AZE | RUS | ENG |

Tısbağa

Tısbağa
Qısa metrajlı duet ssenari

Dəniz sahili. Payız fəsli olduğundan dəniz sahilində heç kim yoxdur.    
Bir maşın sahilə yaxınlaşır. Maşın quma batmamaq üçün dənizdən bir az aralıda dayanır. Maşını sürən təxminən iyirmi doqquz-otuz yaşlı oğlandır. Onun yanında oturan qadın da təxminən o yaşdadır. Onlar zoğalı rəngdə pejodan düşüb dənizə tərəf addımlayırlar. Qız oğlandan bir neçə addım qabaqda gedir. Oğlan bir az addımlarını sürətləndirib qıza çatır.
  
 

  Qız –  Yaxşı ki, gəldik dənizə... Hardan tapmısan buranı? (bir az susur)  doğrudan axı, sən həmişə ölürdün belə bayquş ulayan yerlər üçün. Amma sənə deyim ki, bu yer xoşuma gəldi
 
 Oğlan – Hə, hərdən gəlirəm bu tərəflərə. 
 
Qız - Burda adam qəribə olur e...
 
Qız sözünü sanki yarımçıq kəsib ətrafa boylanır. Qarşısındakı sonsuz dənizə, kimsəsiz sahilə baxır. 
 
Qız - Gözümüz o qədər şəhərin tünlüyünə, qarışıqlığına öyrəşib ki, bu kimsəsizlik, nəhayətsizlik adama birtəhər gəlir. 
 
Oğlan - Elə mən də şəhərin səs-küyündən, tünlüyündən qaçıb gəlirəm çox vaxt bura. Adamın beyni dincəlir. Həm də sənə qəribə gələn bilirsən nədir? Hərəkətlə hərəkətsizlik. Dəniz həmişə hərəkətdədir, amma qumlar yox. Adamın gözü bu ziddiyyətə öyrəşənə qədər, düz deyirsən, bir az qəribə olur.
 
Qız sanki onu eşitmir. Bir az da dənizə tərəf gedir. Dənizə baxır, nəsə düşünür oğlana tərəf çevrilir. 
 
Qız - Vaxtın var idi, yoxsa mənə görə gəldin? 
 
Oğlan - Vaxtım var, narahat olma. 
 
Qız - Qəzadan sonra o maşını necə sürəcəm bilmirəm. Maşına minən kimi ürəyim sıxılır. İstəsən sataram sənə. 
 
Qız çevrilib oğlana baxır
 
Oğlan başını yox mənasında yellədir
 
Qız - Özün bil. 
 
  Qız ayaqqabılarını çıxarıb əlinə götürür, bir neçə addım qabağa gedib suyun içinə girir. Sonsuz dənizə baxır. Sonra oğlana tərəf çevrilir. 
 
Qız - Sən də gəl...
 
  Oğlan - Yox, istəmirəm. 
 
  Qız - Çox soyuq deyil, gəl… 
 
 Oğlan da ayaqqabılarını çıxarıb sahildə qoyaraq suya girir. Qızın yanına gəlir. Oğlanla qız yanbayan dayanırlar. 
 
 Qız-bilirsən, bura niyə xoşuma gəldi?! Qəzadan sonra ilk dəfədir heç kimi, heç nəyi eşitməməyim nəsə mənə qəribə gəlir.   
     
Oğlan təəccüblə qıza baxır. Sanki qızın nə demək istədiyini anlamağa çalışır. Qız əlini suda oynadaraq ətrafa su sıçradır. 
 
Qız - Bu dünyaya gələndən səs içindəyik də. Fərq eləmir yanında başqaları var yoxsa yox… Tək olanda belə səslər səni buraxmır. Divardakı saatın səsindən tutmuş, öz nəfəsinin səsinə qədər eşidirsən. Amma indi… təsəvvür eləyirsən, birdən-birə səni bu səsli-küylü dünyadan tullayırlar səssiz aləmə. Heç nəyin, heç kimin səsini eşitmirsən. Bax, indi mənim üçün dalğaların özü var amma səsi yoxdur. Səsi mən öz təsəvvürümdə canlandırıram... 
 
   Qız oğlanın ona təəccüblə baxdığını görüb onun üstünə su sıçradıb gülümsəyir.
 
Qız - Birdən fikirləşərsən ki dəli olmuşam ha... Yox, amma nə bilim e... Belə vəziyyətdə adam özünü bir az qəribə hiss edir.  
 
    Oğlan (maraqla ) - Sən indi doğrudan, heç nəyi eşitmirsən? Heç cür inana bilmirəm. Adamın ürəyi partlayar e darıxmaqdan... 
 
    Qız oğlanın sözünü sanki eşitmir. O sağa çevrilib dənizin içiylə gedir, oğlan da onunla gedir. 
 
   Qız-Həkimlər dedi, bir neçə həftə dəniz sahilinə get. Qəzadan sonra ciyərlərin təmiz hava alsın. Dedilər müalicəni düzgün aparsam hardasa dörd-beş aydan sonra eşidə bilərəm. (bir az susur) inanırsan, xəstəxanada ayılanda hiss elədim ki heç nə eşitmirəm, dəhşətə gəldim. Təsəvvür edirsən, bir anda heç bir şeyi eşitmirsən. Elə bildim bundan sonra yaşaya bilməyəcəm. (bir az susur) mən möhkəm danışanda  deyərsən yaxşı?
 
     Oğlan başını təsdiq mənasında yellədir. Onlar dənizin içiylə bir az da gedirlər. 
 
   Oğlan - Bəlkə sahillə gedək? 
 
Qız ona fikir vermir. Oğlan qızın qolundan yapışır. Qız oğlana baxır. 
 
Oğlan (əl hərəkətləriylə) - Sahillə gedək bəlkə? 
 
 Qız - Hə sahilə çıxaq?
 
 Oğlan - Hə
 
Onlar dənizdən çıxıb sahillə getməyə başlayırlar. 
 
  Qız - Şəhərə qayıtmaq istəmirəm. Şəhərdə elə bilirəm hamı məni çağırır, Mənsə eşitmirəm arxamca deyirlər kardı ki bu. Amma burda kim var, dənizdir bir də sənsən. 
 
Oğlan - Alik hardadır?
 
Qız - Nə?
 
Oğlan baş və şəhadət barmağını dodağından çənəsinəcən sürtür. Dediyi adamın bığ və saqqalını göstərir. 
 
 Oğlan - Aliki deyirəm. Ərini. 
 
 Qız - hə Alik? Türkiyədədir. İşə görə gedib, dünən skaypla danışmışıq. Danışmaq deyəndə ki, bir-birimizə baxıb yazışırdıq. On günə gələcək. Amma o gələndən sonra da mənimlə gələrsən də bura. Alikin dənizdən xoşu gəlmir. 
 
 Oğlan - Heç Alikin məndən də xoşu gəlmir. 
 
Qız heç nə anlamadan oğlana baxır. 
 
Oğlan - Heç mənim də sənin Alikindən xoşum gəlmir. 
 
Qız - Eşitmirəm
 
Oğlan (qışqıraraq) - Deyirəm heç Alikin də məndən xoşu gəlmir. 
 
Qız oğlanın dodaqlarından nə dediyini anlamaq istəyir. 
 
 Qız - Alikdən danışırsan? Yazdı ki, çölə çıxmayım gələnə qədər. Qorxur maşın-zad vurar. Amma həkimlər deyib ki, təmiz hava al. Həm də səninləyəm də. İnanırsan, heç rəfiqələrimlə gəlmərəm ki belə yerə. Mənə həmişə elə gəlib ki, məni ən yaxşı sən başa düşmüsən. Tələbəlik vaxtından... Səndən başqa heç kimin yanında özümü sərbəst hiss edə bilmirəm. Elə bil ki, boz rəngdə divarların bir hissəsini qırmızı rənglə rəngləyiblər. Bax, səninlə mən həmin qırmızı rəngli divarıq. Bir-birimizi başa düşürük. Ona görə də neçə ildir dostuq. 
 
    Oğlan heç nə demədən qıza qulaq asır. Onlar sahillə gedib qamışlıq olan yerə çatırlar. Qız qamışlığın yanında iki tısbağa görür. Tısbağalara tərəf gedir. Oğlan da onun ardınca gedir. 
 
  Qız-Niyə bunların ikisi də bir-birinə oxşayır? 
 
 Qız üzünü çevirib oğlana baxır. Oğlanın fikir tısbağalardadır. 
 
  Oğlan-nə bilim...
 
 Qız oğlana baxıb heç nə başa düşmür. 
 
Qız - bax bu tısbağaların biri sənsən biri mən. Amma bunlar rəngli deyillər. dediyim boz divarlara oxşayırlar. 
 
Qız bir az susub, nəsə fikirləşir
 
Qız-  Maşından mənim çantamı gətirə bilərsən? 
 
Oğlan - Çantanı neyləyirsən? 
 
Oğlan qızın heç nə başa düşmədən ona baxdığını görüb əliylə izah etməyə çalışır. 
 
Oğlan - Çantanı neyləyirsən?
 
Qız sanki yenə oğlanı anlamır. 
 
Qız - Gətir də çantamı gözləyirəm.
 
 Oğlan çantanı gətirməyə gedir. Qız tısbağalara baxır. Tısbağalar yanaşı gedirlər. Qız tısbağalardan birini götürüb o biri tısbağadan bir az aralı qoyur. Tısbağa yenidən o biri tısbağanın yanına qayıdır. Qız yenə tısbağanı bir az uzağa aparıb qoyur. Tısbağa yenidən o biri tısbağanın yanına qayıdır. 
   Uzaqdan oğlan gəlir. Bu dəfə gözündə gün eynəyi var, gözləri görünmür. Əlində qızın çantası var. Oğlan qıza yaxınlaşır. 
 
  Oğlan - bu da çantan...
 
  Qız çantanı açıb içini eşələyir. Çantadan qırmızı rəngli dırnaq boyası çıxarır. Çantanı kənara qoyur, tısbağalardan birini götürüb beli üstə çevirir. Tısbağa nə qədər eləsə də çevrilə bilmir. Qız dırnaq boyasını açır. Oğlan təəccüblə qıza baxır. 
 
 Oğlan - Neyləyirsən?
 
Qız oğlana cavab vermir, dırnaq boyasını çıxarıb tısbağanı çevirir. Boyanı tısbağanın çanağına sürtür. Oğlan qıza yaxınlaşıb qolundan tutur. 
 
 Oğlan - Niyə rəngləyirsən? 
 
Qız oğlana baxır. 
 
 Qız-Niyə belə elədiyimi soruşurusansa görəcəksən. Tısbağaların həyatına rəng qatıram. Heç olmasa birini rəngləyim. Yüz faiz bilirəm ki, beziblər. 
 
Oğlan - Dəli olmusan? Eləmə!
 
Qız oğlanı eşitmir. Tısbağanı rəngləməkdə davam edir. O biri tısbağa ordan uzaqlaşır. 
 
Qız - O tısbağanı tut. Qoyma qaçsın. 
 
Oğlan qeyri-iradi olaraq tısbağanı götürür yaxınlıqda yerə qoyur. 
 
Qız - Bunlar "ər-arvaddır”. Mən rənglədiyim yəqin ki, evin xanımıdır. 
 
Oğlan - Hansı evin?
 
Qız - Nə?
 
Oğlan - Hansı evin? (bir az susur) Bunların hərəsinin öz evi var. Evləri də çiyinlərindədir. 
 
Oğlan bir az da susur. 
 
Qız - İndi qadını rəngləyim, gör əri necə bəyənəcək onu.
 
Qız tısbağanı yarıya qədər rəngləyib birdən dayanıb gülümsəyir. Oğlana baxır.
 
Qız - Yoxe bunlar ər-arvad deyil. iki dostdurlar. Səninlə mənim kimi.   
 
 Oğlan qıza baxır. Gözün də eynək olduğundan baxışlarının nə ifadə elədiyi görünmür. 
 
Qız - Bu rənglədiyim sənsən. Qoy rəngləyim qurtarım, gör necə yaraşıqlı olacaqsan. 
 
Oğlan - Mənim icazəm olmadan məni niyə rəngləyirsən ki? 
 
Qız oğlanın sözlərinə əhəmiyyət vermir. Tısbağanı rəngləməkdə davam edir. Artıq demək olar ki, çanağı rəngləyib bitirmək üzrədir. Danışdıqca çanağı rəngləyir. 
 
Qız - Düz sözümdür, bu sənsən. Axı, sən mənim yeganə dostumsan. Başqaları mənim gözümdə rəngsizdir. Sən hamıdan rəngarəngsən. Ən çox inandığım adamsan. Məni heç kim heç vaxt sənin kimi başa düşməyib. Sən həmişə məni anlamısan. Elə bil gözünlə mənim ruhumu görə bilirsən. Sən əsl dostsan. Ona görə də ətrafımdakı bütün insanlardan fərqlisən, parlaqsan. Özü də məhz qırmızı rəng. Bilirsən, niyə? Çünki qırmızı rəng bütün rənglərdən seçilir. Dünyadakı bütün rəngləri gətir gözünün qabağına. Rənglər aləmindən hansını götürsən, o rəngarəngliyin içində o qədər də hiss olunmaz. Amma qırmızı... qırmızı rəngi götürsən yeri o dəqiqə bilinəcək. Bax, sən də qırmızı rəng kimisən. Sən mənim həyatımdan çıxsan boşluğun o dəqiqə bilinəcək. Məncə əsl dost da belə olmalıdır. 
 
Qız tısbağanı rəngləyib bitirir, o biri tısbağanın yanına qoyur. Tısbağa bir az o biri tısbağayla birgə addımlayır. Sonra yolunu dəyişir. Başqa tərəfə gedir. Qız yenə tısbağanı o biri tısbağanın yanına qoyur. Tısbağa yenə yolunu dəyişir. Qız təəccüblə onlara baxır.
 
  Qız - Deyəsən, rənglənəndən sonra bu öz dostunu bəyənmir...
 
Oğlan da diqqətlə tısbağalara baxır. 
 
 Oğlan - Axı sən onu məcbur rənglədin. Bəlkə də, o rənglənmək istəmirdi. Bəlkə də, o öz dostunun gözündə rəngli, fərqli, parlaq görünmək istəmirdi. Sən özün onu öz gözündə rəngli görürdün. 
 
  Qız oğlanın dediklərini dodağından oxumaq istəsə də, heç nə başa düşmür. Bir az qabağa gedən tısbağanı götürüb yenidən yerə qoyur. Tısbağa yenə ayrı istiqamətdə gedir. Qız oğlana baxıb gülümsünür.
 
 Qız - Yox bu tısbağalar sənlə mən deyilik. Bunlar vəfasız çıxdılar. 
 
   Oğlan hiss olunur ki, bir azca əsəbiləşir. Tısbağanı götürüb çanağı üstünə qoyur. Tısbağa çevrilmək istəsə də alınmır. 
 
Qız qəribə baxışlarla oğlana baxır. 
 
Qız (küskün halda ) -  Niyə belə elədin? Təzə rəngləmişdim axı hələ qurumamışdı. 
 
Oğlan - Elə rənglədiyin üçün onun həyatını alt-üst elədin. Bəlkə hər şeyi şişirtmədən, sadə şəkildə görə bilsəydin hər şey tamam başqa cür olardı. 
 
Qız maraqla, lakin heç nə eşitmədən oğlana baxır. 
 
Qız - Sən də tısbağanın vəfasızlığından əsəbiləşdin deyəsən. Hamı səni kimi ola bilməz ki... Bir baxım, heç bu sənə oxşamır axı.
 
Qız gülərək əvvəlcə çanağı üstə olan tısbağaya, daha sonra üzünü çevirib  diqqətlə oğlana baxır.
 
Qız (gülümsəyərək) - Yox. Bu sənə oxşamır. Eynəyini çıxar diqqətlə baxım. Oğlan eynəyini çıxarmır. Qız özü oğlanın eynəyini çıxarır
 
Qız oğlanın eynəyini çıxaranda oğlanın gözlərinin yaşla dolduğunu, oğlanın ağladığını görür. Bir anlıq tutulur. 
 
Qız - Sənə nə oldu? Niyə ağlayırsan? Tısbağaya oxşatmağım xətrinə dəydi? 
 
Oğlan heç nə demədən qıza baxır. Qız bir anlıq özünü itirir.
 
Qız - Bağışla. Vallah bilmədim xətrinə dəyəcəm. Sən ki belə şeydən inciməzdin, nə oldu sənə? Yaxşı bir də səninlə elə zarafat eləmərəm. Düzünü de, zarafatıma görə ağlayırsan?
 
 Oğlan başının hərəkəti ilə yox deyir. 
 
Qız - Bəs nə oldu birdən-birə? 
 
Oğlan çanağı üstə hələ də çevrilməyə çalışan tısbağaya baxır. Sonra üzünü qıza çevirir. Diqqətlə qızın gözlərinə baxır. Üzündə xəfif, kədərli gülümsə yaranır.
 
Oğlan - Mən səni sevirəm... 
 
   Qız oğlanın nə demək istədiyini dodaqlarından anlamağa çalışır. 
 
Qız - Mən də səni çox istəyirəm. Niyə ağladın ki?
 
    Oğlan qızın başa düşmədiyini görür, bir az da əsəbiləşir. Sanki qızın onu eşitmədiyindən istifadə edib ürəyini boşaltmağa başlayır.
 
Oğlan (bir az möhkəm səslə ) - Ona görə ağlayıram ki, sən məni həmişə dost kimi görmüsən. 
   
     Hələ də çevrilməyə çalışan tısbağanı göstərir.
 
Oğlan - Dost kimi görməyinlə elə məni illərdi bu tısbağanın gününə salmısan. Mən həmişə səni sevmişəm... Başa düşürsən, sevmişəm. 
 
 
    Qız maraqla oğlanı dinləyir. Bir anlıq adamda elə təəssürat yaranır ki, qız oğlanı eşidir. Sanki oğlan da bunu hiss edir. 
 
  Qız - Bilirəm. 
 
 Oğlan bir anlıq tutulur. Tısbağa hələ də çevrilməyə cəhd edir. O biri tısbağa rəngli tısbağanın yanına qayıdır. Çanağı üstə çapalayan tısbağanın başına fırlanır. Sanki ona kömək etmək istəyir. Qız oğlana baxıb sözünə davam edir. 
 
 Qız - Səni eşitməsəm də bilirəm ki, bizdən, dostluğumuzdan, məni necə çox istəməyindən danışırsan. Deyirəm axı, səni tısbağaya oxşatmağıma görə pis olmarsan. Yəqin dostluğumuz haqqında dediklərim səni təsirləndirib. Bax, buna görə səni çox istəyirəm. Sən əsl dostsan. 
 
  Oğlan hiss olunur ki, qızın sözündən bir az da əsəbiləşir. 
 
 Oğlan-Sən məni həmişə dostun olaraq görmüsən. Amma mən səni sevmişəm. Heç vaxt imkan verməmisən ki, ürəyimi açım sənə. Ancaq dost, dost, dost... birinci kursda oxuyandan vurulmuşam sənə. O vaxtdan indiyə qədər də sevirəm. 
 
 Oğlan sözünü deyib qıza baxır. Qız ona baxır sanki onu anlayır. 
 
Qız - Mən də sənə inanıram. Fikir verirsən, sənin dediklərini eşitməsəm də başa düşürəm. Bilirəm, nə deyirsən. Çünki biz bir-birimizi danışmasaq da anlamışıq həmişə. Ona görə də aradan neçə il keçib amma dostluğumuz hələ də davam edir. 
 
 Tısbağa hələ də çevrilməyə cəhd edir. Oğlan qızın dediklərindən əsəbiləşir amma əsəbiliyi süst laqeydliklə əvəz olunur. 
 
Oğlan - Yox. Sən məni heç vaxt başa düşməmisən. Heç vaxt. Mən çox istədim sən məni başa düşəsən. Sənə olan hisslərimi, sevgimi başa düşəsən. Amma sən eləmədin. Anlamaq istəmədin. Mənimlə elə davranırdın ki, guya mən səni sevə bilmərəm. 
 
    Oğlan danışdıqca qızışır. 
 
Oğlan - Elə bil ki, mənim hisslərim yoxdur. Niyə elə fikirləşirdin ki, mən sənə ancaq dost gözüylə baxmalıyam?! Bəyəm mən oğlan deyiləm?! Mən sevə bilməzdim səni?! Elə münasibət göstərirdin ki, sənə ürəyimi açmağa utanırdım. 
 
 Oğlan sözünü deyib dərindən nəfəs alır. Qız oğlana baxır. 
 
 Qız - Deyəsən, sənin də ürəyin mənim kimi doluymuş. Arada səni ağlatmaq lazımdır. ( gülümsəyir ) bilirsən, hələ universitet vaxtından bizim dostluğumuza nə qədər paxıllıq edən var idi? İndinin özündə nə qədər adamın gözü götürmür bizi. Deyirlər, bunlara bax, aralarından su da keçmir. Amma öz aramızdır, əvvəl ki kimi tez-tez görüşmürüy e. Əvvəl demək olar ki, hər gün bir yerdəydik. Sonra Alik çıxdı qabağıma... yox e dayan görüm Alikdən əvvəl Kamran yadında?! İlk məhəbbətim (gülür ). Dərdimdən ölürdü yazıq. Bizim dostluğumuza həsəd aparırdı. Hələ yadında sənə demişdi ki, sizi kimi möhkəm dostlar görməmişəm. Amma gicgicənin biri idi. Sonra Alik. Düzdür, nə yalan deyim, onun səndən xoşu gəlmir. Mən də həmişə deyirəm ki, bizim dostluğumuzu sənin gözün götürmür. 
 
   Tısbağa hələ də çevrilməyə cəhd edir. Oğlan qızın dediklərindən bir az əsəbiləşir. 
 
Oğlan - Heç vaxt məni başa düşmədin. O Kamran mənə bizim dostluğumuzdan danışanda az qalırdı ağzını-burnunu partladım. Sən şərait yaratmışdın da. Dost... yox bir...
     İmkan verirdin ki, səni sevdiyimi deyim?! Sən məni hamıdan ayırıb dost deyəndə elə bilirdin sevincimdən göyə uçuram?! 
 
   Oğlan bir anlıq susur. Sanki əsəbi soyuyur. Gözləri dolur. 
 
  Oğlan - Axı məni gözündə mələk qədər təmiz görən birinə onu sevdiyimi necə deyəydim?!
 
Oğlan diqqətlə qıza baxır. Yenidən sanki əsəbiləşir
 
Oğlan - Məni eşitməməyin yaxşı oldu.  İndi doyunca deyə bilərəm. (qışqıraraq ) Səni sevirəm!  Sevirəm! Başa düşürsən, SƏNİ SEVİRƏM! Mən sənin dostun olmaqdan yorulmuşam. Səni sevirəm!
 
 Oğlan danışdıqca əsəbi halı dəyişir gülməyə başlayır, amma bu gülüş daha çox əsəbdən yaranan gülüşdür.
 
 Oğlan (gülə-gülə) - Səni sevirəm! Sevirəm səni. Mən səni sevirəm. 
 
 Qız oğlana baxır. Oğlanın üzündə təbəssüm var. Tısbağa çevrilməyə cəhd edir və çevrilir. 
 
 Qız da oğlana baxıb gülümsəyir, Nə isə düşünür. Əlini çantasına salıb telefonu çıxarır. 
 
Qız - Məni tısbağalarla çək də... 
 
Oğlan telefonu qızdan götürür. 
 
Oğlan (gülərək) - Baş üstə, sevgilim! 
 
 Qız rəngli tısbağanı əlinə götürür. Oğlan qızın şəklini çəkir. Telefonu qıza qaytarır. 
 
 Qız - Gedək? Sabah yenə gələrik...
 
 Oğlan - Olar, sevgilim mənim, baş üstə!
 
  Onlar bir az gedirlər. Birdən oğlanın nəsə yadına düşüb dayanır. 
 
Qız - Nə oldu? Niyə dayandın?
 
Oğlan əliylə ayaqlarını göstərir.
 
 Oğlan - Ayaqqabılarım qalıb sahildə
 
 Qız - Hə, ayaqqabıların orda qalıb? Yaxşı mən maşının yanında gözləyirəm, get götür, gəl.
 
Oğlan (istehzalı təbəssümlə) - oldu, sevgilim... 
 
Oğlan qaça-qaça sahilə gedir. Qız da maşına tərəf gedir addımlayır. Qızın telefonuna zəng gəlir. Qız telefonun ekranına baxır, götürür.
 
Qız - Hə, Nara, yaxşıyam, sən necəsən? Dənizə gəlmişdim, bir az sahildə gəzişdim. Hə, şükür bir həftədir rahat eşidirəm. Əvvəl-əvvəl bir az uğultu var idi qulağımda, indi təmiz eşidirəm. (bir az susur, xəfif təbəssümlə) hələ eşidilməli olmayan şeyləri də eşidirəm. Oldu, şəhərə çatanda zəng edərəm sənə. Hələlik. 
 
Qız maşına çatır, oğlana tərəf baxır. Oğlan əlində ayaqqabı maşına tərəf gəlir. Qız maşına keçib əyləşir. 
  
                         ***


 Oğlan tısbağaların yanından keçəndə görür ki, rənglənmiş tısbağa o biri tısbağanın dalıyca düşüb gedir. Oğlan maşına tərəf gedir, ayaqqabılarını geyinir. 
Qız maşında oturub oğlanı gözləyir. Oğlan qıza tərəf baxmadan maşına oturub mühərrik işə salır. 
 
 
                               ***
 
  Maşının içi. Ön şüşədən uzun yol görünür. Oğlan qıza baxır. 
 
Oğlan - Gedək, sevgilim?
 
Qız guya oğlanı eşitmir. 
 
 Oğlan maşını işə salır.
 
                     ***
 
 Zoğalı rəngdə pejo, qırmızı rəngli tısbağa kimi dəniz sahilindən uzaqlaşır...
 
 
Pərviz SEYİDLİ  


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9292
GEL 1 1 Gürcüstan larisi 0.6379
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1461
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.7128
KWD 1 1 Küveyt dinarı 5.5895
TRY 1 1 Türkiyə lirəsi 0.3157