AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Xəzər dənizində inşa edilmiş ən böyük qurğu

Xəzər dənizində inşa edilmiş ən böyük qurğu

Siyasət
13 Avqust 2020, 09:00 11335
"Qarabağ" yatağı ölkəmizin neft istehsalı dinamikasının qorunub saxlanmasına imkan verəcəkdir 
 
"Qarabağ” yatağı Azərbaycanın ən zəngin karbohidrogen yataqlarından biridir. Bu yatağın istismara verilməsi Azərbaycanın neft strategiyasının daha uğurla reallaşdırılmasına və ölkəmizin neft gəlirlərinin artmasına böyük töhfə olacaq. "Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edən Prezident İlham Əliyev də Azərbaycan Televiziyasına müsahibəsində "Qarabağ” yatağının dəniz işlərinə start verilməsini əlamətdar hadisə kimi qiymətləndirib. Dövlət başçısı bildirib ki, 1990-cı illərdə Heydər Əliyev neft strategiyasının icrası nəticəsində pay bölgüsü haqqında kontrakt imzalanıb və həmin illərdə bu yataqda 3 quyu qazılsa da, xarici tərəfdaşlar "Qarabağ” yatağının səmərəliliyinə inanmayıblar: "Nəticədə kontrakta xitam verilib və "Qarabağ” yatağı tərk edilib. Ancaq bizim mütəxəssislər tam əmin idilər ki, bu yatağın çox böyük potensialı var və həyat bunu təsdiqlədi. Bu il qazılmış dördüncü quyu səmərəli oldu və beləliklə, yataq tam kəşf edildi. Bu, müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş birinci neft yatağıdır. Çünki "Azəri”, "Çıraq”, "Günəşli” yataqları sovet dövründə kəşf edilib. "Şahdəniz” və "Abşeron” yataqları qaz-kondensat yataqlarıdır. Neft yatağı olaraq bu, birinci yataqdır və bu nəhəng qurğu Xəzər dənizində inşa edilmiş ən böyük qurğudur. Ona görə bu layihənin əhəmiyyəti haqqında çox danışmaq olar. Əlbəttə ki, bu, bizim uğurlu siyasətimizin nəticəsidir. Çünki artıq 1994-cü ildən başlayaraq xarici neft şirkətlərinin Azərbaycanda böyük həcmdə sərmayə qoymalarına baxmayaraq, bu günə qədər ölkəmizin neft-qaz sənayesinə, neft-qaz potensialına xarici investorlar tərəfindən maraq azalmır, əksinə, artır. Əminəm ki, növbəti illərdə "Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək, ölkəmizə böyük fayda verəcək”.
 

 
Milli Məclisin deputatı Pərvin Kərimzadə mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında söyləyib ki, vaxtı ilə neftin sənaye üsulu ilə hasil edildiyi ilk məkan, mexaniki qazma üsulunun yarandığı yer, ilk dəniz platformasının Vətəni kimi tanınan Azərbaycan bu gün birinci neft boru kəmərinin inşa edildiyi, neft və qazı ixrac edən etibarlı tərəfdaş ölkə kimi dünyanın diqqətini cəlb edib. Millət vəkilinin sözlərinə görə, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən neft strategiyası ötən müddətdə davamlı və sabit inkişafa təminat yaradıb. O deyib ki, Azərbaycanın həyati əhəmiyyət daşıyan bütün istiqamətlər üzrə hazırda inamla irəliləməsi, beynəlxalq nüfuzunun getdikcə möhkəmlənməsi də məhz həmin strateji kursun məntiqi nəticəsidir: "Böyük inkişaf yolu keçən neft sənayemiz, son illərdə kəşf olunmuş yeni karbohidrogen yataqları Azərbaycana gəlir gətirir, eyni zamanda gələcək üçün böyük potensial vəd edir. Bu günlərdə neft strategiyamızın yeni inkişaf mərhələsinin, doğma Qarabağımızın adını daşıyan "Qarabağ” yatağında quraşdırılacaq stasionar dəniz özülünün dayaq blokunun inşasının uğurla başa çatdığının şahidi olduq. Avqustun 10-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda SOCAR-ın BOS Şelf şirkəti tərəfindən tikilmiş neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan "Qarabağ” dayaq blokunun Prezident İlham Əliyevin iştirakı ilə dənizə yola salınması ölkəmizn həyatında əlamətdar hadisə kimi tarixə yazıldı. Azərbaycanın zəngin karbohidrogen yataqlarından olan "Azəri-Çıraq-Günəşli” yatağından sonra "Qarabağ” neft yatağı daha böyük həcmdə təbii ehtiyatlara, daha böyük potensiala malikdir. "Qarabağ” layihəsi üzrə hazırlanmış dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) 100 faiz Azərbaycana - SOCAR-a məxsus "BOS Şelf” şirkəti tərəfindən iki il ərzində inşa edilməsi isə Azərbaycanın artıq investisiya yatıran və ya sərmayə yatırılan ölkə deyil, həm də böyük investisiya layihələrinin mühüm komponentlərini həll etməyi bacaran şirkətlər yetişdirilmiş ölkə olduğunu təsdiq etdi. Texnoloji baxımdan nəhəng və mürəkkəb konstruksiya olan Qarabağ dayaq blokunun istifadəyə verilməsi göstərdi ki, artıq Azərbaycan şirkətləri beynəlxalq səviyyədə iş aparmaq gücünə malikdirlər".
 


Millət vəkili deyib ki, "Qarabağ" dayaq blokunun hazırlanması prosesində mühüm amillərdən biri də onun məhz yerli mütəxəssislər tərəfindən inşa edilməsidir: "Qurğunun tikintisində çalışanların 95 faizi yerli mütəxəssislər olub. Yüksək peşəkarlığa malik mütəxəssislər dənizin 182 metr dərinliyində qərar tutacaq 190 metr hündürlüyündə dayaq blokunun hazırlanmasında böyük ustalıq nümayiş etdirdilər. Bu da onu göstərdi ki, neft sənayesi üzrə kifayət qədər yerli mütəxəssislərimiz var və artıq Azərbaycan şirkətləri beynəlxalq səviyyədə iş aparmaq gücünə malikdirlər. Ölkə Prezidenti dayaq bloku ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədə görülmüş işləri yüksək dəyərləndirib. Onu da qeyd etmək yerinə düşər ki, sözügedən dayaq blokunun inşa edildiyi BDÖZ vaxtilə məhz ulu öndər Heydər Əliyevin səyi və nüfuzu sayəsində tikilib. Mütəxəssislərin fikrincə, əgər bu müəssisə olmasaydı, hazırda ölkəmizdə həyata keçirilən neft-qaz layihələrinin həyata keçirilməsində çətinliklər yarana bilərdi. "Qarabağ” yatağının istismara verilməsi istiqamətində görülən işlərin başlanğıcının belə uğurlu olması Azərbaycanın neft-qaz strategiyasının müvəffəqiyyətlə irəli getdiyinin əyani təsdiqidir".
 
 
 
Millət vəkili Azər Badamov bildirib ki, "Qarabağ" dayaq blokunun inşası tarixi hadisədir. Onun sözlərinə görə, tarixdə ilk dəfə olaraq çəkisi 16 min ton olan bir qurğu Azərbaycanda istehsal edilib və 180 metrdən çox su dərinliyində qazma işlərinin aparılması imkanına malik olmuşuq: "Bu, həm Azərbaycanın iqtisadi gücünün, həm də güclü inkişaf etmiş neft sənayesinin göstəricisidir. 1990-cı ildə Qarabağ yatağında qazma işləri aparan şirkət bir nəticə əldə etməmişdisə, bu gün Azərbaycanın neft sənayesi burada ilkin olaraq 60 milyon neft ehtiyatını proqnozlaşdırır və qazma işlərinə başlanılır. "Qarabağ" yatağının istismara verilməsi ölkəmizin neft istehsalı dinamikasının qorunub saxlanmasına imkan verəcəkdir. Təbii ki, bu həm də siyasi xarakter daşıyır. Əgər 90-cı illərdə biz bir nəticə əldə etmədiyinə görə Qarabağ yatağından çıxmışdıqsa indi biz ora qayıdırıq. Bu o deməkdir ki, 90-cı illərdə erməninin işğalçı siyasəti nəticəsində tərk etdiyimiz Dağlıq Qarabağ torpaqlarına da yenidən qayıtmaq məqamı gəlib çatmışdır. Bu gün Azərbaycanın iqtisadi - hərbi gücü, vətəndaşlarımızın orduya qatılmaq istəyi və beynəlxalq siyasətdə əldə etdiyimiz uğurlar bunu deməyimizə imkan verir. Azərbaycan həm istifadəsiz qalmış "Qarabağ" yatağını canlandırır, həm də işğal altındakı Qarabağ torpaqlarını azad edəcəkdir".
 
 
 
Millət vəkili Nəsib Məhəməliyev də deyib ki, "Qarabağ" yatağının dayaq blokunun dənizə yola salınması Azərbaycan Dövlət Neft Şirkətinin və ümumiyyətlə iqtisadiyatımızın inkişafı baxımından tarixi hadisədir: "İlk növbədə qeyd etmək lazımdır ki, bu dayaq bloku yerli mütəxəssislər tərəfindən inşa olunmuşdur. "Qarabağ" yatağının yerləşdiyi ərazidə suyun dərinliyi 180 metrdir və Xəzərdə ən iri neft-qaz yataqlarından hesab olunur. Yataqda neft ehtiyatları 60 milyon tondur.   Cənab Prezident çıxışında xüsusi olaraq vurğuladı ki, əgər sovetlər dövründə belə bir texnologiya olsaydı bu dərinlikdə yerləşən yataqları da boşaltmışdılar. Əsası 90-cı illərdə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyası bu gün də cənab Prezident tərəfindən uğurla davam etdirilir. Bu siyasət Azərbaycan dövlətinin iqtisadi inkişafına, xalqın sosial rifah halının yaxşılaşmasına xidmət edir. Azərbaycan iqtisadiyyatına xarici investisiyaları cəlb etməklə şaxələndirilməsini təmin edir. Aydındır ki, ölkə iqtisadiyyatının flaqmanı neft sənayesi hesab olunur. Neft sənayesindən gələn milyardlarla vəsait isə iqtisadiyyatın digər sahələrini inkişaf etdirmək, əhalinin sosial-rifah halının yaxşılaşdırılması üçün sosial layihələrin icrasına, müdafiə və təhlükəsizlik məsələlərinin həllinə yönəldilir. Eyni zamanda ölkəmizin beynəlxalq səviyyədə güclü, inkişaf etmiş dövlət kimi tanınmasında əhəmiyyətli rol oynayır. Yatağın adının "Qarabağ" adlandırılması xüsusi rəmzi məna daşıyır. Yəni Azərbaycan xalqı heç bir halda Qarabağdan imtina etməyəcəkdir. Bu baxımdan hesab edirəm ki, "Qarabağ" yatağının dayaq blokunun suya buraxılmasının siyasi-iqtisadi əhəmiyyəti olduqca böyükdür".

Rufik İSMAYILOV