AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qaydalara əməl etdik, nəticəsini gördük...

Qaydalara əməl etdik, nəticəsini gördük...

Siyasət
10 Avqust 2020, 19:28 10851
Unutmayaq ki, bir balaca laqeydlik, məsuliyyətsizlik çəkilən bu qədər zəhmətin hədər getməsinə, yoluxma sayının yenidən artmasına səbəb ola bilər
 
Bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirus (COVİD-19) pandemiyasına qarşı ciddi mübarizə aparılır. Bu xəstəliyin qarşısını almaq və əhalinin sağlamlığını qorumaq üçün fevralın 27-dən başlayaraq bir sıra tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin Sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, burada iştirak edən bütün şəxslər, o cümlədən qərargahın üzvü olmayan digər bütün hökumət üzvləri, dövlət qurumları koronavirusun ölkə ərazisində yayılmasının qarşısını almağı, əhalinin sağlamlığını qorumağı əsas vəzifə kimi görüb, bu istiqamətdə gecə-gündüz fəaliyyət göstərirlər. Məlumat üçün qeyd edək ki, ən qısa müddət ərzində Azərbaycanda koronavirusla birbaşa mübarizə üçün 10 mindən artıq çarpayı yeri hazırlanıb, respublikanın 35 rayon və şəhərində ümumilikdə 46 xəstəxana prosesə cəlb olunub. Vətəndaşlardan test nümunələrinin götürülməsi üçün əvvəlki 6 laboratoriyanın sayı 31-ə çatdırılıb. Yaxın gələcəkdə onların sayı daha da artırılaraq 40-a çatdırılacaq. İndiyə qədər bu laboratoriyalar vasitəsilə 790141 test aparılıb. Hazırda xəstəliyi yüngül formada keçirən bəzi vətəndaşlar xəstəxanalarda deyil, öz arzularına uyğun olaraq, ev şəraitində, poliklinikaların sahə həkimlərinin gündəlik nəzarəti altında da müalicə alırlar. Respublikadakı 87 poliklinikada bu nəzarət funksiyası yaradılıb ki, onun da 40-ı Bakı şəhərindədir. 
 
Sağalananların sayı xəstəliyə yoluxanların sayını üstələyir
 
Koronavirusla mübarizə tədbirlərinə yerli həkimlərlə yanaşı, xarici ölkələrdən böyük təcrübəyə malik olan mütəxəssislər də cəlb olunublar. Türkiyə, Rusiya, Çin, İtaliya və Kubadan ümumilikdə 215 nəfərdən ibarət tibbi heyət yerli həkimlərlə bərabər fəaliyyət göstərirlər. İndiyədək ölkədə ümumilikdə 33647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Bu vaxta kimi görülən bütün işlər, xüsusən də Azərbaycan həkimlərinin səyi nəticəsində 30642 vətəndaş xəstəlikdən sağalıb. Cəmi 492 şəxs koronavirusdan vəfat edib, aktiv xəstə sayı 2513 nəfərdir. Avqustun 10-na olan statistikaya görə, koronavirus infeksiyasına sutka ərzində 79 yeni yoluxma faktı qeydə alınıb, 278 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 2 nəfər dünyasını dəyişib. Artıq bir neçə gündür ki, koronavirusdan sağalananların sayı, bu xəstəliyə yoluxanların sayını qat-qat üstələyir. 
 
Qayda-qanunlara, tələblərə riayət olunmalıdır
 
Bu göstəricilər digər ölkələrlə müqayisədə həddindən artıq yaxşıdır. Ölkəmizdə xəstəliyin cilovlanması və azalması istiqamətində uğurlar var. Bunu nəzərə alan Operativ Qərargah avqustun 5-dən etibarən karantin rejimini bir qədər yumşaldıb. Yay fəsli nəzərə alınaraq, insanların çimərliklərdən istifadə etməsinə imkan yaradılıb. SMS və icaze.e-gov.az portalı vasitəsilə icazə mexanizmi ləğv olunub, vətəndaşların sərbəst hərəkəti təmin olunub. Vəziyyətin yaxşılaşma istiqamətində inkişaf etdiyini nəzərə alan Operativ Qərargah vəziyyətdən asılı olaraq, yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür. Lakin bu, pandemiyanın sona çatması anlamına gəlməməli, insanlarda arxayınlıq yaratmamalıdır. Ölkə vətəndaşları maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara hələ uzun müddət riayət etməlidir. O cümlədən həkimlərin və sanitar-epidemioloji qurumların tövsiyəsinə əsasən, açılan obyektlərdə qayda-qanunlara, tələblərə riayət olunmalıdır. Həm istehlakçılar, həm də sahibkarlar bilməlidirlər ki, mövcud qaydalara ciddi şəkildə riayət olunmasa, koronavirusa yoluxma sayı yenidən arta, xəstəliyin miqyası genişlənə bilər.
 
Çox ciddi nəzarət mexanizmi olmalıdır
 
Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxış edən dövlət başçısı İlham Əliyev əldə edilən müsbət dinamikanı qoruyub saxlamağın zəruriliyini vurğulayıb: "Əldə edilmiş nəticələr, eyni zamanda, xəstəliyin nəzarət altında saxlanması bizi sakitləşdirməməlidir. Karantin rejiminin əsas məqsədi ondan ibarətdir ki, biz insanlarımızı bu xəstəlikdən qoruyaq, onların həyatını qoruyaq, sağlamlığını qoruyaq və beləliklə, bu vəziyyətdən az itkilərlə çıxaq. Bu günə qədər biz buna nail ola bilmişik. Hesab edirəm ki, xəstəliyin geniş vüsət almamasının əsas səbəbi məhz çox düzgün atılmış addımlardır. ...Müsbət dinamika, əlbəttə ki, indi karantin rejiminin yumşalmasına gətirib çıxarır. Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir. ...Yumşalma bir çox ölkələrdə xəstəliyin yenidən geniş vüsət almasına gətirib çıxarır. Demək olar ki, bütün ölkələrdə - harada ki, yumşalma olub, obyektlər, turizm obyektləri, ictimai iaşə obyektləri, xidmət sektoruna aid obyektlər açılıb, orada xəstəlik yenidən geniş vüsət alır və buna ikinci dalğa deyirlər. Həkimlərin böyük əksəriyyəti bunu, sadəcə olaraq, sanitar normaların gözlənilməməsi ucbatından baş vermiş hadisə kimi dəyərləndirir. Mən də bu yanaşma ilə razıyam. Çünki bu xəstəlik yoxa çıxmayıb. Ona görə xəstəliyə qarşı mübarizə aparılır. Ancaq heç kim deyə bilməz ki, hansısa ölkə bu xəstəliyə qalib gəlib. İkinci dalğa o halda ola bilər ki, xəstəlik yoxa çıxsın və ondan sonra hansısa yeni bir yoluxma mənbəyi üzə çıxsın. Ona görə bu məsələyə çox ciddi nəzarət olmalıdır”.
 
Sosial məsuliyyət və həmrəylik
 
Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova bildirib ki, hələ yoluxma hallarının tək-tək qeydə alındığı dövrlərdə vətəndaşlara maska taxmaq, fiziki məsafəni qorumaq, şəxsi gigiyenaya riayət etmək, toplaşmamaq haqqında müraciətlər olunsa da, bir çoxu buna etinasız yanaşıb. Lakin zaman keçdikcə bunun yanlış olduğu və qaydalara əməl etməyin vacibliyi bir daha aydın olub. N.Mürsəlova ölkədə tətbiq olunan xüsusi karantin rejiminin əsas məqsədinin koronavirus sınağından az itkilərlə çıxmaq olduğunu dilə gətirib. Qeyd edib ki, xəstəliyin yayılma zəncirinin qırılması üçün yoluxmuş şəxslərin izolyasiyası, onlarla təmasda olan insanların karantin müddətində müşahidəsi vacibdir. Onun sözlərinə görə, bu qərarların yalnız xalqın mənafeyi üçün verildiyi birmənalı şəkildə dərk edilməlidir. Nazirlik nümayəndəsi karantin rejiminin qaldırılmasından sonra normal həyata dönüş barədə də danışıb. Söyləyib ki, normal həyata qayıdış bir neçə mərhələyə bölünməlidir. Kimsə unutmamalıdır ki, yenə də məsafənin saxlanılması, şəxsi gigiyena qaydalarına riayət edilməsi, qoruyucu vasitələrdən istifadə mütləqdir: "Son həftələr ərzində koronavirus infeksiyasının dinamikasında müsbət meyl müşahidə olunur. Bu da dövlət səviyyəsində görülmüş işlərin, irəli sürülmüş tələb və qaydaların əhali tərəfindən qəbul olunması və onlara riayət edilməsinin nəticəsidir. Bu günlər ərzində Təcili və Təxirəsalınmaz Tibbi Yardıma daxil olan müraciətlərin sayı da 30 faiz azalıb. Bir daha vətəndaşları COVID-19 ilə mübarizədə sosial məsuliyyət və həmrəylik nümayiş etdirib tələb və qaydalara riayət etməyə, özlərinin və yaxınlarının sağlamlığını qorumağa çağırıram”.
 
Yumşalmalar vətəndaşlarımızı arxayınlaşdırmamalıdır
 
Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, mayın əvvəlindən həyata keçirilən yumşalma tədbirlərindən sonra bir çox vətəndaşlar qoyulan qaydalara riayət etməyib, sosial məsafə saxlanılmayıb, maska taxılmayıb, nəticədə iyun ayının ortalarından koronavirus ölkə ərazisində sürətlə yayılmağa başlayıb, gündəlik təsdiq edilmiş yoluxma hallarının sayı 500-ü ötüb, virus qurbanlarının sayı çoxalıb. Deputat bildirib ki, o zaman ölkədəki epidemioloji vəziyyət qənaətbəxş olmadığı üçün xüsusi karantin rejimi yenidən sərtləşdirilib. Onun sözlərinə görə, əldə olunan müsbət dinamika nəticəsində virusa yoluxma hallarının ikiqat artımının qarşısı alınıb, gündəlik yoluxma sayı sabitləşib, əvvəlki mənfi tendensiya aradan qalxıb: "Son həftələr koronavirus infeksiyasından sağalanların sayında müsbət dinamika müşahidə olundu. Sağalan xəstələrin sayı gündəlik yoluxma hallarını üstələdi. Bu gün hər bir vətəndaşın qarşısında duran əsas şərt əldə olunan bu müsbət dinamikanı qoruyub saxlamaqdır. Sərt karantin rejiminin yenidən uzadılması məhz pandemiyanın təsirinin daha da zəiflədilməsinə, yoluxma zəncirini mümkün olduğu qədər qırmağa hesablanıb. Yoluxma sayı azalsa və sərt karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılsa da, arxayınlaşmaq hələ tezdir. Bir balaca laqeydlik, məsuliyyətsizlik çəkilən bu qədər zəhmətin hədər getməsinə, yoluxma sayının yenidən artmasına səbəb ola bilər. Karantin qaydalarında yumşalmalar vətəndaşlarımızı arxayınlaşdırmamalıdır. Ona görə də xüsusi karantin rejiminin qaydalarına bundan sonra da ciddi əməl etməliyik. Unutmayaq ki, dövlət tərəfindən atılan bütün lazımi addımlar vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə, hər bir sakinin sağlamlığının qorunmasına hesablanıb”.
 
Rufik İSMAYILOV