• cümə, 29 Mart, 10:28
  • Baku Bakı 5°C

Paşinyanın yalanları

24.07.19 18:16 16701
Paşinyanın yalanları
Nikol Paşinyana qarşı hər cəbhədən hücumlar start götürüb. Bir tərəfdən doğulub boya-başa çatdığı İcevanda yüzlərlə insanın iştirakı ilə kütləvi etirazlar, digər tərəfdən media və ekspert dairələrində ona qarşı hücumlar ara vermir. Ötən gün isə yeddi müxalifət partiyasının ona qarşı birgə bəyanat verməsi artıq ciddi bir siqnaldır. Erməni mediası yazır ki, vəziyyətin belə hala gəlməsinə səbəb baş nazirin Konstitusiya Məhkəməsinin sədri Qrayt Tovmosyanı vəzifəsindən uzaqlaşdırıb yerinə öz adamını təyin etmək istəyidir.
Müxalifətin qənaətincə, Paşinyan bütün dövlət institutlarını öz nəzarəti altına almaq məqsədini güdür. Ermənistanda bu gün belə fikir formalaşıb ki, Paşinyan hüquqi dövləti "dəfn” edib konstitusiya çərçivəsindən kənara çıxır. Bəziləri isə bu qənaətdədir ki, Ermənistanda nizamsızlığın yüksək səviyyədə olmasına baxmayaraq, yaxın gələcəkdə hər hansı bir siyasi partlayış olmayacaq. Lakin radikal müxalifətin Paşinyanı əvəz edə biləcək lideri yoxdur. "Aysor.am” isə yazır ki, "Nikol Paşinyan Ermənistanın qürurlu vətəndaşlarını aldatdı. Bir çox məsələlərdə aldadıb, lakin ən böyük yalanı ermənilərin 2018-ci ildən yeni Ermənistanda yaşamasını bəyan etməsidir. Yeni Ermənistanda məhkəmə-hüquq islahatları barədə danışan keçmiş hərbi prokuror Qaqik Canqiryan hakimiyyətin ən başlıca təbliğatçısına çevrilib. Parlament seçkilərinin saxtalaşdırılmasının əsas meneceri olan bu şəxs efirlərdən düşmür. Hazırda Konstitusiya Məhkəməsinin sədri Vaqe Qriqoryanın vəkili qismində çıxış edir”.
Öz növbəsində müxalif "Qolos Armenii” yazır ki, Nikol Paşinyanın hakimiyyətdə olduğu bir il iki ay ərzində heç bir müsbət dəyişiklik baş verməyib. Və bütün uğursuzluqlara görə o, özündən başqa hamını günahkar sayır. "Paşinyana görə hamı günahkardır: keçmiş hakimiyyət, Ermənistana bir qara qəpik də olsun verməyən ABŞ, Avropa, onun çaldığına oynamayan separatçı Dağlıq Qarabağ rəhbərliyi və hökumət üzvlərinə suallar verən şəxslər. Bu suallar isə çox sərtdir. Məsələn, onlar sual edirlər ki, konkret olaraq siz bu bir il iki ay ərzində nə etmisiniz? Heç nə”. Nəşr yazır ki, Ermənistanda artıq çoxları bizneslərini başqa ölkələrə keçirməyə çalışır, kapitalın axını prosesi baş verir. "İstehlakçı tələbatı getdikcə azalır, qiymətlər artır, işsizlik bütün sahələri götürüb. Axı hökumət niyə dövlət sektorunda nə qədər insanın iş yerindən məhrum olduğu barədə rəqəmləri ortaya qoymur? Çünki söhbət minlərlə vətəndaşdan gedir”. Qəzet yazır ki, "artıq insanların küçələrə çıxmaq vaxtı yetişib. Çünki nəsə gözləməyinə dəyməz. Həyat şəraiti pisləşməyə doğru gedir. Bu səbəbdən də hökumət evinin qarşısına toplaşmaq, Nikol Paşinyan komandasından oranı tərk etməyi tələb etmək gərəkdir. Haradan gəliblərsə, yəni küçələrə, Soros Fonduna qayıtsınlar”.
