AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Prezident İlham Əliyev: İndi Hadrutun bütün ətrafı bizim nəzarətimizdədir

Prezident İlham Əliyev: İndi Hadrutun bütün ətrafı bizim nəzarətimizdədir

Cəmiyyət
12 Oktyabr 2020, 19:32 785

İndi Hadrutun bütün ətrafı bizim nəzarətimizdədir. Şəhərdə də biz varıq. Amma şəhərə girək-girməyək o başqa məsələdir. Bizim qarşımızda indi belə bir siyasi vəzifə yoxdur ki, mütləq bu gün oranı elan edək, sabah oranı elan edək. Yoxdur. Bəzi hallarda biz kəndləri, şəhərləri azad edirik, bir gün, iki son sonra açıqlama veririk. Bunun da taktikası var.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyənin "Haber Global” televiziya kanalına müsahibəsində söyləyib.

Dövlət başçısı bildirib:
"Biz status-kvo ilə əlaqədar uzun illər çox böyük səy göstərdik ki, həmsədrlərdən bununla bağlı bir açıqlama gəlsin. Nəhayət, təqribən 7-8 il bundan əvvəl Amerika, Rusiya və Fransa prezidentləri səviyyəsində bir neçə dəfə belə bir açıqlama verildi - status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Biz də bunu alqışladıq. Mən də bir neçə dəfə bununla bağlı açıqlama verdim ki, bu, çox müsbət bir yanaşmadır. Yəni, bu, nə deməkdir, o deməkdir ki, erməni silahlı qüvvələri torpaqlarımızdan çıxmalıdır. Status-kvonun dəyişdirilməsini Ermənistan etməlidir. Çünki biz Ermənistan torpaqlarını işğal etməmişik. Biz status-kvonu necə dəyişdirə bilərik? Bu Ermənistan tərəfinə, bir mesaj, bir siqnal idi. Ancaq təəssüf ki, bu açıqlama və açıqlamalar, - bir neçə dəfə belə açıqlamalar verildi, - havada qaldı. Ondan sonra biz nə eşitməyə başladıq? Son dönəmdə artıq həmin həmsədrlər bu ifadədən geriyə addım atdılar. İndi nə deyirlər? İndi deyirlər ki, status-kvo dayanıqlı deyil. Amma bu, böyük bir fərqdir. Status-kvo dəyişməlidir, yəni ki, Ermənistan, sən torpaqlardan çıxmalısan. Status-kvo dayanıqlı deyil, yəni sabit deyil o deməkdir ki, sadəcə olaraq, onlar bunu fakt kimi göstərirlər. Ona görə belə olan halda, status-kvonu Azərbaycan özü dəyişdirdi, döyüş meydanında dəyişdirdi. Artıq status-kvo yoxdur. Artıq Ağdərə, Füzuli, Cəbrayıl, Hadrut rayonlarının yaşayış məntəqələri və kəndlər azad edildi. Hansı status-kvodan söhbət gedə bilər? Söhbət gedə bilməz. Təmas xətti? Təmas xətti yoxdur. Aydın məsələdir ki, mövcud olan təmas xətti çox böyük hərbi biliklər əsasında yaradılmışdır. Ermənistanın o zaman heç bir hərbi bilikləri yox idi. Bunu biz açıq etiraf etməliyik. Yəni, Ermənistanın nüfuzunun az olması onlar üçün çox ciddi bir problem yaradır. Onlar üçün təmas xətti çox qısa olmalı idi, düz olmalı idi. Onu da etdilər. Onların buna ağlı çatmazdı. Onlara məsləhət verənlər bunu etdilər. Əgər o əvvəlki təmas xəttinə baxsanız, bu üfüqi-şaquli formadadır. Belə, düz. Yəni, onu müdafiə etmək çox asandır. Onların mövqeləri əsasən təpələrdə idi. Onlara müdaxilə etmək, yəni, istehkamları yarmaq çox çətin bir iş idi. İndi bu təmas xətti yoxdur. Biz onu bir neçə yerdən - şimaldan, cənubdan, ondan sonra şərqdən yardıq. Artıq hansı təmas xəttindən söhbət gedə bilər? Yoxdur! Azərbaycan Ordusunun xilaskarlıq missiyası davam edir. Hər gün biz yeni mövqeləri azad edirik. O mövqelər şərt deyil ki, kənd olsun, yaxud da ki, şəhər olsun. Təpə olsun, dağ olsun – o, kənddən, şəhərdən daha önəmlidir. Şəhərlərə biz onsuz da qayıdacağıq. Bizim üçün əsas məsələ strateji yüksəklikləri almaqdır".