Şanapipik

Şanapipik

29 Noyabr 2018, 10:08 1380
Gün qızandan, havanın hərarəti artandan sonra biçənəkdə çox qala bilmədim. Çünki əl tərpədib iş görən kimi tər dabanımdan süzülürdü. Güclə nəfəs alır, susuzluqdan dil-dodağım quruyurdu.Tərslikdən termosdakı çay da qurtarmışdı. Əlimi bir az iti tərpətdim ki, başladığım layı vurub evə qayıdım. Dəryazın ağzı kütləşdiyindən otu yaxşı biçmirdi. Olan-qalan gücümü toplayıb birtəhər layı axıra çatdırdım.
         Bir hovur dayanıb özümə gələndən sonra yoluma davam elədim. Bir-iki addım atmışdım ki, çəpərin dibində bir şanapipiyin çabaladığını, başqa birisinsə onun başının üstündə narahat-narahat uçduğunu gördüm. Fikirləşdim ki, yəqin göydə uçan ana, yerdə çabalayan bala şanapipikdir. Yazıq ana şanapipik səs-küy salıb uça bilməyən balasını yerdən qaldırmaq istəyirdi. Yoldan keçənlərin onu əzib öldürəcəyindən qorxurdu. Bala şanapipik adamlardan qorunmaq üçün çəpərin arasına girmək istəyirdi. Əgər uşaq-muşaq əlinə düşsə, yəqin sağ qalmayacaqdı. Şanapipiyi köməksiz qoyub gedə bilməzdim. Quşa yazığım gəldi, əyilib yerdən götürdüm. Bala şanapipik barmaqlarımın arasında çabalayırdı. Aman Allah, ürəyi necə həyəcanla döyünürdü! Onu yerdən qaldıran kimi anası qanad çalıb başımın üstündə fır-fır fırlanır, az qalırdı ki, gözümü töksün. Əvvəl güman elədim ki, yerdəki quş bala olduğundan uça bilmir. Amma sonra gördüm ki, yox, şanapipik yaralıdır. Yazığın ayağı da, qanadı da əzilib sınmışdı. O, bir ayağı üstə çətinliklə irəli dartınır, qana bulanmış qanadını güclə sürüyürdü. 
         İrəli getdikcə ana şanapipik də başımın üstündə uçaraq səs salıb ora-bura vurnuxurdu. Ovcumdakı şanapipik daha çırpınmırdı, ürəyi bayaqkı kimi həyəcanla döyünmürdü. Elə bil, hiss eləmişdi ki, onu öldürmək fikrində deyiləm. Bir şanapipik əlimdə, biri də başımın üstündə uça-uça həyətə girəndə oğlum Cabir, qızım Xuraman qabağıma yüyürdülər. Uşaqlar şanapipiyi əlimdən alıb oynatmaq istədilər. Onlara quşun yaralı olduğunu dedim. Bu xəbərdən uşaqların qanı qaraldı. Çardağın kölgəsində şanapipiyi yerə qoydum. Yazıq quş təkayaqlı bir az irəli dartındı, sonra qanlı qanadlarını arxasınca çəkmək istəyəndə yıxıldı, çox çabalasa da qabağa gedə bilmədi. Ana şanapipik çardağın üstünə qonub qana bulanmış balasını səsləyirdi. Balasının isə cavab verməyə heyi qalmamışdı. Gördüklərimizdən hamımızın gözü yaşarmışdı.
          Həyat yoldaşım Təranə soruşdu:
         – Ay Murad, bu şanapipiyi neyniyəssən? Onu qapıya niyə gətirdin? İndi burda başına bir iş gəlsə, qarğış yiyəsi olacıyıx, axı. Qoyaydın quş öldüyü yerdə öləydi də!...
- Nə danışırsan, ay arvad, bu sözləri deməyə dilin necə gəlir? Neçə illərdir məni tanıyırsan. Bilirsən ki, indiyə qədər heç Allahın bir qarışqasını da tapdalamamışam. O ki qalmışdı, yaralı quşu yolumun üstündə görüb onu orada köməksiz qoyam.
         - Bəs onda onu neyniyəssən? Həkimə aparassan, müalicə elətdirəssən?
         - Hə, müalicə etdirəcəm. Onu sınıqçı Qızbəs xalanın yanına aparacam, qoy şanapipiyin sınmış ayağını, qanadını yerinə salıb sarıyacaq.
         - Ay Murad, bəyəm Qızbəs quşlara da baxır? 
         - Niyə baxmır e? Ayaq ayaqdır də, nə fərqi var ki?
         Həyat yoldaşım dodağının altında bir az da deyinib sakitləşdi. Çay içib susuzluğumu yatırandan sonra, Təranənin gileylənməyinə məhəl qoymayıb yaralı şanapipiyi bir parça təmiz əskiyə büküb üz tutdum sınıqçının evinə. 
         Qızbəs xala məni görcək tələsik qabağıma yeriyib soruşdu:
         - Nə olub sənə, ay Murad?
         - Mənə heç nə olmayıb, ay Qızbəs xala. Kövşən yolunda yaralı bir şanapipik gördüm. Yazığım gəldi, quşu çəpərin dibində köməksiz qoymadım. İndi gətirmişəm ki, qanadına, ayağına bir əlac eliyəsən. Bunu sağalda bilsən, sən sağaldacaqsan, bir əlac eləməsən, ölüb gedəcək. Bu, Allaha da xoş gedər, bəndəyə də. O dee, anası da arxamca uçub gəlir.
         Qızbəs xala barmağını dodaqlarına aparıb təəccüblə dedi:
         - Ay Murad, vallah, mən hələ indiyə qədər quş ayağını, quş qanadını yerinə salmamışam.
- Ay Qızbəs xala, sənin üçün nə fərqi var e? Ayaq ayaqdı də, qırılan yerləri üz-üzə qoy sarı, qurtarıb getsin. Sonra yavaş-yavaş bitişib sağalacaq də. 
Bu sözləri deyəndən sonra əskini açıb şanapipiyi Qızbəs xalanın qabağına qoydum. Quşa yazığı gələn sınıqçı tələsik işə başladı. Gəlini Simuzərə tapşırdı ki, bir ovuc una yumurta vurub qarışdırsın. Özü isə arıq və nazik barmaqlarını asta-asta şanapipiyin yaralanıb sınmış, çıxmış yerlərində gəzdirdi. Yazıq Qızbəs xala birinci dəfəydi ki, quş üzərində sınıqçılıq edirdi. Hiss olunurdu ki, çətinlik çəkir. Ağrılara dözməyən bala şanapipik səs salıb çırpınırdı. Qızbəs xala quşun ayağının və qanadının sınmış yerlərini gəlini Simuzərin hazırladığı xəmirlə möhkəmcə sarıdı. Düzdür, sarğı bir az səliqəsiz alınmışdı. Amma daha neyləmək olardı, təki şanapipik tezliklə sağalsın. 
Evə şad xəbərlə qayıtdım. Xuramanla Cabirə dedim ki, narahat olmasınlar, bir-iki həftəyə şanapipik sağalıb uca biləcək. Bala şanapipiyin anası həyətdə səs-küy salıb bizdən balasını istəyirdi. Uşaqlar çardağın altında quş üçün yuva düzəltdilər. Yaralı bala şanapipiyə həm biz yem verirdik, həm də anası ağzında soxulcan, çəyirtkə və başqa həşəratlar gətirib yedizdirirdi. Xuramanla Cabir axşama qədər onunla oynayıb əylənirdilər. Onlar şanapipiklərə, şanapipiklər də onlara öyrəşmişdi. Təranənin də ürəyi yumşaldığından daha deyinmirdi. 
On gündən sonra şanapipiyi yenə Qızbəs xalanın yanına apardım. Arvad sarğısını açıb baxanda sevinə-sevinə dedi ki, Murad gözün aydın, quşun vəziyyəti yaxşılaşıb, sümükləri bitişir, bir həftəyə tamam sağalacaq. Qızbəs xala sarğını dəyişdi. Həftənin tamamında artıq şanapipik bir az uça bildi. Hərdən vaxtım olanda yaralı quşu çiyin bərabəri qaldırıb buraxırdım. O da rahatca uçub yerə qonurdu. Deyəsən, daha sınmış ayağı, qanadı əvvəlki kimi ağrımırdı. Şanapipiyin anası da evdəkilərə öyrəşmişdi. Bizdən qorxub çəkinmədən uçub balasının yanına gəlir, düzəltdiyimiz yuvada yatırdı. Bir ailənin üzvləri kimi baş-başa verib yaşayırdıq. 
İki həftədən sonra bala şanapipiyin yaraları tam sağaldı. Günlərin birində ona yem gətirən anasına qoşulub uçub getdi. Fikirləşdik ki, onlar bir daha həyətimizə gəlməzlər. Yavaş-yavaş şanapipiklər üçün darıxmağa başladıq. Çox keçmədi ki, quşları həyətimizdə gördük. Bala quş gəlib çiynimə qondu. Başının tükünü pırpızlaşdırıb səs saldı, quyruğunu qaldırıb-endirdi. Sanki bu hərəkəti ilə mənimlə salamlaşıb minnətdarlıq edirdi. Hələ uşaqlıqdan görmüşdüm ki, şanapipiklər insanlara yovuşmur, uzaqdan uçurlar. Balaca olanda nə qədər çalışsam da, heç vaxt şanapipik tuta bilməmişdim. Amma indi hər gün uçub həyətimizə gəlirdi. Şanapipiklər bizə yaman isinişmişdilər, elədiyimiz yaxşılığı unutmurdular. 
…Xeyli vaxt idi narahatlığımız artmışdı. Həyatımız, günlərimiz sakit məcrasından çıxmışdı. Narahatçılığımız şanapipiklər sarıdan deyildi. Dərd-sərimiz daha böyük idi. Torpaqlarımıza göz dikmiş düşmənlər tez-tez kəndimizi atəşə tuturdular. Gecə-gündüz ayaq üstə qalmışdıq. Top-tüfəng səsləri aləmi başına götürmüşdü. Gurultu-nəriltidən gecələr çimir də edə bilmirdik. Düşmən güllələri evlərin darvazasına, qapısına qədər gəlib çatırdı. 
Kənddə vəziyyət getdikcə pisləşirdi. Bir gün düşmən örüşdə mal-heyvan otaran çobanları öldürüb sürünü apardılar. Bundan sonra vəziyyət lap qarışdı. Hər gün bir neçə kənd sakini düşmən gülləsinə tuş gəlirdi. Camaat yavaş-yavaş evlərini tərk edirdi. Günlərin birində işğalçılar qəflətən kəndə soxulub bir neçə sakini öldürdülər, üç nəfəri girov apardılar, evlərə, ot tayalarına od vurub yandırdılar. Bundan sonra kənddə yaşamaq lap təhlükəli oldu. Heç yerdən köməyimiz yox idi. Gərginliyə dözməyib günlərin birində evimizin ən qiymətli əşyalarını götürüb, göz yaşları içində doğma ocaqlarımızı tərk etdik. Dədə-baba yurdumuz, bərəkətli torpaqlarımız düşmənlərə qaldı.
Yollarda çox əziyyət çəkdik, yük maşınlarında gecələdik. Uşaqlar soyuqdan xəstələndilər. Dörd  gündən sonra Bakıya çatdıq. Məskunlaşamağa yer axtara-axtara böyük çətinliklə tələbə şəhərciyinə gəlib çıxdıq. 
Xuramanla Cabir şəhər mühitinə, belə ağır həyata heç cür uyğunlaşa bilmirdilər. Həm yaraşıqlı evimizin, geniş həyətimizin, meyvə ağaclarımızın, doğmalarımızın məzarlarının, həm də şanapipiklərin xiffətini çəkirdik. Hərdən Cabir «Ay ata, görəsən, şanapipiklər necə oldu? Yəqin düşmənlər kəndimizi alandan sonra onları da öldürüblər.» - deyə soruşurdu. Oğlumun başını sığallayıb deyirdim ki, narahat olmasın, yəqin şanapipiklər sağ-salamatdır. 
İntizar, həsrət bizi üzürdü. Doğma ocaqlarımıza qayıdacağımız günü gözləyirdik. Amma illər keçsə də, yaxşılığa doğru heç nə dəyişmirdi. Atəşkəs elan olunandan sonra silahlar susmuş, müharibə dayanmışdı. 
Yataqxanada özümü narahat hiss edirdim. Havam çatmırdı, nəfəs ala bilmirdim. Çalışırdım ki, bir az münasib, sakit yer tapıb darısqallıqdan genişliyə çıxım. Ən çox fikrimdən torpaq alıb ev tikmək keçirdi. Əlimdə-ovcumda beş-üç manat pulum da var idi. Nə qədər ki, onu xərcləməmişdim, özümə, ailəmə bir gün ağlamaq istəyirdim. 
Soyuq qış keçib getmişdi. Həyata, təbiətə can verən yaz yenicə gəlmişdi. Yer üzünü yavaş-yavaş baharın ilıq nəfəsi isidirdi. İndi kənd-kəsəyin güllü-çiçəkli vaxtlarıydı. 
Vaxt itirmədən işə başladım. Torpaq sahəsini hasara alıb kənddəki həyətimizdə hansı ağacdan var idisə, burada da onlardan əkdim. Bundan sonra tikinti haqqında fikirləşdim. Evi də kənddəki formada tikmək istəyirdim. Günlərin birində bünövrə tökdüm. İş-gücüm nə qədər çox olsa da, şanapipikləri yaddan çıxarmırdım. Fikirləşirdim ki, yəqin növbəti yazda soyuq ölkələrdən kəndimizə köçən şanapipiklər bizi görmək üçün uçub həyətimizə gələcəklər. Amma nə qədər axtarıb özlərini dağa-daşa vursalar da, bizi orada tapmayacaqlar. Evlərimizin yandırıldığını, dağıdılıb yerlə-yeksan olunduğunu görəcəklər. Nə bilim, bəlkə elə onlar da, top-tüfəng səsindən hürküb yuvalarından perik düşüblər? Bəlkə də heç şanapipiklər bizim kimi güllə səslərindən qorxub doğma yerlərə dönük çıxmayıb, elə oralarda dağlara, daşlara sığınıb yaşayır, yolumuzu gözləyirlər? Başımda dolanan bu «bəlkələr» fikirlərimin sonunu min yerə aparıb çıxarırdı. 
İl yarımdan sonra yataqxanadan təzə tikdiyim evə köçdük. Hamımız sevinc içindəydik. Sanki doğma kəndimizə qayıtmışdıq. Günlər, həftələr, aylar ötüb keçirdi. Suyu bol olduğuna görə həyətimiz yavaş-yavaş yaşıllığa bürünürdü. Artıq ağaclar boy atıb dibinə kölgə salır, bar gətirirdi. Uşaqlar da ağaclar kimi yavaş-yavaş böyüyürdülər. Təranə də, mən də yaşa dolub, özümüz istəsək də, istəməsək də asta-asta qocalığa tərəf addımlayırdıq. 
Tez-tez həyətimizə şanapipiklər uçub gəlir, ağacların dibində eşələnib özlərinə yem axtarırdılar. Hər dəfə bu quşları görəndə gözlərim onların arasında bir vaxtlar ölümdən xilas etdiyim şanapipiyi axtarırdı. 
Bir gün başımı aşağı salıb həyətdə işləyirdim. Birdən hiss etdim ki, çiynimə nəsə toxundu, çevrilib baxdım. Gözlərimə inanmadım. Həmin şanapipik idi. Çiynimə qonub quyruğunu tərpədir, başının tüklərini pırpızlaşdırıb sanki mənimlə salamlaşırdı. Şanapipiyi ovcumun içinə alıb sığalladım, sonra da tüklərindən, qanadlarından, ayaqlarından öpdüm. Bildim ki, bu ayaqlar evimizin daşlarına torpağına dəyib. Onun ayağından öpəndə burnuma həyətimizin torpağının qoxusu gəldi. Çiynimə qonmuş quşun ayağına diqqətlə baxdım. Bu, ölümdən xilas elədiyim şanapipik idi. Arayıb-axtarıb neçə illərdən sonra məni tapmışdı. Onun qayıdışı inanılmaz idi. Yaxınlığında başqa bir şanapipik də var idi. Güman elədim ki, yəqin anasıdır. Nədənsə o mənə yaxın gəlmirdi. Diqqətlə baxanda gördüm ki, yox, bu, o deyil. Yəqin ki, artıq mənim şanapipiyimin anası ölmüşdü. Bəlkə də onun anasına da düşmən gülləsi dəymişdi? Əgər quş dil açıb danışa bilsəydi, ondan çox şey soruşub öyrənərdim. Ondan evimizi, həyətimizi, bulaqlarımızı, dağlarımızı, bağ-bağatımızı, düşmənlərin yurdumuzu necə viran qoyduqlarını xəbər alardım. Şanapipik məni tapdığına görə sevinir, başını gah qaldırır, gah da endirir, sevinc dolu qəribə səslər çıxarırdı. 
Tələsik evdəkiləri səslədim. Təsadüfən Xuraman da, həyat yoldaşı Sabir də bizdəydi. Onlar həyəcanlı səsimdən narahat olub tez həyətə çıxdılar. Sevinə-sevinə şanapipiyi onlara göstərdim. Uşaqlar şanapipiyi əlimdə görəndə heyrətdən donub yerlərində qaldılar. Doğrudan da, bu, möcüzə idi. Üstündən illər keçsə də, quş ona elədiyim yaxşılığı unutmamış, insanlardan etibarlı çıxmışdı. Neçə kilometrlərlə yol keçərək axtarıb-arayıb bizi tapmışdı. Hamı bir-bir onu öpüb sinəsinə sıxırdı.
O gündən sonra şanapipik həmişəlik həyətimizdə qaldı. Bizdən ayrılıb uzaqlara getmədi, elə bil yenidən bizi itirəcəyindən qorxurdu. Şanapipik gəlişi ilə sanki bizi kəndimizə, evimizə qaytarmışdı. İndi hamımız bir yerdəydik. Nə qədər xoş günlər keçirsək də, dədə-baba ocaqlarının, doğma ellərin, yurd yerlərinin həsrəti içimizi yandırırdı. Gecələr də yuxumuzdan çıxmayan gözəl el-obamıza dönmək arzusu ürəyimizi isidirdi. 
        
                                                      
Vahid MƏHƏRRƏMOV