Qadın xilasının tragediyası
Bir etirafla başlayıram: İnsan nəsli içində
mövcud olan müxtəlif qruplar arasındakı təməl fərqləri araşdıran bütün
siyasi-iqtisadi nəzəriyyələrə, sinfi və irqi ayrıseçkiliyə, qadın və kişi
hüquqları arasında çəkilmiş bütün süni sərhədlərə baxmayaraq, bu fərqliliklərin
qovuşacağı və xoş təsir bağışlayan bir bütün ola biləcəyi nöqtənin olduğuna
inanıram.
Bu etirafla barış müqaviləsi təklif etmək
istəmirəm. Bir-birinə zidd, uyuşmayan mənfəətlərin təsiri ilə yaranmış və bu gün
ictimai həyatına tam hakim kəsilən bu cinsi-ictimai qayrı-seçkilik iqtisadi
bərabərlik adlı dünyəvi hərəkatın təkan tapması ilə aradan qalxacaq. Cinslər və fərdlər arasında sülhün, birgəyaşayışın əldə olunması
sadəcə insanların səthi formada bərabərhüquqlu olmasına bağlı deyil; nə də
bununçün fərdi keyfiyyət və özünəməxsusluqların məhv edilməsi tələb olunur. Bu gün
qarşıda duran və yaxın gələcəkdə həllini gözləyən problem həm özümüz kimi
qalıb, həm də başqaları ilə bütünləşə bilməyin özünəməxsus cəhətləri qorumağın
yolunu tapmaqdır.
Bu mənə bir çox problemin əsası kimi görünür – kütlə
və fərd, əsl demokratla əsl vətəndaş, kişi-qadın qütbləşməsi olmadan bir
nöqtədə birləşə bilməyin təməli kimi.
Buna görə də şüarımız "Bir-birinizi bağışlayın” yox, "Bir-birinizi anlayın”
olmalıdır. Madam de Stalın tez-tez təkrarladığı ifadə var idi: "Hər şeyi
anlamaq, hər şeyi bağışlamaq deməkdir”. Bu ideya mənə heç vaxt cazibədar
gəlməyib, içində mənasız "GÜNAHÇIXARMA” ayininin qoxusu var. Hər şeyi
bağışlamaqda ikiüzlü ola bilmək kimi məziyyət var. Vəziyyəti anlamaq kafidir.
Qadının xilası və onların "bağışlayan” olması haqqında klişedən arınmaları ilə
bağlı çıxışda bu əsas qəbuledilən fikirdir.
Qurtuluş qadının sözün tam mənasında insan kimi qəbul
edilməsini təmin etməlidir. Qadının azad olmağı və hərəkət etməyi, reallaşmağı
gözləyən hər şey bütün varlığı ilə ehtiyac duyduğu şeyə qovuşmalıdır. Onun
ayrı-ayrı yerlərdə, fərqli zamanlarda başlayan hərəkatlarının hədəfi məhz bu
idi. Ancaq niyəsə bugünə qədər əldə edilən nəticələr qadını yenə də nələrdənsə
təcrid etdi, onu xoşbəxtlik bulağından məhrum qoydu. Görüntüdə baş tutmuş azadlıq isə müasir
qadını süni varlığa çevirdi. Günün qadını Fransanın parniklərində piramida,
təkər, çələng formasında yetişdirilən ağacları, fidanları xatırladır insana.
Qadının daxili dünyası ilə əlaqəsi olmayan formalara düşdüyünün şahidi oluruq.
Parniklərdə yetişmiş bu qadınlara hər yerdə rast gəlmək olur, xüsusilə də,
intellektual çevrədə.
Qadına azadlıq və bərabərlik! Bir zamanlar ən əsilzadə
və cəsur adamlar tərəfindən ilk dəfə səsləndiriləndə bu ifadələr necə böyük
ümidlər, arzular oyandırmışdı. Günəş bütün parlaqlığı və möhtəşəmliyi ilə yeni
bir dünyanın üzərinə doğacaqdı sanki. Bu dünyadakı bütün qadınlar öz tale
yollarını təyin etməkdə sərbəst olacaqdı. Bu isə cəhalətin hökm sürdüyü bir
dünyaya qarşı çıxan, bu yolda hər şeyini təhlükəyə atacaq, öləcək qədər cəsur
qadınlar və kişilərin müqəddəs savaşına dəyəcək bir hədəf idi.
Mənim də ümidlərim bu aqibətədir. Lakin bugünkü sözdə
azadlığın əldə edilməsi və qəbulundan da görünür ki, bu mübarizə o böyük hədəfə
çata bilməyib. İndi qadın sözün əsl mənasında azad olmaq üçün ona sırıdılan bu
səthi, süni azadlıqdan və onun kriteriyalarından xilas olmalıdır. Paradoks kimi
görünə bilər. Amma təəssüf ki, həqiqətdir.Qadın bu qurtuluşu ilə nə əldə etdi? Bəzi yerlərdə
səsvermə hüququ. Bəs, bu cəmiyyətin siyasi həyatını ləkələrdən təmizləməyə
kifayət etdimi? Əlbəttə ki, yox. Artıq açıqfikirli, sağlam iddialı insanların
siyasətin yüngül formada təqdimi haqqında internat məktəbinin yetirmələri kimi
danışmağının zamanı keçir. Siyasi yüngüllüyün siyasətçilərin əxlaqı və ya
zəifliyi ilə əlaqəsi yoxdur. Bunun əsas səbəbi maddidir. Siyasət biznes və
sənaye dünyasının əks-sədasıdır və artıq onun "Almaq verməkdən daha
müqəddəsdir”, "Ucuz al, baha sat”, "Dinsizin öhdəsindən imansız gələr” kimi
şüarları var. Odur ki, qadına səsvermə haqqı verilməsinin nə siyasətə, nə
qadına bir xeyri var.
Azadlıq qadına kişi ilə iqtisadi bərabərlik imkanı
verdi. Artıq qadın öz ixtisasını, işini seçə bilir, amma keçmişdə və indi
aldığı təhsil səviyyəsi, gec təcrübə qazanmağa başlamaq ona kişi ilə rəqabət
apara bilmək imkanı vermir. Bu səbəbdən də qadın bazar şərtlərinə uyğunlaşdıra bilmək
üçün inanılmaz enerji sərf edir, canlılığını, parıltısını itirir, əsəbləri pozulur.
İndiyə qədər az qadın öz sahəsində alternativsiz olaraq, uğurlu hesab olundu.
Çünki qadın müəllimlər, həkimlər, vəkillər, memar və mühəndislər kişi
həmkarları qədər etimad görməməklə yanaşı, onlarla eyni maaşı da ala bilmirlər.
Və bu ağılçaşdıran bərabərliyi əldə edənlər, yəni milyonlarla qadının içindən
seçilə bilənlər də bunu fiziki-psixoloji sağlamlıqlarını itirmək hesabına
qazanırlar. İşçi qızlar və qadınlar üçün ev mühitinin məhdudluğu, yeknəsəqliyin
yerinə fabrikin, atelyenin, mağazanın, ofisin məhdudiyyətləri və monotonluğu
keçəndə azadlıq nə qədər təmin olunmuş hesab olunur ki? Hələ bir də ağır iş
gününün sonunda "evim, gözəl evim” deyə içindən keçirən bir çox qadın üçün
soyuq, yalnız, dağınıq və heç də gözəl görünməyən bir evə getməyin məcburiyyəti
də yüklənir. Necə də gözəl müstəqillikdir! "Tikiş və yazı maşını arxasında
müstəqillik”lərdən bezib-uzanmış yüzlərlə qızın ilk evlilik təklifinə
düşünmədən razılıq verməsi heç də təəccüblü deyil. Güclə yaşamaq üçün lazımi
pul qazanmaqla nəticələnən "uydurma” müstəqillik heç də qadının hər şeyini fəda
etməsinə dəyəcək qədər ülvi və cəlbedici deyil. Bizim olduqca dəyərli
bildiyimiz müstəqillik qadının korşalmasına, təbiətinin, eşq və analıq
duyğusunun təzyiq, zor altında saxlanmasına səbəb olan yorucu bir mərhələyə
çevrilib.
Yenə də işçi qızın vəziyyəti ilk baxışdan daha
bəxtəvər və daha alidir. Xüsusilə də, həkim, vəkil kimi sahələrdə. Ən azından
daxili dünyası quruyarkən, üstəlik yaşlı və kədərli görünən tibb bacıları və
katibələrlə müqayisədə daha insani ömür sürürlər.Qadının müstəqilləşməsinin dərk olunmasındakı korluq; sosial
statusu fərqli olana vurulmaqdan qorxmaq; eşqin azadlığı və qayğısızlığı yox
edəcəyi fikrinin gətirdiyi narahatlıq; sevgi və ya analıq sevincinin qadını
işindən geri salacağı həyəcanı – müasir və azad qadını bir başqa cəhətdən
məcburi rahibəliyə itələyir. Həyatın ağrıları, dərin, başdan çıxaran sevincləri
qadına dəymədən, onun ruhunu qavramadan, oxşamadan önündənkeçib-gedir.
Əxlaq məfhumunun əhatə sahəsinin kişinin mübahisəsiz
üstün olduğu zamanlardan qalan və hələ də işəyarayan çürümüş qalıqları ilə dolu
olduğunu görənlər vəziyyətin belə nəticələnəcəyini əvvəlcədən görmüşdülər.
Mövcud sistemləri yıxmağı və yerinə daha yeni, mükəmməl olanı ucaltmağı
hədəfləyən hər hərəkatın bir tərəfdən radikal fikirləri müdafiə edib, bir
tərəfdən də gündəlik həyatlarında sıradan insanlar kimi davranan, ictimai
baxımdan qəbuledilən insanlar qalmağa çalışan, düşmənlərinin haqqında yaxşı
düşünməsi üçün çırpınan üzvləri olur. Məsələn, bəzi sosialistlər, hətta
anarxistlər mülkiyyət əldə etməyin oğurluq olduğunu deyirlər, sonra da kimsə
onlara üç qəpik borclu qalsa, hiddətdən vəhşiləşirlər.
Müstəqilləşmənin ən böyük əskikliyi etibar, nüfuz
həvəsindən qaynaqlanır. Qadının ruhunda boşluq yaradır, ona həyat bulağından su
içməyə imkan vermir. Məqsədim keçmişə qayıtmaq, ya da qadını köhnə komasına,
mətbəxə, uşaq otağına məhkum etmək deyil. Əsl müstəqillik daha aydınlıq və açıq
gələcəyə doğru yorulmadan irəliləyə bilsək, reallaşar. Köhnə adət-ənənələrdən
xilas olan, əngəl tanımayan bir inkişafa ehtiyacımız var. Qadının azadlıq
mübarizəsi indiyə kimi sadəcə ilk addımı ata bilib. Səsvermə hüququ, hüquqi
bərabərlik yaxşı nəticələrdir, amma müstəqillik rəsmi qurumlarda başlamır.
Qadının ruhunda başlayır. Tarix dönə-dönə sübut edib ki, əzilən zülmdən yalnız
öz əzmi, mübarizəsi ilə qurtula bilər. Qadının şəxsi gücü və bacarığı haralara
qədər uzana bilirsə, o qədər müstəqildir. Həyatın hər sahəsində bərabər hüquq
tələbi ədalətlidir, amma dünyadakı ən çox ehtiyac duyulan şey aşiq olmaq və
sevilmək tələbidir. İşə ənənələrin ağırlığından qurtulmaqla başlamaq lazımdır.
İngilis dilindən tərcümə edən: Elcan SALMANQIZI