Son poema
Bankomatın
monitorunda görünən pulların hamısını çəkib çıxardı. Bir həftəlik xərcliyinə belə
çatmayan pensiya pulunu köynəyinin döş cibinə saymazyana dürtüşdürüb dayanacağa
tərəf yeridi. Hava bürkülü idi. Adamın nəfəsini kəsirdi. Bir də yaşlı olsan,
yorğun bədənini daşımağa gücün çatmaya, onda daha dözülməz olur bu zəhrimar
istilər.
Panamasını
bir neçə dəfə çıxarıb sərinkeş kimi özünü sərinlətdi, bədənindən yayılan tər
qoxusundan özü də çimçişirdi. Hə yoldaş, Əlabbas, dedi öz-özünə. Ömür boyu can
qoyub, tər tökməyin qarşılığında aldığın bu pensiya sənin harana çatacaq? Gərək
əl-ayaq edəsən.
Ərimiş
asfaltı əzə-əzə gələn avtobus dayanacağın qarşısında dayananda şair Əlabbas
fikirli-fikirli keçib avtobusa mindi. Ayaq üstə duran sərnişinlər tərli-isti
bədənlərdən uzaq qalmaq üçün hərə bir küncə qısılmışdı. Oturanlar da
sağdan-soldan döşəyən günəşlə əlbəyaxa idilər.
Əlabbas
həm yaşına, həm də dövlət və xalq qarşısında olan xidmətinə görə oturan
sərnişinlərdən birinin ona yer verməyini gözləyirdi. Bu gözləntisini balaca,
tum gözlərini daha da qıyıb bir az ötkəm, bir az da amiranə tərzdə, qınayıcı
nəzərlə hamıya bildirirdi. Məsələn, bax o ortayaşlı adam, o, Əlabbasın
cəmiyyətə yaydığı dəyərli fikirlər sayəsində bu gün rahat yaşayır, iş tapır,
arvad-uşağına baxır.
Tərslikdən
heç kim durub yer vermirdi. Belə-belə hadisələr onu bir qədər də qəhərə
boğurdu. Ürəyinin dərinliyində indi yaşadığı sistemə nifrət edirdi, ona görə
ki, azadlıq, müasirlik deyilən fikirlər bütün cəmiyyəti məhv etmişdi. Halbuki
komsomol tərbiyəsi alan, pioner olmuş bir uşaq belə böyüyərdi heç? Qətiyyən
yox.
O
vaxtlar Əlabbasın yadına düşdükcə dərin bir xiffət gəlib bürüyürdü o kövrək
ürəyini. "Məgər biz bunun üçün çalışdıq, bizə qalxıb yer verməyən bir nəsil üçün
özümüzü oda-suya vurduq?” – deyə içindən gileylənirdi.
Əlabbasın
şairliyi məktəb illərindən özünü büruzə vermişdi. Stalinin şəninə yazdığı şeiri
məktəb direktoru fəxrlə məktəbin girişindəki tabloya asmışdı. Həmin vaxt rayon
təhsil şöbəsindən məktəbə gələn bir nəfər o şeiri görüb çox bəyənmişdi. Ondan sonra da
tale Əlabbasın yoluna su çiləmişdi, üzünə gülmüşdü.
Tez-tez
şeirləri qəzetlərdə çıxmağa başladı. Hələ gənc ikən profildən çəkdirdiyi yarı
qüssəli, yarı nigaran siması bütün xalqa bələd idi.
Əlabbasın
bir nöqsanı var ki, yaman ləng idi, gec fikirləşir, gec qərara gəlirdi. Ona
görə də heç kimə qismət olmayan fürsətlərin çoxunu ləngliyi ucbatından fövtə
vermişdi. Həmişəki kimi, Əlabbas dəyişən dünyanın ritmini tuta bilmədi. İndi də
rayon yerində sınıq sazını dınqıldadan kənd aşığı kimi arada bir rayon icra
başçısının, maarif müdirinin, daha nə bilim rayonda boynu qalstuklu, zəhrimar
baxışlı kim varsa onların şərəfinə şeir yazmaqla çörək pulunu çıxarırdı.
