Tamamlanmış hekayə

O həmişə sanatoriyanın qərb tərəfindəki balkonda oturub nəsə toxuyardı,
adətən, toxuduqları ağ rəndə, yumşaq olurdu. Hərdən isə mavi rəngli, amma yumşaq
bir şey olurdu əlində. Toxuduqları çox incə, delikates idi. O ən çox şal, şərf,
papaq toxuyurdu. Həmin yay "Harbour Light” da istirahət edən hər bir qız xanım
Silviyanın arıq, yorulmaq bilməyən, ağ barmaqlarının toxuduğu şərfi, ya şalı
çiyninə örtərdi.
O qoca idi, yaşına görə çox gözəl idi, cavanlıqda nə qədər gözəl olduğu
bəlli idi. Yəqin ki, qız vaxtı çox gözəl olub ki, bu gözəllik indi də hiss
olunurdu. Altmış yaşda belə gözəl qalmaq hər kəsə nəsib olmur. Onun ərdə
olmadığını biləndə hamı təəccüblənmişdi. Çünki o yaşda qadınların indi özləri
boy-buxunda oğul-qızları, kiçik nəvələri vardı.
Sanatoriyaya gəldiyi ilk iki gün ərzində Silviya heç yana getmədi,
balkonda tək oturub toxumaqla məşğul oldu. Cavan, orta yaşlı, qoca adamlar onun
yanına gedib söhbət edirdilər. Xanım Silviya hər şeyin yaxşısını sevdiyindən o ən
çox cavanlarla ünsiyyət qururdu. O cavan qızları, oğlanları başına yığıb söhbət
edərdi. Demək olar ki, o həmişə köhnə dəbli qara ipək don geyinərdi. Amma bu
don ona çox yaraşırdı, ağ saçlarına toxunma papaq qoyar, çiyninə enli şal
atardı qara, ipək donunun üstündən. Biz gün ərzində neçə saat onun yanında
oturar, söhbət edərdik.
İlk dəfə onunla tanış olan adam onu xanım Stanleymeyn deyib çağırırdı. O
buna yalnız bir sutka dözərdi. Sonra o adama yalvarardı ki, ona xanım Silviya
desinlər. Xanım Silviya ilə söhbət edən hər kəsin yaddaşında o həmişəlik
qalardı.
Xanım Silviya ordakı cavanların hamısını çox sevirdi, amma mən onun
sevimlisi idim. O bizimlə çox səmimi idi, deyirdi ki, əgər mən onunla söhbət edəndə
şalı bir qolundan aşağı sürüşübsə gərək onda heç kim bizim söhbətimizə mane
olmasın.
Onun mənə olan istəyindən çox lovğalanırdım, məni çox istəməyin səbəbini
də bir müddət sonra öyrəndim.
Xanım Silviya hamımızın inamını qazanmışdı, biz ona ürəyimizi açırdıq. Bizdən
fərqli o, deyəsən, heç birimizə inanmırdı.
Biz fikirləşirdik ki, mütləq onun həyatında bir sevgi məcarası olub. Bu
barədə öyrənmək istəsək də heç nəyə nail olmadıq. Ona bu haqda sual verəndə o
suallarımızı elə " dəf” edirdi ki, biz onun həyatında sevgi romanı olduğuna
şübhə etmirdik.
Bir axşam, deyəsən onu
tanıdığımdan bir ay keçəndən sonra nəhayət, o mənə həyat hekayəsini danışdı.
Onun həyat hekayəsinin sonuncu fəsli yox idi.
Qürub çağında onunla birlikdə balkonda oturmuşduq. Sanatoriyada olan
adamların çoxu dəniz sahilinə getmişdi. Heç kəsə qaynayıb qarışmayanlar isə həyətdə
durub fikirli halda gözlərini biz oturan balkona dikmişdilər. Silviyanın çiyninə
atdığı şal onun bir qolu üstə düşmüşdü, bu da o demək idi ki, bu vaxtda heç kim
onu narahat edə bilməzdi.
Mən xanım Silviyaya yazdığım hekayələrdən birini oxuyurdum. Düzünü
deyim ki, bu hekayəni yazmağa məni o həvəsləndirmişdi. Mən əlyazmalarını
qoltuğuna vurub qadınların sevgisini qazanmaq istəyən oğlanlardan deyildim.
Dediyim kimi, xanım Silviya həvəsləndirmişdi məni bu hekayəni yazmağa.
O, mənim jurnallara hekayə yazıb yolladığımı bilirdi (daha bilmirdi
ki, bu hekayələrin çoxunu jurnal redaktorları bəyənib çap etmirdi).
Beləcə onun xahişini yerinə yetirmək üçün mən həmin günün səhəri
otağıma qapanıb bir hekayə quraşdırdım. Əlacım yox idi, bu hekayəni ona
oxumalıydım.
Bu çox kiçik qəmli bir hekayə idi. Hekayənin əsas qəhrəmanı bir qızı
sevirdi. Qız da onu sevirdi. O qızı sevməmək üçün heç bir ciddi səbəb yox idi,
amma oğlanın qızla evlənməyinə mane olan çox səbəb vardı.
Oğlan qızı sevdiyinə əmin olandan sonra ondan uzaqlaşmaq, çıxıb getmək
istəyir. Dəqiq bilmir ki, qızı sevdiyini ona açıb desin, yoxsa yox? O bilmir
ki, ən azı özünə təsəlli vermək üçün qızın da onu sevib-sevmədiyini öyrənsin,
ya yox?
O neçə gün bu haqda fikirləşib bir qərara gəldi. Qıza heç bir söz demədən
çıxıb getdi. İnanırdı ki, bu əsl kişi hərəkəti olar. Hekayəmi oxumağa
başlayanda xanım Silviya başını aşağı salıb toxuyurdu, bu dəfə deyəsən, açıq
yaşıl rəngli bir şey vardı əlində. May ayında ağacların yarpaqları rəngdə bir
şey. Hekayəmi oxuyub qurtarmamış o əlində toxuduğu şeyi dizi üstünə qoyub
dayandı. Hekayəm üçün bundan yaxşı bir kompliment heç vaxt görməmişdim.
Əlyazmamın sonuncu səhifəsini də oxuyub başımı qaldırıb ona baxdım. Xanım
Silviyanın qəhvəyi gözləri yaşla dolmuşdu. O barmaqlarını bir-birinə keçirib həyəcanlı
səslə dedi:
– Yox!
Yox! Yox! Qoyma o oğlan sevgisini o qıza deməmiş çıxıb getsin! Qoy sevgisini bəyan
etsin! Qoyma onu getməyə!
Mən sevinirdim ki, obrazlarım ona bu qədər real görünüb.
– Xanım Silviya, məni başa düşün. Belə etsəm hekayəm korlanar, hekayəmin
heç bir mənası olmaz. Hekayənin əsas motivi oğlanın özünə qalib gəlməsdir. O
inanır ki, bu addımı atmaqla daha alicənab hərəkət edir.
–Y ox, yox! Düz demirsən. Əgər o qızı sevirsə, mütləq bunu ona deməlidir.
Özün də fikirləş. Axı qız da onu sevir. Oğlanın ona ürəyini açmaması qızı təhqir
etməyə bərabərdir. Oğlan ona heç nə demədən çıxıb gedəndə qız heç vaxt oğlanın
onu sevib-sevmədiyini bilməyəcək. Ah, çox xahiş edirəm, sən bu hekayəni dəyiş!
Mütləq! Mən heç vaxt istəmərəm ki, o qız da mənim kimi əzab çəksin!
Xanım Silviya belə deyib hönkürtüylə ağlamağa başladı. Onun xətrinə dəyməmək
üçün söz verdim ki, hekayəni yenidən işləyəcəm. Halbuki çox yaxşı bilirdim ki,
belə etsəm hekayəmin heç bir mənası olmayacaq.
– Ah, buna
çox şadam, – xanım Silviya dedi.
İndi onun gözləri sevinclə parlayırdı. Bir an susub sözünə davam etdi:
– Mən çox
yaxşı bilirəm ki, oğlan belə etsə qızı xoşbəxt edəcək. Səni inandırmaq üçün öz
sevgi hekayəmi danışacam. Mənə söz ver ki, heç kimə deməyəcəksən.
Narazı halda ona dedim:
– İstəməzdim
ki, məni söz verməyə məcbur edəsən. İnanın, heç kimə deməyəcəm.
– İncimə, sənə
inanıram. Amma bu adicə bir kiçik hekayədir, – o məni inandırmaq istədi. – Mənə gülmə, həyatım boyu bircə dəfə sevmişəm. İllər
əvvəl, daha doğrusu, 40 il bundan qabaq, mənim 20 yaşım olanda baş verib bu
hadisə. Bir gün bildim ki, bir oğlanı dəlicəsinə sevirəm. Onunla yayda, bu
sanatoriya kimi bir yerdə tanış olmuşdum. Mən ora xalamla getmişdim, o isə çox
arıq, incə bir qadın olan anası ilə. Bir müddət biz hər gün bir-birimizi
görürdük.
Ah, o oğlan bu vaxtacan gördüyüm heç bir oğlana bənzəmirdi. Sən bir az
ona oxşayırsan. Bəlkə də səni burdakı cavanların hamısından çox istəməyimin bir
səbəbi də budur. İlk dəfə səni görəndə ona oxşatdım. Hələ də dəqiq bilmirəm, sənin
nəyin ona oxşayır. Məncə, üzünün ifadəsi, bir də başını yana əyəndə ona bənzəyirsən.
O çox sağlam deyildi, bütün günü öskürürdü. Bir gün o çıxıb getdi, qəflətən.
Elə fikirləşirdim ki, o da məni sevir, amma o heç vaxt mənə sevdiyini demədi.
Eləcə, çıxıb getdi bir gün. Biləydin necə məyus olmuşdum! Bir müddət sonra
eşitdim ki, müalicə olunmaq üçün onu Kaliforniyaya aparıblar, bir il sonra,
yazda o ölüb. O vaxtdan ürəyim sındı, daha heç kəsi sevmədim, sevə bilmədim.
Bütün ömrüm boyu yalnız onu sevmişəm. Əgər onun da məni sevdiyini bilsəydim mənə
çox ağır olmazdı. Bir dünya fərq edərdi o mənə sevdiyini desəydi. Bu bir neştər
kimi ürəyimi deşib həmişə. Hətta mən xəyalən də onunla deyib-gülə bilmirəm,
fikirləşirəm ki, bəlkə heç o məni sevməyib?
– Məncə, o
səni sevib, xanım Silviya! Səni sevməmək mümkün idimi?
Xanım Silviya başını buladı və kədərli-kədərli gülümsədi.
– Yox, tam
əmin deyiləm. Hərdənbir düşünürəm ki, o da məni sevirdi
Amma az keçmir ki, şübhə bu inamımı yeyir. Onun məni sevdiyini öyrənmək
üçün hər şeyə razı idim. Onda bilərdim ki, ömrümü boş yerə puç etməmişəm, məni
sevən adam üçün yaşamışam. Və mən heç vaxt bunu bilməyəcəm. Buna ümid edə bilərəm,
lakin heç vaxt onun məni sevdiyini dəqiq bilməyəcəm. Ah, heç kim məni başa düşməz.
Nələr çəkdiyimi sən bilməzsən. İndi bildinmi, mən nə üçün səndən o hekayəni dəyişməyini
istəyirəm? O qıza yazığım gəlir, dəyiş hekayəni, qoy o qız bilsin ki, oğlan da
onu sevirmiş. Əgər o bunu bilsə, ömürlük ayrılıq əzabına tab gətirməyə gücü
olar.
Xanım Silviya toxuduğu şeyi də götürüb öz otağına getdi. Mənə görə
Silviyanın sevdiyi o oğlan dünyanın ən əclafı, ən axmaq adamı idi - ona
sevdiyini demədiyi üçün.
O biri gün xanım Silviya yenə də həmişəki kimi balkonda oturub nəsə
toxuyurdu. O bir daha mənə dediyi həyat hekayəsinə aid heç nə demədi. İki həftə
sonra o öz evinə, mən də öz dünyama qayıtdım. Həmin ilin qışında mən ona bir
neçə məktub yazdım. O məktublarıma cavab verdi. Məktubları da özü kimi idi. Ona
əyalət jurnallarından birini göndərdim. Bu jurnalda həmin hekayənin yenidən işlənmiş
variantı çap olunmuşdu. O mənə yazıb çox sevindiyini bildirdi. Yazdı ki, nə
yaxşı məni məcbur edib o hekayəni dəyişməyə.
Aprelin əvvəlində kənddə yaşayan xalamdan məktub aldım. O yazmışdı ki,
kənddəki evini satıb şəhərə köçmək istəyir. Xahiş edirdi ki, Svitvoterə gedib
mülki satmaqda, özüylə gətirmək istədiyi əşyaları seçməkdə ona kömək edim.
Mən Svitvoterə gələndə hava çox soyuq və yağışlı idi. Ah, Kanadanın yaz
ayları! Ağcaqayınların xoş qoxusu məni köhnə şərabdan da çox bihuş edirdi.
Kəndə gəlişimdən bir həftə sonra, yəni əsas işləri qaydaya salıb, evi
satandan sonra Meri xalam mənə dedi ki, yaxşı olardı, Alan dayımın otağını bir
yoxlayım, ordan nəyi götürəcəyiksə seçim. Xalam onu da dedi ki, dayım öləndən
sonra onun əşyalarına heç kimin əli dəyməyib.
– Yeri gəlmişkən, dayının köhnə bir çamadanı var. Bu çamadan onun məktubları,
kağız-kuğuzları ilə doludur. Bu çamadan onun ölümündən sonra Kaliforniyadan gətirilib.
Heç vaxt bu çamadana baxmamışam. Güman edirəm ki, o çamadanda fərli bir şey
yoxdur. Ona görə də bu çamadanı özümlə şəhərə aparmaq fikrim yoxdur. İstəyirəm
o çamadana baxasan, bəlkə içində saxlanılası bir şey var, onu götürək, yerdə
qalanları basdıraq.
Xalamın bu tapşırığını yerinə yetirməyə heç marağım yox idi. Mən dayım
Alan Blerin yalnız adını eşitmişdim. O anamın böyük qardaşı olub, mən
doğulmazdan neçə il qabaq dünyasını dəyişib. Eşitmişdim ki, o çox ağıllı, savadlı
olub, onun məşhur adam olacağını gözləyirlərmiş. Bununla belə kiflənmiş köhnə məktublar
içində eşələnməyə marağım yox idi.
Həmin axşam gün batandan sonra Alan dayımın otağına qalxdım. Həmin gün
hava günəşli idi, amma axşam hava soyuq idi, pəncərənin qabağındakı ağcayın
budaqlarından yağış damcılayırdı. Otaq evin şimal tərəfində idi, pəncərənin
qabağında iri küknar, ağcaqayın ağacları olduğundan otaq həmişə tutqun olardı.
Ağacların budaqları arasından Alan dayımın çox sevdiyi dəniz, qürub edən günəş görünürdü.
Səmaya baxanda xanım Silviyanı xatırladım.
Onu fikirləşə-fikirləşə lampanı yandırdım və dayımın köhnə çamadanındakı
kağızlara baxmağa başladım. Daha çox saralmış məktublar vardı orda. Maraq
doğurmadı bu məktublar, bəziləri ailə üzvlərindən, bəziləri universitetdəki
dostlarından idi. Orda elmi işlər, esselər də vardı. Mən məktublara, elmi işlərə
ötəri nəzər saldım. Çamadanın altında tünd yaşıl dəri üzlü bir qalın dəftər
gördüm. Deyəsən, bu gündəlik idi. Cüzi maraq oyandı, vərəqlədim.
O bu gündəliyi yazmağa universiteti bitirdiyi ilin yazında başlamışdı. Həmin
vaxtda hansı xəstəliyə düçar olduğunu bilirmiş. Xəstəliyin qara kölgə kimi həyatı
üstünə düşdüyünü bilsə də o, özünə təsəlli üçün ümid yer axtarırdı. Onun sözlərində
xəstə adama aid heç bir söz yox idi. Oxuduqca Alan dayımı xoşlamağa
başlayırdım. Fikirləşirdim ki o yaşasaydı mənimlə dost olardı.
Həmin ilin yayında anasının, yəni nənəmin vəziyyəti yaxşı deyilmiş. Həkim
ona dəniz sahilinə getməyi məsləhət görübmüş. Alan da anası ilə birlikdə gedir
dəniz sahilinə. Bundan sonra gündəlikdə fasilə olur, neçə gün heç nəyi qeyd
etmir. Yox, gündəliyin heç bir səhifəsi cırılmamışdı. Bir neçə gün heç nə
yazmayıb sonradan davam etmişdi. Mən növbəti səhifəni oxumağa başladım:
" Bu qız Allahın yaratdığı ən gözəl məxluqdur. Hələ bu vaxtacan onun
kimi sevimli qız görməmişəm. Oun gözəlliyi qorxudur məni. Onun saf ürəyi işıq
kimi bərq vurur. Onu bütün ürəyimlə sevirəm. Sevinirəm ki, onu sevdim. Sevgi nə
olduğunu bilmədən ölmək çox ağır olardı. Nə yaxşı ki, o mənə rast gəldi, onu
sevdim - hətta bu sevginin sonu acı olsa da. Silviya Stanleymeyni tanımayan, onu sevməyən kişi deməli, bu həyatda boş yerə
yaşayıb.
Yox, mən ondan sevgi ummuram, o məni rədd edərdi. Əgər mən xəstə
olmsaydım onun ürəyinə sahib olardım! İnanıram ki, bunu bacarardım. Onun ürəyini
ələ almaq üçün yolumu heç nə kəsməzdi, cəhd edərdim. Amma xəstə olduğuma görə
buna cəhd etmirəm.
Onunla bir yerdə olmağa, onunla söhbət etməyə, onun gözəl üzünə baxmağa
ürək etmirəm. O gecə-gündüz xəyalımdadır, o mənim yuxularımda yaşayır. Ah,
Silviya, əzizim, mən səni sevirəm”.
Bir həftə sonra o belə yazmışdı:
"17 iyul... Çox qorxuram. Mən bu gün Silviyanın gözlərinə baxdım. O mənə
elə baxırdı, sanki heyran olmuşdu mənə. Bu vaxt özümə söz verdim ki, mənə neçəyə
başa gəlirsə-gəlsin, ona az baxmalıyam. Təhlükəli bir fikrə düşə bilmərəm ki, guya
o da məni sevir. Onun məni sevdiyini bilmək mənə kədərdən başqa heç nə verməyəcək”.
"18 iyul... Bu səhər şəhərə gedən qatara mindim. Xəstəliyim haqda hər
şeyi öyrənmək istəyirdim. Evimizdəki həkim mənə boş yerə ümidlər verirdi. Şəhərdə
ən tanınmış bir həkimin yanına getdim. Ondan xahiş etdim ki, mənə əsl həqiqəti
desin. Onu məcbur etdim bu həqiqəti mənə deməyə. Qısaca belə dedi ki, səkkiz
ay, uzağı bir il yaşaya bilərəm. Belə olacağını gözləyirdim. İndi özümü fikirləşmirdim,
Silviyanı düşünürdüm. Bu gözəl qızın ürəyindəki sevgi tumurcuğu çiçək olmamış
çıxıb getməli idim. Bu tumurcuq çiçək açsaydı, onun həyatının o biri illərinə
çox pis təsir edərdi.”
"19 iyul... Hər şey bitdi. Bu gün onunla xüdafizləşdim, başqa adamların
yanında.
Onunla təkbətək vidalaşmadım, çünki özümə inanmırdım, qorxurdum onu tək
görsəm ürəyimi ona açaram. O çox qəmli görünürdü, sanki kimsə xətrinə dəymişdi,
O unudacaq məni - hətta ürəyində mənə sevgi olsa da. Onun gözlərindəki sevgini
oxuyanda yanılmamışamsa da, o unudacaq məni!
O ki qaldı mənə, ölüm bu ayrılığın başı üstdədir
Mənə qalan yalnız kişi kimi hərəkət etməkdir”.
