QOCALAR EVİ
Çətinliklə
olsa da, tikintiyə razılıq alındı. Qocalar evi kəndin girəcəyi hesab edilən
köhnə məktəbin həyətində tikiləcəkdi. Köhnə məktəbin özü uçulub dağılmaq üzrə
olsa da, həyat-bacası baxımlı vəziyyətdə idi, hətta həyətin dörd tərəfinə
əkilmiş ağaclar da əvvəlki kimi yerində idi.
Yalnız 2-3 dənəsini məktəbin
qonşuluğunda yaşayan yetim Zəfər kəsib dam ağacı kimi təzə tikdiyi evin üstünə
atmışdı. Xeyli vaxt bundan qabaq həmin məktəbin icazəsini Zeynal müəllim almışdı.
Demişdi ki, yuxarı siniflərə keçən uşaqlar oxumaq üçün qonşu kəndlərə gedib
əziyyət çəkməsinlər. Məktəb açıldı, amma ilk illər məktəbdə müəllim qıtlığı
vardı. Bəzi fənn müəllimləri qonşu kəndlərdən gəlib burada dərs deyirdilər. Bir
az sonra kəndin cavanları qonşu kəndlərdən olan, universiteti yenicə bitirib
məktəbdə işləməyə gələn müəllimələrlə evlənməyə başladılar. Oğlanlardan biri də
özü ilə universitetdə oxuyan buruqsaç qızla evlənib onu qiyabi şöbəyə keçirdi
və o qız da kəndə gəlin gələn kimi məktəbdə işləməyə başladı. Ən maraqlısı bu
idi ki, cavanlar elə bil əvvəldən fikirləşib məktəbə ehtiyac olan fənn müəllimələri ilə evlənirdilər.
Zeynal
Bakıda yaşayırdı. Kəndin xeyrindən-şərindən qalmazdı. Müəllimlərini çox
sevərdi, kəndə gələndə həmişə onlara baş çəkərdi. Ən çox hörmət bəslədiyi Fatma
müəllimə idi. Fatma müəllimə ona ibtidai siniflərdə dərs demişdi. Zeynal
müəlliməsi haqqında ağızdolusu danışardı. Deyərdi ki, biz Fatma müəllimədən çox
şey öyrənmişik. Tez-tez təkrar edərdi
ki, Bismark Almaniyanı birləşdirməkdə ibtidai sinif müəllimlərinə borclu
olduğunu söyləmişdi. Kənddə səkkizillik məktəbin tikintisinə icazə alan Zeynal
indi də yeni binaya köçürülmüş köhnə məktəbin həyətində qocalar evi tikdirmək
istəyirdi, onu öz hesabına edəcəkdi. Bunu eşidən gündən qocalar evinin
tikilməsinə hamı təəccüblə baxırdı. Deyirdilər ki, kənddə kim gətirib anasını
qocalar evinə qoyacaq?!
Qocalar
evinin tikintisi məsələsi kəndi bir-birinə vurmuşdu. Ən əvvəl aşpazın kim
olacağı məsələsi sürətlə yayılmışdı. Hərə bir adamdan danışırdı, amma daha çox
Şövkət xalanın üstündə dayanırdılar. Bunun da əsas səbəbi o idi ki, Şövkət xala
kəndin xeyrində-şərində ocağın başında olardı. Əli də çox dadlıydı. Hər toy
məclisindən sonra Şövkət xalanı görən ona ürəkdən "sağ ol” deyərdi. Elə bu "sağ
ol” da Şövkət xalanın bəsiydi. Ən azı ona görə ki, növbəti məclisdə də onu
çağıracaqdılar. Amma son illərdə Şövkət
xalanın rəqibi çıxmışdı. Bu da Qəssab Əlinin nəvəsi Mələk idi. Kiçik məclislərə
Mələyi aparırdılar. Dilbər arvadın nəvəsi əsgərliyə gedəndə onun məclisinin
xörəyini Mələk bişirmişdi, hamı da ondan razı qalmışdı. Deyirlər ki, qocalar
evində 5-6 arvad olacaq, onların xörəyini bişirmək Mələyin əlində su içmək kimi bir şeydir.
Mələyin tərəfində duranlardan biri də elə Dilbər arvadın özü idi. Harada
olsaydı, orada qocalar evindən söhbət salar, Mələyin xörək bişirməyini
tərifləyərdi. Dilbər arvadın qorxusundan hamı yalandan "bəli, bəli” deyərdi.
Aşpaz məsələsində kənd yavaş-yavaş ikiyə
bölünürdü, Mələk də yavaş-yavaş Şövkət
xalanı üstələyirdi.
Qocalar
evinin müdirinin kim olacağı barədə heç kəs danışmırdı. Çünki Zeynal demişdi
ki, müdir məsələsini gəlib özüm həll edəcəm. Amma Şərəbanı arvad hərdən astaca
deyirdi ki, qocalar evinin müdiri mən olacağam. Şərəbanı arvadın bu sözlərinə
çoxları inanırdı, çünki o, Zeynalın bibisi idi. Şərəbanı arvadın əsas peşəsi
mühasiblik olduğu üçün kənddə ona iş
tapılmırdı.
Bunların
hamısı bir tərəfdə qalsın, ən çətin məsələ kimin qocalar evində qalmasıydı.
Zeynal bildirmişdi ki, mən qocalar evini tikdirəcəm, içini qaydaya salacam,
neçə ki, canımda can var, işçilərin məvacibini də verəcəm. Amma bir şərtlə ki,
orada qalanlar təqaüd kartlarını müdirə versinlər, onların yeməyi, digər tələbatları həmin pullarla ödəniləcək.
Bundan sonra təqaüd kartları kənddə ciddi
müzakirəyə çevrilmişdi. Səbəbi də o idi ki, kartlar kənddə əməlli-başlı dəbdə
idi. Solmaz arvadın pensiya pulunu Bakıda Universitetdə oxuyan nəvəsinə
göndərirdilər. Çünki hələ Güllü
universitetə qəbul olmamışdan xeyli qabaq Solmaz arvad həmişə deyərdi
ki, Güllü qəbul olsun, mən pensiyamın hamısını ona göndərəcəm. Heç bunu
deməsəydi də, yenə onun təqaüdünü Güllüyə verməliydilər. Çünki evin nəğd pul
gəliri elə bu idi. Gülli də kəndə gələndə nənəsini qucaqlayıb oxuyardı:
Nənə, nənə, ay nənə,
Qurban olum mən sənə.
Kartını da ver mənə,
Qurban olum mən sənə.
Doğrudur,
Şəmilin yaxşı təsərrüfatı, bir neçə inəyi vardır, qatığı, südü, pendiri həmişə
olardı. Amma onları satıb pula çevirmək
çox çətin idi, ona görə ki, qonşuların hamısı mal-heyvan saxlayırdı və heç
kəsin evindən qatıq-süd əskik olmazdı. Əvvəllər alverçilər yığılan pendiri gəlib alardılar, indi pendir alan da
yoxdu. Şəmilin ümidi yenə anasının
pensiya kartı və bəslədiyi danaları idi. Ona görə də Şəmilin anasını aparıb
qocalar evinə qoyması ağlabatan deyildi.
Abbas da hay-həşir salmışdı ki, nə qocalar
evi? Niyə biz ölmüşük ki, analarımızı aparıb qocalar evinə ataq? Həqiqətən,
Abbas ailəcanlı bir adam idi. Ata-anasına, ailəsinə, uşaqlara, həmişə
canıyananlıq edərdi. Əvvəllər onun evi həyətin bir başında, ata-anasının evi
isə həyətin o biri başında idi. Aralarında 70-80 addım məsafə olardı. Abbas
axşam yeməyini yeyəndən sonra hər gün onlara baş çəkərdi. Hal-əhval tutar, nəyə
ehtiyacları olduğunu soruşardı. Onlar Abbasdan çox razı idilər. Çünki qızlar
ərə getmiş, başqa yerə köçmüşdülər, böyük oğlan da Bakıda yaşayırdı. Atası
canını tapşıranda Abbasa demişdi ki, Allah sənin ömrünü duz dağına döndərsin,
sən bizə yaxşı oğul oldun. Sonra tək qalmasın deyə anasını yanına gətirmişdi. Evdə də anasına gözün üstə
qaşın var deyən olmazdı. Amma bir məsələ var ki, Abbasın ali məktəbdə oxuyan
uşağı olmasa da, Şəmilgil kimi onun da evinə gələn pul anasının təqaüd kartında
olan pul idi.
Abbas yüngülvari alverlə məşğul olurdu.
Ordan-burdan alıb gətirdiyi ucuz pal-paltarı arvadı qonum-qonşuya satırdı. Amma
onların pulunu yığmaq çox çətin idi. O pulların çoxusu nisyə dəftərində
əyri-üyrü hərflərdə qalmışdı.
Kənddə ən mürəkkəb vəziyyət Dəstəgül xalagildə
idi. Dəstəgül xalanın iki oğlu, iki qızı vardı. Hamısı kənddə yaşayırdı.
Qızlarının birini qardaşı oğluna, digərini isə qayının oğluna vermişdi. Bir
vaxtlar qızlar yetkinlik yaşına çatanda Dəstəgül xala kənddəki məclislərin
birində açıq-açığına, özü də ucadan demişdi ki, heç kim mənim qızlarıma elçi
düşməsin. Mən bu kənddən gördüyümü görmüşəm, qızlarımı öz qohumlarıma verəcəm.
Dəstəgül xala dediyi kimi elədi. Oğlanlarına gəldikdə isə birinə başçısının
qızını, o birinə isə baldızının qızını almışdı. Baldızının qızını aldığı oğluna
dava-dalaşla kəndin girəcəyində-qocalar evinin tikiləcəyi yerin yanında ev
tikmiş, ailəni ora köçürmüşdü. Bacısının qızını aldığı oğlunu isə yanında
saxlamışdı. Bunun da mənasını hamı bilirdi ki, Dəstəgül xala bacısı qızına görə
onu yanında saxlamışdı, yəni qocalanda ona bacısının qızı baxsın. Amma vəziyyət bambaşqa idi.
Dəstəgül
xala yaşlaşdıqca məsələlər çətinləşirdi. Çətinliyin biri də onda idi ki,
yanında qalan oğlu çox vaxt araq içir, evə sərxoş halda gəlirdi. Bu, Dəstəgül
xalanı çox narahat edirdi ki, vəziyyət mürəkkəbləşər və oğlu ilə bacısı qızı
arasında münasibətlər pozular. Amma bacısının qızı çox usta tərpənirdi.
Xalasından fərqli olaraq içki üstündə ərinə heç bir söz demirdi. Günlərin biri
isə vəziyyət lap gərginləşdi, oğlu hirsli-hirsli Dəstəgül xalaya dedi ki,
uşaqların hərəsinin evində üç ay qalarsan, qoy o biri oğlanların, qızların da
əziyyətini çəksin. Doğrudan da, belə oldu. Amma Dəstəgül xalanın tez-tez
yatdığı yeri dəyişməsi ona baha başa gəlirdi, günlərlə yata bilmirdi. Hərdən
deyirdi ki, gedib qocalar evində qalacağam. İndi Zeynalın kənddə qocalar evi
tikdirməsi onun ürəyinə yatırdı. Uşaqlar da, kənd camaatı da düşünürdülər ki,
qocalar evinə əsas namizədlərdən biri Dəstəgül xala olacaq.
Qocalar
evinin bir namizədi də Şirin xala idi. Buna kənddə heç kəs şəkk-şübhə etmirdi.
Səbəbi bu idi ki, Şirin xala öz evində tək-tənha qalmışdı. Bizim kəndlərdə belə
şeylər çox olurdu. Uzun müddət tək qalan qocalara qonşular yardım
göstərirdilər. Çalışırdılar ki, çox da sıxıntı keçirməsinlər. Hərdən məktəbli
uşaqlar həmən qocalara baş çəkər, kömək edər, darıxmağa qoymazdılar.
Şirin xala tək qalmışdı. Şirin xalanın
üç oğlu vardı, üçü də Bakıda yaşayırdı. Yalnız bayramlarda gəlib ona baş çəkərdilər. Amma Bakıya aparmağa heç vaxt cəhd göstərməzdilər. Şirin
xala oğlanlarından gileylənməzdi. Həmişə deyərdi ki, mən öz evimdə qalmaq
istəyirəm. Bu evin torpağını, kərpicini əlimlə daşımışam. Bu həyətin hər addımı
mənə əzizdir, onun hər qarışını daşdan, çınqıldan təmizləyə-təmizləyə torpaq
halına gətirmişəm.
Qocalar
evinin başqa bir namizədi Pəri xala idi. Çünki o, hal-hərəkətdən düşmüşdü. Hamı
tam əmin idi ki, Pəri xala qocalar evinə birinci gedəcək. Fatma müəllimə
deyirdi ki, Pəri xalanın özü istəməsə də, onu bir təhər dilə tutub qocalar
evinə aparmaq lazımdır, ölüb eləyər, bilmərik, sonra biabırçılıq olar.
Qocalar
evinin tikintisi çox çəkmədi, cəmisi 3-4 aya başa gəldi. Ev hər birində iki
nəfərin qalacağı beş otaqdan, uzun və enli şüşəbənddən ibarət idi. Şüşəbəndin bir
tərəfində mətbəx, digər tərəfində hamam və tualet tikilmişdi. Otaqlara
təp-təzə, rahat mebellər qoyulmuşdu. Şüşəbənddə stol, stullar, divan, kreslo və
divardan asılmış geniş ekranlı televizor var idi. Görənlər bəh-bəhlə
danışırdılar. Deyirdilər ki, qocalar evinə gəlmək istəməyənlər də buranı
görəndən sonra oynaya-oynaya gələcəklər. Güldəstə xalanın nəyinə lazımdı ki, öz
qohumları ilə üz-üzə gəlsin. Gəlib burada oturacaq, həmyaşıdları ilə
şirin-şirin söhbət edəcək, rahat da yatacaq. Ya elə Şirin xalanın tək-tənha
yaşamağındandısa, keçmişdən-gələcəkdən danışıb qayğısız-qayğısız gün keçirməyi
daha yaxşıdı. Hətta Şəmillə Abbasın da
kürkünə birə düşmüşdü ki, ordakı şəraitin yaxşılığı analarını əllərindən ala
bilər.
Qocalar
evinin açılışına bir neçə gün qalırdı. Zeynal müəllim də zəng vurub demişdi ki,
mən xaricdə olacağam, gələ bilməyəcəm, açılışı eləyin və Fatma müəllimə də
müdir olsun. Özü də bunu bibisi
Şərəbaniya demişdi.
Qocalar
evinin açılışı oldu. Elə səhəri gün bir xəbər hamını heyrətə gətirdi. İldırım
kimi kəndə yayılan xəbər bu idi ki, Pəri xalanın oğlu kəndə gəlib anasını
götürüb Bakıya aparmışdı.
İndi qocalar evi yerindədi, amma boş deyil.
Fatma müəllimə orada birinci sinfə getmək istəyənlərə hazırlıq dərsi keçir.
Kamran İMRANOĞLU (ƏLİYEV)
04.09.2018