• cümə axşamı, 28 mart, 17:12
  • Baku Bakı 16°C

Saatsaz

04.04.16 11:14 3452
Saatsaz
Vitrin şüşəsi bombardmanlar zamanı yaranan yüksək hava təzyiqindən qırılmasın deyə alt-üstdən ensiz kağız parçaları ilə yapışdırılmışdı. Vitrinin ortasında qalan kiçik, dar yerdə divar və qol saatlarını işləyib, ehtiyatla yerləşdirən çəlimsiz, eynəkli bir adam görünürdü. Hərəkətlərində yeni günə başlamağın həyəcanı var idi, məhz bu səbəbdə qarşıdan keçən londonluların çoxuna fikir vermədiyi hiss edilirdi. Balacaboy adam saatları vitrinə yerləşdirmək işini tamamladıqdan sonra dükandan çölə çıxıb, arxasında vitrin yerləşən şüşədən içəriyə boylandı. Qol və divar saatlarını, həqiqətən də, böyük diqqət və ehtiyatla sıralamışdı, arxadakı sırada divar saatları, onların düz qarşısında isə bir sıra boyu, kənardan yarım dairə kimi görünən, dəqiqliklə sıralanmış qol saatları... Bütün divar saatlarının əqrəbləri eyni dəqiqliklə bir yerdə durur, saat altını göstərirdi, qayışlarının incə və qalınlığı ilə bir-birindən fərqlənən qol saatlarının əqrəbləri isə saat üçü göstərəcək şəkildə düzəldilmişdi.
“Bəli, belə” - dedi saatsaz, baxışlarından öz işindən məmnun qaldığı oxunurdu – “Çox əla!”
Hardasa bir saat sonra küçənin tinində dayanan avtobusdan bir sərnişin düşdü. Qalın, uzun palto geyinmiş, qara şapka taxmış sarı saqqallı bu adamın boyu xeyli uzun idi. Yüngül hiss edilirdi, amma axsayırdı, əlində çəliyi vardı. Tində dayanan polis “Sabahınız xeyir” deyəndə, üzündə yüngül təbəssüm yarandı. Bu topal adamın adı Gebhardt idi və polislər onun adını öyrənməkdən çox məmnun olacaqdı.
Gebhardt çəliyinə söykənərək, yavaş-yavaş irəlilədi. Polislərlə qarşılaşmaqdan heç xoşlanmazdı. O da “sabahınız xeyir” deyən polisin səfehliyinə güldü. Saatsazın dükanına yaxınlaşıb, vitrindən içəri boylandı. Baxışlarını saat altını göstərən divar saatları üzərində gəzdirib, daha sonra saat üçü göstərən qol saatlarına doğru çevirdi. Üzündə heç bir ifadə yox idi. İki həftədir hər gün bu saat dükanının qarşısından keçir, hər gün vitrinə baxır, amma heç içəri keçmirdi. Bu dəfə Gebhardt saatını düzəltdi və qapıdan içəri girdi.
Vitrinə bitişik masanın sonunda saatsazla satıcı nə haqqındasa danışırdılar. Qapının səsini eşidər-eşitməz ikisi də həmin istiqamətə baxdılar. Saatsaz Gebhardta tərəf irəlilədi və niyəsə diqqətlə onun üzünə baxdı. Çəlimsiz adam:
“Buyurun, necə kömək edə bilərəm?” - dedi.
Gebhardt: “Saatım” – deyərək, qolundakı saatı göstərdi - “Bir saat, ya da daha əvvəl dayanıb”. Saatını çıxarıb saatsazla arasında dayanan iş masasının üzərinə qoydu. Gebhardtın saatı doqquzu göstərirdi. Saatsaz gözücü baxaraq:
“Başa düşdüm ki, saatınız dayanıb” - dedi.
Gebhardt mağazaya göz gəzdirərkən, satıcıya tərəf baxdı, nəsə seçirmiş kimi kataloq vərəqləyirdi. Saatsaz saatı götürüb, arxa otağa keçmək istəyərkən Gebhardt: “Qayışını da dəyişdirə bilsəniz, yaxşı olar. Bu artıq əməllicə xarab olub” – dedi. Dəzgaha söykəndi və gözləməyə başladı. Saatsazın saatı apardığı otağa tərəf boylandı. Yaşlı adam saat doğru əyilmiş, nə isə anlamağa çalışırdı. Cəmi bir neçə saniyə izlədikdən sonra siqaret yandırdı və gözləməyə davam etdi.
Çəlimsiz, eynəkli saatsaz beş dəqiqə keçməmiş əlində saatla birlikdə geri qayıtdı. Yeni qayış taxılmış və əqrəbləri saatı düzgün göstərən saatı geri qaytardı. Gebhardt saatı qoluna taxarkən, saatsaz:
“Onunla ehtiyatlı rəftar etməlisən. Bu, həqiqətən də, çox möhtəşəm saatdır” – dedi.
Gebhardt mənəvi rahatlıq və arxayınlıqla cavab verdi: “Bəli, bilirəm. Əminəm ki, artıq yaxşı işləyəcək”. Saatsaza olan borcunu ödəyib, dükandan çıxdı. Otağına girənə kimi qolunda yeni qayış taxılmış bir saat olduğunu bilməyinə baxmayaraq, bir dəfə də saata baxmadı. Çünki onun işində bu keyfiyyət var idi, həddindən artıq diqqətli olmaq sadəcə alınmırdı.
Londona gəldiyi ilk gündən bəri qaldığı balaca otağına girən kimi axsamaqdan “əl çəkdi”. Qapını qıfıllayıb, əmin və tələsik addımlarla pəncərəyə tərəf irəlilədi, pərdələri örtdü. İş stolundakı lampanı yandırıb, qol saatını açdı.
İti hərəkətlərlə saatın yeni qayışını hər iki tərəfindən eyni anda çıxardı. Sonrakı cibindəki bıçaqla qayışların dibini kəsdi. Kəsdiyi yerlərin birindən xırda və saat qayışına yerləşəcək qədər incə kağız parçası çıxdı. Xüsusi kodlarla yazılmış kağızı stolun üzərinə qoyub, açdı və lupa ilə mesajı oxumağa başladı. Mesaj qısa və aydın idi: “Kamazların 55-ci hissəsi sabah günortadan əvvəl Kral Çarlz meydanından yola salınacaq. Cəld hərəkətə keçin”.
Gebhardt: “Elə isə...” - dedi pıçıltı ilə. Kağızı külqabında yandırdı. Bir müddət yerindən tərpənmədən, oturdu, düşündü. O əvvəldən də bir neçə kamazın Londonda, Kral Çarlz meydanından sahilə əsgər daşıyacağını bilirdi. Kamazların hərəkət marşrutunun müəyyən hissəsində maşınlar da, əsgərlər də bombalarla havaya uçurulacaqdılar.
Yatağın altından çantasını çıxarıb, masanın üzərində açdı. Çantanın pambıq ciblərindən birindən bir bomba götürdü. Böyük və ləkəsiz idi, forma olaraq da, əvvəlki buraxılışlardan tamamilə fərqli idi. Bircə tellə istənilən maşının motoruna bağlanılır və motorun isinməsi ilə də partlayırdı.
Bombalardan on dörd dənəsini xırda bir paketə yerləşdirib, özü ilə götürməyə qərar verdi. İki saatlıq bir əməliyyat müddətində maksimum bu qədərini yerləşdirə bilərdi.
Gecə yarısı bütün əsgərlər və maşinistlər evlərinə çəkilmiş, bircə dəfə saat ikidə bir polis ətrafa nəzarət etmək üçün gəlmişdi. İngilislərin bu qədər ciddi işə bu qədər yüngül yanaşmasına sevinir və şükür edirdi. Gecə saat 12-2 arasında olan zaman kəsimi tamamilə onun ixtiyarında idi.
Zamanın əhəmiyyəti haqqında düşünərkən birdən saatı ağlına gəldi. Saata yeni qayış taxıb, qoluna keçirdi. Sonra sakitcə pəncərə önündə əyləşdi. Səmanı seyr edərkən beynində planın və əməliyyatın son detallarını götür-qoy edirdi.
Əlbəttə! Elə bayaq saatsaza lazımı kodu vermək üçün düz bir saat dörd dəqiqə gecikmişdi. Təkrar güldü və saatın əqrəbini 64 dəqiqə əvvələ çəkdi. Belə xırda detalları unutmaması idi onu əvəzsiz agent, kəşfiyyatçı edən. O bu işin öhdəsindən qüsursuzca gəlirdi.
Gebhardt planlaşdırdığı zaman gələndə ehtiyatla qaranlıq küçələrin sonsuz ümidsizlik aşılayan havasında irəliləməyə başladı.
Kral Çarlz meydanının arxasındakı dar küçədə dayandı və saatına baxdı. Saat düz 12-ni göstərirdi. Gülümsədi. Hər şey saat kimi işləyirdi. Özünü tamamilə təhlükəsizliyə almaq üçün on dəqiqə də gözləməyə qərar verdi. Alçaq bir hasardan atlayıb, iki binanın arasındakı dar yolda eyni ehtiyatlılıqla irəliləməyə başladı. Nəhayət, Kral Çarlz meydanına çıxdı. Kamazların qara kölgələrini sayaraq, bir müddət ayaqüstdə, bir küncdə gözlədi. Özünə ən yaxın dayanan kamaza doğru irəlilədi. Paketi yerə qoyub, qısa bir məftil və qayçı çıxardı. Kamazın altına uzandı və motorun alt hissəsinə toxundu. Arxası üstdə uzanaraq, qaranlıqda bombanı uyğun yerə birləşdirmək üçün dəqiqləşdirmə apardı.
Kimsə topuğunun üstünə basdı. Gebhardt ayağında şiddətli ağrı hiss etdi. Nəfəs belə almadan dodaqlarını dişləyib, gözlədi. “Yox, yox, bu saatda burada kimsə olmamalıdır” – deyə, düşündü. Bir neçə dəfə buranı yoxlamışdı, amma topuğunun üstündəki ağırlığı hələ də hiss edirdi.
“Belə, cənab” – kimsə dilləndi – “Çıx ordan”.
Qayçı əlindən yerə düşdü. Ayaqlarından yapışan əllər bütün gücü ilə onu çölə çəkdi. Qorxu içində adamı yumruqlayıb, əlindən çıxdı və sürətlə qaçmağa başladı. Kimsə bağırdı, digəri fit çaldı. Hardansa kürəyinə ağır bir şey dəydi və onu yıxdı. Qarşısına çıxan kiməsə bir-iki yumruq atıb, yenə qaçdı. Qarşısına divar çıxdı – yanlış istiqamətə qaçıbmış. Üzərinə gur işıq tuşlandı, geriyə qayıtmaq istədi, amma gec idi.
“Oradadır, tutun!”.
Gebhardt silahını çıxartdı, qaçanda qışqırdıqlarını və getdikcə yaxınlaşdıqlarını anlayırdı. Arxasında silah səsləri gəlirdi. Biri kürəyindən dəydi.
“Ola bilməz” - ürəyindən keçirdi. Planı mükəmməl idi. Dərin ağrı hiss edirdi. Zəif xırıltı ilə təkrarladı: “Ola bilməz”. Əsgərlər çatanda çoxdan ölmüşdü.
Gənc əsgər: “Adamdakı cəsarətə bax. Bizim burada olmayacağımızı düşündüyü üçün belə bir şeyə cəhd edib yəqin. Qolundakı saat möhtəşəmdir, heyif ki, qırılıb” – dedi.
Əsgərlərdən biri saata diqqətlə baxaraq: “Saat hələ 12-yə işləyib. Bu saat bir saat irəlidir. Bu necə ola bilər ki?” – deyə, əlavə etdi.
Yaşlı saatsaz ertəsi gün qəzetlərdən Gebhardt ilə bağlı xəbərləri oxuyanda çox təəccübləndi: “Anlamıram. Görünür, adam olduqca diqqətsiz rəftar edib. Mən qətiyyən xəta etmədim. Bəli, bəli, dəqiq xatırlayıram. Hətta geri verməmiş saatı dəqiq saata uyğunlaşdırmışdım...”
İngilis dilindən tərcümə edən: Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər