Şirnikdirici

Şirnikdirici

09 Sentyabr 2019, 10:15 398
Puritanizm elə pis vəziyyətə düşmüşdü ki, hətta qarımış qızlar da Susannanı qınamır, hətta ən qoca fermer də inəyinin süd verməməyində  Susannanın şeytani gözəlliyindən şübhələnmirdi.
 
Susanna kəndin yaxınlığında yerləşən yay teatrının könüllü aktrisası idi. O  yanğınsöndürmə binasının yanında mənzil kirayə etmişdi. Bütün yay boyunca o kənddə qalırdı, ancaq kənd camaatı  heç vaxt ona öyrəşmirdi. O  böyük şəhərin yanğınsöndürmə maşınları  kimi  həm sarsıdıcı, həm də  arzuolunan idi.
Susannanın lələk  taxdığı saçı və  iri gözləri gecə kimi qapqaraydı. Onun dərisi qaymaq rəngindəydi. O  qulaqlarına  iri qızılı halqa  sırğalar taxırdı, topuqlarına  üstündə zınqırov olan zəncirlər  dolayırdı.
 
O ayaqyalın gəzərdi, günortaya qədər yatardı. Elə ki gün-günorta olurdu, kənd camaatı tufana düşmüş tazı kimi narahat olurdu.
Hər gün günortalar o evinin balkonuna çıxırdı. Süst halda gərnəşir, qara pişiyinə bir kasa  süd tökür, pişiyi öpür, onu tumarlayır, sırğalarını taxır, mənzilinin qapısını qıfıllayır, açarı döşləri arasına qoyurdu.
 
Sonra o ayaqyalın  gəzintiyə çıxırdı. Möhtəşəm gəzintisinə.  Bayırdakı pilləkəndən düşəndə ayağındakı zınqırovlar cingildəyir, donunun ətəyi yellənirdi. O şərab mağazasının, sığorta agentliyinin, əmlak ofisinin, yeməkxananın, amerikan legion poçtunun, kilsənin yanından keçib aptekə gedərdi. O burdan Nyu York qəzetlərini götürürdü. Aptek sahibi bu qəzetləri  poçtdan götürüb onun üçün saxlayırdı.
O hər şeyə başını  tərpətməklə münasibət bildirirdi. Gün ərzində onun  danışdığı yeganə adam 72 yaşlı farmasevt  Bearse Hinkley idi.
Qoca kişi həmişə  qəzetləri alıb  ona saxlayırdı.
 
–  Təşəkkür edirəm, cənab Hinkley. Siz mələksiniz, –   o heç bir məqsəd güdmədən deyirdi. – İndi isə baxım-görüm dünyada nələr baş verir.
Susannanın  vurduğu ətir iyindən bihuş olmuş qoca kişi ona baxar,  o isə qəzetlərin səhifəsini çevirdikcə gah gülər, gah qaşqabağını sallayar, ancaq oxuduqları haqda heç nə deməzdi.
Sonra o qəzetləri də götürüb yanğınsöndürmə idarəsinin yanındakı: "yuvasına” tərəf gedərdi. Evinin balkonuna çatanda  dayanar, əlini sinəsinə salar, açarını götürər, qapını açar, balaca pişiyi götürüb öpər, sonra qapını içəridən  bağlayardı.
Bir  qızın  oynadığı bu  birnəfərlik səhnələşdirilmiş "tamaşa” yayın sonuna qədər hər gün təkrar olurdu.  Yayın sonlarında aptekdə o aptekçiylə danışanda  cırıldayan stulun   səsi onun sözünü yarıda qoydu.
 
Səs Susanna cənab Hinkleyi "mələk” adlandıranda eşidildi.  Səs baş ağrısı, diş ağrısı kimiydi.  Susanna səs gələn istiqamətə baxdı. Sanki baxışlarıyla sözünü yarıda kəsdiyinə görə onu bağışlayırdı.  O gördü ki, cırıldayan stulda oturan  adam heç də göz yumulası adam deyil.
Cırıldayan stulda oturan   kapral [1]Norman Fuller idi.  O,  on səkkiz ay Koreyada sərt rejim altında xidmət  edəndən sonra bir gün əvvəl evlərinə qayıtmışdı. On səkkiz ay müharibəsiz keçmişdi – eyni zamanda on səkkiz ay  sevincsiz olmuşdu.   Stulda oturan Fuller yavaşca döndü, hiddətlə  Sussanaya baxdı.  Stuldan  səs eşidilməyəndə aptek sükuta qərq oldu.
Fuller yayın füsunkarlığını  qırmışdı – həyatın əsas hərəkətverici qüvvəsi olan  sirli ehtirasları xatırlatmışdı.
Kim bilir, bu  cırıldayan stulda oturan kişi qadının qardaşıydı, onu kef çəkdiyi yerdən aparmağa gəlmişdi. Ya da acıqlı əri idi, onu qamçılaya-qamçılaya evinə, uşağının yanına  aparacaqdı.  Amma həqiqət bu idi ki, kapral Fuller Susannanı əvvəllər görməmişdi.
Fuller bilə-bilə "tamaşa” yaratmamışdı. O heç bilmirdi ki, oturduğu stul cırıldayacaq. O özü də bilmədən Susannanın birnəfərlik "səhnələşdirilmiş tamaşasına”  xırda bir detal əlavə edəcəyini bilmirdi. Elə bir xırda detal ki, insan komediyasında yalnız bir -iki nəfər hiss edə bilərdi.
Ancaq stulun cırıltısı aptekin hər yerində  hiddət doğurmuşdu, xüsusilə də Susanna  üçün.  Zaman dayanmışdı, Fuller  üzünün qranit ifadəsinin səbəbini  izah edənə qədər.
Fuller hiss edirdi ki, sifəti mis  kimi od tutub yanır. O taleyini qiymətləndirirdi.  Taleyi qəflətən  ona " tamaşaçı” yetirmişdi, bu situasiya haqda deməyə sözü yoxdu.
 
Fuller dodaqlarının tərpəndiyini hiss etdi, sözlər ağzından çıxdı:
–  Siz özünüzü kim hesab edirsiniz? – o Susannaya dedi.
–  Üzr istəyirəm, –   Susanna ona dedi və qəzetlərini qoruyurmuş kimi  özünə tərəf çəkdi.
–  Sizi küçədə gələndə gördüm, elə bil sirk paradındasınız, –   mənə maraqlıdır, siz kimsiniz? –  Fuller  dedi.
Susanna qızardı.
–  Mən... mən aktrisayam, –   o dedi.
–  Siz bunu bir də təkrar edin, –  Fuller dedi. –   Dünyanın ən gözəl aktrisaları, Amerika qadınlarıdır.
–  Bunu sizdən eşitmək xoşdur, –   Susanna  həyəcanla dedi.
Fullerin üzü  getdikcə  daha çox qızarır, bədəni istiləşirdi.  Onun beyni dolaşıq fikirlərlə dolu idi.
–  Mən içində oturacağı olan  teatrlardan  danışmıram. Mən həyat səhnəsindən danışıram. Amerika qadınları elə geyinir, elə  hərəkət edirlər ki, sanki sənə dünyanı bağışlayacaqlar. Ancaq elə ki onlara əlini uzadırsan, onlar ovcuna buz qoyurlar.
–  Onlar belə edir? – Sussanna qəmli-qəmli dedi.
–  Hə, –  Fuller dedi. –  Bunu kiminsə deməyin vaxtıdır.
Fuller indi sözləriylə  ona meydan oxuyurdu,  hərdən  lazımı sözü tapıb cəsarətlənirdi:
–  Bu, ədalətli deyil, –  o dedi.
–  Nə  ədalətli deyil? –  Susanna fikirli-fikirli soruşdu.
–  Siz topuqlarınıza zınqırovlu zəncir taxıb bura  gəlirsiniz, mən də məcbur oluram  sizin qəşəng topuqlarınıza, ağappaq ayaqlarınıza baxam, –   Fuller dedi. –   Siz pişiyi öpürsünüz,  mən də özümü pişiyin yerində görmək istəyirəm, görüm pişik kimi öpülmək necə olur. – Siz qoca bir kişiyə "mələk” deyirsiniz,  fikirləşirəm  ki, mənə "mələk” desəniz özümü necə hiss edərəm, –   Fuller dedi. –   Siz açarınızı hamının gözü qabağında gizlədirsiniz, mən açarın harda olmasını fikirləşməliyəm.
 
Fuller dayandı. –  Xanım, –   onun səsi ağrıyla doluydu. –   Siz təklikdə etməli olduğunuz  şeyləri bizim gözümüzün qabağında edirsiniz.  Mənim kimi  həyəcanlanan adamlar  qayadan yıxılanda isə  bizi yıxılmaqdan qorumalısınız.
Belə deyib Fuller qapıya sarı getdi. Hamının gözləri ona dikilmişdi.  Çox az adam hiss etdi ki, onun ittihamları  bir an əvvəlki Susannanı yandırıb kül etmişdi.  İndi Sussanna necəydisə elə də görünürdü, kütbeyin on doqquz yaşlı qız kimi.
–  Bu, ədalətli deyil, –  Fuller dedi. –   Sizin kimi geyinən, hərəkət edən qızlara qarşı bir qanun olmalıdır. Sizin hərəkətləriniz çox kişini xoşbəxt etmək əvəzinə bədbəxt edir.  Ətrafda belə gəzməklə hamının sizi  öpmək istəyi haqda bilirsiniz nə deyirəm?
–  Yox, –   Susanna dedi. Elə bil əsəb sisteminin ağzına tıxanmış  tıxac atıldı.
–  Əgər sizi öpməyə cəhd etsəm siz mənə nə deyərdinizsə  mən də onu deyərdim, –  Fuller  qalib ədasıyla dedi və qollarını geniş açıb "rədd ol” jestini etdi.
–  Cəhənnəm olun, –   o dedi, "pərdə” qapını çırpıb çıxdı.
Bir dəqiqə sonra qapı şappıldayanda, yalın ayaqlar  döşəməni döyəcləyəndə,  topuğundakı  zınqırıvların  səsi yanğınsöndürmə idarəsinə tərəf getdikcə azalanda  Fuller  geri dönüb baxmadı.
 
Həmin axşam kapral Fullerin dul anası  oğlunun geri qayıtması münasibətilə stolun üstünə şam qoydu, bişirdiyi mal ətini, çiyələkli peçenyeni stolun üstünə  qoydu.  Fuller yeməyi elə yeyirdi, elə bil yediyi ət yox, çirklənmiş kağız idi. Anasının  şən suallarına elə cavab verirdi, elə bil ölü idi.
–  Evə qayıtmağına sevinirsən? –   onlar kofe içib qurtarandan sonra anası ondan soruşdu.
–  Hə, –   Fuller dedi.
–  Sən bu gün nə etdin? –  anası soruşdu.
–  Gəzdim, –   o dedi.
–  Köhnə dostlarını gördün? – anası soruşdu.
–  Mənim  heç bir dostum yoxdur, –   Fuller dedi.
Anası əlini qaldırdı.
–  Dostun yoxdur? – o dedi.
–  Çox vaxt keçib, ana, –   Fuller ağır-ağır dedi. –   On səkkiz ay az müddət deyil. Bəzi dostlarım  şəhəri tərk ediblər. Bəziləri evləniblər.
–  Evlənmək dostları öldürmür, elə deyil? –  anası dedi.
Fuller gülümsəmədi. – Bəlkə də  düz deyirsən. – Ancaq evlənəndın sonra köhnə  dostlara vaxt qalmır.
–  Dougie evlənməyib, eləmi? –   anası dedi.
–  Ana, o qərbdədir, strateji Hava Komandasının tərkibində, –   Fuller dedi. 
Balaca yataq otağı nazik, soyuq stratosferdəki  bomba kimi sükuta daldı.
–  Ah, –  anası dedi. –  Ondan başqa da kimsə burda qala bilər.
–  Yox, –  Fuller dedi. –   Bu səhər vaxtımın çoxunu zəng etməklə keçirdim.  Mən də uzun müddət Koreyada olmuşam.  Heç kim evində deyil.
–  Buna inana bilmirəm, –   anası dedi. –   Niyə sən dostlarınsız əsas küçəyə çıxıb gəzmirsən ki?
–  Ana, –   Fuller fikirli-fikirli dedi. –  Neçə dostuma zəng edəndən sonra heç bilirsən mən nə etdim? Aptekə getdim.   Fırlanan kresloda  oturdum, gözlədim ki, bəlkə, az da olsa tanıdığım bir adam içəri girər. Ana, –   o həyəcanla dedi. –   Orda tanıdığım yeganə adam Bearse Hinkley oldu. Mən heç də səninlə zarafat etmirəm.
 
