• cümə, 19 Aprel, 23:04
  • Baku Bakı 24°C

Paşinyanın Milan fiaskosu

21.11.19 17:51 461
Paşinyanın Milan fiaskosu
Baş nazir uğursuz daxili və xarici siyasət yürütməkdə ittiham edildi

İtaliyada işgüzar səfərdə olan Nikol Paşinyan növbəti dəfə "köhnə Ermənistan”ın keçmiş yüksək rütbəlilərindən bəhs edib. Onun sözlərinə görə, bir sıra yüksək rütbəli keçmiş erməni məmurlar ədalət məhkəməsindən qaçıb İtaliyada gizlənir: "Lakin heç kim ümid etməsin ki, onları tutmayacaqlar”. Nikolun görüşlərinin birində qalmaqal da yaşanıb. Milanda keçirilən tədbirdə qadın iştirakçı sərt formada Ermənistanda total şəkildə nifrət təbliğat kampaniyası aparıldığını qabardıb. Uğursuz daxili və xarici siyasət aparılmasından danışaraq, Paşinyan və hökumətinin istefasını tələb edib. Nəticədə ciddi qarşıdurma da yaranıb. Paşinyan cavabında bildirib ki, Ermənistanda nifrət təbliğatı mütəmadi aparılıb, lakin bunun ilkin səbəbləri araşdırmalıdır. Əlavə edib ki, bunun əsası əvvəlki rejimin dövründə qoyulub.
Yeri gəlmişkən, Rusiya mediası yazır ki, Nikol Paşinyan Milanda erməni icmasının nümayəndələri ilə görüşdə növbəti dəfə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Yerevanın yalançı mövqeyini səsləndirib. Məsələn, münaqişənin səbəbləri barədə danışan Paşinyan növbəti dəfə tarixi faktları saxtalaşdırmağa üstünlük verib. Həyasızcasına azərbaycanlı və ermənilərin bir vaxtlar yaşadıqları Qarabağı "erməni regionu” adlandırıb. "Münaqişənin kökü Sovet İttifaqının yaranmasının ilk illərinə gedib çıxır. O zaman əhalisinin 95 faizi ermənilərdən ibarət bölgə Kommunist Partiyasının qərarı ilə Azərbaycana verilib” deyə iddia edən Nikol ardınca utanmadan iddia edib ki, "bu qərar bolşevik Rusiyası ilə kamalist Türkiyənin əldə etdiyi razılaşma əsasında baş tutub”. "Vestnik Kafkaza” nəşri yazır ki, əslində isə məsələ tamamilə başqa cürdür. "O illərdə ümumi ərazilər mövcud idi. Həm düzənlik, həm də dağlıq hissə Qarabağ adlanırdı. Dağlıq hissədə ermənilər yaşayırdılar, lakin o vaxt əhalinin böyük bir hissəsini azərbaycanlılar təşkil edirdilər. Bununla yanaşı, 20-ci illərin əvvəllərində milli respublikalar yarananda, azərbaycanlıların yaşadığı Zəngəzur və Dərələyəz bölgələri Ermənistana verildi və nəzəri cəhətdən Ermənistanda da muxtar vilayət yaratmaq mümkün idi. Lakin bunun əvəzində Ermənistan rəhbərliyi Azərbaycan coğrafi adlarını erməni adları ilə dəyişdirdi. Azərbaycanlılar daim öz üzərilərində etnik təzyiqi hiss edirdilər və əhali mütəmadi olaraq Azərbaycana köçməyə üstünlük verirdi. 1947-ci ildə Stalinin 150 min azərbaycanlının Ermənistan ərazisindən Azərbaycan ərazisinə köçürülməsi qərarının ardınca boş qalan ərazilərə Yaxın Şərqdən erməniləri yerləşdirməyə başladılar”, - deyə müəllif xatırladır. Əlavə edir ki, "əslində DQMV süni şəkildə yaradılan qurum idi. Bundan əlavə, ona SSRİ rəhbərliyi, Moskva tərəfindən ciddi dəstək verilirdi. Çünki, Stalin tərəfindən Gürcüstan və Azərbaycan ərazisində yaradılan muxtar vilayətlər mərkəzi hakimiyyətin respublikalar daxilində ciddi dayağı kimi götürülürdü. Moskvadan təyin olunan ikinci katiblər məhz mərkəzin nümayəndələri olurdu. Böyük mənada götürsək, muxtar vilayətlər zaman-zaman partlayacaq mina rolunu oynayırdılar. İstənilən an mərkəzin göstərişi ilə işə düşə bilərdi və sonda da məhz belə oldu. Sovet İttifaqı zamanında məhz düzənlik ərazilər iqtisadi cəhətdən əlverişli hesab edilirdi. Məhz həmin ərazilərdə də aqrar sənaye müəssisələri fəaliyyət göstərirdilər. Kənd təsərrüfatının olduğu dağlıq rayonlar isə yalnız bir səbəbdən çiçəklənirdilər - oralar Qarabağın düzən əraziləri ilə bütövlükdə Azərbaycan iqtisadiyyatı, sənayesi ilə bağlı idilər. Bu da DQMV-nin kənd hissəsinin inkişafına səbəb olurdu. İstənilən halda, Paşinyanın sözləri özündə spekulyasiyadır. Dağlıq Qarabağ Muxtar Respublikasında həm ermənilər, həm də azərbaycanlılar yaşayırdılar. Nəticə də odur ki, öz torpaqlarından zorla, silah gücünə qovulan, öldürülən Qarabağ azərbaycanlılarının heç bir hüquqları nəzərə alınmır. Konkret olaraq Xocalıda baş verənlər buna əyani misaldır”.
Müəllif yazır ki, N.Paşinyan növbəti dəfə yalan danışaraq bəyan edib ki, "Dağlıq Qarabağın muxtar hissəsi həm SSRİ, həm də Azərbaycandan müstəqillik əldə etmək üçün öz müqəddəratını elan etmək hüququndan yararlanıb”. Populist olmaqla yanaşı, həm də yalançı olan Nikol faktları təhrif edərək 10 dekabr 1991-ci il referendumuna qədər Qarabağda azərbaycanlı icmasına qarşı etnik təmizləmə siyasəti aparılmasından bir kəlmə də olsun danışmayıb. Halbuki, o zaman azərbaycanlı icması Qarabağ əhalisinin 20 faizindən çoxunu təşkil edirdi. Ermənistan bir dəfə də olsun beynəlxalq səviyyədə qarabağlıları necə məhv etməsindən, ev-eşiklərindən qovmalarından bəs etmir: "Məhz aparılan siyasətdən sonra Dağlıq Qarabağda monoetnik əhali "Qarabağ xalqı” adlandırılmağa başladı. Eləcə də, Ermənistan ərazisindən 1987-88-ci illərdən başlayaraq yerli əhalini qovma siyasətinə başlanıldı. Məhz bu siyasət də erməni rəhbərliyinin əvvəldən planlaşdırdığı etnik münaqişənin başlanğıcı oldu. Lakin nə Azərbaycan, nə də erməni hakimiyyət orqanları buna hazır deyildilər”.
Nəhayət, Paşinyan Milanda bir qədər ikimənalı şəkildə onu da bəyan edib ki, ilk erməni lideridir ki, "Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının istənilən həlli variantı Ermənistan, Dağlıq Qarabağ xalqı və Azərbaycan üçün məqbul olmalıdır” fikrini səsləndirib. "Əslində isə yeni erməni lideri münaqişə tərəfi kimi Azərbaycanla danışıqlar aparmaqdan imtina edir. Tələb edir ki, Ermənistan vasitəçi statusuna malik olmalıdır, əvəzində də danışıqlar stolu arxasına marionet rejim olan, Yerevandan asılı olan Qarabağ separatçılarını əyləşdirməyə çalışır. Qeyd etmək yerinə düşər ki, Sarkisyandan başlayaraq erməni hakimiyyəti hər zaman danışıqları erməni, Azərbaycan və Qarabağ icmaları arasında aparılmasına qarşı çıxıb və bu gün də Paşinyan onların yolu ilə gedir”, - deyə müəllif fikrini tamamlayıb.

Azər
banner

Oxşar Xəbərlər