SAĞ TƏRƏF-SAĞ ƏL

SAĞ TƏRƏF-SAĞ ƏL

24 Oktyabr 2016, 09:59 1021
"Əməl dəftəri sağ əldən verilən kimsələr- nə xoşbəxtdir sağçılar!” ("Vaqia” surəsi, 8-ci ayə)
                                                                Bakının yeli əsdi, 
                                                                                     Əsib səbrimi kəsdi.
                                                                                     Sağ gözüm sənə qurban,
                                                                                                             (Xalq bayatısı)
                                                                                      Sol gözüm mənə bəsdi.
                                                                                     Solum Məğrib, sağım Məşriq...
                                                                                                             Nəsimi
 
                                                                                                 
   ...İşıq dünyaya sağ tərəfdən düşür.                                                                  
   ...Günəş sağa tərəf istiqamət götürüb hərəkət edir.
Altaylar inanırmışlar ki, böyük igidləri, eləcə də xalqın keşiyində duran yenilməz Maaday Qaranı dağ ruhu yaratmışdır. O, doğularkən ovcunda daş varmış. Sol əlində qara daş, sağ əlində boz daş. Nə üçün daşların rəngi qara və bozmuş? Türkdilli xalqlarda sol əl - sol tərəf günbatan, sağ tərəf isə gün çıxandır. Gün çıxan (sağ) daha üstün sayılırdı. Günəşlə bağlı olduğu üçün sağ əldə boz daşın tutulması da təsadüfdən deyilmiş. Boz (ağ) rəng tanrı Ülgenə məxsus rəngdir.
   Allah ilk müqəddəs səma kitabı olan "Töhvrat”ın lövhəciklərini Musaya Tur dağının sağ tərəfində nazil etmişdi.
   "Bibliya”da və Quran ayələrində öz əksini tapmış bu əhvalat Sədrəddin Bəlağinin yazdığı "Quran qissələri” kitabında belə təsvir olunmuşdur:
   "Musa çaşqınlıq içində yol axtararkən Tur tərəfdə bir od gördü. O, yükü açıb arvadına dedi: "Burada dayan, mən uzaqda od işartısı görürəm. Gedirəm, ya o oddan bir tikə gətirəm, ya da onun işığında yolu tapam”.
 O uğurlu gecə çayın sağ sahilindəki müqəddəs torpaqda bitən ağacın budağından səadət nuru saçdı, tale Musanı sevinc və təbəssümlə qarşıladı. Onun qulağına bir səs gəldi: "Ey Musa, mən yer üzününün Allahıyam”. 
   Tanrı onu özünə əziz və hörmətli məxluq seçdi.
   Ona peyğəmbərlik verərək dedi:
   - Ey Musa, sağ əlindəki nədir?
   - Əsadır. Mən ona söykənirəm, onunla qoyunlar üçün ağacların yarpağını çırpıram. Mənim üçün başqa xeyri də vardır.
 O, elə zənn etdi ki, sualdakı məqsəd əsanın faydası və xüsusiyyətini soruşmaqdır. Əslində, isə sual o ağac parçasından möcüzə törənməsinin başlanmasına işarə idi.
   Allah-təala o əsanın mahiyyətindən sual verdi ki, Musa onunla aşkar möcüzəni görsün. Bilsin ki, o İlahinin dəlil-sübutlarının əlaməti və Onun sonsuz qüdrətinin nümunəsidir. Tanrı peyğəmbərliyin əlaməti olaraq Musanın əlindəki əsaya möcüzə bəxş etmişdi.
   Musaya əmr olundu ki, əsanı yerə atsın. O, əsanı atan kimi əsa ilan şəklinə düşdü və qabağında sürünməyə başladı. İlan yavaş-yavaş böyüyüb əjdaha oldu. Musa onu görüb dəhşətə gəldi və qaçdı. Birdən səs gəldi: "Qorxma, peyğəmbərlər mənim qarşımda qorxmurlar”. 
   Musanın peyğəmbərliyi həyata keçdi və ürəyi İlahi səsi ilə sakit oldu, gözləri Tanrı nuru ilə işıqlandı. Elə bu zaman Tanrı ona başqa bir möcüzəni aşkar etdi. İlahidən səs gəldi:
   "Ey Musa, əlini yaxana sal”. Musa əlini yaxasına salan kimi əli işıq saçdı, ağ bəyaz hala düşdü və nurunda qaranlıq gecə-gündüz kimi oldu.
   O, gecə Musaya aşkar olan o iki möcüzə ürəyinin toxtaqlığı və qüvvətlənməsi üçün idi. Bir anın içində Musa peyğəmbərə çevrilərək, "Ağ əl”in (çox güman ki, bu sağ əl olub) və əsanın sahibi də mənəm, dedi”.
   Bu əhvalatda diqqəti çəkən əsas məqamlardan biri də budur ki, burada "çayın sağ sahili” "Sağ əlindəki nədir?” və əlini (sağ əlini) yaxana sal” ifadələri işlənmişdir.
   Başqa mənbələrdə "Tanrı Musaya Turun sağından göründü” fikri də yer almışdır. "Sağ tərəf” "Sağ əl” ifadələri boş yerə işlədilməyib. Çox güman, bu onunla əlaqədardır ki, bir çox rəvayətlərdə deyildiyi kimi, doğrudan da, görünür ki, müqəddəs kitablar tanrının sağ tərəfindədir...
   Əksər məxəzlər Sidrətül-Müntəhanın (Dünya, həyat Ağacının) "Ucu”nun Xaliqulbəşərin Ərşi-Əladakı taxtının sağ əlində yerləşdiyini göstərirlər.
...Həzrəti Əli Məhəmməd peyğəmbərin sağında dayanırmış.
"Tanrı asılanı Əli sağında Məhəmmədin...” deyən Dərviş Yunusun bir arzusu da varmış: "Sağ yanında... Mövlam, sana olam qonaq”.
Ağsaqqal və ağbirçəklərin övladlarına verdiyi xeyir-duaları içində "Allah sənə özünün sağından versin” xeyir-duası daha düşərli sayılır.
Deyilənə görə "Eşq vadisi” deyilən yer də Allahın sağ tərəfindədir. O tərəfdə ki, onun hesabına adamlar yaxşı bir iş görənə "Sağ əlin başıma olsun!” - deyirlər.
Cənnət sağ tərəfdə, cəhənnəm sol tərəfdə yerləşir. 
Möminlər sağ böyrü üstə yatırlar. 
 
İşi düz gətirən hər məsud insan,
Sağ əli üstündə qalxdı yuxudan.
 (Nizami)
 
    ...Adamların bir-biri ilə sağ əli ilə görüşmələri təsadüfidirmi?! 
...Sağ əlin gicişməsinin, sağ gözün səyriməsinin xeyriliyə olması ehtimal olunur.
 
                           Sağ gözün atarsa, sevinəcəksən,
                          Cəfaya düşərsən sol göz səyrisə.
                                                                         (Marağalı Əvhədi)
 
 Belə deyirlər ki, insanın hər çiynində bir mələk oturur. Sağdakı xeyir işləri, soldakı bəd işləri qeydə alır.
   Sağ əl sol əldən güclüdür deyirlər. Belə ki, Xaqani demişkən, hər kim ki:
 
                          Sol əlində toplasa cümlə cahanın varın,
                          Sağ əlin bir zərbiylə cümlə sərvət məhv olar.
 
   Əslində "Sağ əl” kəlməsi "Allahın hökmü”, "Allahın qüdrəti” anlamında başa düşülməlidir. "Sağ tərəf” Allahın qüdrət rəmzlərindən biridir. Ona görə də yaxşı nə varsa "Sağ tərəf”lə, "Sağ əl”lə mənalandırılmış, kodlaşdırılmışdır.
 Belə də deyirlər ki, qiyamətdə əməl dəftərin sağ əldə oldumu sənə zaval olmayacaq! Sənin xeyir işlərlə məşğul olduğun məlum olacaq.
 
                                       ***
 
Keçmişdə sağ əlin, sol əlin üstünə qoyulması və sağ əldən öpülməsi beyət sayılırmış.
Məhəmməd peyğəmbər anadan olanda sağ əlinin şəhadət barmağı göyə doğruymuş: "Son peyğəmbər doğdu, ismi Məhəmməd, şəhadət barmağı göyə doğruydu” (N.F Qısakürək.)                                                        
                                                  ***
Peyğəmbərin süd anası Həlimə xanım bildirirdi: "Məhəmmədə sağ döşümdən sonra sol döşümü verdim, amma götürmədi. Sol döş sahibinin Həlimənin öz oğlu olduğunu Allah-Taala Məhəmmədə bildirmişdi”.
İbn Əsakir yazır ki, İbrahimin anası uşağı doğduqdan və nə lazımdırsa etdikdən sonra onu bələyib mağaradan evinə qayıtdı. Ana hər dəfə gələndə uşağın sağ əlinin barmağını əmdiyini görür, ona süd verib yenə evə qayıdırmış...
 
                                                  ***
 
"Musa odun yanına gəlib çatdıqda vadinin sağ tərəfində olan mübarək yerdəki ağacdan belə bir nida gəldi: "Ya Musa! Aləmlərin Rəbbi olan Allah mənəm! Mən həqiqətən sənin Rəbbinəm. Nəleyini çıxart, çünki sən müqəddəs vadidə-Tuvadasan! Mən səni seçdim, sənə vəhy olunanı dinlə” ("Taha” surəsi 12-13)
"Musa oraya çatan kimi mübarək məkandan, vadinin sağ tərəfindən müqəddəs bir ağacdan səs gəldi: "Aləmlərin Rəbbi olan Allah mənəm, Mən!”("Qasas” surəsi-30).
 
                                                  ***
 
"Quran” sağdan sola oxunur...
Adətən insanların çoxu yazı-pozu vaxtı qələmi sağ əldə tuturlar.
"Hər şey yatır. Bax, bundan (sağ əlini göstərir) başqa! O, heç vaxt yatmır. Qələm tutduğuna görə!” (V.Səmədoğlu)
 
                                                  ***
 
...Oğuzlar Məhşərə "Sağış günü” deyirmişlər. 
"Quran” da "Vaqia” sürəsində insanların Məhşərdə 3 dəstəyə ayrılacağı vurğulanıb:
1. Əməl dəftəri sağ tərəfdən verilənlər.
2. Əməl dəftəri sol tərəfdən verilənlər.
3. Yaxşılıq etməkdə qabağa düşən kimsələr.
 
                                                  ***
 
Kəbədəki Oval şəkilli qara daş Allahın yerdəki simvodur. Kəbə evinin bir küncündə divara yerləşdirilmişdir.
Təvaf da həmin daşın qoyulduğu yerin qabağında Sağdan Sola doğru başlanır.
 
                                                  ***
 
Aşıq Ələsgər Məhşər hadisəsini sanki görürmüş kimi belə təsvir edirdi: "Sol əldə kağız var, Sağ əldə qələm.”
...İmam Hüseyn şəhid olacağından xəbərdarmış. O, yuxuda peyğəmbər babasının bir əmrinə imza atmışdı. Əlbəttə ki, Sağ əliynən! 
...Ulularımız uğura çıxanı uğurlayanda deyərmişlər:
-         Yolun Sağınnan get, sağ tərəfdən sənə xətər dəyməz.
 
***
 
Peyğəmbər ölüm qabağı buyururdu ki, xirqəmi Üveys Qəraniyə verərsiniz. Peyğəmbərin vəfatından bir az sonra Həzrət Əli və Həzrət Ömər axtarıb Ü.Qəranini tapdılar. 
Həzrət Ömər soruşdu:
-  Adın nədir?
Üveys Qərani dedi:
- Abdullah! (yəni Allahın qulu). 
Həzrət Ömər buyurdu:
- Hamımız Allahın qullarıyıq. Əsl adını soruşuram.
O cavab verdi ki: - Üveys!
Həzrət Ömər buyurdu:
- Sağ əlini göstər.
Üveys əlini göstərdi.
Həzrət Ömər peyğəmbərin xəbər verdiyi kimi Üveysin əlinin ağappaq olduğunu gördü və onun əlini öpdü.
 
                                                  ***
 
"Bəni-İsrail Misiri tərk edəndə bahar fəslinin əvvəli idi...Musanın yollar barədə hissiyyatı və məlumatı güclüydü. Odur ki, dərhal karvanı sola-Şama tərəf deyil, dənizə (sağa!) tərəf apardı. Onun gecə vaxtı yolu səhv saldığını deyən mühacirə isə belə cavab verdi: "Mənə əmr olunan yolla getməliyik.” (Hacı Sabir Həsənli "Peyğəmbərlər tarixi”)
 
                                                  *** 
 
"Həvarilərin təklifi ilə imanlılar cəmiyyəti Həvarilərə kömək etmək üçün yeddi yardımçı seçdi. Yardımçılardan biri Stefan idi. O, Müqəddəs Ruh, iman və qüdrətlə dolu bir adam idi. 
Ona nifrət edənlər axır ki, onun Sindiriona (ali məhkməyə) verilməsinə nail oldular. 
Stefan Müqəddəs Ruhla dolub gözlərini göyə dikərək, Allahın cəlalını və Allahın sağında duran İsanı gördü. Və dedi: 
- Budur, göyləri açılmış və İnsan oğlunu (İsanı) Allahın sağında durmuş görürəm.
 Bu sözlərin üstündə onu daşlayıb öldürdülər”. 
("İncil” Həvarilərin işləri 6:2-15, 1-60)
 
                                                  ***
 
"İsanı Allah diriltdi. Biz hamımız bunun şahidləriyik. O Allahın sağ əli ilə yüksəldilən Ata tərəfindən vəd edilmiş Müqəddəs Ruhu aldı və sizin indi gördüyünüz və eşitdiyiniz kimi və bu Ruhu üzərimizə tökdü... ”(Həvarilərin işləri. 2:14-47)
"Şimon Peter "Balıq ovuna gedirəm” dedi. Ona "Biz də səninlə gedirik” -  dedilər.
Amma o gecə bir şey tutmadılar.
Artıq gün doğarkən İsa sahildə durmuşdu. Şagirdlər onun İsa olduğunu bilmədilər. İsa onlara dedi:
- Övladlarım! Yeməyə bir şeyiniz varmı?
Ona - Xeyr!” - deyə cavab verdilər.
O da onlara dedi:
- Toru qayanın sağ tərəfinə (!) atın!
Eləcə də atdılar və balıqların çoxluğundan artıq toru çəkə bilmirdilər” ("Yəhya” 21:2-17)
 
                                                  ***
 
İsa peyğəmbər onu mühakimə edən kahinə belə deyib: - Allahın oğlu İsa Məsih mənəm. Bundan sonra insan oğlunun Qadirin (Allahın) sağında oturduğunu və göyün buludları üzərində gəzdiyini görəcəksiniz” ("Matta”26:58-75)
                                                  ***
Hərdən qəribə yuxular görürəm.
Bir dəfə qəribə bir yuxu gördüm. 
Yol gedirdim. Qarşıda hündür bir təpəlik görünürdü.
Fikrində tutdum ki, o yerə çatanda ordan sola dönüb yoluma davam edərəm. Elə bu vaxt o təpəliyin üstündə qeybdən bir dərviş görünüb mənə belə dedi:
-  Bura çatanda burdan sağa dönərsən, Kəbə sağ tərəfdədir!
Mən onun dediyi kimi etdim və Kəbəyə getdim. Gördüm ki, Kəbə evinin içində qara bir kresloda oturmuşam. (Oturdulmuşam!)
 
                                                  ***
 
Bir cəllad əlinə keçən adamların ayağını doğrayır, kəsib-tökürmüş. Bir dərvişin də sağ əlini kəsir. Buna etiraz edənlərə dərviş deyir:
- O, cəllad olsa da düz etdi.
Mən Allahla etdiyim əhdi pozmuşdum. Ona görə də Allah məni bu cür cəzalandırdı.
Sağ əlin (eləcə də sağ tərəf) Allah qatındakı qiymətinə, qüdrətinə, yerinə baxırsınızmı?
Demək, haqqın gözündən (Sağ əlindən!) düşdüyü üçün dərvişin sağ əli kəsilmişdi.
 
                                                  ***
 
Xəqani! O pirimiz ki, sübhliqa Xızırdır adı,
...Tutar sağ əldə o, səccadəni müdam.
Demək, Xızır sağ əlində səccadə tutub insanların, ariflərin, aşiqlərin köməyinə yetirmiş.
 
                                                  ***
 
İbrahim peyğəmbər oğlu İsmayılı Mina dağında qurban kəsməyə aparanda Şeytan İsmayılın ürəyinə vəsvəsə salıb yolundan döndərmək istəmişdi. İsmayıl daşla vurub onun bir gözünü tökmüşdü. O vaxtdan ona "Kor Şeytan” deyirlər. Çox güman ki, tökülən sağ gözüymüş.
..Xalq yazıçısı İsa Muğanna Saf Ağ Elminə tam yiyələnmiş Odərin-Saf Ağ insanın səmaya baxanda "Ağ əl” (Sağ əl?!) gördüyündən danışırdı və yazırdı.
...Həzrət Əlinin Cəbrayıl sağında, Mikayıl solunda vuruşarmış.
...Belə nəql edirlər ki, Məhəmməd peyğəmbər Meracda olarkən qarşısına plov da qoyublarmış. O, tək yemək istəməyib, Allahdan ona süfrədə yoldaşlıq etməyə bir adam istəyib. Qeybdən bir əl uzanıb, ona yoldaşlıq edib. Sən demə bu əl, "Mən göyün yolunu yerinkindən daha yaxşı tanıyıram” deyən Həzrət Əlininmiş!
Sonradan Yerdə Peyğəmbər həmin plovdan nişanəni Həzrət Əlinin sağ əlinin üstə görəndə belə deyibmiş: Ya Əli! Əgər son peyğəmbər olmasaydı, deyərdim ki, peyğəmbər sən ola bilərdin...
Mənimlə sənin arandakı nisbət köynəklə düymə arasındakı nisbət kimidir...
 
                                                  ***
 
"Büxtə Nassaranın vəfatından 30 il keçmiş fars padşahı məşhur Keyxosrov Babil şəhərinin üzərinə böyük ordu ilə hücum etdi. Gəlib .əhəri mühasirəyə aldı. Babilistan padşahı Bültə Nassara idi. Babil qalasının istehkamına ümidvar olub hətta Çindən ehtiyata düşmədi. Öz həmişəki eyş və işrətlərini dəxi tərk etməyib çox vaxt işrət və ziyafət edərdi.
Bir gün böyük ziyafət edib atası Büxtə Nassaranın Məscidi-Əqsadan qarət etdiyi qızıl və gümüş dövləti ilə fəxr etdiyi halda qəfildən Bultə Nassaranın qarşısında bir əl peyda olub divarda bir neçə kəlmə yazdı və yox oldu. Bultə Nassara və əyanları bu qəribə haldan əndişəyə düşüb yazını bilmək üçün Babil alimlərindən açmasını istədilər.
Lakin heç biri oxuya bilməyib aciz qaldı. O vaxt bəni-İsrail tayfasından Həzrət Danyal o yazını oxuyub bunun Babilin İranlılar tərəfindən fəth olunmasına bir işarət olduğunu xəbər verdi. 
Çox çəkmədi ki, Keyxosrov Fərat çayını başqa bir qola çevirib suyun şəhərə girdiyi yoldan qoşunu qalaya daxil elədi.
Beləliklə, Babili zəbt və qarət, Gildani dövlətini məhv etdi. (Axund Əbdussalam Axundzadə "Müqəddəs peyğəmbərlər tarixi”).
 
                                                  ***
 
Nağıllarımızda da, dastan və rəvayətlərimizdə də azmı rast gəlmişik ki, qeybdən gizli bir əl həmişə Allah tərəfindən öz qulunun, bəndəsinin köməyinə göndərilir. Bəs Yusifi, Abbas Tufarqanlını həmin gizli qüvvə, həmin əl dartıb quyudan çıxartmamışdımı?
...Bir nəfər yuxusunda görür ki, yanır. Haray çəkir, dad eyləyir. Heç kimdən bir imdad hasil olmur. Birdən qeybdən bir əl uzanır ,onun sağ biləyindən yapışır, onu alovun içindən çıxarır.
Həmin adam yuxudan qalxanda görür ki, doğurdan da, bədəni yanıq yerləriylə doludur. Bircə sağ biləyindəki əl yeri qarsalanmayıb. O əl sən demə ,Həzrət Əlininmiş.
 
                                                                         BARAT VÜSAL