
Qələbə eşqi ilə böyüyən kapitan
Cəmiyyət
05 Dekabr 2020, 10:05
1930
Seyidxanım Babayeva:
"Deyirdi ki, ana, Şuşanı almayana qədər toy etməyəcəyəm”
"Biz Naxçıvanda xidmət edirdik. İkinci Qarabağ döyüşü başlayanda,
bizim hərbi hissədəkiləri hissə-hissə döyüşə aparırdılar. Mən birinci mərhələdə
gedənlərin siyahısında idim, Nihad isə yox. Mənim 3 övladım var, biri yeni
dünyaya gəlmişdi. Nihad müxtəlif səviyyəli komandirlərə yaxınlaşıb deyib ki,
Nəsirin yerinə mən gedim, onun 3 uşağı var, mən isə subay adamam. Bu döyüşdə
iştirak etmək mənim üçün də önəmli idi, illərdir bu günü gözləyirdik. Bunu
bilirdi, amma yenə də həm məni, həm də komandirləri razı salmağa çalışırdı. Nə
qədər təkid etsə də, komandirlər razılıq vermədilər. Çox məyus oldu, hətta
gözləri dolmuşdu”.
Bu sözləri şəhid kapitan Nihad
Babayevin xidmət etdiyi hərbi hissənin qərargah rəisi, mayor Nəsir Zeyniyevbizimlə söhbətində bildirdi.

Nihad sonra döyüşdə iştirak etmək üçün müraciət edir və ikinci
mərhələdə onun da adı siyahıda olur. Yola çıxanda, bacısı Ülviyyə Musayeva ilə əlaqə saxlayıb sevincini bölüşür:
"Döyüşlər başlayandan deyirdi ki, getmək istəyirəm, aparmırlar. Deyirdim ki,
çağıranda gedərsən, niyə tələsirsən? Deyirdi ki, yoldaşlarım döyüşür, şəhid
olur, mən burda dayana bilmirəm. Döyüşə getdiyi gün zəng vuranda, səsində bir
sevinc var idi. Deyirdi ki, mən torpaqlarımız uğrunda döyüşməyə gedirəm”.
Beləcə, oktyabr ayının ortaları sevinə-sevinə döyüşə yola düşür.
Xüsusi təyinatlı olaraq Vətən Müharibəsində iştirak edir. Oktyabrın 29-da
Füzuli rayonunun Veysəlli kəndi istiqamətində, Ulyandağ deyilən yüksəkliklərin
azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.
Bildirək ki, Vətən Müharibəsində qəhrəmancasına vuruşan, işğaldan
azad olunan torpaqlar uğrunda canından keçən Nihad Babayev 1991-ci il avqustun
30-da Biləsuvar rayonunun Günəşli kəndində doğulub. 2009-cu ildə Cəmşid
Naxçıvanski adına hərbi liseyi, 2013-cü ildə isə Heydər Əliyev adına Ali Hərbi
Akademiyanı uğurla başa vurub.
2014-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində leytenant
rütbəsi alır və elə həmin ildən Naxçıvan Muxtar Respublikasında xüsusi
təyinatlı qrupda çalışır. 2016-cı ildə isə Türkiyə Respublikasında hərbi
ixtisaslaşdırma üzrə təhsil alır və ölkədə 50 zabitin keçə bildiyi təlimi
müvəffəqiyyətlə keçir. 2018-ci ildə vətənə qayıdaraq, Xüsusi təyinatlı bölüyün
komandiri vəzifəsində xidmət edir, xüsusi xidmətlərinə görə kapitan rütbəsi
alır. Hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsinə
qədər yüksəlir.
2021 iş elanları

"Onda bildik ki, şəhid
oldu, şəkilləri internetdə yayıldı”
Yuxarıda qeyd edilən cümlələr artıq Nihad haqqında böyük fikir demiş
olur, amma onu bir də ailəsinin, dostlarının, döyüş yoldaşlarından dilindən
tanıyaq.
Atası Akif Babayev deyir ki,
Nihadın döyüşdə iştirakından nə yoldaşının, nə də onun xəbəri olmayıb: "Döyüşə
getdiyini anası ilə məndən gizlədib. Qardaşları və bacısı bilib, amma onlara
dönə-dönə tapşırıb ki, bizə deməsinlər, narahat olarıq. Onda bildik ki, şəhid
oldu, şəkilləri internetdə yayıldı”.
A.Babayev bildirdi ki, Nihad həm vətənə, həm də ailəsinə layiqli
övlad olub: "Çox yaxşı övlad idi. Bizə əziyyət verməzdi, əksinə kömək edərdi.
Tək bizə deyil, hamıya qarşı o cür davranırdı. İndi onun etdiklərini demək də
yaxşı çıxmaz, amma çox əliaçıq, ürəkli idi. Vətənə çox bağlı oğul idi. Onu
vətən üçün yetişdirdiyimizi bilirdik. Tək Nihad deyil, bütün şəhidlər bizim
balamızdır. Heç birini öz övladımdan seçmirəm”.
Anası Seyidxanım Babayevanın sözlərinə
görə, övladı 90-cı illərdə şəhidlərin yerinə dünyaya gələn oğlanlardan idi və
onların qisasını almaq üçün də canını fəda etdi: "Nihad müharibə dövründə
dünyaya gəldi. Ağlı kəsəndə, dedik ki, sən şəhid olan vətən oğullarını əvəz edibsən,
vətən oğlusan. Ağlı kəsdikcə, "böyüyəndə, hərbiyə gedəcəyəm, şəhidlərin
qisasını alacam” deyirdi. C.Naxçıvanski adına liseydə oxuyanda da, "gün
gələcək, müharibədə iştirak edəcəyəm, şəhidlərin qisasını alacam” cümlələri
dilindən düşmürdü. Dedi və etdi. Nihada "Cənub qartalı” adı veriblər. Bu ada
layiqdir”.

Nihad haqqında kitab yazılacaq, anası kitaba belə ad verib: "Qələbə
eşqi ilə böyüyən kapitan”.
Nihadın 29 yaşına qədər ailə qurmamağının səbəbi həm qürurvericidir,
həm də adamı kövrəldir. Bu haqda da anası danışdı: "26-27 yaşına çatanda
deyirdik ki, Nihad evlən, biz də yaşlıyıq, toyunu görək. Deyirdi ki, ana,
Şuşanı almayana qədər toy etməyəcəyəm. Toyunu Cıdır düzündə etməyi
arzulayırdı”.
Seyidxanım ana oğlunu dəfn edəndən bir neçə gün sonra, gözü yaşlı da
olsa, ölkə başçısı İlham Əliyevə məktub yazır. Məktubda belə bir cümlə var:
"Möhtərəm Ali Baş Komandan, bu yolda sizinlə bir yerdəyik və sizin bütün
tapşırıqlarınızı yerinə yetirməyə hazırıq”. Məhz belə analar o cür oğullar
dünyaya gətirirlər.

"Başına dönüm”, "qurban
olum” deyə-deyə...
Böyük qardaşı Tərlan
Babayev Nihadın heç vaxt ailəyə yük olmadığını deyir: "İndiyə qədər ona pul
xərcləməmişik. Əksinə, o bizə pul xərcləyirdi. Liseydə aldığı tələbə təqaüdünü
evə göndərirdi. Ehtiyaclı uşaq olmayıb. Valideynə əziyyət də vermirdi”.
Qardaşı bildirdi ki, Nihad vətənpərvərliyi, yüksək insan
keyfiyyətləri ilə yanaşı, həm də şirindilli imiş: "İngilis dilində sərbəst danışırdı. Bunun üçün kursa da
getmirdi. O, məktəbdə, müəllimlərə "başına dönüm”, "qurban olum” deyə-deyə
ingilis dilini öyrənmişdi. Çox dilişirin adam idi. Kiməsə ağır söz deməyib”.
Nihad hər dəfə məzuniyyətə gələndə, onu kiçik qardaşı Fərid Babayev rayon mərkəzinə aparıb yola salırmış.
Həmişə bu vaxt başından öpər, "qardaşım, bizi bu vətən üçün yetişdiriblər və
vətənin hər qarış torpağı üçün canımızdan keçməyə hər an hazır olmalıyıq”
deyərmiş: "Deyirdi ki, şəhid olsam, heç vaxt ağlama. Pis olurdum, bu sözləri
niyə dediyini soruşurdum. Deyirdi ki, gün gələcək, o torpaqlar qanla verilib,
qanla alınacaq. Dilindən "Vətən” və "Qarabağ” sözləri əskik olmurdu. Orta
məktəbdə çox yaxşı oxuyurdu, ona təklif edilmişdi ki, o balla başqa prestijli,
gəlirli ixtisaslar seçə bilər. Amma o hərbi istəyirdi”.
F.Babayev deyir ki, Nihad məzuniyyətə gələndə, tabeçiliyində olan
əsgərlərin yemək yediyindən əmin olmadan süfrəyə oturmazdı: "Məzuniyyət vaxtı
hər an əsgərləri ilə maraqlanırdı. Hətta evdə süfrəyə oturanda, tabeçiliyində
olan əsgərlərini tapşırdığı adama zəng vurub "uşaqlar yemək yeyib?” deyə
soruşurdu. Sonra rahat yeməyini yeyirdi. Deyirdik ki, sən hər dəfə bunu niyə
edirsən? Deyirdi ki, onlar hamısı mənim qardaşlarımdır. Onları valideynləri
bizə əmanət ediblər”.

"Dedi
ki, kaş mənim şəhid olmağımı qeyd edəsiniz”
"Nihadın dostu çoxdur” dedilər. Onlardan 50 yaşlı dostu Polad Novruzovla söhbətləşdik. P.Novruzov deyir ki, aralarında 20
yaş fərq olsa da, Nihadla dostluqda bu fərq heç hiss olunmayıb: "Mənə gah dayı,
gah qardaş, gah da ürək deyirdi. O elə bir oğul idi ki, istər-istəməz özünü
sevdirirdi. Ona görə, yaş fərqimiz dostluq üçün maneə deyildi. 4 ildir ki,
onunla dostluq edirəm. Mən onu vətənpərvərliyinə görə bəyənmişəm, dostluq
etmişəm. Azərbaycanın vətənpərvər oğul və qızları çoxdur. Amma Nihadla oturub 5
dəqiqə söhbət edəndən sonra silah götürüb döyüşə getmək istəyirdin”.
Şəhid olmamışdan bir neçə saat öncə zəng vurduğu adam da P.Novruzov
olub: "Oktyabrın 29-cu gecə saat 3-də zəng gəldi. Bir az söhbət etdik. Bu il
məzuniyyətə də gəlməmişdi, darıxmışdım. İki saat sonra isə şəhid olub.
Füzulidən gətirib onu dəfn edən də mən idim. Danışmaq çox ağırdır. Bütün gün
onun şəkillərinə, videolarına baxıram, səs yazılarını dinləyirəm”.

P.Novruzov deyir ki, dostlar arasında da Nihadın dilindən şəhid
kəlməsi düşməyib: "Məclislərdə oturanda, deyirdi ki, gəlin şəkil çəkdirək, bir
gün şəhid olacağam, mənimlə fəxr edəcəksiniz. Kapitan rütbəsi almışdı, onu qeyd
edirdik. Dedi ki, kaş siz mənim şəhid olmağımı qeyd edəsiniz. Deyirdim ki, yekə
oğlansan, bəsdir. Onun qəhrəmanlıqları bizə məlum idi. Ona görə məclislərdə
meyxanaçılara Nihadın milli qəhrəmanlığı haqqında şeirlər dedirtdirirdim.
Onları dinləyəndə, deyirdi ki, hələ milli qəhrəman deyiləm, amma o adı qazanacağam.
Nihadın qəhrəmanlığının dövlət tərəfindən qiymətləndirilməsini istəyirəm.
Həqiqətən də qəhrəman oğul idi”.
Nihad həmişə Mübariz İbrahimovun, 1992-ci ildə Günəşli kəndindən
şəhid olan Rza ilə Fazilin qanını alacağını deyirmiş. Hətta bu il öz ad günü
ərəfəsində dostu Poladdan xahiş edir ki, valideynlərini Mübariz İbrahimovun
valideynləri ilə görüşdürsün: "Nihadın ad günü avqustun 30-u idi, amma nəyə
görəsə 28-i qeyd edirdi. Bu il ad günü ərəfəsində mənə zəng vurdu ki, Babayevlə
(atasına Babayev deyirdi) anamı apar Mübariz İbrahimovun valideynləri ilə
görüşdür. De ki, bunlar Nihadın valideynləridir, Nihad Mübarizin qanını alacaq.
Mən də aparıb görüşdürdüm”.

Ağıllı taktika seçirdi,
əsgərlərini düzgün yerləşdirirdi
Mayor Nəsir Zeyniyev deyir ki,
Nihad çox vacib yüksəkliyin əldə edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub:
"Arxa cəbhədə deyil, düşmənlə yaxın döyüşlərdə iştirak edirdi. Bir neçə
istiqamətdə döyüşüb. Axırıncı dəfə Füzulinin Veysəlli kəndi istiqamətində
Ulyandağ deyilən istiqamətdə vuruşub. Çox çətin və strateji yüksəklik idi.
Nihad orda döyüşçü yoldaşları ilə çox böyük qəhrəmanlıq göstərdi. 30-40-dan çox
düşmən qüvvəsini qrupu ilə məhv edib. Bir güllə yarası alıb, döyüş yoldaşları
onu təxliyə edəndə növbəti güllə yarası alıb. Döyüş meydanını tərk etməyib.
Yoldaşları onu təxliyə etmək istəyiblər. Çıxmayıb, kənara çəkib özünü, deyib ki,
mənə vaxt itirməyin, davam edin. Beləliklə, qəhrəmancasına şəhid olub”.

Döyüş yoldaşı Əli Kərimov bildirdi ki,
Nihad bütün döyüş tapşırıqlarında qrupunun önündə özü gedib: "Bir dəfə düşmənin
böyük qüvvəsi olan istiqamətə tapşırığa getdik. Öncə iki nəfər "dazor” gedir
ki, düşmən təhlükəsi ilə qarşılaşanda, arxaya xəbər versin. "Dazor”un ikisini
də düşmənin snayperi vurdu. Mən qabağa gedib onları çıxarmaq istəyəndə, dedi ki,
sən qal, özüm gedəcəyəm. O, snayper kursunu bitirmişdi. Pulemyotçu ilə bir
yerdə getdilər, "dazor”u vuranları məhv etdi, yaralılarımızı da xilas etdi.
Sonra Murov, Haramı düzü istiqamətində bir kəndin alınmasında
düşmənin 50-yə yaxın heyəti olan postda üz-üzə girdi. Heç bir itki vermədən
qəhrəmancasına döyüşdü, mövqeyi ələ aldı. Ağıllı taktika seçirdi, əsgərlərini
düzgün yerləşdirirdi. Xocavənd istiqamətində onun göstərdiyi qəhrəmanlıqlardan
o qədər danışmaq olar ki.
Müharibədə bütün tapşırıqları bir yerdə icra etmişik. Ölüm qorxusu
olmadan, öndə gedərdi. Deyərdi ki, məndən öncə heç kim gedə bilməz, tapşırıqları
da uğurlu alınırdı. Onun qrupundan bu gün sağ qalan insanlar həyatlarını ona
borcludurlar”.

Ə.Kərimov deyir ki, Nihad dövlətin atributlarına hər yerdə xüsusi
diqqət göstərib: "Bayrağımız hardasa əyri olardısa, yaxud çirkli saxlanırdısa,
buna mütləq reaksiya verirdi. Digər atributları da namusu kimi qoruyurdu. Bir
dəfə məzuniyyət vaxtı Biləsuvarda qəbiristanlığın ortasında ucaldılan bayrağın
çirkli olduğunu görür, qardaşına deyir ki, maşını sür icra hakimiyyətinə. Deyir
ki, Azərbaycan bayrağı orda çirkli dalğalana bilməz. Mən şəhid olsam, başımın
üstündə çirkli bayraq dalğalandıracaqsınız? Dostuna pul vermişdi ki, bir bayraq
al, onu dəyiş”.
Ailəsi deyir ki, hələ məktəb illərində məktəbdə ondan kim olacağını
soruşanda, "general” cavabı verirmiş. Təbii ki, yaşasaydı, yəqin ki, buna nail
olardı.
İkinci Qarabağ savaşında belə bir cümləni çox işlədirdik. "Bir ölər,
min dirilərik”. Nihadın anası 90-cı illərdə, o, doğulanda "sən şəhidlərimizin
yerinə dünyaya gəlmisən” deyibsə, əminik ki, bu gün hansısa ana oğluna "sən
şəhidlərimizin yerinə doğulubsan, vətənin oğlusan” deyir.
Aygün Asimqızı
Digər xəbərlər