Ancaq
bu xalq qədirbilən xalqdı. Xüsusilə, zəhmət görmüş, çətin sınaqlardan keçmiş
yaşlı nəsil Əlabbasın qədrini bilirdi. Pulsuz-pənəsiz toylara dəvət edirdilər.
Əlabbas da yeni şeirlərdən təzə ailəyə xeyir dua verir, böyüklərə hörməti,
ululara sədaqəti tövsiyə edirdi. Cuşa gələn insanlar mütləq onun döş cibinə ya da
pencəyinin iç cibinə onluqdan iyirmilikdən basardılar. Belə mənzərələr
qarşısında Əlabbasın gözləri dolar, yeni-yeni şeirlər zehninə axıb gələrdi.
Nə
hikmətdir, son vaxtlar toy-düyün az idi. Əlabbasın nimdaş köynəyinin ciblərində
indicə çəkdiyi pensiyadan başqa heç nə yox idi. Ağlına gəldi ki, icra başçının
müavini görsün, Kərimov arif adam idi, yanına gedəndə heç bir şey deməsən də,
niyə gəldiyini anlayardı.
Uzun
illərin təcrübəsi Əlabbasa bir şey öyrətmişdi: balıq istəyirsənsə, gərək
quyruğun suda olsun. Sən gedib başçıyla əl verib görüşmədinsə, rəsmi
mərasimlərdə iştirak etmədinsə, rayonda baş verənlərdən xəbərin yoxdursa, onda
necə nəmər qazanasan?!
Eləmədi
tənbəllik icra hakimiyyətinin qabağında avtobusdan düşdü. Boğucu hava bütün
hökmü ilə Əlabbasın ürəyini sıxsa da, ürəyinə dammışdı ki, yaxşı olacaq, umduğu
yerdən əliboş geri dönməyəcək. Elə uzaqdan Kərimovu görəndə ürəyi fərəhlə
doldu.
Kərimov
bir yandan qulağına dirədiyi telefonla danışır, o bir yandan da göstəriş
verirdi. Əlabbas bədənini yellədə-yellədə Kərimova yaxınlaşdı. Kərimov
uzun-uzadı danışıqdan sonra telefonu cibinə qoydu.
Kərimov
Əlabbasın qoluna girib otağa apardı. Belə hörmət-izzət görəndə Əlabbasın ürəyi
quş olub uçurdu, üstəlik, hörmət göstərən belə bir adam olanda lap ürəyi dağa
dönürdü.
Otaqda
iki nəfər Kərimovu gözləyirdi. Onların sir-sifətindən cüvəllağılıq yağırdı.
Əlabbas belə adamlarla eyni yerdə olmaqdan həmişə sıxılardı. Onlar da Əlabbası
görən kimi narahat oldular. "Bu hardan çıxdı belə?” Kərimova və bir-birinə
baxdılar.
–
Narahat olmayın. Şair Əlabbasıdı. Öz adamımızdı.
Əlabbas
boğazını arıtlayıb masanın üstündəki qəzetləri nəzərdən keçirməyə başladı.
Kərimov səsini bir az qısıb nəsə gizli bir şey müzakirə edirmiş kimi danışmağa
başladı:
–
Deməli belə. Yenə sizə işim düşdü. İşinizi görüb qurtarandan sonra vurduğunuz
it sayına görə zəhmət haqqınız ödənəcək. Amma bir məsələ var, gərək bunu elə
edək ki, heç kimin xəbəri olmasın. Qəribədi, vallah. Biz burda camaatın
qayğısına qala bilmirik, bir də bu itlər çıxıb. Gərək bu itləri də yemləyək.
Bizim onlara nə yem verəsi pulumuz var, nə də saxlamağa yerimiz. Ona görə də
Bakıdan küçə itlərini saymağa adamlar gəlməmiş çoxunu məhv eləməliyik. Bir
neçəsini də gözə kül üfürmək üçün tutub gətirərsiniz. Onlara da bir balaca
şərait qurarıq.
Danışılanları
maraqla dinləyən adamlardan biri dilini saxlaya bilməyib soruşdu.
–
Bu xəstə-xüstə itləri nə edirlər? Çoxu yara-xora içindədir.
–
Əşi nə bilim, deyirlər heyvana hörmət etməyən insana da hörmət eləməz. Nə isə
bunlar sənlik mənlik məsələ deyil, bizə ağa deyib sür dərəyə, sürürük. İndi
qulaq asın, şər qarışan kimi düşürsünüz şəhərin canına, yanınıza da mülkü
polislər verəcəm. Çalışın, sizi telefonla çəkib edən olmasın, görən olsa, nə
siz məni tanıyırsız, nə də mən sizi. Polislər çalışacaq ki, sakinlərə mane
olsun, birdən ola bilməsələr, artıq hər şey boynunuzadır. Yəni ondan da narahat
olmayın, yoluna qoyacağıq.
Kərimov
naməlum iki nəfəri yola salandan sonra kresloya oturub saç-başını səliqəyə
saldı.
–
Deməli belə, şair Əlabbas Gündoğan. Sizinlə də mühüm işlərimiz var. Yaxşı ki
gəlib çıxmısan. Bildiyin kimi, rayonumuzda quruculuq işləri gedir, hər yer
abadlaşdırılır, ağaclar əhənglənir, mərkəz küçələrin bina fasadları yenilənir
və s. Bu yaxınlarda başçımız şərəf ordeni də aldı. Bütün bunlarla əlaqədar
xüsusi bir broşür hazırlayırıq. Bilirsən, indiki zəmanədə reklam çox vacibdir.
Əlabbas
bu reklam məsələsini ömür billah sevməmişdi, nəsə ürəyinə yatmırdı, görünən
kəndə nə bələdçi deyə fikirləşirdi.
–
Düzdür, reklam vacib məsələdir.
–
Sən də rayonumuzda gedən quruculuq işlərini, başçımızın insanlara olan
qayğısını...
Kərimov
masanın üstündən kağız və qələm götürüb Əlabbasın qabağına qoydu.
–
Dediklərimi bir-bir yaz, birinci rayonumuzun ölkənin necə gözəl guşəsi
olduğundan yaz, sonra başçının yüksək insani keyfiyyətindən, qayğıkeşliyindən,
hamıya ata qayğısı göstərməyindən, sonra şəhərimizdəki abadlıq işlərindən,
ondan sonra rayonumuzun qəhrəmanlar diyarı olduğundan və s. yaz, qalanlarını da
özün bəzədəsən.
Əlabbas
kiril hərifləri ilə kağıza cızma-qara edə-edə bütün deyilənləri yazdı. Ürəyi
fərəhlə dolmuşdu, bir də şəklini də qoya bilsəydilər, bu broşürdü, nədir,
deyilən o şeylə lap əla olardı. Elə bu gün evdən çıxarkən güzgüdə özünə
baxmışdı, necə deyərlər özünə vurulmuşdu.
Kərimov
yenə orakul kimi elə bil onun ürəyini oxudu.
Özün
də gələrsən. Bakıdan xüsusi fotoqraf gətizdirəcəm. Sənin də qəşəng bir şəklini
çəksin, qoyarıq broşürə.
Əlabbasın
ürəyinin dərinliyində qəribə bir tel sızıldadı, riqqətə gəldi, utanmasaydı,
ağlayardı. Özünü tox tutub ayağa qalxdı
–
Cənab Kərimov, mən həmişə sizin şəfqət əllərinizi çiyinlərimdə hiss etmişəm.
Arxayın ola bilərsiniz ki, bütün bədii peşəkarlığımı, incəsənət priyomlarmı
istifadə edib gözəl, balaca bir poema
ərsəyə gətirəcəm. Siz də istədiklərinizi seçərsiniz, qalanlarını da istəsəniz,
kitab kimi çap edərsiniz.
Əlabbas
Kərimovun cibinə basdığı iki yüz manatın istiliyini canında hiss edə-edə
yeriyirdi. İndidən təntənəli misralar, ürəkaçan ahəngdar sözlər gəlib beyninə
dolurdu. Məsələn, belə bir misra olsa: "Sən ey obamın cəsur ərəni, keçmişik
səninlə min bir dərəni”, yox, yox, daha vurucu, daha sərrast sözlər seçməli,
poemanın semantikası insanı ahənrüba kimi insanı qəhrəmanlıq və ali hisslər
burulğanına çəkməlidir.
Beynində
min cür ideya götür-qoy edə-edə evinə necə gəlib çatdığından xəbəri belə
olmadı. Bir də gördü ki, qonşusu Əlövsət kişi qapının kandarında durub onu
gözləyir. Hal-əhval tutandan sonra məlum oldu ki, Əlövsət da başqaları kimi
onun yanına təvəqqe üçün gəlib. Onun nüfuzuna bələd olan qohum-qonşu cürbəcür
hacət üçün onun yanına xahişə gəlirdilər. Kimi əlindən zorla alınan mülkü geri
istəyir, kimi dağıdılan evinin kompensasiyasını almağa köməklik göstərməyi üçün
yalvarır, kimi həbsdəki uşağını azad etdirmək üçün vasitəçi olmağını xahiş
edirdi. Əlabbas həmişə belə adamları yola verərdi, ancaq elə eləyərdi ki,
mərhəmətli, xalqını sevən alicənab şair imicinə zərər gəlməsin.
Əlövsəti
də beləcənə bir təhər yola verib evə keçdi. Yatağa uzanıb beynindəki ideyaları düşünə-düşünə
yuxuya getdi. Oyananda qaş qaralmaqda idi. Hava bir balaca sərinləmişdi, sərin
hava bürkülü otağa dolurdu. Əlabbas bir-iki qurtum su içib əlində kağız-qələm
yaxınlıqdakı parka getdi. Park bomboş idi, insanlar hələ evindən bayıra çıxmağa
tələsmirdilər.
Əlabbas
başı üzərindəki yaşlı çinar ağacına gözünü zilləyib poemanın ilk misrasını
yazdı. Bütün sözlər bu misraya bəndmiş kimi buluddan yağış boşalırmış kimi
sözlər beyninə boşalmağa başladı. Bir-bir vərəqlər dolur. Hər vərəq dolduqca
Əlabbas daha da cuşa gəlirdi.
Yaxınlıqdan
gələn it zingiltiləri, ara bir güllə səsi ilhamına mane ola bilmirdi. Əlabbas
qəlbinə axıb gələn sözlərə, əlindəki kağız-qələmə o qədər diqqət kəsilmişdi ki,
ətrafda nə baş verdiyindən xəbərsizdi.
Bir
anlıq çiynindən hiss elədiyi amansız bir zərbə qələm tutan əlini qaxaca
döndərdi. Bütün bədəninə dərin bir ağrı və əzab yayılırdı. Bayaqdan həvəslə
misralar düzdüyü ağ kağız al-qırmızı rəngə boyanmışdı, yuxarıda qoca çinarın
iri yarpaqları sayrışırdı.
–
Əəə, neynədin əəə! Ağsaqqalı vurdun. O boyda adamı görmürsən?! İtnən adamı
ayıra bilmirsən?
–
Vallah, bilmədim, Vidadi. İndi mən nə edəcəm?! Başıma haranın külünü töküm, ay
Allah keç günahımdan.
Əlabbas
qıc olmuş bədənindən qopub ayrılmış, ətrafı sakitcə seyr edirdi. Ağlına min cür
xəyallar gəlirdi. Onu ürəyini ən azı bədənində ki yaralar qədər bir şey
ağrıdırdı. Bu, necə ölüm idi, o ölürdü? Onun cənazəsinə gələn insanlar, onun o
müdrik, alicənab şəklinə baxan adamlar belə deyəcəklərdilər? "İt gülləsinə
qurban getdi zavallı, Allah adamı belə biabırçı ölümdən qorusun”.
Əlabbasın
hissiyyatsız üzündə təbəssüm qonmuşdu. Sanki yarımçıq qalmış poeması bəyaz bir
quşa çevrilib ona o biri dünya ilə əlaqəli nəyinsə müjdəsini verirdi.
Qafar
Rüstəm