Bütün bunlardan ruhlanan keçmiş iqtidar partiyası - Ermənistan Respublika Partiyası də aktiv siyasətə başlayıb. Partiya sədrinin müavini Armen Aşotyan hesab edir ki, Paşinyan dinc yolla getməyəcək: "Paşinyan Serj Sarkisyan gedən kimi dinc yolla hakimiyyətdən getməyəcək. Məhz Serj Sarkisyanın sayəsində hakimiyyət dəyişikliyi qansız-qadasız başa çatdı. İndiki hakimiyyət isə hakimiyyəti qoruyub saxlamaq üçün istənilən addımı atmağa hazırdır”. Onun sözlərinə görə, sosial-iqtisadi vəziyyət gərginləşdikcə, ölkədə repressiyalar daha sərt xarakter almağa başlayacaq. Bütün bunların fonunda ölkənin dövlət borcu artmaqda davam edir. Belə ki, cari ilin ilk yarısında 6,934 milyard dollara çatıb. Bu məlumatı Ermənistan Maliyyə Nazirliyi yayıb. Məlumata görə, iyunun sonunda Ermənistanın xarici dövlət borcu 5,456 milyard dollar, daxili borcu isə 1,478 milyard dollar olub. Bununla da Ermənistanın dövlət borcu 11 milyon dollar artıb.
Öz növbəsində "1in.am” saytı Paşinyan hakimiyyətinin yüksək rütbəli məmurlarının Birləşmiş Ştatlara olan uğursuz səfərinə diqqət yetirib. Sayt yazır ki, rəsmi Yerevan xarici siyasətini diversifikasiya etməyə, ABŞ-Ermənistan münasibətlərinə yeni gündəlik gətirməyə cəhd göstərir. Lakin digər mövqe və təhlükələr var. Bildirilir ki, erməni rəsmiləri ABŞ-da yalnız demokratlarla görüşürlər. Erməni nəşri etiraf etməsə də, respublikaçıların ermənilərə qarşı mövqeyi bəllidir. Söhbət qondarma erməni soyqırımının tanınması və Dağlıq Qarabağ münaqişəsindən gedir. Elə Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Ermənistana səfərini götürək. Müşavir erməniləri münaqişənin həllində kompromisə gəlməyi, işğal etdikləri torpaqları azad etməyə çağırmışdı. Görünür, elə bu səbəbdəndir ki, parlament spikeri Ararat Mirzoyan ABŞ-da bir respublikaçı ilə belə görüşməyib.
İnsan inkişafı üzrə Beynəlxalq Mərkəzin sədri Tevan Poqosyan hesab edir ki, bu məsələdə bir problem var. "Biz Amerika siyasi təşkilatlarının bütün nüanslarını bilməliyik. Elə etməliyik ki, həm demokratlar, həm də respublikaçılarla əlaqələr quraq”.
Yeri gəlmişkən, erməni mediası Paşinyanın hakimiyyəti dövründə orduda da problemlərin nəinki azaldığını, əksinə, artdığını yazır. Bildirilir ki, Ermənistan ordusunda daha bir rüsvayçı fakt qeydə alınıb. Bir müddət əvvəl Yerevanın Açapnyak rayonundan orduya çağırılan Narek S. adlı 19 yaşlı gənc qanuni məzuniyyətindən sonra hərbi hissəyə qayıtmaqdan imtina edib. Valideynləri ilə danışan Narek orduya geri qayıdacağı halda intihar edəcəyini bildirib. Hadisə Ermənistanda əsgər fərariliyini bir daha gündəmə gətirib. İddialara görə, əsgərlərə qarşı qeyri-insani hərəkətlər, eyni zamanda, onların azuqəsiz qalması, müxtəlif, o cümlədən cinsi istismara məruz qoyulmaları düşmən ordusunda geniş yayılıb.
Başqa bir halda, hüquq-mühafizə orqanlarına müraciət edən valideynlərin çağırışı əsasında əsgər Muraçan hərbi hospitala yerləşdirilib. Buraya isə hərbi polisin əməkdaşları gəlib və onu Kanaz hərbi hospitalına köçürüblər. Onu da qeyd edək ki, Ermənistan ordusunun hərbi hissələrindən birində Amik Vardanyan adlı erməni əsgərin cəsədi tapılıb. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda insidentin cəbhə xəttindəki təmas nöqtələrindən birində baş verdiyi bildirilir. Erməni əsgərin öz yoldaşlarının atdığı güllə yarasından öldüyü ehtimal olunur. 2000-ci il təvəllüdlü əsgər Volodya Qaloyanın ölümü ilə bağlı da hərbi prokurorluq tərəfindən təhqiqat aparılır.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər