• cümə, 29 Mart, 16:48
  • Baku Bakı 14°C

Sağalmaz yara

30.01.17 12:30 6091
Sağalmaz yara
Yaxın aylarda tanınmış şair Fazil Güneyin "Qara qan” romanın hər üç hissəsi vahid kitab halında çapdan çıxacaq. Həmin əsərdən bir hissəni oxuculara təqdim edirik.
Məcnun Cahangiroğlu heç belə kövrəlməmişdi. Onu kövrəldən dövlət başçısının televizorla yayılan sözləriydi: "Qarabağ kimi Zəngəzurda da, Qərbi Azərbaycanda da etnik təmizləmə aparılmış, aborigen xalq öz yurd-yuvasından qovulmuşdur”.
Diktorun "Gün gələcək, onlar öz tarixi torpaqlarına qayıdacaqlar” sözlərindən sonra Məcnun Cahangiroğlu özünü saxlaya bilmədi, otağının qapısını arxadan bağlayıb hönkürdü, nisgil qarışıq sevinc yaşları gözlərindən selləndi. Prezident barmağını Ermənistana silkələmişdi. İndiyəcən belə yüksək səviyyədə onlara deyilməmişdi ki, sənin dövlət qurduğun ərazi bizim tarixi torpaqlarımızdır. Bu sözlər onun yanan sinəsinə soyuq su səpdi. Öləziyən ümid çırağının şöləsini gurlaşdırdı...
İlk baxışdan qaraqabaq, laqeyd, bir az zəhmli görünən pəhləvan gövdəli, yaşı altmışı adlamış bu kişinin belə hönkürtüylə ağlamasına gözü ilə görməyən inanmazdı.
"İnsan ağlayanda yüngülləşir”, - deyiblər. O isə yüngülləşmədi. Bu, elə ağır dərd idi ki, ürəyindən asılmış elə ağır yük idi ki, göz yaşları bu ağrılı ağırlığı yuyub apara bilməzdi.
Harda görünüb ki, Vətən həsrəti, yurd-yuva dərdi, nisgili ilə qan verən yaranı göz yaşları ilə yuyub qurudasan?
Məcnun gözlərini yumub özünün ən sevimli ağ-qara "film”inə baxmağa başladı. O, çox filmlər görmüşdü, amma bu "film” onun özünə məxsusdu, indi ona məxsus olmayan torpaqlarda, ev-eşiyində "çəkilmişdi”. Bir-birini əvəz edən mənzərələrə cihazsız-zadsız ancaq bəsirət gözüylə baxmaq olurdu. Bu film kamerasız-zadsız bəsirət gözü ilə çəkilmişdi. O, öz filmini məşhur Oskar mükafatı almış filmlərin toplamına belə dəyişməzdi...
Bu mənzərələri, bu kadrları harda görə bilərdi?
...Quzeydə Göydağın, günbatanda Tayaqaya dağının zirvələri əks olunan Arpa gölünün qırağında yaz-yay gül-çiçəyə bürünmüş doğulduğu Quzukənd. Kəndin yuxarısında yüz illərdir şırıldayan Şalğamgözə bulağının dərman suyu... Göydağa qalxanda Türkiyədəki Çıldır gölü, əski Amasiya sancağının – vilayətinin geniş düzənləri, dağları, təpələri görünürdü. Araya tikanlı məftillər çəkilmişdi. Böyük Amasiyanın bir parçası olan indi Ermənistanın tərkibindəki böyük bu ərazidə yaxşı ki, Amasiya inzibati rayonu adını saxlamışdılar. Sovetlər dönəmində tarixi adlar indiki kimi başdan ayağa dəyişdirilmirdi. XIX əsrin rus-türk müharibələri zamanı işğal olunmuşdu azəri türklərinin min illərdir yaşadığı bu ulu torpaqlar.
Məcnun az-çox bölgənin tarixini, coğrafiyasını bilirdi. Onların kəndlərinin sağ-solunda, aşağısında Qarabulaq, Ellərkənd, Çivilli, Güllücə, Balıqlı və s. kəndlərinin əhalisi çiyin-çiyinə verib yadellilərə sinə gərmişdi, dədə-baba torpaqlarını da, dillərini də, adət-ənənələrini də saxlamışdı. Arpagölün hər yanı meşəlik, yaşıllıq idi. Bu yerlərdə minbir dərdin dərmanı olan çiçəklərin, otların ətri adamı bihuş edirdi, az qalırdı qoyun-quzu ilə bərabər otlasın bu gözəlliyi... Quzukəndin əhalisi heyvandarlıqla, taxılçılıqla məşğul olurdu. Kəndi çevrələmiş dağlar yaylaq idi, aşağı kəndlərin sürüləri də burada yaylayırdı. Sanki bu yerlərə al-qırmızı, sarı, yaşıl, mavi boyalı, ölçüyə gəlməyən çox böyük bir xalı sərilmişdi. Sarı çiçəklərin rəngi yedikləri nehrə yağına, yumurtaların sarısına, al qırmızı çiçəklərin rəngi isə uşaqların, qız-gəlinlərin yanaqlarına, dodaqlarına köçmüşdü... Bu ecazkar xalının "yeləni” 5-6 kilometrlikdəki tikanlı məftilli sərhəd dirəklərində qurtarırdı. SSRİ-Türkiyə sərhədlərindən o yanda eyni çiçəkli "ilmələrlə” toxunmuş başqa bir xalı başlayırdı. Qışda isə ağ duvaqlı gəlinə bənzəyirdi bu yerlər. Soyuq olsa da, çox hiss olunmurdu. Yeriyəndə adamlarından buğ qalxırdı. Sürüynən saxladıqları, Arpa gölündə bəslənən qazları yerə qar düşəndə kəsib, ayaqlarından taxtapuşda asırdılar. Payızda qoyunların kök vaxtında kəsib qovurur, çəlləklərə yığıb qışa saxlayırdılar. Təndirdə bişirilmiş yağlı qaz ətini, qoç qovurmasını, Arpagölün şirin balıqlarını yeyənlərdən, əlbəttə, buğ qalxardı, soyuq onlara kar etməzdi. Bakıda qaçqın kimi məskunlaşdığı Bayıldakı həyət evində özünə yaxşı şərait düzəltsə də, Quzukənddəki ev-eşiyinə çatmazdı. Bu saat yollar açılsaydı, oraya qayıtmaq mümkün olsaydı, günü bu gün hər şeyi tullayıb, düşərdi yolun təkinə, payi-piyada gedərdi ata yurduna...
Məcnun Cahangiroğlu Bayıldakı evini bir ermənidən pulunu sayıb almışdı. Onunsa Quzukənddəki malikanəsini zorla tutub yerləşən Xaçik adlı hayk bir qara qəpik də verməməsi bir yana, onun çıxıb getməsini gözləmədən həyasızcasına tələb etmişdi:
- Sən evdən çıx, burda mən yaşayacam. Evi boşaltmağa bir sutka vaxt verirəm.
Məcnunun gözlərində sanki ildırım çaxmışdı, öz sifətini vurub kömür kimi qaraltmışdı. Xaçik sözünü deyib uzaqlaşmasaydı, hər ikisi üçün sonuc çox pis qurtaracaqdı. Dədə-baba yurdunda zəhmətlə, gələcək arzularla tikdiyi evindən onu çıxaran bu haykı ayaqlarının altına salıb, sümüklərini xıncım-xıncım edəcəkdi. Bir himə bənd olan kəndə köçmüş hayklar da tökülüşəcəkdilər üstünə, ölüncə döyəcəkdilər. Köməyə gələn də olmayacaqdı. Nəinki Quzukənddən, Arpa gölünün həndəvərindəki bütün kəndlərdən azəri türkləri köçürülmüşdülər. Sovxozun mühasibat sənədlərini təhvil-təslim etməliydi, yoxsa ermənilər onu dolaşdırardılar. 1988-ci il idi, sovet hökumətinin hələ qan-qan deyən vaxtıydı. Kənddə tək o və əmisi Baxış qalmışdı, o da müdir olduğu mağazanı təhvil verirdi...
1988-ci ildə erməni gizli təşkilatları SSRİ-nin başçısı Mixail Qorbaçovu ələ alandan sonra təxribatçılar İrəvandan başlayaraq bütün bölgələrdə aborigen xalqın – Azəri türklərinin evlərini boşaltdırıb, özlərininkinə paylayırdılar. Dədə-baba yurdlarından çıxmaq istəməyib dirənənləri aradan götürürdülər, kimisini döyüb öldürür, kimisini maşınla vururdular, hətta bir neçəsini işlədikləri taxta sexində elektrik mişarının ağzına verib ikiyə bölmüşdülər.
Bütün bunlar milisin, digər inzibati orqanların, məmurların gözü qabağında baş verirdi. Buna görə də, pəhləvan cüssəli Məcnun "Allah şeytana da, onun bu törəmələrinə də lənət eləsin, cəzalarını versin” deyib özünü sakitləşdirirdi, ailəsini, toyunu görmədiyi oğul-qızını gözləri önünə gətirib susmağa məcbur olurdu. Arxalarında silahlı milis, sovet ordusu dayanmış, xaricdən dəstək alan, yaxşı təşkilatlanmış erməni təxribatçılarına qarşı əliyalın yerli əhali nə edə bilərdi? Dözməyib səsini qaldıranları birdəfəlik susdururdular. Onların harayına səs verən yoxdu. Türkiyə səsini içinə çəkmişdi, Bakıda respublika rəhbərliyi susurdu. Xalqın böyük oğlu Heydər Əliyevi bu olaylar öncəsi Kremldən uzaqlaşdırıb ev dustağı etmişdilər... Ermənistan SSRİ-də qurban gedən dinc Azərbaycan türklərinin sayı 300-ə yaxın idi.
Xaçik Qriqoryan adlı bu hayk Gürcüstanın Cavaxetiya adlandırdığı, ötən əsrin 40-cı illərinədək Məhsəti türklərinin yaşadığı Axalkaladan idi. Həmin illərdə Mikoyanın təşkilatçılığı, Stalinin əmri ilə boşaldılıb, Qazaxıstan çöllərinə sürgün edilmiş yerli xalqın evlərinə xaricdən gələn ermənilər köçürülmüşdü. Ata-babalarına Axıska türklərinin yurdları əta edilmişdi, indi oğul-nəvələrə Azəri türklərinin evləri, tarlaları bağışlanırdı.
Məcnun Gəncədəki Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra rəhmətlik anası Azərbaycanda qalmaq istəyən oğluna demişdi:
- Hamınız savad alıb gedirsiniz. Bəs dədə-baba yurdumuz olan bu torpaqlarda kim qalacaq? Bu mahalı kim qoruyub saxlayacaq?
Bu sözlərdən sonra o, Amasiyaya dönmüş, kəndlərində öz ixtisası üzrə işləməyə başlamışdı, böyük bir sovxozun – 15 min iri və xırdabuynuzlu heyvanı olan, tonlarla taxıl becərilən kənddə baş mühasib vəzifəsinə yüksəlmişdi. Amasiya rayonunun 3-4 erməni kəndini çıxmaqla qalanı Azəri türklərinin kəndləriydi. Rayonun başçısı azərbaycanlı olsa da, prokuroru, milis rəisi, məhkəməsi, digər məmurlarının çoxu ermənilərdi. Birinci katib İldırım Bağırov çox savadlı, ağıllı, çevik, sovet qanunlarını yaxşı bilən siyasətcil, millətini sevib qoruyan şəxsiyyətli insandı. Ermənilər onu "türkün atası” adlandırırdılar.
Bu rayonun erməni məmurları onların sayəsində kef çəkirdilər: ailələrini, qonaq-qaralarını dincəlmək, yeyib-içmək üçün Quzikəndə gətirirdilər, evlərinə cəmdək-cəmdək ət, motal-motal pendir, sərnic-sərnic qatıq, sarı yağ, kərə yağı aparırdılar.
Bir dəfə rayon prokuroru qonağı ilə Arpagölə yeyib-içməyə gələndə Məcnuna demişdi:
- Sizin adamlar əliaçıqdılar, ağzıbərkdirlər. Bizimkilərin birindən bir çoşka istəyəndə gedib xəbərçilik edir.
Məcnunun ömrünün ən ağrılı çağı boşaldılmış kəndin küçələrindən, evlərindən ermənicə danışıqların ucalması, "yaxşı ağladırıq türklərin anasını” kimi ifadələri, söyüşləri eşitməsi idi. Bunun pik nöqtəsi öz əlləri ilə tikdiyi ikiqatlı evindən anbar kimi işlətdiyi köhnə tikiliyə köçməsi, Xaçikin yandıq verə-verə onun yataq otağında yatdığı gecə oldu. O, ermənilərlə çox işləmişdi, dillərini bilirdi. Aralarında yaxşısı da, pisi də vardı. Amma beləsini görməmişdi. Hər hərəkəti, baxışı "vur məni öldür” deyirdi... Traktorunu gətirib onun qaldığı anbar tikilisi ilə evin arasındakı dar yerdə saxlayırdı. Dözə bilməyən Məcnun zorla gülümsəyib demişdi:
- Niyə gen həyətdə saxlamayıb, bu dar yerə soxursan? Döndərəndə anbarın, evin divarlarını zədələyə bilərsən.
Xaçik sifətinə saymazyana ifadə verib ikrahla səsini yüksəltmişdi:
- Ev mənimdir, özüm bilərəm. Sənə nə dəxli? Yoxsa düşünürsən ki, möcüzə baş verəcək, bu ev yenə sənin olacaq? Ümidini qoz elə, bir daha buralara qayıtmayacaqsınız, sizlər bitib tükəndiniz.
- Dünyanın işini bilmək olmaz. Mən qayıtmaram, oğlum, nəvələrim gələrlər, - deyə Məcnun təmkinini pozmadan çevrilib gedən Xaçikin cavabını vermişdi.
Quzukənddə donuz saxlamırdılar. İndisə həyətlərdən qoyun-quzu mələrtisi yox, donuzların səsləri ucalırdı, kəndi donuz üfunəti basmışdı. Xaçik də əlliyə yaxın donuzu bir vaxtlar mal-qoyun saxlanan anbara bitişik tövləyə buraxmışdı. Məcnunun pis qoxudan, donuzların xorultusundan, qışqırtısından yuxusu qaçmışdı, nəfəsi tıncıxırdı, sinədolusu hava ala bilmirdi. Kəndin ab-havası tamam dəyişmişdi. Elə bil dağlar küsmüşdü, təmiz havası gəlib bura çatmırdı. Bir səhər necə əsəbiləşdisə, Xaçik işə gedəndən sonra tövlənin qapısını açıb donuzları buraxdı. Hara gəldi soxulan, nə gəldi yeyən bu acgöz heyvanların hərəsi bir səmtə üz tutdu. Bir neçə gün Xaçik onları tapıb bir yerə yığa bilmədi, beş-altısının leşini gölün qırağındakı bataqlıqdan çıxardı.
Doğma kəndi gözü qabağında özgələşirdi, aurasını dəyişirdi. Ermənilər hər yerə doluşmuşdular. Kənd həmən kənd deyildi. O kənd ki, o torpaq ki, Şumerlər dövründən, Troy dönəmlərindən, İrbaham peyğəmbər zamanından sakinləri Məcnunun ulu əcdadları olmuşdular. Min illərdən sonra bu torpaqları sonuncu tərk edənlər Məcnun, əmisi Baxış kişi, bir də iti Alli olacaqdı. Mağaza müdiri olmuş əmisi təhvil-təslim aktını alıb onu gözləyirdi.
Qəribəydi ki, Alli Xaçik gələn gündən ona mırıldanıb dişlərini qıcırdır, neçə həftədir burada yaşamasına baxmayaraq yaxına buraxmırdı. Amma kəndin o başında yaşamış Baxış kişini birinci gündən qəbul edib tanımışdı. Xaçikinsə itə gözü düşmüşdü, bir-iki dəfə Məcnunun ağzını aramışdı:
- Gedəndə iti neynəyəcəksən?
Məcnun çiyinlərini çəkmişdi:
- Hələ bilmirəm.
Məcnun da təhvil-təslim aktını alıb əmisi ilə getməyə hazırlaşanda Xaçik üzünə xoş ifadə verib onu yanladı:
- Sən bu boyda ev-eşikdən əl çəkibsən, gəl iti də mənə ver.
Məcnun onunla məzələnməyə başladı:
- İt səni istəmir, necə verim axı? Dur get yanına, başını sığalla, yemək ver, qəbul etsə, sənindir.
Xaçik əlində bir tikə çörək Alliyə yaxınlaşmaq istəyəndə it dişlərini qıcırdaraq, mırıldayıb necə qəzəblə baxdısa, o, geri sıçradı.
- Görürsən, səni istəmir, - Məcnun tam ciddiliklə söylədi.
- Ara, sən bağlı qoy get. Sahibinin onu atdığını görəndən, ac-susuz qalandan sonra yumşalacaq.
- Yox, mən siz deyiləm, dostluğa xəyanət edə bilmərəm.
- Bu dünyada hər şey satılıb alınır, sadəcə, hər şeyin öz qiyməti var.
Məcnun "İtə ataram, yada satmaram” deyimini xatırlayıb dilləndi:
- Yox, Xaçik, mən bu iti sata bilmərəm.
Əmisi "Niva”sının motorunu işə saldı. Cibindən bir çəngə rubl çıxaran Xaçik qırsaqqız olub əl çəkmirdi:
- Son dəfə deyirəm, al pulunu, iti sat. Bu boyda mülkün yanında it nədir ki, vermək istəmirsən. Evi verdin, onu qoruyacaq itini də ver.
- Xaçik, mən bu mülkü sənə vermədim, zorla girdin bura. Mən bu evi, torpağı sənə halal eləmirəm.
Ermənicə danışan Məcnun bu dildə halal sözü, halal anlayışı olmadığı üçün türkcə dedi. Xaçik türkcə danışa bildiyi üçün bu sözün mənasını yaxşı başa düşürdü:
- Ara, heç eləmə. Musulmanın halal-haramı mənim vecimə deyil. Biz elə sizin halal-malal eləmədiyiniz haram malınızla yaşayırıq, yaşamışıq, yaşayacağıq da. Nə əcdadlarımıza bir şey olub, nə də özümüzə. Gördüyün kimi hazıra nazir kef eləyirik. İndi tez çıx get, başım xarab olur.
Məcnun kiçik əl bağlamasını götürüb maşının yük yerinə qoydu, arxa qapını açıb iti çağırdı. Alli təlim görmüş məşhur ovçarka cinsindəndi. Məcnun Xaçiklə sağollaşmadı, başını pəncərədən bayıra çıxarmış Alli isə ona sarı bir-iki ağız hürdü. Məcnun başa düşə bilmədi ki, it niyə belə etdi?
Məcnun son kərə çevrilib əcdadlarından qalma ana yurduna baxdı. Min illərdən sonra yeni eramı başlanırdı? İçindən qalxan qəhər boğazına tıxandı, bir cüt göz yaşı bəbəklərində dondu. Yox, düşmən yanında zəiflik göstərmək olmazdı, Xaçik gözünü ona zilləmişdi.
Məcnun bədii ədəbiyyat aludəçisi deyildi, amma xoşu gələn şeirlər, qoşma və bayatılar bir dəfə eşidib oxumaqla yaddaşına yazılırdı.
O da yurd yerini, Vətənini tərk edən həmdərdliləri kimi Məmməd Arazın məşhur
"Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman salamat qal, dağ salamat qal”
beytini öz halına uyğunlaşdırıb dodaqaltı deyə-deyə maşına oturdu:
Bir də bu yerlərə düşməz ayağım,
Arpagöl, Qalaçadağ, Göydağ salamat qal!
Lakin sonuncu ayrılıq irəlidə olacaqdı. Onun başqa əlacı yoxdu. Artıq xatirəyə çevrilmiş Quzukənddən otuz kilometr aralanandan sonra daha itin illərlə yaşadığı evə qayıtmaq ehtimalının olmadığını düşünən Məcnun maşını saxlatdırıb düşdü, arxa qapını açdı:
- Alli, en aşağı.
Sahibinin əmrinə tabe olan it cəld yerə tullandı, nəsə hiss edirmiş kimi zingildəyib başını onun qıçlarına sürtməyə başladı. Məcnun itin xaltasını, qayışını açıb dedi:
- Alli, sən daha azadsan, get!
Gərəkdimi Alliyə belə azadlıq? İnsanın yırtıcılar içindən seçib özünə dost etdiyi bu heyvanların nə qədər ki, it adı üstündəydi, azad, sərbəst yaşaya bilməzdilər. Sərbəst yaşamaq yırtıcı canavara çevrilmək idi.
Alli qulaqlarını şəklədi. Məcnun əlindəki xaltanı göstərib kövrək səslə dedi:
- Alli, daha səni kimsə zəncirləməyəcək, daha sahibin yoxdur, özün öz sahibinsən... Məcnun yoxdu, Quzukənd öldü, daha yoxdur. Bizim kəndin camaatı da yoxdur, hərəsi bir yana dağıldı. Sovet hökuməti bizi aldadıb işlətdi, bu dar gündə yiyə durmadı. Hökumət yoxdur, başlı başını saxlasın zəmanəsidir. Sən də get, öz başını saxla. Mən özümü, ailəmi güclə saxlaya bilərəm. Bakı kimi şəhərdə sənə ayrıca it damını harda tikim? Get, Alli, get. Bu dünyanın sonu onsuz da ayrılıqdır.
Alli yolun qırağında çömbəldi. İt ağlıynan nə baş verdiyini anlamaq istədi... Əvvəlcə, doğma həyətindən mal-qara, qoyun-keçi, qazlar, toyuqlar yoxa çıxdı, sonra ona yemək verən ailə üzvləri getdilər. İndi onun sahibi, dostu getmək istəyirdi. Təqsirkar evlərinə girmiş, içində şeytan oturmuş o kişi idi. İtlər cin-şeytanı duyub görür. Buna görə də Allinin ondan zəhləsi gedirdi. Sahibi buraxsaydı, o şeytan adamı parça-parça edərdi.
Məcnun sərt hərəkətlə çönüb maşına mindi. Alli onun arxasınca getmədi, kirimişcə oturub baxdı. Yüz metr aralanmışdılar, gözləri dolmuş Məcnun əmisindən xahiş etdi ki, maşını saxlasın.
Maşından düşən Məcnun itə sarı bir-iki addım atan kimi Alli yerindən sıçrayıb ona sarı götürüldü, sahibinə çatan kimi dal pəncələri üstə qalxıb başını onun sinəsinə qoydu.
Məcnun möhkəm iradə sahibiydi. Quzukəndin boşaldılması, qohumlarının, yaxınlarının ev-eşiklərini qoyub çıxması, kəndin türk aurasını dəyişib erməniləşməsi gözləri qabağında olmuşdu, sovxoz idarəsinə, mühasibat otağına doluşan ermənilərin atmacalarını eşitmişdi. Hər dəfə içindən qalxıb boğazına tıxanan qəzəb dolu qəhəri Allahdan səbr diləyib, köksünə ötürməklə içinə qaytarmışdı. Həmən qəhər yenə içindən qalxdı. Məcnun daha onu saxlamadı, itini qucaqlayıb elə hönkürdü ki, əmisi diksinib maşından düşdü, ona sarı tələsdi:
- Ə, məni qorxutdun, dedim, ürəyi partladı-nədi bunun.
Yox, Məcnunun ürəyi deyil, içinə yığılmış qəzəb, ayrılığın doğurduğu nisgil idi partlayan. O, ürəyini boşaldıb özünü ələ aldıqda Allinin də gözündən bıldır-bıldır yaş töküldüyünü gördü, təzədən kövrəldi.
Kim deyir itlər, atlar ağlamır? Kim deyir göz yaşları ancaq insanlara məxsusdur?
- Məcnun, gəl, işıqkən sərhədə çataq. Gecəyə düşsək, bu it uşaqları qabağımızı kəsib maşını əlimizdən alarlar, özümüzü də o dünyalıq edərlər.
- Yaxşı, Alli, get, - deyib itdən ayrılan Məcnun əli ilə çöllüyü göstərdi, sonra əmisinə sarı çöndü, səsini qaldırıb acıqlı-acıqlı dedi:
- Əmi, sən Allahın adı onlara "it uşağı” demə. İt mərd, sədaqətli, çörək qədri biləndir.
- Bə nə deyim? Necə ürəyimi soyudum?
- Deynən donuz uşağı, Şeytanın törəmələri.
Maşın yerindən tərpənəndən sonra Məcnun son dəfə geriyə çevrilib Alliyə sarı baxdı. Maşının tərpənib getdiyini görən it də çömbəldiyi yerdən qalxıb asfalt yolla deyil, ağır-ağır üzü çöllərə doğru addımlamağa başladı.
Asfalt yol insanlarındı, insanların içinə aparırdı. Allinin it ağlı bunu kəsirdi. Amma o daha insanları istəmirdi, insanlardan küsmüşdü. Məcnun onun sonuncu sahibiydi. Əvvəlki sahibləri bir-birini əvəz edən sərhədçilər olmuşdular. Alli sonuncu sahibinə çox bağlanmışdı, ən çox ondan qayğı görmüşdü.
İnsanlardan küsüb çöllərə üz tutan Alli əcdadlarınamı gedirdi? Bir kökdən olan qurdlarınmı yanına pənah aparırdı? O qurd kimi yaşaya biləcəkdimi? Canavarlar, tülkülər, çaqqallar təki ov ovlayıb, quş quşlamağı bacaracaqdımı? Yoxsa, bu, intihar idi? Qarşısına yemək qoymayınca yeməyən Alli insanlarsız necə yaşaya biləcəkdi?
Bunları düşünən Məcnunun ürəyi ağrıdı... "Yaşamaq, sağ qalmaq əzmi bütün canlılara xas olan şüuraltı hərəkətverici bir amildir. Bəlkə Alli də çöl həyatına alışacaq, əcdadlarının ovçuluq vərdişləri onda oyanacaqdır” deyib özünə təskinlik verdi.
Telefon zəng çaldı. Məcnun gözlərini açıb dəstəyi götürməyi ilə onun acılı-şirinli xatirələr "filmi” görünməz oldu, sanki "film” göstərilən ağ divara gün işığı düşdü...
Məcnun özünə gəlib bugünkü yaşam gerçəkliklərinə qayıtdı, idarənin yarımillik hesabatı ilə bağlı rəqəmləri tutuşdurub yoxlamağa başladı. Bu rəqəmlər hər gün onun başını qatıb fikrini məşğul etsə də, öz millətinin içində gün-güzəranı getdikcə yaxşılaşsa da, ürək yaralarını sağalda bilmirdi. Dünyanı ən yaxşı loğmanları tökülüşüb gəlsəydilər də, onun ürək ağrılarını kəsə, içindəki qan verən yaranı sağalda bilməzdilər. Bu yaranın məlhəmi Şalğamgözə bulağının suyundaydı, Arpagölün, Tayaqaya dağının, Göydağın havasındaydı...
banner

Oxşar Xəbərlər