədər də xoşu gəlmirdi, hər halda çox zövq alınacaq şeylər tapa bilərdi. Yatmaq vaxtının ən yaxşı rituallarından, ayrılmaz hissələrindən biri onun mənə hekayə danışması idi. Təbii ki, bu hekayələrin çoxunu o özündən qoşurdu. Əlbəttə ki, bu hekayələr mənim yaşımdakı bir uşağın xoşuna gələ biləcək hekayələr olurdu, fantastik, sehirli. Mən yuxuya gedənə kimi atam hekayə quraşdırmağa davam edirdi. Əksər hallarda o hekayələrin sonunun necə olduğundan xəbərim olmurdu, çünki artıq hekayənin yarısında, bəzən lap elə əvvəlində yuxuya gedirdim. Hekayə quraşdırmaq bacarığımın hardan gəldiyini, necə formalaşdığını dəqiq bilmirəm, amma düşünürəm ki, triller yazırsınızsa, peşəkar şəkildə yazmaqla yanaşı, eyni zamanda hekayə də quraşdıra bilmək lazımdır. Hekayənin yoluna qoşulmaq üçün insana xüsusi bir dil lazım olur. Atamın çox güclü hekayə quraşdırmaq və maraqlı danışmaq qabiliyyəti var idi, mən də əsərlərimdə bu qabiliyyətimi sərgiləməyə çalışıram.
- İlk dəfə nəşr olunan kimi keçdiyiniz yol haqqında danışa bilərsinizmi? Bu yolu necə keçdiniz?
- Dəfələrlə rədd edildim, əsərlərimin nəşrindən imtina etdilər. Sayını deyim? – 51 dəfə! Hər dəfə aldığım təksəhifəlik cavabda yalnız mənə yazan şəxsin adına baxırdım və “Bəli, yenə rədd edildim!” deyirdim (gülüş).
İlk əsəri tamamladıqdan sonra təkcə redaktəsi və korrektəsi üçün mənə bir il iki ay vaxt lazım oldu, nəhayət ki, istədiyim variantı əldə etdim. Sonra əsərlə, işlədiyim janrla maraqlanacağını düşündüyüm və bunu naşirlərə sata biləcək uğurlu ədəbi agentlər axtarmağa başladım. Uzun bir siyahı tərtib etdim və 100 agentə təklif məktubu göndərdim, 48 rədd cavabı aldım. Demək olar ki, tən yarısı əsərdən imtina etmişdi. Hardasa yerdə qalan yarısı isə ümumiyyətlə, cavab belə verməmişdi. Təxminən 10-a yaxın cavab məni nisbətən ürəkləndirdi, belə ki, onlar təklifi maraqla qarşılamışdılar və əlyazmamla tanış olmaq istəyirdilər. Həmin on nəfərdən isə yalnız biri göndərdiyim əlyazmanı oxudu və elə o da mənim agentim, təqdimatçım oldu. Onu tapıb, razılaşana kimi isə mən 3 ayı geridə qoymuşdum. Nəhayət, onun dəyişdirilməsi və düzəldilməsi lazım olduğunu düşündüyü detallar üzərində də işlədik. Daha sonra isə əsəri naşirlərə təqdim etməyə başladı. “Simon&Schuster” nəşriyyatı məni nəşr etdirməyə razılıq verənə kimi üç nəşriyyatdan rədd cavabı aldıq.
Onda mən Sitldə yaşayırdım, səhər saat yeddidə telefon zəng çaldı. Məni tanıyanlar bilir ki, mən həmin saatda dünyadan köçmüş vəziyyətdə oluram, çünki mən gecələr işləyirəm və hardasa səhərə yaxın saat 4-5-də yatıram. Bir sözlə səhər adamı deyiləm, odur ki, yataqda uzanılı vəziyyətdə düşündüm ki, bu saatda mənə heç kim zəng vurmaz, ehtimal ki, yanlış nömrə yığıblar. Amma telefon avtomata bağlı olduğu üçün açıldı və agentimin səsi gəldi:
- Sən yatırsan, Cenni?
- Əslində, hə! (gülüş)
Dedi ki, mənə inanılmaz möhtəşəm bir xəbəri var, “Simon&Schuster” əlyazmanı qəbul edib və çapa razılıq verib. Hələ də yerimdən tərpənmədən telefonda ondan xahiş etdim ki, bunu bir də təkrar etsin, yuxu görüb-görmədiyimi dəqiqləşdirmək istəyirdim. Deyəsən, şok vəziyyətinə düşmüşdüm. Amma mənim öhdəsindən gələ bilmədiyim ən böyük qorxum bu deyildi, yəni gec-tez nəşr olunmağı qarşıma məqsəd qoymuşdum. Qoxurdum ki, birdən onu heç kim almaz. Bu hər zaman baş verə bilər, məndə indi də bu qorxu var. Dünyanın ən uğurlu agenti ilə də çalışsan, ən yaxşı redaktorun əlindən keçmiş əsər də olsa, ən yaxşı piar sistemi olan nəşriyyat da çap etdirsə yazdıqlarını heç nə yazarı belə bir təhlükədən sığortalamır, xüsusilə də yeni, ilk dəfə çap olunan, tanınmayan müəllifsinizsə. Beləcə ilk kitabım çap olundu.
- Kitabınız nəşrə qəbul edilənə kimi yəni özünüz bu mərhələlərdən bir-bir keçənə kimi nəşriyyat dünyası, həmin mərhələ ilə bağlı nə düşünürdünüz?
- Heç vaxt ağlıma gəlməyib ki, yəni o haqda düşünməmişəm ki, kitab hazır olduqdan sonra mənimçün necə bir mərhələ başlayacaq. Bu proseslə bağlı olduqca nikbin fikirlər vardı məndə. Düşünürdüm ki, çətini kitabın hazır olmasıdır, sonra redaktorla birgə onu işləyəcəyik, daha sonra yaxşı bir art-dizayner ona üz qabığı hazırlayacaq, məni təklif olunan variantlardan birini seçəcəyəm, sonra agentim naşirlə danışacaq və cəmi bir neçə ay sonra özümü rəflərdə görəcəm. Reallıq isə mənim xəyalını qurduğumdan, daha doğrusu, beynimdə canlandırdığımdan çox-çox uzaq və fərqli idi.
- Amerikada, Kanadada, Qərb ölkələrində qadın yazıçılar üçün olan geniş imkanların olmadığı bir yerə aid olan ailədə dünyaya göz açdınız. Amma məhz Kanadada başladınız yaradıcılığa və burada uğur qazandınız. Sizcə, asiyalı qadın yazar olmağın hansısa üstünlüyü olubmu bu uğurda?
- Məncə, triller birmənalı şəkildə ağdərililərin hökmranlıq etdiyi və dominant olduğu janrdır. 2009-cu ildə ədəbiyyatla bağlı bir konfrans olmuşdu, mən indi ordakı çıxışıma baxanda düşünürəm ki, həqiqətən bu qız sıyrılıb çıxdı ortaya. Təsəvvür edin orada triller müəlliflərinin hamısı ağdərililər və kişilər, bircə mən asiyalı gənc xanım. Hamı istər-istəməz mənə baxır, diqqətlə süzürdü, özümü yad planetdən gəlmə kimi hiss edirdim. Amma sonralar hər şey dəyişdi, hamı üçün bu vəziyyət adiləşdi. Məncə, mənə imtiyaz yaradan asiyalı olmağım yox, bu janrda yazan qadın olmağım və sizin də diqqətinizi çəkmiş irq müxtəlifliyini əks etdirmək üsulum olub.
- Yaratdığınız qadın obrazları ilə bağlı neqativ reaksiyalar aldığınız olubmu?
- Əvvəlcə onu deyim ki, xüsusilə asiyalı qadınları nəzərdə tutursunuzsa, onlardan ümumiyyətlə hansısa reaksiya gəlmir. Amma ümumilikdə qadın oxuculardan aldığım reaksiyalar qarışıq olur. Əksər qadınlar hətta hekayəni bəyəndiklərini və sevə-sevə oxuduqlarını deyənlər belə intim səhnələrlə bağlı narahatlıqlarını daha uzun-uzadı qələmə alırlar.
- Yazarkən musiqi dinlədiyinizi və bunu sevdiyinizi demisiniz. “Freak”-i yazarkən kimləri dinləyirdiniz?
- Adətən dəyişməyən pleylistim olur. Adele, “Foo Fighters”, Leydi Qaqa, “Lifehouse”, “Nine inch Nails”, Pörl Cem, “Prince”, “Smashing Pumpkins” və s.
- Onlar yazı mexanizminizi, ya da yazdıqlarınızı necə şəkilləndirir?
- Mənə elə gəlir ki, nə yazıramsa, o əvvəlcə beynimdə şəkil formasında olur, sonra o şəkillər filmdə birləşir kimi sıralanırlar. Məsələn, mənə əgər hansısa qəhrəmanın dialoqu və monoloq lazım olursa, dərhal onun üzünü, geyimini, olduğu yeri, otağı beynimdə şəkil kimi çəkirəm. Həmin zamanlarda musiqi məndə ruhi vəziyyətlə bağlı fikir oyandırır, iyi ilə bağlı yaddaşımı aktiv saxlayır.
- Sevənlərinizdən aldığınız ən unudulmaz reaskiya nə olub?
- Bəzən getdiyim yerlərdə bir qrup insan yaxınlaşıb, əllərində kitablarım imza istəyirlər, şəkil çəkdirmək istəyir, əsərlərlə bağlı xoş sözlər deyirlər, belə anların hamısı özünəməxsus və unudulmazdır, bunlardan çox təsirlənirəm.
- Yazarlığın sizə görə ən yaxşı və ən pis cəhətlərini bölüşə bilərsinizmi?
- Ən yaxşı tərəfi odur ki, bu bəlkə də dünyada müəllifini təəccübləndirə bilən yeganə işdir. İnsan işləyir, sonda nə olacağını bilmir, hər şey sual altındadır. Ən pis cəhəti insanda özünəgüvənsizlik, narahatlıq hissi formalaşdırmasıdır.
Elcan Salmanqızı
banner

Oxşar Xəbərlər