• cümə axşamı, 28 mart, 16:56
  • Baku Bakı 16°C

Səfir: Azərbaycandan Ukraynaya ixrac edilən məhsulların həcmi 16 dəfə artıb

13.11.19 13:06 550
Səfir: Azərbaycandan Ukraynaya ixrac edilən məhsulların həcmi 16 dəfə artıb
Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, xarici siyasətimizin əsas istiqamətlərindən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə yönəlib.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev deyib.
O bildirib ki, bu gün Azərbaycan diplomatiyasının üzərinə olduqça böyük bir məsuliyyət qoyulub və hər bir Azərbaycan diplomatı bu məsuliyyəti dərk edərək, ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlmək üçün bütün peşəkarlığını və savadını səfərbər edərək, öz vəzifə borcuna layiqincə yanaşır və bundan sonra da belə olacaq: "Bu gün Azərbaycan diplomatiyası müasir dünyamızın çağırış və təhdidlərinə cavab verir və beynəlxalq aləmdə dövlətimizin müsbət imicinin formalaşdırılması istiqamətində bütün səyləri əsirgəmir, eləcə də müstəqil dövlətimizə yönələn mümkün geosiyasi risklərin yaranmasına imkan vermir.
Təəssüflər olsun ki, 27 ildən artıqdır Azərbaycanın tarixi torpaqları, o cümlədən Dağlıq Qarabağ ərazisi erməni işğalı altındadır. Ona görə də Azərbaycan diplomatiyasının əsas fəaliyyət istiqaməti bu münaqişənin həllinə yönəlib. Erməni diplomatları tərəfindən xarici ölkələrdə ölkəmizə qarşı yönəlmiş çirkin əməllər və mütəmadi olaraq yaradılan təxribatlarının qarşısının alınması üçün tərəfimizdən daim böyük işlər aparılır. Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması diplomatiyamızın ən öndə duran vəzifə borcudur".
A.Xudiyev iqtisadi diplomatiyaya da çox böyük önəm verildiyini bildirib: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi islahatlarla bağlı Azərbaycan diplomatiyası da hərtərəfli cəlb olunur və ölkə başçımızın xüsusi göstərişlərinə əsasən, Azərbaycana xarici sərmayələrin cəlb edilməsi üçün diplomatik missiyalarımız tərəfindən bütün gərəkli işlər aparılır".
Səfir qeyd edib ki, Ukraynada vətəninə və dövlətinə ürəkdən bağlı olan bir çox vətənpərvər iş adamı mövcuddur:
"Burada Vətənini, dövlətini sevən azərbaycanlılar çoxdur. Onlar fərdi şəkildə Azərbaycanı təbliği istiqamətində səfirliyimiz tərəfindən işlənib hazırlanan layihələrin həyata keçirilməsində bizə daim dəstək olurlar. Ümumiyyətlə, ukraynalılar və burada yaşayan xalqlar doğma vətənimizin qədim tarixi və zəngin mədəniyyəti ilə yaxından tanış olmalıdırlar, bunun üçün təbliğat işləri daha da gücləndirilməlidir. Əminəm ki, Azərbaycan və Ukrayna dostluğu bundan sonra da yüksələn xətlə inkişaf edəcək".
A.Xudiyev bildirib ki, Azərbaycanın Ukraynadakı diplomatik missiyasının fəaliyyəti Ermənistanın Ukraynadakı səfirliyinin fəaliyyətindən daha üstün və səmərəlidir:
"Bütün ölkələrdəki kimi, Ukraynada da çox güclü erməni diasporası mövcuddur və onlar öz səfirliklərinə ənənəvi olaraq hərtərəfli dəstək olurlar. Bəzən onlar şəxsi münasibətlər zəminində həmin ölkələrin tanınmış simaları və siyasətçiləri ilə dostluq əlaqələri yaradırlar və bundan da yararlanırlar.
Bu münasibətdən çıxış edərək, əminliklə deyə bilərək ki, erməni diplomatları diasporaları tərəfindən dəstəyə ümidvar olaraq öz diplomatik fəaliyyətlərini infantil və səmərəsiz məcrada aparırlar. Öz peşəkar fəaliyyət təcrübəmdən deyə bilərəm ki, istər beynəlxalq təşkilatlarda, yəni çoxtərəfli diplomatiyada, istərsə də ikitərəfli diplomatiyada onlar bizdən bir çox hallarda peşəkarlıqda geri qalırlar.
Səfirliyimiz tərəfindən Azərbaycan həqiqətləri barədə Ukraynanın Kütləvi İnformasiya Vasitələri ilə çox fəal şəkildə təbliğat işləri aparır, Ukraynanın nüfuzlu təhsil ocaqlarında, milli maraqlarımıza uyğun müxtəlif mövzülarda mühazirələr oxunulur, silsilə tədbirlər təşkil edilir. Ukraynanın paytaxtı və eləcə də böyük şəhərlərində ölkəmizin təbliğat işlərinin daha səmərəli və effektiv şəkildə aparılması üçün səfirliyimizin təşəbbüsü və dəstəyi ilə Azərbaycan mədəniyyət və informasiya mərkəzləri artıq fəaliyyətə başlayıb".
A.Xudiyev əlavə edib ki, Ukraynada 2013-cü ildə baş vermiş məlum hadisələr və ölkədə cərəyan edən siyasi proseslərin təsiri ilə başqa ölkələrlə olduğu kimi, Azərbaycanla da ticarət dövriyyəsinin həcmi aşağı düşmüşdü: "2015-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 333 mln. ABŞ dolları təşkil edib. Lakin sonrakı 3 il ərzində (2015-2018) Səfirlik tərəfindən görülmüş işlər sayəsində, o cümlədən Kiyev şəhərində "Azərbaycan Ticarət Evi”nin açılması nəticəsində, ikitərəfli ticarət dövriyyəmiz nəzərə çarpacaq dərəcədə (2,5 dəfə) artıb. Bunun nəticəsində Ukrayna ölkəmizin əsas ticarət tərəfdaşlarından birinə çevrilib və hazırda Azərbaycanın xarici ticarət dövriyyəsində 11-ci yeri tutur. 2018-ci ildə ticarət dövriyyəmiz 829 mln ABŞ dolları təşkil edib. 2019-cu ildə bu göstəricinin daha da artacağı gözlənilir. Eyni zamanda onu da vurğulamaq istərdik ki, üç il müddətində Azərbaycandan Ukraynaya ixrac edilən məhsulların həcmi 16 dəfə artıb”.
banner

Oxşar Xəbərlər