• cümə, 19 Aprel, 20:04
  • Baku Bakı 24°C

“Qarabağ münaqişəsindən daha yüksək riskli məsələlər var”

11.12.19 18:48 1010
“Qarabağ münaqişəsindən daha yüksək riskli məsələlər var”
Politoloqlar bu münaqişədə formal da olsa, ABŞ və Rusiyanın mövqelərinin üst-üstə düşdüyünü vurğulayırlar

Bu günlərdə "Normand dördlüyü”nün görüşü keçirilib. Bu çərçivədə aparılan müzakirələr diqqət mərkəzində olub. Bunun ardınca isə Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun ABŞ-a səfəri çərçivəsində prezident Tramp və Mayk Pompeo ilə görüşləri keçirilib. Qeyd edilən hər iki mühüm geosiyasi hadisə zamanı dünyadakı münaqişələr müzakirə mövzusu olub.
Lakin diqqət çəkən məqamlardan biri o olub ki, aparılan siyasi dialoqlarda Dağlıq Qarabağ problemi müzakirə mövzusu olmayıb. Görəsən hansı səbəblərdən Dağlıq Qarabağ münaqişəsi diqqətdən kənarda qalıb?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, Rusiya XİN rəhbəri Sergey Lavrov ABŞ-a səfəri çərçivəsində prezident Tramp və Mayk Pompeo ilə danışıqlarda məhz beynəlxalq gündəlikdə olan yüksək riskli məsələlərlə bağlı müzakirələr aparıb: "Bunlar İran, Ukrayna və ümumiyyətlə Yaxın Şərq məsələləridir. Dağlıq Qarabağ məsələsində ABŞ-la Rusiyanın münasibətləri digər münaqişələrin timsalında olduğu kimi təzadlı deyil. Yəni, Dağlıq Qarabağ problemi çərçivəsində hər iki ölkə bir formatda təmsil olunur. Əlbəttə ki, söhbət ATƏT-in Minsk qrupundan gedir. Məhz bu format çərçivəsində bu iki dövlətin fikir və yanaşma haçalanması müşahidə olunmur. Hər halda bunlar diplomatik leksikonda deyirlər ki, biz bu münaqişənin həllində maraqlıyıq”.
T.Abbasov qeyd etdi ki, Ukrayna, İran və Yaxın Şərqlə bağlı ABŞ-la Rusiyanın təzadlı yanaşması var: "ABŞ nə dərəcədə öz mövqeyini Rusiyaya sırımağa çalışsa da, bunu edə bilmir. Məsələn, Ukrayna ilə bağlı məsələdə amerikalılar bilavasitə iştirak etmir. Onlar Avropa cütlüyünün arxasındadırlar. Hər halda indiyə qədər belə idi. Düzdür, Fransa prezidenti Makron yavaş-yavaş elə bir istiqamət götürüb ki, ABŞ-dan uzaqlaşsın. Çünki ABŞ müttəfiqlik öhdəliklərini çox şübhəli bir tərzdə həyata keçirir. Bununla da avropalıları özündən küsdürməyə nail olub. Amma Dağlıq Qarabağ məsələsi həmin bu cərgəyə yaxın düşmür. Həm də ABŞ bunu açıq etiraf etməsə də, bəllidir ki, Dağlıq Qarabağ probleminin həllində Rusiyanın vasitəçilik rolu daha önəmlidir. Çünki, birincisi, bilavasitə Rusiyanın sərhədləri yaxınlığında gedən bir münaqişədir. Digər tərəfdən Rusiya Bakı ilə İrəvan arasında təmasları bərpa etməyə çalışır. Üçüncüsü də, 1994-cü ildə atəşkəsə, o cümlədən 2016-cı ildə tərəflər arasında gedən atışmanın dayandırılmasına nail olunmasında Rusiya diplomatiyasının rolu qeyd-şərtsiz görünür. Ona görə də hesab edirəm ki, Dağlıq Qarabağ probleminin görüşlərdə gündəmə gəlməməsi təbiidir”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, bu gün dünyanın əsas diqqəti qaynar nöqtələrdəki münaqişə vəziyyətlərinə yönəlib: "Hazırda dünyada belə qaynar nöqtələrin sayı artmaqdadır. Bəzi münaqişələr var ki, burada ABŞ-la Rusiyanın maraqları toqquşur, onlar Qərb və Rusiya sivilizasiyaları arasındakı qırılma nöqtələrində yerləşirlər. Bu münaqişələr sırasında biz təbii ki, Ukraynanı, Şərqi Avropadakı siyasi prosesləri və eyni zamanda Yaxın Şərqi, Suriyanı göstərə bilərik. Amma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində həm Rusiyanın, həm də ABŞ-ın maraqları üst-üstə düşür. Bu, yeganə münaqişədir ki, Moskvanın və Vaşinqtonun fikrilərində bu məsələ ilə bağlı hər hansı fikir ayrılığı yoxdur. Ümumiyyətlə, son zamanlar belə bir fikir formalaşıb ki, MDB məkanındakı bütün proseslərə Rusiya başçılıq edəcək və onun icazəsi olmadan hər hansı bir münaqişənin, yaxud da daxili proseslərin başqa istiqamət alması mümkün deyil. Hər halda ABŞ üçün bu gün Qarabağ məsələsi prioritet deyil və bu, aydın məsələdir. Cənubi Qafqazla bağlı ABŞ-ın fikirləri və planları olsa da, hələlik onlar bunu reallaşdırmağa hazır deyillər. Çünki növbədə Şərqi Avropada güclənməyi davam etdirmək, Aralıq və Qara dəniz sahillərində mövqeləri möhkəmləndirməkdir. Bütün bunları həll edəndən sonra Qərb ölkələri Xəzər istiqamətinə üz tutacaqlar”.
ABŞ, Rusiya və Fransanın Minsk qrupunda təmsilçiliyi məsələsinə toxunan Z.Məmmədov vurğuladı ki, 1990-cı illərin əvvəllərində onlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə qoşuldu: "Həmin nizamlanma prosesinə qoşulmanın tarixinin də maraq doğuran anları var. Hər halda, bu gün ABŞ və Rusiyanın iştirakı olmadan, bilirik ki, dünyada hər hansı münaqişənin nizamlanması prosesi mümkünsüzdür. Yəni, onların baxış bucaqları çox vacibdir və ona görə də ABŞ və Rusiyanın nizamlanma prosesindəki iştirakı əsas məsələlərdən biridir. Biz bunu Serbiya, Ukrayna, Gürcüstan, Suriya və bölgənin digər yerlərində gördük ki, ərazi problemləri, millətlərarası münaqişələrdə mütləq şəkildə ABŞ-la Rusiyanın iştirakı vacib sayılır. Lakin təəssüflər olsun ki, bu ölkələr beynəlxalq hüququ birinci pozan ölkələrdir. Onlar üçün əsas öz maraqlarıdır və bu da onları obyektivlikdən uzaq siyasət yürütməyə vadar edir. Yeri gəlmişkən qeyd edim ki, hər iki ölkə erməni məsələsini vaxtı ilə qabardan və XX əsrin ortalarından etibarən gündəmdə saxlayan ölkələrdir”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər