• cümə, 19 Aprel, 06:52
  • Baku Bakı 13°C

Sehirli pencək

17.02.20 13:00 18843
Sehirli pencək
Geyim-keçim məsələlərində incə zövqə dəyər versəm də, ətrafımdakı insanların paltarlarının necə tikildiyinə sən deyən diqqət yetirmirəm.
Ancaq bir gün Milanda qatıldığım təntənəli şam yeməyində qırx yaşlarında bir kişinin əynindəki kostyumun qüsursuzluğu sözün əsl mənasında məni sarsıtdı.
İlk dəfə qarşılaşırdıq onunla, kimliyindən də xəbərsizdim. Qarşılıqlı təqdim olunduğumuzda adı söylənsə də, həmişəki kimi, bu ad-soyad da bir an sonra huşumdan silinib-getdi. Həmin ziyafətdə bir ara yanaşı qalınca, onunla ordan-burdan danışası olduq. Ağıllı və kübar birisinə bənzəsə də, üzündən anlaşılmaz bir kədər oxunurdu. Həmişəki kimi (kaş Allah məni bundan qoruyaydı!) hədd-hüdud tanımadan onun geyim-keçimi barədə ağızdolusu təriflər yağdırdım və bununla yetinməyib, hələ dərzisinin kimliyini də xəbər aldım.
Sanki bu sualı gözləyirmiş kimi, kişi əda ilə gülümsədi:
- O, usta dərzi olsa da, tək-tük adam tanıyır onu, çünki kefinə düşəndən-düşənə iş görür. Həm də üç-dörd müştərisi ya ola, ya olmaya.
- Belə çıxır ki, əgər mən…
- Niyə də olmasın?! Siz bir sınayın. Onun soyadı Kortiçelladır. Alfonso Kortiçella. Ferrara küçəsi 17-də yaşayır.
- Yəqin bahacıl ustadır?
- Məncə, hə. Ancaq bunun məhz belə olduğundan da əmin deyiləm. Bu əynimdəki kostyumu üç il öncə tiksə də, indiyədək onun ödəmə qəbzini hələ də mənə göndərməyib.
- Soyadı Kortiçella oldu da? Ünvan da ki Ferrara küçəsi, 17, eləmi?
- Tamamilə doğrudur, - deyən o naməlum adam məni tərk edərək, digər qonaqların arasında qeybə çəkildi.
Ferrara küçəsi 17 ünvanındakı ev o həndəvərdəkilərdən heç nəylə fərqlənmirdi. Alfonso Kortiçellanın iş yeri də adi dərzixanalardan biriydi. Qapıya özü çıxdı. Yaşlı və gödərək bir kişiydi, yaşına uymayan qapqara saçlarını da hər halda… boyamışdı.
Heç gözləmədiyim halda o, sifarişimi qəbul elədi. Sanardın ki, onun müştərisi olmama elə amanabənd imiş. Ünvanını necə tapdığımı, əl işini hədsiz bəyəndiyimi anlatdım, mənə də bir kostyum tikməsini arzuladığımı dilə gətirdim. Boz rəngdə, şümal bir qumaş seçdi mənim üçün. Ölçüləri çıxartdı, hətta ilk ölçü-biçi üçün evimə gələ biləcəyini də söylədi. Zəhməthaqqı barədə soruşdum. "Tələsməyə nə hacət?! Hər necə olsa, razılaşarıq" – dedi. Onu tərk edərkən düşündüm: "Əcəb istiqanlı adamdır".
Sonradan, yəni evə dönüncə, o gödərək qocanın məndə nə isə ağrılı bir hiss oyatdığını sezdim. Bəlkə də bunun səbəbi, gözlədiyimə rəğmən, onun çöhrəsindən əskik olmayan və adamı məngirləyən təbəssümü idi. Uzun sözün qısası, bir daha onu görmək belə istəmirdim. Ancaq neyləyəsən ki, kostyumu artıq sifariş vermişdim və üç həftəyə o, hazır olacaqdı.
Evə təhvil verilən kostyumu geyinib, ayna önündə özümü süzdüm. Misilsiz iş idi. Ancaq o gödərək qocaya bəslədiyim naxoş duyğular üzündənmi, yoxsa bilmədiyim başqa bir səbəb ucbatından bu kostyumu geyməyə könlüm heç razı deyildi. Bununla bağlı mən dəqiq bir qərara gələnə qədər aradan həftələr ötdü.
O günü əsla unutmayacağam. Aprel ayının bir çərşənbə axşamıydı, yağış çisələyirdi. Kostyumun şalvarını, jiletini və pencəyini təkrar əynimə geyəndə fərqinə vardım ki, digər təzə geyimlərdən fərqli olaraq, bu, əynimə hədsiz şıq oturur, rahatdır, dar-filan da deyil. Birə-bir əynimə biçilmişdi bu kostyum. Adətən, pencəyimin sağ cibinə mən heç nə qoymuram, bütün kağız-kuğuzumu sol cibimdə saxlayıram. Ona görə də aradan iki saat ötəndən sonra, iş otağımda əlimi təsadüfən sağ cibimə saldığımda orada bir kağız parçası olduğunu sezdim. Birdən bu, dərzinin ödəmə qəbzi olar ha?
Yox. On min lirəlik əsginas idi.
Çaşıb qaldım. O pulu oraya, əlbəttə ki, mən qoymamışdım. Bunu dərzi Kortiçellanın mənimlə məzələnməsi kimi dəyərləndirmək olardımı görən? Bəlkə, onu mənzilimə yır-yığış üçün gələn xidmətçi cibimə qoyub? Çünki dərzidən alınan bu kostyuma ancaq o, toxuna bilərdi. Yox, bu da ağlasığmaz idi. Bəlkə bu əsginas saxtaydı, qəlp idi? Gün işığına tutub, baxdım, onu digər kağız pullarla tutuşdurdum. Əskinasın həqiqiliyinə şübhə heç bir ola bilməzdi.
Yeganə ağlabatan səbəb – bu durumu Kortiçellanın huşsuzluğuna yozmaq idi. Bəlkə də qəfil gələn bir müştərisi beh kimi bu əsginası ona verib, dərzi də pulqabısı əl altda olmadığından və it-bata düşməsin deyə, pulu manekenə geyindirdiyi pencəyimin döş cibinə basıb və unudub. Hə, hə, belə şeylər olur bəzən.
Zəngi basmaqla, katibəmi çağırdım. Düşündüm ki, Kortiçellaya bir-iki sətirlik məktub yazmaqla, mənə aid olmayan pulu qaytarım. Ancaq elə həmin anlarda, həm də səbəbini özüm də bilmədən əlimi təkrar sağ cibimə saldım.
Həmin dəmdə içəri girən katibə soruşdu:
- Nə olub sizə? Yoxsa özünüzü pis hiss edirsiniz?
Görünür, sifətim bir meyitinki qədər ağappaq idi, çünki o ara barmaqlarım cibimdə az öncə olmayan başqa bir əsginasla təmasdaydı.
- Yox, canım, narahatlığa elə bir əsas yoxdur. Azca başım hərləndi indicə. Hərdənbir belə olur. Yorğunluqdandır yəqin. Sinyorina, indilik gedin, sizə diktə edəcəyim məktubu sonra yazarıq.
Cibimdəki kağız pulu çıxarmağa ancaq katibəm otaqdan çıxandan sonra cürətləndim. Bu da on minlik bir əsginas idi. Üçüncü cəhddə də eyni məbləğdə başqa bir banknot gəldi əlimə.
Ürəyim yaralı quş kimi çırpınmağa başladı. Mənə elə gəldi ki, uşaqların başını aldatmaq üçün danışılan, ancaq əslində heç kəsin inanmadığı sehrli bir nağılın əsirinə çevrilmişəm və bunun səbəbini heç cür anlaya bilmirdim.
Özümü nasaz hiss etməm bəhanəsiylə işdən çıxıb, evə gəldim. Tək qalmağa ehtiyac duyurdum. Bəxtimdən xidmətçi qadın da işini bitirib, evinə getmişdi artıq. Bütün qapıları bağladım, jalüzləri endirdim, o dibsiz dəfinəni xatırladan cibimdən əsginasları bacardıqca sürətlə çıxarmağa girişdim.
Halım fəna idi: bir an sonra əsginasların bitəcəyi səksəkəsiylə əldən-ayaqdan gedirdim lap. Mən indi ta axşama qədər, hətta sabaha qədər bu əsginasları yığmağa, qamarlamağa hazır idim, yetər ki milyardlara sahib olum. Ancaq elə bir məqam yetişdi ki, taqətim tamam kəsildi.
Qarşımda bir qucaq əsginas təpələnmişdi. İndi əsas məsələ – bir başqası yiyələnməsin deyə, onları əmin bir yerdə gizlətmək idi. Köhnə xalılarla dolu olan sandığın içindəkiləri döşəməyə boşaltdım, sonra əsginasları sayıb, dəstə-dəstə sandığın dibinə düzdüm. Məbləğ əlli səkkiz milyon lirəyə çatmışdı.
Səhəri gün oyandığımda mənim paltarlı yatdığımdan heyrətə qapılan qulluqçu qadını gördüm qənşərimdə. Vəziyyətdən çıxmaq üçün gülümsünərək dedim ki, axşam həmişəkindən çox içdiyim üçün divandaca yuxu aparıb məni.
Bunun ardınca növbəti təhlükə ilə üz-üzə qaldım: qadın kostyumu çıxarmamı təklif elədi ki, onu səliqə-sahmana salsın.
Mən isə dedim ki, paltarımı soyunmağa macalım yoxdur, təcili bir yerə baş çəkməliyəm. Bunun ardınca mən yolumu hazır geyimlər satılan bir mağazadan saldım ki, əynimdəkinin birə-bir bənzəri olan daha bir kostyum alım və təmizlənmək üçün məhz onu qulluqçumun ixtiyarına verim. Sayılı günlər içində məni dünyanın ən nüfuzlu adamlarından birinə çevirən əynimdəki kostyumu isə mən daha etibarlı bir yerdə gizlədəcəkdim.
Nələr baş verdiyini tam anlamırdım: bilmirdim ki, bəxtəvər günə çıxmışam, şirin bir röyadayam, yoxsa ki acı taleyin zərbələri altda əzilirəm. Mağazaya gedərkən o sehrli cibin olduğu yerə əlim hər toxunanda içimi sonsuz fərəh hissi bürüyürdü, çünki parçanın altda peyda olan növbəti şamşax əsginasın ruhuma su çiləyən xışıltısını duymaqdaydım.
Ancaq uğursuz bir təsadüf içimə dolan çılğın sevinci gözümdə qoydu: səhər qəzetlərinin birinci səhifələrində verilən iri başlıqlı yazılarda ötən gün yaşanan bank soyğunundan bəhs edilirdi. Bir bankın şöbələrində bir gündə toplanan pulları yığan zirehli inkassator maşını mərkəzi ofisə qayıdırmış, Palmanova küçəsində dörd soyğunçu onu dayandıraraq, bütün məbləği alıb, aparmışdı. Quldurlardan biri izdihamı yarıb, aradan çıxmağa çalışarkən atəş açdığından yoldan keçən bir nəfər həlak olmuşdu. Ancaq məni ən çox rahatsız edən məhz aparılan məbləğ idi: əlli səkkiz milyon lirə (yəni tam məndəki qədər pul!).
Mənim bir göz qırpımında zənginləşməm ilə təqribən eyni vaxtda baş verən bu soyğun hadisəsi arasında hər hansı əlaqə, bağ vardımı görəsən? Bunu təsəvvürə gətirmək belə gülünc idi. Xasiyyətcə mən batil inanclara inanan birisi olmasam da, bundan rahatsızlığa qapılmaqdaydım.
Əlinə qazanc gəldikcə, insanoğlu daha da şirniklənir axı. İndiyədək sürdüyüm ortabab həyat tərziylə müqayisədə mən artıq zəngin birinə çevrilmişdim. Ancaq hədd-hüdud tanımayan, sıxıntısız və lüks bir həyat sürmək istəyi məni durmadan körükləyirdi. Elə bu səbəbdən hava qaralan kimi təkrar işə girişdim. Artıq mən daha ölçülü-biçili, duyğularına hakim biri kimi davranırdım. Bu sayədə mövcud sərvətimin üzərinə daha yüz otuz beş milyon lirə əlavə eləyə bildim.
O gecə gözümə yuxu getmədi. Yoxsa bu, qaçılmaz bir təhlükənin işarəti idi? Və ya heç haqq eləmədiyi halda ağlasığmaz, nağıllardakına bənzər sərvətə qovuşan birisinin narahat vicdanının səsiydi? Anlaşılmaz bir könül sıxıntısıydı yoxsa?
Hava işıqlaşan kimi yatağımdan qalxıb geyindim və təzə qəzet almaqdan ötrü küçəyə çıxdım.
Xəbərləri oxuyarkən nəfəsim daraldı. Bir neft anbarında başlayan yanğın nəticəsində şəhərin lap göbəyində, San Kloro küçəsindəki bir bina tamamilə yanıb, külə dönmüşdü. O ara iri bir inşaat və əmlak şirkətinə məxsus, yüz otuz milyon lirədən çox nağd pulun saxlandığı seyflərə də zaval toxunmuşdu. Alovu ram etməyə çalışan iki yanğınsöndürən isə hadisə zamanı həlak olmuşdu.
İndi mən durub, burada sizə özümün bütün işləklərimi sadalamalıyammı? Yəqin buna bir gərək var, çünki pencəyimin mənə bəxş etdiyi zənginliyin ardında cinayətlər silsiləsinin, çarəsizliyin və amansız ölümün dayandığı, o pullardan əsl cəhənnəm qoxusunun gəldiyi gün kimi aydın idi. Ancaq hər vəziyyətdən çıxan, gah qoparaqlı, gah hiyləgər, gah da abdal olan beynim çevrədə baş verən bu olayların mənə zərrəcə dəxli olduğuna inanmırdı və inanmaq da istəmirdi.
Durum belə olunca isə şeytan məni başdan çıxarırdı, əlim heç bir maneə, yasaq tanımadan cibimə yönəlirdi və növbəti, qəttəzə əsginasın küncünə toxununca, mən təkrar dərin həzz duyğusuna qapılırdım. Pullar, ey mübarək pullar!..
Ətrafdakıların diqqətini üzərimə çəkməməkdən ötrü hələ də köhnə mənzilimdə yaşayırdım, hərçənd bir müddət əvvəl iri villa satın almış və qiymətli tablolardan ibarət böyük kolleksiyaya yiyələnmişdim. "Səhhətimlə bağlı" firmadakı işimdən ayrılandan bəri misilsiz bir limuzinlə dünyanı gəzib-dolaşır, ən gözəl dilbərlərlə kef-damaq sürürdüm.
Cibimdəki xəzinədən hər dəfə iri bir məbləğ görünəndə isə bəri başdan bilirdim ki, dünyada canlara mal olan, evləri yıxan mütləq hansısa bir qəziyyə baş verəcək. Ancaq varlanmamı buna yozmam bir az dumanlıydı, çünki məntiqli bir izahı olmadığından bu bağlantılar mənə nəsə təsadüfi görünürdü. Beləcə, hər dəfə sərvətimi artıranda vicdanım bir az da kirlənir, bir az da alçalırdı.
Hə, bəs o dərzinin əlmuzdu nə oldu?.. Mən hər dəfə ödəniş qəbzi üçün ona zəng etsəm də, dəstəyi kimsə qaldırmırdı. Yolumu Ferrara küçəsindən saldığımda mənə bildirdilər ki, dərzim xaricə gedib, hansı ölkədə olduğunu isə bir kimsə bilmir. Sanki bu hadisədəki bütün məqamlar, üstüörtülü də olsa, mənim şeytanın ta özüylə bir sövdəyə girdiyimi göstərirdi.
İllər uzunu yaşadığım binada günlərin bir günü bədbəxt hadisə baş verənə qədər bu sərgüzəşt beləcə davam elədi: altmış yaşlarındakı pensiyaçı bir qadın evdə qazı açıq buraxmaqla, canına qıymışdı. İntiharın səbəbi isə… onun bir gün öncə bankdan aldığı otuz min lirəlik pensiya məbləğini itirməsi imiş. O ərəfədə mən pencəyimin cibindən məhz elə o qədər pul çıxartmışdım.
Yetər bu qədər! Uçurumun kənarına bir az da yaxınlaşmadan mən o sehrli pencəkdən canımı qurtarmalıydım. Həm də bir başqasına verməklə ondan qurtula bilməzdim (axı, belə tovlanmaya kim "yox" deyərdi ki?!), yoxsa dərdin, bəlanın kökü kəsilən deyildi. Pencəyi yox etmək lazım idi, vəssalam.
Maşınıma oturub, Alp dağlarının ətəyindəki kimsəsiz bir vadiyə yollandım. Maşını çəmənlikdə saxlayıb, pay-piyada dağın ətəyindəki meşəliklə üzüyuxarı qalxmağa başladım. İns-cins yoxdu ətrafda. Meşənin o biri başında qumlu-çınqıllı yarğan çıxdı qarşıma. Orada, bir cüt yüksək qayanın arasında ikən səfər torbamdan o lənətəgəlmiş pencəyi çıxartdım, üstünə benzin töküb, yandırdım. Bir neçə dəqiqə içində o, yanıb külə döndü.
Ancaq alov dilimləri lap qısaldığı vaxt arxa tərəfdən, lap yaxınlıqdan kiminsə: "Gecdir, artıq gecdir!" – dediyini aşkar şəkildə eşitdim. Diksinib, dəhşət içində tez geri qanrıldım. Heç kimsə yox idi. Mənimlə burada məzələnən o yaramazı tapmaqdan ötrü qayaların həndəvərində ora-bura baxındım. Heç kəs yox idi. Lal daşlar vardı sadəcə.
Yaşadığım dəhşət hissinə rəğmən, vadiyə tərəf enərkən içimdə bir yüngülləşmə duyurdum. Axır ki sərbəst idim. Üstəlik də, zəngin.
Az sonra nə görsəm yaxşıdır? Maşınım yerində deyildi. Şəhərə dönəndə o dəbdəbəli villamın da yoxa çıxdığına şahid oldum. Onun yerindəki kol-kos basmış əraziyə: "Bələdiyyəyə məxsus bu ərazi satılır" lövhəsi vurulmuşdu. Və başqa heç nə! Bütün cari bank hesablarımın qapandığını öyrənəndə bunu da heç cür izah edə bilmədim. Adıma açılan çoxsaylı seyflərdə saxladığım paket-paket aksiyalar da qeybə qarışmışdı. O köhnə sandığımda isə sadəcə toz, püfə yığını vardı və başqa… heç nə.
Çətinliklə də olsa, öz köhnə işimə bərpa olundum, ancaq vəzifələrimin öhdəsindən gəlməm artıq xeyli müşkül gəlirdi mənə. Ən qəribə olan da o idi ki, bunca qəfil müflisləşdiyimi çevrəmdəkilər heç sezməmişdi də.
Əminəm ki, bu məsələ bununla bitən deyil. Əmi-nəm ki, günlərin bir günü qapımın zəngi çalınacaq və gedib açdığım zaman qarşımda o iyrənc təbəssümlü dərzini, mənə dərddən-bəladan tikdiyi kostyumun pulunu almağa gələn dərzini görəcəyəm.

İnsanın əzəməti
Keşikçilər çəlimsiz və saqqallı qocanı zülmətə qərq olan zindan qapısından içəri atdıqları vaxt artıq axşam düşmüşdü.
Qocanın saqqalı bəmbəyaz və iri idi, az qala özü boydaydı hətta. Qismən qaranlığa, qismən isə zülmətə bürünən kamerada onun saqqalından ətrafa zəif işıq dalğalarının yayılması digər məhbuslara müəyyən bir təəssürat bağışlayırdı.
Gözləri zülmətə hələ alışmayan qoca bu "dəlik”də tək olub-olmadığını anlaya bilmədiyindən səsləndi:
- Başqa kimsə var burada?
Cavab olaraq qulağına hırıltılar və deyinmələr dəydi. Sonra türmənin ədəb-ərkanına uyğun şəkildə hər məhbus özünü ona təqdim elədi:
Xırıltılı səslə biri dedi:
- Rikkardon Marçello, zor tətbiqiylə soyğun.
Sonrakı adam isə çəllək dibindən gələnə bənzəyən boğuq səslə dedi:
- Beççeda Karmelo, fırıldaqçı-residivist.
Sonra təqdimatın ardı gəldi:
- Marfi Luçano, zorlama üstə.
- Lavataro Maks, günahsız yerə.
Bu sözlərin ardınca şux bir qəhqəhə qopdu.
Zarafat hamının ürəyinə yağ kimi yayılmışdı: yoxsa əli onlarla qurbanın qanına bulaşan, quldur kimi ad çıxaran Lavataronu kim tanımırdı ki?
- Espozito Enea, qatil, - deyən şəxsin səsində özgüvəni sezilirdi.
Sonrakı adam təntənə ilə dedi:
- Muttironi Vinçenço, ata qatiliyəm. Bəs sən, qoca kaftar, kimsən və nəçisən?
Yeni məhbus karıxdı:
- Mənmi?.. Əslinə qalanda, bu, heç özümə də bəlli deyil. Yolda məni saxlayıb, sənəd istədilər, mənim isə ömürbillah hər hansı sənədim olmayıb.
Kimsə kinayə ilə:
- Hə-ə! Deməli, veyillənirmişsən də, - dedi. – Bəs adın nədir ey sənin?
- Mənim adım... Morrodur. Ləqəbim isə... e-e... Böyükdür.
- Deməli, sən Böyük Morrosan. Heç də fəna səslənmir, vallah! – deyə qaranlığı yaran səs bunu təqdir elədi. – Bu cana-cəsədə görə adın hədsiz yekəxana səslənir, o ada sənin kimisinin onu sığar!
Qoca üzüyola halda razılaşdı:
- Haqlısınız, amma bunda mənim bir günahım yoxdur. Bu ləqəbi mənə sırf məzələnmək üçün qoymuşdular, sonra mən də buna alışmalı oldum. Hətta onu da deyim ki, bu ləqəbə görə başım dəfələrlə cəncələ də düşüb. Məsələn, bir dəfə... Amma bu, uzun əhvalatdır...
Məhbuslardan biri kobud şəkildə qocanın üstünə çımxırdı:
- Danış, görək, danış deyirəm! Onsuz da burada bizim boş vaxtdan başqa heç nəyimiz yoxdur.
Kamera yoldaşları da onu dəstəklədilər. Axı, türmədə cansıxıcı keçən günlər üçün nəyləsə baş qatmaq - əsl bayramdır.
Qoca razılaşdı:
- Yaxşı, siz deyən olsun. Bir dəfə mən şəhərdə (adı vacib deyil) boş-bekar dolaşırdım. Bu vaxt iri bir saray gördüm, həyətdəki nökərlər ləziz taamlarla dolu məcməyiləri ora-bura daşıyırdılar. Düşündüm ki, yəqin burada böyük bir ziyafət veriləcək, ona görə də sədəqə istəməkdən ötrü oraya yaxınlaşdım. Amma heç ağzımı açmağa macal tapmamış boyu iki metrə çatan bir yekəpər yaxalığımdan yapışmaqla məni qamarladı və bağırmağa başladı: "Bu, həmin oğrudur, nəhayət, ələ keçdi! Ağamızın çulunu da dünən bu çırpışdırmışdı. Necə sırtılıbsa, təkrar bu qapıya gəlib! İndicə biz sənin qol-qabırğanı sındırarıq, onda görərsən!” Soruşdum: "Mənim qol-qabırğamı? Əgər mən dünən buralardan ən azı otuz mil uzaqlarda idimsə, onda sizin malınızı necə oğurlaya bilərdim?!” O, çığır-bağırla: "Səni mən öz gözlərimlə görmüşdüm. O çulu necə qamarlayıb qaçdığının canlı şahidiyəm”, - deyə məni həyətin tən ortasına sürütlədi.
Qarşısında diz çöküb, yalvardım: "Vallah, dünən mən buralardan otuz mil uzaqdaydım. Bu, sizin şəhərə ilk gəlişimdir. Siz gəlin, Böyük Morronun səmimi and-amanına inanın”. Qarşımdakı adam heyrətdən lap gözlərini bərəldərək, soruşdu: "Necə, necə?” Təkrarlamalı oldum: "Böyük Morronun andına inanın”. Qəfildən onu gülmək tutdu: "Deməli, sənmişsən Böyük Morro? Ay camaat, gəlin, bu cındıra bir baxın, sən demə, bunun adı Böyük Morro imiş!”
Sonra üzünü mənə tutub soruşdu:
- Sən heç bilirsən Böyük Morro kimdir?
- Yox, - dedim. – "Böyük Morro” ləqəbli başqa birisini tanımıram.
O yekəpər mənə izah elədi: "Böyük Morro – bir başqası yox, məhz bizim möhtərəm ağamızdır. Səfil bir dilənçi ikən, sən onun adını necə daşıya bilərsən?! Odur ki, işin fırıqdır! Hə, odur, ağamız özü də buraya gəlir!”
Həqiqətən də, ağa qopan səs-küyə sarayından çölə çıxmışdı. Görkəminə görə bu adam nəinki şəhərin, bəlkə də elə yer üzünün ən zəngin adamına bənzəyirdi. Yanaşıb, məni başdan-ayağa süzdü, bəzi suallar verdi və gülməyə başladı: hansısa lütün birinin onunla eyni adı daşımasına gülürdü o. Sonra buraxılmamı əmr elədi, məni sarayına apardı, qızıl, ləl-cavahirat saxladığı zirehli otağı mənə göstərdi, məni doyunca yedirib-içirməyi tapşırdı nökərlərə. Təkrar yanına gələndə dedi: "Ey ahıl dilənçi! Bu ad əhvalatında mənə qəribə gələn bir məqam var: vaxtilə Hindistana səfər etdiyimdə buna bənzər bir hadisə mənim də başıma gəlmişdi. Bir gün oradakı bazara satmaq üçün mal çıxartdım, satdığım malların əntiq və bahalı olduğunu görən xeyli insan maraqla başıma toplaşdı və mənim kim olduğumla, haradan gəldiyimlə maraqlanmağa başladı. Deyəndə ki: "Adım Böyük Morrodur”, onlar təəccüblə soruşdular: "Böyük Morro? Sənin harandadır o böyüklük, o əzəmət, ay tacir? İnsanın əzəməti – onun ağlındadır. "Böyük Morro” adında cəmi bir nəfər var, o da bizim şəhərin sakinidir. O, bütöv bir ölkənin fəxridir, sən isə, əlbət, fırıldaqçının birisən. İndicə gedib, o adın sahibi qarşısında üzrxahlıq eləməlisən”. Beləcə məni süpürləyib, əl-ayağımı bağladılar və o əsl Morro saydıqları və mənim varlığından bixəbər olduğum adamın yanına apardılar. O adam tanınmış alim, filosof, riyaziyyatçı, astronom və astroloq idi: camaat ona az qala bir Tanrı qədər sitayiş edirdi. Xoşbəxtlikdən o, məsələdə bir anlaşmazlıq olduğunu ilk andan sezdi, qəhqəhə çəkdi, əl-ayağımın açılmasını buyurdu və məni yanına salıb, iş otağını, rəsədxanasını, oradakı və özünün ixtirası olan əcaib alətləri mənə göstərdi. Sonra dedi: "Ey nəcib və yadelli tacir! Başına gələn bu əhvalatın ən maraqlı cəhəti odur ki, Levanta adasına səfərim əsnasında eynilə belə bir sərgüzəşti mən də yaşamışam. Payi-piyada bir vulkanın zirvəsinə yollanmışdım ki, onu tədqiq eləyim, amma bu vaxt zahiri görkəmindən yerli əhalidən olmadığımı anlayan bir dəstə döyüşçü məndən şübhələndi və kimliyimi öyrənmək istədi. Mən adımı dilimə gətirən kimi əl-qolumu qandallayıb, məni birbaşa şəhərə apardılar. Yolboyu soruşurdular: "Deməli, sən özünü "Böyük Morro” adlandırırsan, eləmi? Sənin kimi özündənrazı alim axı necə böyük və əzəmətli ola bilər?! Bütün yer üzündə vur-tut bircə dənə Böyük Morro var – o da bizim adanın sultanıdır, o, tarixdə öz qılıncıyla zəfərlər qazanan cəngavərlərin ən böyüyüdür. Sənin bu yekəxanalığını görən kimi o, heç şübhəsiz, başını üzməyi bizə əmr edəcək”.
Onlar məni öz sultanlarının hüzuruna gətirdilər: bu adamın zəhmindən hər kəs tük salırdı. Bəxtim onda gətirdi ki, nə baş verdiyini ona yerli-yataqlı başa sala bildim, bu qəribə təsadüfü anlayan yenilməz cəngavər qəhqəhə çəkdi, qandallarımın açılmasını əmr elədi. Bahalı xələtlər bağışlayandan sonra məni öz sarayı ilə tanışlığa dəvət elədi ki, onun yaxın və uzaq adaların xalqları üzərindəki qələbələrini isbatlayan misilsiz qənimətləri göstərib, öyünə bilsin. Ayrılanda mənə bunları dedi: "Ey nüfuzlu alim, ey mənim adaşım! Bu hadisədə mənə heyrətamiz gələn o məqamdır ki, Avropa adlandırılan o uzaq ərazilərdə döyüşdüyüm vaxt başıma eynilə buna oxşar bir hadisə gəlib. Öz döyüşçülərimlə meşədə irəliləyərkən qəfildən qarşıma kor-kobud dağlılar çıxdılar və məndən soruşdular: "Sən kimsən ki, öz silahlarının cingiltisiylə bizim meşələrin şirin yuxusuna haram qatırsan?” Mən də: "Böyük Morroyam” dedim və düşündüm ki, bəlkə bu cavabla onların canına qorxu salım. Amma onlar istehza dolu təbəssümlə soruşdular: "Böyük Morro? Yəqin sən bizimlə məzələnirsən? Sənin kimi sərgərdan bir döyüşçü hansı böyüklükdən, əzəmətdən dəm vura bilər?! İnsanın əzəməti – onun nəfsinə hakim olmasında, ruhunun isə yüksəkliyindədir. Bu dünyada cəmi bir dənə Böyük Morro var və biz indi səni birbaşa onun yanına aparacağıq ki, əsl əzəmətin nədə olduğunu bəlkə aşkar anlayasan”. Bunun ardınca onlar məni kiçik bir dərəyə apardılar, oradakı amanabənd bir komada cır-cındırından cin ürkən, bəyaz saqqallı bir qocanı mənə göstərdilər. Deyilənlərə görə, o, bütün ömrünü təbiəti seyr edib, Tanrıya şükür eləməklə keçiribmiş. Düzü, o vaxta qədər mən Ondan daha hüzurlu, hər şeydən razı və yəqin ki, həm də bəxtəvər bir insan görməmişdim. Ancaq nə gizlədim, o yaşdan sonra həyat tərzimi dəyişməm mənə tamamilə imkansız görünürdü.
Hansısa adanın sultanı müdrik bir alimə, alim də zəngin tacirə, həmin tacir isə onun qapısına dilənməyə gələn kasıb qocaya bax, bunları nağıl eləmişdi. Onların hamısının adı Morro imiş, həm də hər birisi bu və ya digər səbəblər üzündən "Böyük” ləqəbini qazanıblarmış.
Qoca öz hekayətini tamamlayınca, qaranlıq kamerada digər məhbuslardan birinin səsi əks-səda verdi:
- Əgər mənim zərrə qədər ağlım varsa, belə başa düşdüm ki, o küləş komada yaşayan lənətəgəlmiş ahıl və deməli, ən böyük Morro sən imişsən?
Qoca bunu nə təsdiqlədi, nə də inkar elədi, eləcə mızıldanaraq dedi:
- İndi nə deyim sizə, ay oğulbalalar? Özünüz də gördünüz ki, həyatda hər şey mümkün imiş!
Bunun ardınca hamı bir ara susdu, çünki həyatdakı bəzi şeylər hətta ən islaholunmaz əclafları da dərin düşüncələrə qərq edə bilir.

Dino BUTSATİ
Dilimizə çevirdi – Azad Yaşar

banner

Oxşar Xəbərlər