Qəbir

Qəbir

06 İyun 2016, 11:35 1237

Min səkkiz yüz səksən üçüncü il, iyulun on yeddisində, gecə saat ikidə, qəbiristanın yanındakı komada yaşayan gözətçi itinin hürdüyünü eşidib yuxudan oyandı. Yatmazdan qabaq o itini mətbəxə salıb qapını bağlamışdı. Mətbəxin qapısını açanda gözətçi görür ki, it elə hürür ki, elə bil komanın ətrafında kimsə var. Gözətçi Vinsent cəld tüfəngini götürüb evdən çıxır. Gözətçinin arxasıyca gələn it Madam Tomoiseaunin qəbrinə tərəf qaçır. Ehtiyatla irəliləyən gözətçi qəbirlərin arasıyla gedib onun qəbrinə çatır. Görür ki, bir cavan oğlan bir gün əvvəl basdırılmış cavan qadının qəbrini qazıb tabutu çıxarıb. Oğlanın əlindəki fanarın işığında bu dəhşətli mənzərə açıq-aydın görünürdü. Vinsent bu yaramazın üstünə atılıb onun əl-qolunu bağlayır və onu polis bölməsinə aparır.

Qəbri qazan cavan oğlan Kourtbatalie adlı var-dövlətli vəkil idi. Etdiyi iyrənc hərəkətə görə ona iş açılır. Onun məhkəməsi olur. O məhkəmə zalına girəndə ordakılar qışqırdılar:

- Ona ölüm! Ölüm!

Hakim adamları güclə sakitləşdirdi. Sonra hakim ağır-ağır ondan soruşdu:

- Müttəhim, özünüzü müdafiə etmək üçün deməyə sözünüz varmı?

Vəkil tutmaqdan imtina edən Kourtbatalie ayağa durdu. O yaraşıqlı, hündürboy, qarasaçlı bir oğlan idi.

Otaqdakı fit səslərinə baxmayaraq o yavaş-yavaş danışmağa başladı. Danışdıqca səsinin də tonu qalxırdı.

- Hörmətli hakim, hörmətli jüri üzvləri! Mənim deməyə çox az sözüm var. Qəbrini qazdığım qız mənim sevgilim idi. Mən onu sevirdim. Ona olan sevgim adi sevgi deyildi. Bu, ehtirasa qalib gələn sevgiydi.

İndi isə mənə qulaq asın:

- Mən ilk dəfə onu görəndə özümü qəribə hiss etdim. Bu hissin nə olduğunu bilmirdim. Bu, nə heyranlıq, nə də təəccüb idi. Yox, buna ilk baxışdan sevgi demək olmazdı. Elə bil qəfil məni isti vannaya basıb çıxartdılar. Onun baxışları məni məftun elədi. Mənə elə gəldi ki, onu əvvəllər də görmüşəm, sanki mən onu çoxdan tanıyırdım. Sanki onun ruhunda mənim ruhumun bir parçası vardı.

O mənə ürəyimin verdiyi suala cavab kimi göründü. Bu suala biz həyatımız boyunca Ümid deyirik. O mənim ümidim idi. Onu daha yaxşı tanıyandan sonra, onu yenidən görəcəyimi fikirləşəndə ürəyim zərif duyğularla dolurdu. Onun əli mənim əlimə toxunanda özümü heç vaxt xəyal etmədiyim bir dünyada hiss edirdim. Onun təbəssümü ürəyimə sevinc gətirirdi. Mən qaçmaq, rəqs etmək, tullanıb-düşmək istəyirdim. Beləliklə, biz sevgili olduq.

O sevgilidən daha çox mənim həyatım idi. Mən bu dünyada ondan başqa heç nə istəmirdim. Ondan başqa heç nəyi arzulamırdım. Ondan başqa heç nəyin həsrətini çəkmirdim. Bir gün, onunla birlikdə çay kənarına gəzməyə gedəndə biz yağışa düşdük, ona soyuq oldu. O biri gün bu soyuqdəymə pnevmoniyaya çevrildi və bir həftə sonra o öldü. O xəstəlikdən əzab çəkəndə mən hələ nə olduğunu dərk etmirdim. Ancaq o öləndən sonra mən elə ümidsizliyə qapıldım ki, heç nə haqda fikirləşə bilmirdim. Ağlayırdım. Onun dəfn mərasimində kədərdən dəli kimi olmuşdum. Elə bil kədərimin fiziki gücü vardı, məni əzirdi.

Onu dəfn edəndən sonra, o torpağın altında olandan sonra fikirlərim özümə qayıtdı. Mən elə əzab çəkirdim ki, sanki bu əzab onun mənə bəxş etdiyi sevgiylə eyni dəyərdə idi.

Sonra beynimi bir fikir idarə elədi: Mən bir daha onu görməyəcəm. Adam bütün günü eyni şeyi fikirləşəndə az qala dəli olur. Bir özünüz də fikirləşin! Sevdiyiniz, pərəstiş etdiyiniz bir qadın var, fərqli, bütün bu kainatda ona bənzər ikinci bir qadın yoxdur. Təsəvvür edin ki, bu qadın özünü sizə bağışlayıb, aranızda Sevgi adlanan sirli bir bağlılıq yaranıb. Təsəvvür edin bu qadının gözləri sizə bu geniş kainatdan da geniş görünür, bu dünyadan daha cəlbedici görünür. Və təsəvvür edin, bu qadın sizi sevir. O sizinlə danışanda sizin ürəyiniz sevinclə dolur. Və, qəflətən həmin qadın yox olur, yoxa çıxır. Bir özünüz fikirləşin! O yox olur, yoxa çıxır! Təkcə sizin üçün yox, əbədilik yoxa çıxır! Bilirsiniz bu nə deməkdir? Heç vaxt, heç vaxt, heç vaxt o bu dünyada mövcud olmayacaq bir də! Onun gözləri heç vaxt, heç vaxt heç nəyə baxmayacaq. O heç vaxt, heç vaxt ağzını açıb əvvəlki kimi bir söz deməyəcək.

Heç vaxt, heç vaxt ona bənzər qadın dünyaya gəlməyəcək. Heç vaxt! Heç vaxt! Milyonlarla, milyonlarla, milyonlarla insan gələcək bu dünyaya, ancaq bu qadın gələcəkdə dünyaya gələcək qadınlar arasında yenidən görünməyəcək. Bu, mümkündür? Buna dözmək olar? Bunu fikirləşmək adamı dəli edir.

O cəmi iyirmi il yaşadı. Artıq yox. İyirmi il yaşadı və sonra həmişəlik, həmişəlik, həmişəlik yoxa çıxdı. O fikirləşdi, gülümsədi, məni sevdi. İndi isə heç nə! Milçəklər payızda necə ölürsə, biz insanlar da bu dünyada eləcə yox oluruq. İndi isə heç nə! Mən onun bədəni haqda fikirləşirəm, sevimli, ağappaq bədənini. Bu bədən yerin altına qoyulan o tabutdaydı. Bəs onun qəlbi, onun fikirləri, bəs onun sevgisi, bəs bunlar hanı?

Onu bir də görməyəcəm! Fikirləşəndə ki, onun bədəni çürüyəcək, onda onun bədənini bir daha görmək istədim. Bütün günü bu fikir məni rahat buraxmadı.

Mən bel, fanar və çəkic götürdüm . Qəbiristanlığın divarları üstündən tullandım, gedib onun qəbrini tapdım. Mən qazıb onun tabutunu çıxardım, tabutun qapağını qaldırdım. İyrənc iy gəldi burnuma. Ah, onun əbədi yeri...

Mən tabutun qapağını qaldırıb ona baxdım fanarın işığında. Onun üzü gömgöy idi, şişmişdi, qorxunc idi. Onun ağzından qara maye axırdı.

O! Bu, o idi! Dəhşət bürüdü məni! Ancaq mən əlimi uzadıb onun bu qorxunc, iy gələn üzünü özümə tərəf çəkib öpmək istəyəndə gözətçi gəlib məni tutdu.

Bütün gecə bu pis iy mənimlə oldu, sevdiyimin qoxusunu özümdə saxladım. Sevdiyini qucaqlayandan sonra bədəndə necə qoxu qalırsa bu qoxu bütün gecə mənimlə oldu. Mənə hansı cəzanı verirsinizsə verin.

Məhkəmə zalına qəribə bir sükut çökdü. Adamlar daha ondan heç bir söz gözləmirdi. Hakim qərar qəbul etmək üçün fasilə elan etdi.

Hakim geri qayıdanda müttəhimin üzündə heç bir qorxu ifadəsi yox idi, sanki o heç nə düşünmürdü.

Hakim elan etdi ki, müttəhimi günahkar hesab etmir.

Müttəhim tərpənmədi və otaqdakılar onu alqışladılar.

 

İngiliscədən tərcümə edən: Sevən Gültən