Gündəliyin o biri səhifələrindən oxudum ki, Alan Bler Svitvoterə
qayıdır, az sonra onu Kaliforniyaya aparırlar. O Kaliforniyada olduğu müddətdə
çox az yazmış, günlər arasında uzun fasilə vardı. Amma hər dəfə yazanda
Silviyadan yazmışdı, uzun fasilədən sonra budur yazdığı:
"Mənc,ə son günüm çox da uzaqda deyil. Xəstəlikdən əzab çəkməyimin belə
uzun olmasına təəssüf etmirəm. Keçən gecə özümü rahat hiss etdim. Yatdım.
Yuxuda gördüm ki, Silviya ilə rastlaşıram. Bir dəfə, ya da iki dəfə qərar
vermişdim k, mən öləndən sonra bu dəftəri ona göndərsinlər. Sonra başa düşdüm
ki, bu axmaq hərəkət olardı. O bunu biləndə yalnız əzab çəkərdi, ona görə də
vaxtı gələndə bu dəftəri cıracam.
Gözəl bir yay günündə günəş qürub edir. Svitvoterdə isə hələ yazdır.
Meşədəki qar yavaş-yavaş əriyir. Hazırda orda günəş qürub edəndə rəngi tünd
sarı və açıq qırmızı olur. Ah, kaş mən o yerləri bir də görəydim. Həm də
Silviyanı..”
Son sözdən sonra kiçik ləkə vardı vərəqdə. Mənə məlum oldu ki, Alan
Blerin son günü gözlədiyindən də tez gəlib. Çünki bundan sonra heç bir şey
yazmamış, həm də dəftər cırılmayıb. Dəftərin cırılmadığına indi çox sevinirdim.
Sevinirdim ki, xanım Silviyanın həyat hekayəsinin son fəslini yaza bilərəm.
Svitvoterdən qayıdan kimi şəhərə getdim, üç yüz mil uzaqda yerləşən şəhərə.
Xanım Silviyanın yaşadığı şəhərə.
O özünün kitabxanasında idi, əynində də qara ipək don, başında toxunma
papaq, Qaymaq rəngli yun sapdan nəsə toxuyurdu. Adama elə gəlirdi ki, bir neçə
dəqiqə əvvəl "Harbour Light” sanatoriyasının balkonundan bura gəlib.
– Ah, əziz
dostum! – məni görən
kimi sevincək dedi.
– Heç
bilirsən niyə gəlmişəm? – soruşdum.
– Əlbəttə,
çox yaxşı bilirəm ki, məni görmək istədiyin üçün gəlmisən.
– Mən səni
görmək istəmirdim, əgər sənin həyat hekaəınin sonuncu fəslini gətirməli olmasaydım,
gələn ilin yayınadək gözləyə bilərdim, əziz xanım.
– Mən... mən
heç nə başa düşmürəm, – xanım Silviya çaşqın halda dedi.
– Mənim
bir dayım olub. Alan Bler. O, 40 il bundan qabaq Kaliforniyada ölüb, – mən
sakitcə sözə başladım. – Bu yaxınlarda iş elə gətirdi ki, onun çamadanına
baxdım. Mən onun çamadanındakı başqa kağızların arasından bir qalın dəftər – gündəlik
tapdım. Bu gündəliyi sənə gətirdim, məncə, bunu götürməyə yalnız sənin haqqın çatır.
Kitabı onun dizi üstə qoydum. O təəccübdən yerində donub qalmışdı.
– İndi isə
mən gedirəm. Sən bu dəftəri oxuyub qurtarmayınca nə məni, nə də heç kəsi görmək
istəməyəcəksən. Sabah səni görməyə gələcəm.
O biri gün mən onun evinə gedəndə o məni qapıda qarşıladı. Qolumdan
tutub zala dartdı. Onun gözləri par-par yanırdı.
– Sən məni
çox xoşbəxt etdin, – o həyəcandan titrəyə-titrəyə dedi. – Heç bilməzsən məni
necə xoşbəxt etdin. İndi məni heç nə incitmir, heç vaxt da incitməyəcək, çünki
onun da məni sevdiyini bilirəm.
O başını mənim çiynimə qoydu, bir qız sevgilisinin çiyninə başını necə
qoyarsa, eləcə, mən də əyildim, Alan dayımın əvəzindən onu öpdüm.
İngilis
dilindən tərcümə edən: Sevil Gültən
