• cümə, 26 Aprel, 21:29
  • Baku Bakı 22°C

Tənqidə dözümü olmayan ATƏT/DTİHB

14.02.20 18:54 1902
Tənqidə dözümü olmayan ATƏT/DTİHB
Ekspertlərin fikrincə, demokratiyadan, insan haqlarından danışan bir təşkilatın bu addımı biabırçılıqdır
Fevralın 9-da parlament seçkiləri ilə bağlı müxtəlif ölkələrin və beynəlxalq təşkilatların müşahidə missiyaları Azərbaycanda olub. Onlardan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu həm uzun müddətli, həm də qısa müddətli müşahidəçilik missiyasını həyata keçirib. Bu institutun qısa müddətli müşahidəçilər missiyasının tərkibində Azərbaycanda çox yaxşı tanınan professor Aygün Attar da ölkəmizdə səfərdə olub. Lakin seçkidən bir neçə gün sonra ATƏT/DTİHB-nin 9 fevral 2020-ci il Milli Məclisə seçkilərlə əlaqədar seçki müşahidə missiyasının sədri Peter Teyler müşahidə missiyasının üzvü Aygün Attarın akkreditasiyasının ləğv olunması ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib. Bundan sonra onun akkreditasiyası ləğv edilib.
Bu məsələ ilə bağlı açıqlamasında A.Attar bildirib ki, demokratiyadan "dərs” verən ATƏT yumşaq bir tənqidə dözmədi: "ATƏT/DTİHB-nin Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün Türkiyədən dəvət etdiyi təmsilçi idim. Akkreditasiyamın ləğv edilməsi ilə bağlı onu deyə bilərəm ki, ATƏT/DTİHB seçkilərdən 2-3 gün öncə müşahidəçilər üçün toplantılar keçirdi. Həmin tədbirlərin birində ATƏT/DTİHB-nin nümayəndələrinin Azərbaycanla bağlı işlətdiyi ifadələr, verdiyi məlumatlar qərəzli idi. Mən də onların bu qeyri-obyektiv münasibətlərinə dair etirazımı ATƏT/DTİHB-nin rəhbərinə yazılı şəkildə çatdırdım. Onların seçkilərlə bağlı obyektiv olmadıqlarını bildirdim. Digər müşahidəçilərə Azərbaycandan olan bəzi radikal və müxalif blogerlərin fikirlərinə əsaslanmalarına və həmin adamların fotolarını göstərərək yönləndirmə etmələrinə narazılıq ifadə etdim, onları obyektiv olmağa çağırdım. Çünki onların bu davranışları məndə seçkilər boyunca və seçkidən sonra da obyektiv olmayacaqları qənaətini formalaşdırdı. Mən də etirazımı həm türk, həm də ingiliscə yazıb, rəhbərliyə ünvanladım”.
A.Attarın sözlərinə görə, ATƏT/DTİHB-nin rəhbərinə fevralın 8-də müraciət edib: "Fevralın 9-da seçkilərə gedib, müşahidəçi qismində iştirak etmişəm. Vəzifəmi layiqincə yerinə yetirmişəm. Fevralın 11-də "Marriott” oteldə baş tutan dəyərləndirmə toplantısında mənə dedilər ki, sizin akkreditasiyanızı ləğv etmişik. Səbəb kimi isə rəhbərliyə məktub yazmağımı göstərdilər. Baxın, Azərbaycana insan haqları və demokratiyadan "dərs” verməyə çalışan ATƏT/DTİHB-nin özü xəfif bir tənqidi həzm edə bilmədi. "Bizi niyə tənqid etmisiniz” deyib, mənim akkreditasiyamı ləğv etdilər. Mən müşahidəçi idim, obyektiv şəkildə müşahidələrimi apardım, vəzifəmi layiqincə yerinə yetirdim. Başqa ölkələrin xarici işlər nazirliklərinin nümayəndələri də mənimlə birgə müşahidələr aparırdılar. Mən işimi obyektiv yerinə yetirmişəm. ATƏT/DTİHB mənim akkreditasiyamı sırf onların obyektiv olmadıqlarına etiraz etdiyim üçün ləğv etdi”.
