AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sədaqətinə qurban, Şuşa!

Sədaqətinə qurban, Şuşa!

Cəmiyyət
20 Noyabr 2020, 14:22 1795
Müzəffər Azərbaycan Ordusunun Şuşa qələbəsi ermənilərdə elə bir sarsıntı yaratdı ki, işğalçı ölkədə bu gün də çaxnaşma davam edir. Düşünürəm ki, Azərbaycanın şanlı qələbəsi hələ uzun illər müzakirə ediləcək, analizlər aparılacaq. Lakin bu günlərdə diqqət çəkən məqam Paşinyanın noyabrın 16-da parlamentdəki çıxışı oldu. O, çıxışı zamanı II Qarabağ müharibəsində baş verənlərlə bağlı özünü haqlı çıxarmaq üçün ağzına və ağlına gələni dedi. Paşinyanın bu çıxışı yalan və özünə haqq qazandırmaq idi. "Şuşa bədbəxt və boz şəhər idi” ifadəsini işlədən Paşinyan özü indi daha çox bədbəxt və bozdur. Çünki Şuşa 1992-ci ilin 8 mayınadək - işğala qədər çox rəngarəng, qonaqlı-qaralı, könülləri oxşayan bir şəhər idi. Xoşbəxtliyin, sevincin çöhrəsi həm uşaqların, həm qocaların, qız-gəlinlərin, həm də cavanların üzündə açıq-aydın hiss olunardı. Şərin, terrorun boz üzü olan Paşinyan kimi ermənilər Şuşanın və şuşalıların rəngarəngliyini bilməzlər axı?
 
Şuşanın yazı...
 
Uşaqlıq xatirələrimdəki Şuşadan bir neçə epizodu qeyd etmək istəyirəm ki, Şuşanın boz şəhər olub-olmaması aydınlaşsın. Yadımdadır ki, yaz aylarında şuşalıların ayağı Cıdır düzündən kəsilməzdi. Hamı bu gözəl yerə gələr, kəklikotu yığar, uşaqlar xeyli oynayandan sonra evə qayıdardı. Şuşada Novruz bayramı bambaşqa olurdu. Şuşalılar bir qayda olaraq ilaxır çərşənbəni daha təmtəraqlı keçirərlər. 28 il məcburi köçkün həyatı yaşamağımıza baxmayaraq, bu qaydalar hələ də qalır. Deməli, ilaxır çərşənbədə günorta saatlarında şəhərin içərisi ilə atlılar milli geyimlərdə keçid edərdilər. Daha sonra konsert, çal-çağır olardı. Axşamlar isə məhəllələrdə tonqallar qalanardı, uşaqlı-böyüklü hər kəs bayram tonqalının ətrafına yığılardı, deyib- gülüb, əylənərdi. Ardınca isə hər kəs bayram süfrəsinə oturar, birlikdə şeşrəngli bayram aşından nuş edərdi. Amma onu da qeyd edim ki, evdə bişən aşdan mütləq şəkildə yaxında yaşayan qonşulara, qohumlara paylar gedərdi. Qızlar isə bayram adəti olaraq qapıları pusardılar. İndi Paşinyan desin görək, Şuşa boz şəhər idimi?   
 
Bayram bayrama qarışardı... 
 
Mayın 1-də isə zəhmətkeşlərin bayramı olardı. Bu bayrama da şuşalılar yaxşı hazırlaşardı. Uşaqlar əllərində rəngbərəng şarlar, məktəblilər formada, böyüklər dəst-kostyumlarda əllərində bayraqlarla Güllü bağa tərəf parad edərdilər. Daha sonra konsert başlayardı, pəhləvanlar meydana çıxardı. Güllü bağın qarşısında restoran və kafelərin sahibləri tərəfindən əhali yeməyə, çaya, şirələrə dəvət edilərdi. Bəlkə də çoxlarına qəribə gələcək, amma həmin bayramda xalamın həyat yoldaşı, Əbdürrəhim bəy Haqverdiyevin qardaşı nəvəsi Vəliyəddin əminin lavaşarası lüləkababının dadı damağımdan getməyib. Bax, beləcə, bayram bayrama qarışardı. İndi Paşinyan desin görək, Şuşa boz şəhər idimi?
 
Şuşanın cənnətli yayı...            
 
Yayın gəlişi ilə Şuşaya peşqurdların (şuşalılar gəlmələri belə adlandırır), turistlərin və digər rayonlarda yaşayanların axını başlayardı. İsa bulağı, Səkili bulaq, Soyuq bulaqda qonaq əlindən tərpənmək olmurdu. Yevlaxdan, Bərdədən, Ağdamdan gələn qonaqlarımızla birlikdə biz də dəfələrlə İsa bulağına dincəlməyə gedərdik. Rəhmətlik Mürsəl kişinin oxuduğu mahnıdakı "Adə, adə Abasqulu, camış bağa girdi, gəl” sözləri yəqin ki, bir çoxlarının yadında qalıb.
Başqa ölkələrdən turistlərin "Turbazaya” gəlişi isə Şuşaya bir başqa rəng qatırdı. Şuşanın bir çox kişiləri axşamlar rəqs etmək üçün "Turbazaya” üz tutardılar.
Şuşaya gələn bəstəkarların, şairlərin, dövlət adamlarının üz tutduqları məkanlar içərisində isə Süleymanın, Salehin çayxanası da yer alırdı. Bütün bunlardan sonra Paşinyan desin görək, Şuşa boz şəhər idimi?
 
Üzü payıza...
 
Şuşada üzü payıza doğru turistlərin, gəlmələrin gediş-gəlişi azalsa da, şuşalılar üçün bir başqa dönəm başlayardı. Tətil bitdiyi üçün uşaqlar bağçaya, məktəbə gedər, böyüklər öz işlərində olardılar. Amma həftə sonları mütləq şəkildə Daşaltına və başqa yerlərə, ailəvi olaraq böyürtkən, zoğal və əzgil yığmağa gedilərdi. Biz də qonşumuz Murad əminin ailəsi birgə hər zaman Ağdamda şəhid olan İlham dayımın maşını ilə Daşaltına gedərdik. Meşədə bulağın yanında gəbə-palaz yerə salınar, samovar qalanar, yemək bişirilərdi. Bir ailə kimi hamı süfrə başına toplanardı. Sonra isə uşaqlı-böyüklü, hamının əlində bir vedrə, böyürtkən, zoğal yığmağa gedərdik. Evə qayıdan kimi isə qışa azuqə olaraq kompot, mürəbbə bişirilərdi. Demək olar ki, bu, şuşalı ailələrinin hər birində adət idi. İndi Paşinyan desin görək, Şuşa boz şəhər idimi?
 
28 ilin sədaqəti...
 
28 ildən sonra müzəffər Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdi. Ötən illər ərzində ermənilər Şuşanı özününküləşdirə bilmədi. Heç Şuşa da ermənilərə təslim olmadı, özünün rəngarəngliyini azad olunanadək gizlicə saxladı. Saxladı ki, o gözəlliyin əsl sahiblərinə qovuşsun. Şuşalılar öz içərisində Şuşaya necə sadiq qaldısa, 28 illik işğal tarixində də Şuşa şuşalılara sədaqətli qaldı. Gülmədi, sevinmədi. İşğalçılar cəhd etsələr də buna nail ola bilmədilər. Bax, Şuşa ona görə Paşinyana boz şəhər kimi görünüb. Şuşa işğalçıya bozarmalı idi. Şuşa həsrətlə öz sahiblərini gözləyirdi. Həsrətli şəhərin simasında isə sevinc, təbəssüm olmazdı. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Şuşa, sən artıq azadsan! Şuşa, sən boz rəngdən qurtulursan. Şuşa, Cıdır düzündə Azərbaycan əsgərləri - öz övladların yallı gedir. Üzün gülür, gözünə işıq gəlir, Şuşa. Və sənə minnətdarıq. Bizsiz olduğun günlərdə düşmənə boz üzünü göstərdiyinə, düşmən üçün boz şəhər olduğuna görə. Sədaqətinə qurban, Şuşa!
 
Bəxtiyar MƏMMƏDLİ