AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Prezident İlham Əliyevin daxili və xarici siyasəti xalqın böyük etimad və hörmətinin qazanılmasına gətirib çıxarıb

Prezident İlham Əliyevin daxili və xarici siyasəti xalqın böyük etimad və hörmətinin qazanılmasına gətirib çıxarıb

Siyasət
18 Fevral 2020, 13:30 849
Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət ölkəmizin mənafelərinin bütün beynəlxalq təşkilatlarda və dövlətlərarası münasibətlərdə cəsarətlə qorunmasına, xalqın böyük etimad və hörmətinin qazanılmasına gətirib çıxarıb. Dünyada baş verən siyasi burulğanlar, hərbi münaqişələr və iqtisadi böhranlar mühitində böyük güclərin qurduğu siyasi labirintlərdə dəqiq mövqe nümayiş etdirməsi və düzgün yol seçməsi xalqın öz Prezidenti ətrafında sıx birləşdiyini, Azərbaycanın bütün təhdidlərə və çağırışlara hazır olduğunu bir daha təsdiq edib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun "Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” adlı məqaləsində yer alıb.
Məqalədə deyilir: "Azərbaycan Prezidenti Vətənimizin müstəqillik illərində, xüsusilə son 26 ildə əldə etdiyi nailiyyətləri səciyyələndirərkən çox haqlı olaraq qeyd edir ki, Azərbaycan artıq 26 ildir sabitlik şəraitində yaşayır və bu illər ərzində ölkəmiz bir əsrə bərabər inkişaf yolu keçmişdir və bu gün dünya miqyasında güclü ölkələr sırasındadır.
Azərbaycanın dünya arenasında sabit və güclü mövqeyini son dövrlərdə, xüsusilə ötən 2019-cu ildə respublikamızda keçirilən çoxsaylı beynəlxalq tədbirlər, dünyanın bir çox tanınmış dövlət və hökumət başçılarının Azərbaycana, eləcə də dövlətimizin başçısının xarici ölkələrə rəsmi və işgüzar səfərləri bir daha təsdiq etdi. Keçən il dünyanın 40-dan çox dövlət və hökumət başçısı Bakıya səfər etmiş, ölkədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının zirvə görüşləri keçirilmiş, 120-dən artıq üzv ölkənin yekdil qərarı ilə Azərbaycan ən nüfuzlu beynəlxalq təsisatlardan sayılan bu hərəkata sədrliyi öz üzərinə götürmüşdür. Dünya Dini Liderlərinin Zirvə Görüşünə 70 ölkədən dini liderlər təşrif buyurmuş, bundan başqa UNESCO-nun Dünya İrs Komitəsinin sessiyası da respublikamızın paytaxtında keçirilmişdir. Aydındır ki, belə tədbirlər bundan sonra da ardıcıl surətdə davam etdiriləcək və onlar Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə artmasına xidmət edəcəkdir”.