Sapanca Şeir Gecələri

Sapanca Şeir Gecələri

30 Oktyabr 2018, 16:00 596
XVIII Beynəlxalq Sapanca Şeir Axşamlarına (9-13 oktyabr) dəvət məktubu alanda ilk işim bu festival haqqında məlumat toplamaq oldu və əldə etdiyim informasiyalar, düzü, məni heyrətləndirdi. Ötən ilki festivalın gündəliyi ilə tanış olanda zəngin tədbirlər planı, görüşlər, şeir axşamları, müzakirə saatları diqqətimdən yayınmadı. Bundan əlavə, festivala Türkiyənin müxtəlif bölgələrindən maraqlı imza sahiblərinin qatıldığını, eyni zamanda şeir axşamlarında olduqca seçkin beynəlxalq heyət - əcnəbi şairlərin iştirak etdiyini öyrəndim. Əldə etdiyim bilgilərdən biri də o oldu ki, Türkiyəni olduqca maraqlı şairlərindən biri Adnan Özerin seçimi ilə formalaşan beynəlxalq heyətdə mənim iştirakımı o təklif edib. Xatırladım ki, Adnan bəylə ötən il X İstanbul Poeziya Festivalında tanış olmuşduq.
Tədbirə dəvət məktubu Sakarya Bələdiyyəsinin Mədəniyyət və Sosial işlər müdiri İbrahim Aktürkün adından gəlmişdi. Orda olduğum günlərdə də, onun diqqət və qayğısı ilə əhatələndim.  Festival günləri ərzində bələdiyyənin nümayəndələri Adem Turan, Talip Avcı, Serkan Akdeniz, xüsusən Reyhan Sapanca bütün təşkilatı məsələləri yüksək səviyyədə həyata keçirdilər. 
Beynəlxalq tədbirə əcnəbi ölkələrdən yeddi şair (Somalidan Ladan Osman, Bosniya-Herseqovinadan Safija Vehaboviç-Parganlija, Makedoniyadan Vladimir Martinovski, Ukraynadan Lyudmila Diadçenko, Fələstindən Asmaa Azaizeh, Albaniyadan Ermir Nika, Azərbaycandan mən dəvət edilmişdim. Ümumilikdə 29 şairin iştirakçısı olduğu ədəbi festivalın digər təmsilçiləri Türkiyənin seçkin qələm adamları idi: Kağan Server Atıcı, Hıdır Toraman, Hayrettin Orhanoğlu, Filiz Geç, Cafer Turac, Bünyamin K, Bülent Özdemir, Aziz Mahmut Öncel, Leyla Arsal, M.Melih Erdoğan, Mehmet Tepe, Muhammed Enis Özel, Mustafa Özçelik, Mustafa Sarı, Orhan Özekinci, Serap Kadıoğlu, Serkan Türk, Süleyman Ragıp Yazıcılar, Süleyman Unutmaz, Şakir Kurtulmuş, Talha Kuru, Yunus Emre Altuntaş. 
Tədbirin açılış mərasimi oktyabrın 9-da Sakarya Universitetinin Konqres Mərkəzində baş tutdu. Rəsmi açılışdan sonra şairlər şeirlər oxudular, tədbir Dilək Türkanın konsert proqramı ilə tamamlandı. Həmin tədbirdə mən də "Son nəfəsimə qucaq daşlar” şeirimi səsləndirdim.
 Növbəti gündən "Şairlər liseylərdə” şüarı il tədbirlərə start verildi. Kaynarca Anadolu Liseyində (Süleyman Ragip, Bülent Özdemir, Serap Kadıoğlu, Sofiya Vehaboviç) Cəmil Meriç adına Sosial Elmlər Liseyində (Serkan Türk, Kağan Server, Talha Kuru, Ladan Osman, Vladimir Martinovski) görüşlər təşkil edildi, şairlər qruplar halında bölünərək liseylərdəki həmin tədbirlərdə iştirak etdilər. Saat 17:00-da isə Açıq havada "Çay, smit şeir” adlı gözəl bir tədbir düzənləndi. Tədbir Sedat Anar konserti ilə başladı və şairlər hərəsi bir şeir oxudular. İştirakçılara, dinləyicilərə çay, smit ikram edildi.
11 sentyabrda səhər 11-də Serdivan Anadolu İmam Xatib Liseyində qonaq olduq. Bu tədbirdə Mustafa Özçelik, Hıdır Torman, Şakir Kurtulmuş, Mustafa Sarı, Ermir Nika və mən iştirak edirdim. Hər şair 20 dəqiqə ərzində şeir haqqında məruzə ilə çıxış edirdilər. Mən "Şeirdə zamanın əbədiləşməsi” adlı məruzə ilə çıxış etdim və iki şeir oxudum. Sonra şagirdlərin suallarını cavablandırdıq, daha sonra məktəblilər festivalın antologiyalarını bizlərə - şairlərə imzalatdırdılar. Qeyd edim ki, festivalın xüsusi buraxılışında - antologiyada hər şairin qısa tərcümeyi-halı və 2, yaxud 3 şeiri Türkiyə türkcəsində çap edilmişdi. 
Digər bir tədbir isə SAÜ Vəqif Kollecində baş tutdu. Həmin tədbirdə həmkarlarımız Orhan Özekinci, Hayrettin Orhanoğlu, Şakir Kurtulmuş, Asma Azaizeh, Lyudmila Diadçenko iştirak edirdilər. Günün növbəti tədbiri isə axşamüstü Sakarya Ofis Sanat Mərkəzində oldu və həmin tədbirdə bütün şairlər şeirlərini oxudular. Səhərki tədbirlərlə axşamkı tədbir arasındakı vaxt kəsimində isə Sakarya Kültür Mərkəzində ebru sənəti, miniatür sənəti, qalayçılıq atolyeləri ilə tanış olduq. Olduqca gözəl bir gün yaşadıq, yüksək sənət zövqü daddıq. 
Növbəti gün (12 oktyabr) Taraklı adlı qədim bir vilayətə yola düşdük. Orada bir neçə saat sərbəst vaxt keçirəndən sonra şeir gecəsi keçirildi. Qeyd edim ki, bütün tədbirlərdə dinləyicilərə festivalın kitabları, proqram nəşrləri və s. hədiyyə olunurdu. Taraklı olduqca qədim, sənətkarlığın son dərəcə inkişaf etdiyi gözəl bir vilayətdir. Bu istirahət şəhəri özü, elə bir gözəl şeir idi...
Oktyabrın 13-də Sapancaya gəldik. Uzun bir yol qət etdikdən sonra bu şəhərə yetişdik. Bir neçə saat Sapanca gölünün ətrafında gəzəndən sonra gözəl bir bağlanış mərasimi ilə şeir axşamları - poeziya festivalı bitdi. Həmin gecəki tədbirdə isə "Ölüm deyil” adlı şeirimi oxudum və Türkiyəli qardaşlarımızın şeirə möhtəşəm reaksiyaları əbədiyyən yaddaşıma yazıldı. 
Sapanca şeir axşamlarında son dərəcədə maraqlı şairlər tanıdım, onların bəzilərinin şeirlərini tərcümə etmişəm. İndiyə qədər iştirak etdiyim çoxsaylı ədəbi festivallardan fərqli olaraq, burdakı beynəlxalq heyət, elə bilirəm, öz əbədi dostlarını qazandılar. Çünki orda olduğumuz günlər ərzində həmkar münasibətlərimiz dostluğa çevrildi. Sənət söhbətlərindən taleyüklü məsələlərə qədər danışıb müzakirələr aparırdıq. 
Festival müddətində öz bilginliyi, erudisiyası və yüksək poetik istedadı ilə seçilən şairlərlə yaranan həmkar münasibətləri, ədəbiyyatımızın müxtəlif ölkələrdə təbliğinə, qarşılıqlı ədəbi əlaqələrin inkişafına rəvac verəcək. Festivalla bağlı nəşr olunan antologiyada yer alan şeirlər, uğurlu tərcümələr də sübut edir ki, şairlərin seçim meyarı çox dürüst aparılıb. 
Bu tipli ədəbi tədbirlərə qatılmaq, həm Azərbaycanımızın, həm də ədəbiyyatımızın təbliği baxımından müstəsna önəmə malikdir, şəxsim adına deyə bilərəm ki, dünya ədəbi trendini izləmək, poetik impuls almaq baxımından da çox vacib məsələlərdir. Dünya ədəbiyyatı ilə əl-ələ, nəfəs-nəfəsə olmaq, yeni sözün təravətini duymaq, millətinin ruhunu, ədəbiyyatının havasını başqalarına hiss etdirmək sarıdan, belə tədbirlər hər ölkəyə, orda iştirak edən hər təmsilçiyə çox şey verir. 
 
Fərid Hüseyn