Fuller ayağa durdu, əlindəki salfeti  stulun üstünə tulladı.
–  Ana, üzr istəyirəm, gedə bilərəm?
–  Bəli, əlbəttə. –   anası dedi. –   Sən indi hara gedirsən? –  sevincdən onun gözləri parılladı –  Ümid edirəm ki,  qəşəng bir qıza zəng etməyə?
Fuller əlindəki salfeti yerə atdı.
–  Mən siqaret almağa gedirəm, –  o dedi. –   Mən heç bir qız tanımıram. Tanıdığım qızlar da ərə gedib.
Anasının rəngi dəyişdi.
–  Mən... mən görürəm, –   o dedi. –  Heç siqaret çəkdiyini də bilmirdim.
–  Ana, –   Fuller səbirsizcəsinə dedi. –   Sən heç fikirləşmirsən? Mən on səkkiz ay uzaqlarda olmuşam. On səkkiz ay.
–  Bu, çox uzun müddətdir, elə deyil? – anası dedi, oğlunun hərəkətindən özünü pis etdi. – Yaxşı,  get, siqaret al, –   dedi və  oğlunun qoluna toxundu. – Xahiş edirəm, özünü belə tək-tənha hiss etmə. Sadəcə gözlə. Sənin həyatında yenə də çoxlu adamlar olacaq, heç bilməyəcəksən hansıyla   vaxt keçirəsən. Bütün bunlardan qabaq isə sən bir qəşəng qızla tanış olub  onunla evlənəcəksən.
–  Ana, hələ mənim evlənmək fikrim yoxdur, –  cana doymuş Fuller dedi –  Gərək ən azı ilahiyyat məktəbindən keçim.
–  İlahiyyat məktəbi? –   anası dedi. –   Nə vaxt qərara gəlmisən?
–  Bu günorta, –   Fuller dedi.
–  Bu günorta nə baş verib? – anası soruşdu.
–  Mən dini baxımdan bir az təcrübə qazandım, ana, –   o dedi. –   Bu günorta nəsə məni danışmağa məcbur etdi.
–  Nə barədə? –  anası  təəccüblə, bir az qorxmuş halda soruşdu.
 
Fullerin uğuldayan başında yalnız Susanna vardı. Bir anlıq Koreyada, onu başdan çıxaran professional qadınları xatırladı.  Elə bil hamısı filmlərdən gəlmiş, ya da jurnalların üz qabıqlarından.  Ordakı Susannalar yalqız  kapral Fullerlərin hesabına var-dövlət qazanmışdılar.
Puritan əcdadının  tərs xəyalı, qara geyinmiş xəyalı  Fullerin  dilini lal etmişdi. Fuller elə bir səslə danışırdı ki, sanki bu səs əsrlərin içindən keçib gəlmişdi.
–  Mən nəyin əleyhinə danışdım? –  Fuller dedi. –   Şirnikdirmənin.
 Fullerin siqareti qayğısız mayak kimiydi, yüngülxasiyyət adamları uzaqlaşdırırdı. Açıq-aşkar görünürdü ki, siqareti acıqlı-acıqlı çəkir. Hətta pərvanələr də dayanmışdılar. O narahat halda  kəndin bütün küçələrini gəzdi, nəhayət, gəlib yanğınsöndürmə idarəsinin yaxınlığındakı evin qabağında dayandı.
 
***
 
 Bearse Hinkley,   qoca farmasevt  öz yerindəydi, gözləri önünə cavan olduğu vaxtlar gəldi, xiffət etdi o günlər üçün.   Bu stulda  illəri keçirmişdi.
–  Siqaretini yandırmaq istəyirsən? –  o kapral Fullerin dodaqları arasındakı sönmüş siqareti görüb dedi.
–  Yox, təşəkkür edirəm, cənab Hinkley, –  Fuller dedi. –  Onun bütün həzzi gedib.
–  Zövq  məsələsi, –  Fuller dedi. –   Zövqləri saymaqla qurtarmaz.
–  Bir adamın xoşuna gələn şeydən başqasının zəhləsi gedir, –   Hinkley dedi. –  Hər kəs istədiyi kimi yaşamalıdır.
 
Belə deyib o tavana baxdı. Yuxarıda Susannanın  və onun qara pişiyinin ətirli yuvası vardı.
–  Mən? Mənim bütün zövqlərim  nə vaxtsa zövq olub.
Fuller də tavana baxdı.
–  Əgər siz cavan olsaydınız , –   o dedi. –  onda bilərdiniz ki, o sözləri niyə dedim ona. Gözəl, cazibəli qızlar mənə əzab verir.
–  Ah, dediyini xatırlayıram, –   Hinkley dedi –  O qədər qoca deyiləm ki, belə əzabın nə olduğunu unudum.
–  Əgər qızım olsaydı, onun gözəl olmasığını istəməzdim, –   Fuller dedi. –    Ali məktəbdə oxuyan gözəl qızlar, aman Allah, onlar hamısı  fövqəladə olduğunu düşünürlər.
–  Mən  də belə fikirləşirəm, –   Hinkley dedi.
–  Əgər maşın, iyirmi dolların olmasa onlar adama baxmırlar, –  Fuller dedi.
–  Niyə də baxsınlar? – qoca  kişi gülümsəyib dedi. –  Mən də gözəl qız olsaydım onlar kimi edərdim.
O öz sözünü təsdiqlədi.
–  Güman edirəm ki, sən müharibələrdən keçib evinə dönmüsən, bu qərara gəlmisən. Sənin ona dediklərini nəzərdə tuturam.
–  Ah, –  Fuller dedi. –  Ona dediklərim sizə çox təsir etməz.
–  Bilmirəm, –   Hinkley dedi. –  Teatrda  qədim bir yaxşı ənənə var. Tamaşa davam etməlidir. Lap pnevmoniyan olsun, lap uşağın da ölsə, sən tamaşanı oynamalısan.
–  Mən lap yaxşıyam, –   Fuller dedi. –   Kim şikayət edir ki? Mən  özümü yaxşı hiss edirəm.
Qoca kişi qaşlarını yuxarı dartdı.
–  Səndən  danışan kimdir? – o dedi. – mən onun haqqında danışıram.
Fuller qızardı. Eqoizmi ucbatından  siçan kimi tələyə düşmüşdü.
–  O  çox yaxşı olacaq, – dedi.
–  Olacaq? –  Hinkley dedi. –  Bəlkə də. Bildiyim odur ki, teatrda tamaşa başlayıb. O da orda olmalıdır, ancaq o isə hələ də  evindədir.
–  Evindədir? –  Fuller heyrətlə soruşdu.
–  Sən sözlərinlə onu yaralayandan bəri evindədir, –   Hinkley dedi.
 
Fuller istehzayla gülümsəməyə çalışdı.
–  Yaxşı, bu çox  pis deyil? – o dedi. Onun təbəssümü zəif və ürəkbulandıran idi.
–  Yaxşı, gecəniz xeyrə qalsın, cənab Hinkley!
  –  Gecən xeyrə, əsgər oğlan, –  Hinkley dedi. –   Gecən xeyrə.
O biri gün günorta sanki küçənin kənarında yaşayan  kənd camaatı dəli olmuşdu.  Mağaza sahibləri dəyişmişdilıər, sanki pulun onlara dəxli  yoxdu. Küçə boyunca eşidilən yeganə səs yanğınsöndrmə idarəsindəndən  gələn quqquldayan  xoruz saatın səsiydi. Sual  bu idi: Görəsən, balaca qapı açılacaqdımı, Susanna ordan zühur edəcəkdimi?
Aptekdə qoca Bearse Hinkley əlində Susananın Nyu York qəzetlərini tutub vurnuxurdu.  Narahatlıqdan onları əzik-üzük etmişdi.  Onlar Susanna üçün bir tələ idi.
Günortadan qabaq kapral Fuller aptekə  bir də girdi. Üzündə qarışıq ifadə vardı. Gözlərinin altı şişmişdi. O bütün gecəni oyaq qalmışdı.  Gözəl qadınlara qarşı olan münasibətini götür-qoy etmişdi –  Onlar hamısı  gözəl olduqlarını fikirləşir, –   səhər açılanda o öz-özünə demişdi. –   Onlar adama gün vermirlər.
O aptekə girib bütün stullara baxdı. O bərkdən cırıldayan stulu tapdı, həmin stulda oturdu, ədalətsizlik heykəli kimi. Heç kim onunla danışmadı.
Yanğınsöndürən maşınların siqnalı eşidildi. Sonra bir yük maşını yanğınsöndürmə binasının yanında dayandı. Maşından iki kişi düşüb pilləkənlərə qalxmağa başladı. Susananın ac pişiyi balkonun sürahisinə tullandı. İki kişi Susannanın mənzilinə girdi. Onlar Susannanın otağından çıxanda pişik dilini yalayırdı.
 
Fuller şokdaydı. O Bearse Hinkleyə  baxdı,  Gördü ki, qoca kişinin baxışları pnevmoniya xəstəsinin baxışlarına oxşayır. Gözləri çuxura düşmüş, mürgülü.
–  Razı qaldın? –  qoca kişi dcdi.
–  Mən ona demədim ki, çıxıb getsin, –   Fuller dedi.
–  Sən ona seçim etmək üçün başqa yol qoymadın. –  Hinkley dedi.
–  Mənim nə fikirləşməyimin ona nə dəxli var? – Fuller dedi. –  Nə biləydim o çiçək kimi kövrək imiş.
Qoca kişi yüngülcə Fullerin qoluna toxundu.
–  Əsgər, biz hamımız beləyik, biz hamımız, –  dedi. – Mən elə bilirdim ki, oğlanları orduya göndərmək yaxşı şeydir. Fikirləşirdim ki, orda, orduda olanda oğlanlar  aşkar edir ki, onlar  bu yer üzündə olan  yeganə zərif  çiçək deyil. Sən bunu aşkar etmədin?
–  Heç vaxt zərif çiçək olduğumu fikirləşməmişəm, –  Fuller dedi. –  Hər şeyin belə olduğuna görə təəssüf edirəm, ancaq o özü bunu istəyib.
O başını aşağı dikmişdi. Qulaqları qıpqırmızı idi.
–  O səni çox bərk qorxutdu, elə deyil? –   Hinkley dedi.
Aptekdə hər hansı bir niyyətlə  gəlmiş adamların üzündə təbəssüm göründü. Fuller təbəssümləri hiss etdi, ona məlum oldu ki, bu qoca kişi ona yalnız bir silah qoyub – yumorsuz yaxşı vətəndaşlıq.
–  Kim qoxub? –   Fuller dedi. –  Mən qorxmuram. Sadəcə fikirləşirəm ki, kiminsə bu məsələni müzakirə etməsi düz deyil.
–  Bu elə bir mövzudur ki, heç kim bundan yorulmur, –   Hinkley dedi.
 
Fullerin  yerində oynayan gözləri rəfdəki jurnallara sataşdı. Jurnalın  üz qabığında gülümsər üzlü, sürmə gözlü, qaymaq dərili  qızların şəkli vardı. O bir az fikirləşib yetərincə söz demək istədi.
–  Mən həddi-buluğa çatmayanların cinayəti haqda fikirləşirəm, –  o dedi və jurnallara işarə etdi. –   Cavanlar bunları görüb dəli olarlar.
–   Onlara baxanda dəli olduğumu mən də bilirəm, –  qoca kişi sakitcə dedi. –   Mən də sənin kimi qorxmuşdum.
–  Sizə dedim axı, mən ondan qorxmuram, –  Fuller dedi.
–  Yaxşı, –  Hinkley dedi. –   Elə isə qorxmursansa, deməli, qəzetləri aparıb ona verə bilərsən. Onlara pul verib, –  O qəzetləri Fullerin dizi üstünə qoydu.
Fuller ağzını açdı ki, bir söz desin. Ancaq ağzını yenidən yumdu. Boğazı qurumuşdu.
–  Əsgər, əgər sən həqiqətən də qorxmursansa – qoca kişi dedi. –  Qəzetləri aparmağın çox yaxşı olardı.  Dini baxımdan.
Susannanın "yuvasına”  qalxan pilləkənlərə çıxanda Fullerin burda təsadüfən olduğu hiss olunurdu.
Qapının  cəftəsi keçirilməmişdi. Fuller qapını döyən kimi açıldı. Fullerin  təsəvvüründə onun evi qaranlıq, sakit idi,  büxur iyi gəlirdi, çoxlu paltarasılanlar və güzgülər olmalıydı.  Otağın bir küncü türksayağı bəzənmiş, bir  tərəfdə  qu quşu formasında dalğalı çarpayı olmalıydı.
O indi Susannanı və onun otağını realda olduğu kimi gördü. Həqiqət ucuz kirayə verilən mənzillərdə olduğu  kimiydi - çirkli, çılpaq divarlar, linoleum, ikigözlü qaz plitəsi,  dəmir çarpayı, soyuducu, kiçik tas, plastik stəkan,  su boruları görünürdü,  iki boşqab,  qalın güzgü, tava,  qazan, bir qutu yuyucu toz.   Bütün bunlara "haram” qatan  qalın güzgünün qabağına dağılmış ağ pudra idi.  Pudra dairəsinin ortasında çılpaq ayaq şəkli vardı.  Baş barmaqların izləri mirvari dənəsindən iri deyildi.
Fuller  "mirvarilərdən” başını qaldırıb  realdakı Susannaya baxdı.  Susananın arxası ona tərəf idi. O sonuncu əşyalarını çamadana yığırdı.
İndi o səyahətə çıxanlar kimi, missioner arvadı kimi geyinmişdi.
–  Qəzetlər, –   Fuller qarıldadı. –   Cənab Hinkley göndərdi.
–  Cənab Hinkley nə yaxşı iş görüb, –   Susanna dedi və geri döndü. –  Ona deyin ki...
Daha  heç nə demədi. O, Fulleri tanımışdı.
 
Dodaqlarını büzdü, balaca burnu qızardı.
–  Qəzetlər, –   Fuller zəif səslə dedi. – Cənab Hinkleydən.
–  Mən sizi eşitdim, –  o dedi. –  Siz bunu indicə dediniz. Demək istədiyiniz elə budur?
Fuller əllərini yüngülcə yanlarına şappıldatdı.
–  Mən... mən.. sizin getməyinizi istəmirdim, –   o dedi. –  Mən bunu nəzərdə tutmamışdım.
–  Siz qalmağımı təklif edirsiniz? – o yazıq-yazıq dedi. –   Məni adamların yanında əxlaqsız kimi qınayandan sonra?
–  İnanın, mən sizə heç vaxt bu sözləri demımişəm, –   Fuller dedi.
–  Heç fikirləşdiniz ki, mənim kimi olmaq nə deməkdir? – o dedi. –  Mənim də qəlbim var,
–  Əlbəttə,  qəlbiniz var, –  Fuller titrəyə-titrəyə dedi. O qorxurdu, çünki otağa girəndən  ürəyi qəribə duyğularla  dolmuşdu. Minlərlə kişinin arzusu olan bu qızılı qız. Susana indi  ehtirasla Fullerlə qəlbini müzakirə edirdi.  Sərt Fullerlə.
–  Mən dünən gecə sizə görə gözümü də yummadım, –  Susanna dedi.
–  Mənə görə?
 
O arzuladı ki,  Susana onun həyatından çıxaydı. O arzulayırdı ki, o ağ-qara jurnal səhifəsindəki kimi olaydı  O arzulayırdı ki, o  bu jurnalın vərəqlərini çevirib beysbol ya da xarici əlaqələr haqda oxuyardı.
–  Siz nə gözləyirdiniz? – Susanna dedi. –   Bütün gecəni sizinlə söhbət etmişəm. Bilirsiniz sizə nə deyirdim?
–  Yox, –   Fuller dedi, qapıdan çıxmaq istədi. Susanna onun arxasınca gəldi, hiss olunurdu ki,  içindəki  iri radiator kimi istiliyi atmaq istəyir. O insan idi.
–   Mən Yelloustan parkı deyiləm, –   Susanna dedi. –  Məni  vergidən azad etməyiblər! Mən heç kimə məxsus deyiləm! Necə görünməyimlə bağlı mənə heç nə deməyə haqqınız yoxdur.
–  Aman Allah! – Fuller dedi.
–  Sizin kimilərinin əlindən cana doymuşam, –   Sussana dedi, addım atdı, qəflətən çox yorğun göründü. –   Mən nə edim ki, siz məni öpmək istəyirsiniz? Bu kimin günahıdır?
Fuller indi okean sularında üzən dalğıc günəş işığını necə görərsə o da suala cavabı axtarırdı.
–  Mənim demək istədiyim o idi ki, siz bir az konservativ  olasınız.
 
Susanna qollarını geniş açdı:
–  Mən indi kifayət qədər konservativəm? –   o dedi. –  Razısınız?
Gözəl, sevimli qızın  Fullerə müraciəti onun sümüklərini sızlatdı. Onun sinəsi altında sonuncu akkorda bənzər ah vardı.
–  Hə, –   o dedi və sonra mızıldandı. –  Məni unudun.
Susanna başını yırğaladı.
–  Yük maşınının  üstümdən keçdiyini unutmaq? –   o dedi. –  Sizi belə eqoist edən nədir?
–  Mən nə fikirləşirəmsə onu da deyirəm, –  Fuller dedi.
–  Siz belə axmaq şeylər fikirləşirsiniz, –   Susana heyrətləndi. Onun gözləri böyüdü: –   Hələ ali məktəbdə oxuduğum vaxtlardan sizin kimi adamlar mənə elə baxırdılar ki, sanki bununla demək istəyirdilər ki, mən onlarla heç vaxt danışmaram. Onlar heç vaxt mənimlə rəqs etmirdilər, onlar heç vaxt mənimlə danışmırdılar, onlar heç vaxt üzümə gülümsəmirdilər.
 
Belə deyib Susanna titrədi.
–  Onlar əyalət polisləri kimi yanımdan sakitcə  keçib gedirdilər. Onlar mənə eynilə siz baxdığınız kimi baxırdılar, sanki mən dəhşətli bir şey etmişəm.
Onun ittihamları Fullerin bütün bədəninə  vicvicə saldı.
–  Bəlkə tamam başqa şey haqda fikirləşirik, –   Fuller dedi.
–  Mən belə fikirləşmirəm, –   Susanna dedi. –   Əminəm ki, siz başqa şey haqda düşünmürsünüz.  Aptekdə siz qəflətən üstümə bağırmağa başladınız, mən isə əvvəllər heç vaxt sizi görməmişdim.
O hönkürüb ağladı.
–  Sizə nə olub? –az sonra o  soruşdu.
Fuller gözlərini döşəməyə dikdi.
–  Heç vaxt sizin kimi bir qızla bir yerdə olmaq şansım olmayıb, vəssəllam, –   o dedi. –  Mənə əzab verən də budur.
Susanna ona maraqla baxdı.
–  Siz heç şans nə olduğunu da bilmirsiniz, –  o dedi.
–  Şans son model maşın, təzə kostyum və 20 dollardır, –   Fuller dedi.
Susanna arxasını ona çevirib çamadanını bağladı.
–  Şans qızdır, –   o dedi. –   Siz o qızın üzünə gülümsəyirsiniz, mehriban davranırsınız, sevinirsiniz ki, o qızdır.
O yenə də geri dönüb qollarını açdı.
–  Mən qızam. Qızlar belə  olur, –   o dedi –  Əgər kişilər mənə qarşı yaxşı olsalar, məni xoşbəxt etsələr mən hərdənbir onları öpərəm.   Özünüzü necə hiss edirsiniz? Hər şey yaxşıdır?
–  Hə, –   Fuller mülayim tərzdə dedi.
 
Susanna ona səhv düşündüyünü elə şirin səbəblə izah etdi ki, sanki kainat dəyişdi, kainatı o idarə etdi.
O çiynini çəkdi:
–  Yaxşısı budur mən gedim. Hələlik.
–  Gözləyin, –  Susanna  dedi. –  Siz məni belə, pis vəziyyətdə qoyub sadəcə çıxıb gedə bilməzsiniz.
O başını yellədi.
–  Mən özümü belə pis hiss etməyə layiq deyiləm.
–  Bəs mən nə edə bilərəm? – Fuller acizanə şəkildə dedi.
–  Siz mənimlə birlikdə kəndin əsas küçəsində gəzə bilərsiniz, guya mənimlə  olduğunuza görə qürurlanırsınız, –  Susanna dedi –  Siz məni insanlara yenidən  təqdim edə bilərsiniz.
O  başını tərpətdi.
–  Siz bunu mənə etməyə borclusunuz.
Koreyada  on səkkiz ay sərt xidmət keçib iki gün əvvəl evinə qayıdan kapral  Norman Fuller Susannanın mənzilinin balkonunda, bütün kəndin gözü qabağında gözləyirdi.
 
Çünki Susanna ondan xahiş etmişdi ki, o paltarını dəyişən müddətdə, insanların yanına  yenidən qayıtmaq üçün dəyişən onu  orda gözləsin. O həmçinin xüsusi şirkətdən onun əşyalarını yük maşınıyla aparmağa gələnləri də çağırıb dedi ki, geri qayıtsınlar.
 Susanna geyinən vaxtda Fuller vaxtını onun pişiyini  tumarlamaqla keçirdi.
–  Salam, pişik balası, pişik balası. –  O  dəfələrlə dedi. Pişik balası, pişik balası sözləri  ağrıkəsici dərman kimi onu keyitdi.
Susana öz "yuvasından” çıxanda Fuller hələ də bu sözləri təkrar edirdi.  Onu görəndən sonra da dayanmadı, eləcə təkrar etdi. Susanna pişiyi onun əlindən aldı, ona təklif etdi ki,  qollarını ona uzatsın.
–  Hələlik, pişik  balası, pişik balası, pişik balası. Pişik balası, pişik balası, –   Fuller dedi.
Susanna ayaqyalın idi, o halqa sırğalarını  taxmışdı, topuğunda da zınqırovlu zəncirlər. O Fullerin qolundan yüngülcə tutub pilləkənlərə tərəf getdi, həmişəki kimi möhtəşəm, "cingildəyən” gəzintisinə başladı – şərab dükanın yanından, sığorta agentliyinin, əmlak idarəsinin, yeməkxananın, amerikan Legion poçtunun, kilsənin yanından keçib izdihamlı aptekə sarı getdilər
–  İndi isə gülümsə və mehriban ol, –  Susanna dedi.
–  Siqaret çəksəm etiraz etmərsiniz? – Fuller dedi.
–  Bunu məndən soruşmağınız iltifatdır, –  Susanna dedi. –  Yox, etiraz etmirəm.
Kapral  Fuller sol əliylə sağ əlini saxlayıb siqaretini yandıra bildi.
 
Kurt Vonnequt 
İngiliscədən tərcümə: Sevil Gültən
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

[1] Onbaşıya bərabər rütbə