Fikir prülarizminin, demokratiyanın, insan haqlarının müdafiəçisi olduğunu hər addımda nəzərə çatdırmağa çalışan bir təşkilatın niyə belə bir addım atması suallar doğurur. Bəs əslində bu qərəzli münasibətin arxasında nə dayanır?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirdi ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycana önyarğılı gəlmişdi: "Aygün Attar isə dəyərli, Azərbaycansevər bir insandır və bütövlükdə obyektivliyi ilə tanınır. Onun bu məsələdə etiraz etməsi də anlaşılandır, çünki onun yerinə kim olsaydı, bu addımı atardı. Biz də onu bu məsələdə dəstəkləyirik. Ümumiyyətlə isə, tənqidə dözümsüzlüyü ortaya qoydular. ATƏT-in yanaşmasının nə qədər anti-demokratik olduğu üzə çıxdı. O baxımdan da burada təəccüblənmək üçün heç bir yol qalmadı. Bu bir az da ATƏT-in müşahidə missiyasının məqsədini də ortaya qoydu və onları ifşa etdi”.
F.Mustafa qeyd etdi ki, demokratiyadan, insan haqlarından danışan bir təşkilatın bu addımı doğru deyil və biabırçılıqdır: "Buna görə də hər halda, məsuliyyət daşıyırlar. Çünki bu adamı fikrinə görə uzaqlaşdırmaq doğru deyildi. Başqa ölkələrdən fikir prülarizmi tələb edirsən, amma fərqli fikir bildirən bir adamı missiyadan uzaqlaşdırırsan, akkreditasiyasını ləğv edirsən. Bu, absurddur və nonsensdir”.
"Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev bildirdi ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu kimi dəvət etməyi özü müəyyənləşdirir: "Eyni zamanda, o hər hansı bir müşahidəçinin akkreditasiyası ilə bağlı müraciət də edə bilər. Çünki bu komandanı formalaşdıran ATƏT/DTİHB-dir. Aygün Attarın akkreditasiyasının ləğvi hansı səbəbdən olub və onun nəticəsi ilə bağlı fikirlər var. Aygün Attar qeyd etdi ki, Azərbaycanla bağlı onların əvvəlcədən formalaşmış düşüncələri var idi ki, bunu da missiya üzvləri arasında səsləndirirdilər. Bu da bütövlükdə müşahidəçilər arasında əvvəlcədən bəzi fikirlərin formalaşmasına çıxara bilərdi və Aygün xanım da buna etiraz etdiyi üçün onu bu prosesdən kənarlaşdırıblar. Əlbəttə ki, ən doğrusunu bilən odur və bir də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbərliyi. Çünki qərarları onlar qəbul edir və bu qərarların qəbul edilməsində iştirak edirlər. Amma ATƏT-in son rəyi ölkə başçısının qeyd etdiyi kimi, tarazlaşdırılmış bir rəydir və obyektivliyə yaxındır. Amma bundan əvvəlki rəylərdə ATƏT-in Azərbaycana münasibətdə bir sıra hallarda qərəzli fikirlər söyləməsi kütləvi informasiya vasitələrində qeyd edilirdi və hökumət rəsmiləri də onların qərəzli mövqe tutması ilə bağlı münasibət bildirirdi”.
Ə.Nuriyev vurğuladı ki, Prezidentin vurğuladığı kimi, ATƏT-in son rəyində bir çox məsələlər var ki, onunla razılaşmırıq: "Bu, rəqabətliliklə, seçki mühiti ilə bağlı bəzi məsələlər və sairdir. Çox təəssüf ki, bir sıra hallarda bəzi beynəlxalq təşkilatlar Azərbaycana münasibətdə davamlı olaraq ikili standartlar həyata keçirirlər. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında vurğulandığı kimi, biz bütün təşkilatlarla işləməliyik ki, onların mövqeyinin dəyişməsinə təsir göstərək. Əlbəttə, bu çox çətindir, çünki beynəlxalq təşkilatların çox fərqli maraqları var. Ona görə ki, onların arxasında müxtəlif qüvvələr və aparıcı dövlətlər dayanır”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər