Qəbələdə 34 Olimpiya lisenziyası oynanılacaq

Qəbələdə 34 Olimpiya lisenziyası oynanılacaq

İdman
04 Avqust 2015, 20:32 3403
Qəbələ şəhəri avqustun 6-dan 16-dək Olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarına ev sahibliyi edəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu yarışlar Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi və “Qəbələ” Atıcılıq Klubunun, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə keçiriləcək. Dünya Kuboku uğrunda yarışların 5 mərhələsi ötən bir il ərzində ABŞ, Almaniya, BƏƏ, Kipr və Meksikada keçirilib. Yarışın 6-cı mərhələsi, yəni final görüşləri isə Qəbələdə keçiriləcək. Bu yarışlar 2015-ci il ərzində Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında Avropa və Dünya çempionatından sonra ən mühüm yarış hesab olunur. Yarışda 100-ə yaxın ölkədən 2000-ə yaxın idmançı, Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranya, Beynəlxalq İdman Atıcılıq Federasiyasının baş katibi Frans Şrayber və Avropa Atıcılıq Konfederasiyasının Prezidenti Vladimir Lisinin də iştirak edəcək. Bu yarışlarda idmançılar 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunları üçün 34 lisenziya uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, avqustun 7-də Qəbələ şəhərindəki Heydər Əliyev adına Konqres Mərkəzində yarışların təntənəli açılış mərasimi keçiriləcək. Avqustun 16-dək keçiriləcək yarışlar Beynəlxalq İdman Atıcılıq Federasiyasının rəsmi televiziya kanalı olan “ISSF TV” vasitəsi ilə canlı yayımlanacaq.