Paşinyan antierməni layihələr icra etməkdə günahlandırıldı

Paşinyan antierməni layihələr icra etməkdə günahlandırıldı

Siyasət
06 Noyabr 2019, 16:23 1611
Balasanyan yenidən Ermənistanın baş nazirini hədəfə aldı
 
Nikol Paşinyana qarşı sərt müxalifətdə olan separatçı Dağlıq Qarabağ rejiminin "təhlükəsizlik şurası”nın keçmiş katibi Vitali Balasanyanın ittihamları səngimir. Bu dəfə erməni "şeym.am” portalının baş redaktoru Artyom Xaçatryana müsahibə verən Vitali yenə də sərt açıqlamalarla yadda qalıb. Qondarma qurumun "prezident”liyinə əsas iddialılardan olan Balasanyan Paşinyanı antierməni fəaliyyətdə, milli maraqlara xəyanət etməkdə ittiham edib. Bu dəfə isə Balasanyana saytın baş redaktor da dəstək verib. "Sağlam düşüncə sahibi olan hər kəs gözəl bilir ki, il yarım bundan əvvəl Ermənistan işğal olunub. Bütün əvvəlki hakimiyyətlər diqqət yetirmirdilər ki, ABŞ-ın müxtəlif özəl və dövlət strukturları illər boyu erməni gəncliyini necə tərbiyə ediblər. İndi hər yerindən duran kür-küçük durub qışqırır ki, "Koçaryan qatildir”. Halbuki, heç Koçaryan prezident olanda doğulmamışdılar”, - deyən baş redaktor əlavə edib ki, ABŞ-ın fəaliyyəti və səfirinin himayəsi ilə Ermənistanda qrant yeyənlər hakimiyyəti ələ keçirib. Lakin onu təəccübləndirən başqa şeydir. Çünki indi də eyni proseslərin Qarabağda baş verməsinə çalışırlar: "Heç kim sirr deyil ki, Qarabağda qondarma prezidentliyə iddialılar arasında qondarma qurumun "XİN” rəhbəri Mais Mailyan da var. Bu şəxs Corc Sorosun adamlarındandır. Mən hələ də başa düşmürəm ki, Serj Sarkisyan vaxtilə necə belə bir şəxsin qondarma qurumun XİN rəhbəri təyin olunmasına razılıq verib”. Baş redaktor sorosçuların planını da açıqlayıb. Bu plan, onun qənaətincə, Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyət verilməsindən gedir.
Baş redaktorun fikirlərinə münasibət bildirən Balasanyan hələ ki, bu barədə danışmağın tez olduğunu bildirib. "Bütün namizədlər bəlli olduqdan sonra öz fikrimi bildirəcəyəm” - deyib. Onun sözlərinə görə, Ermənistan baş naziri komanda üzvlərinə ona qarşı hücuma keçmək əmri verib. Əlavə edib ki, ona qarşı aparılan kampaniya antierməni layihədir və Nikol Paşinyan da bu layihənin icraçısıdır. Baxın görün, xarici işlər naziri BBC-yə necə müsahibə verir. Bunu mən demirəm axı? O deyir. Yaxud mən deyəndə ki, liftdə prezident İlham Əliyevə paketdə hansısa sənədlər verir - nə Nikol, nə də kimsə bunu təkzib etmir. Və mənim müsahibəmdən bir saat sonra Nikol öz mühafizəsinin rəhbəri Ayrapetovu vəzifəsindən qovur. Xatırladım ki, həmin şəxs də liftdə olub. Təbii ki, Ayrapetov mənə bu barədə heç nə deməyib. Dediyim faktı da kiminsə vasitəsilə deyil, birbaşa əldə etmişəm. Bu faktdır və qeydə alınıb. Qoy Nikol fikirləşsin və desin görüm paketdə hansı sənədlər var. Vaxt gələcək və yəqin ki, insanlar orada nəyin olduğunu biləcəklər. Bir daha təkrar edirəm – Nikol antierməni layihələrin icraçısıdır. Baxın, hər üç prezidentin dövründə hakimiyyət və müxalifət var idi. Lakin indi hakimiyyətdən narazı olanlar, indiki müxalifət əvvəlkilərdən xeyli güclüdür. Lakin hər kəs oturub evində gözləyir. Mən bu insanları başa düşmürəm. Axı bu tələ hər kəs üçün qoyulub və hamını yox edəcəklər. Nəvələrim hərdənbir məndən soruşurlar ki, "biz hara sürüklənirik”. Axı biz necə sevinə bilərik ki, Nikola artıq  üzərində "yalan söyləməkdən ölüb” sözləri yazılan başdaşı qoyublar. Bəli, vaxtilə eyni şeyi respublikaçılara qarşı ediblər. Lakin belə olmaz axı. Qəddarlığa qəddarlıqla cavab vermək olmaz. Bunu saxlamaq gərəkdir və bu, çox təhlükəlidir. Hər zaman güclü bağışlayır, bu gün hər iki tərəf zəifdir. Və artıq güclü tərəf qalxıb deməlidir ki, "kifayətdir, siz bu xalqı hara sürükləyirsiniz? Biz hara gedirik? Bir erməni, xristian kimi soruşuram - budurmu bizim yer üzündəki missiyamız? Ayıbdır!” Ardınca da erməni baş redaktor əlavə edib ki, Ermənistan artıq Dövlət Departamentinin bir filialına çevirilib”. Balasanyan müsahibəsində Ermənistanın getdikcə cinsi azlıqların, əxlaqsız qadınların vətəninə çevrilməsindən də narahat olduğunu bildirib: "Bu da layihənin bir hissəsidir. Mənim əldə etdiyim məlumata görə, razılıq versək on minə yaxın bu kateqoriyadan olan insan Ermənistana gələcək”.
Yeri gəlmişkən, Nikol Paşinyanın dəbdəbəli həyat tərzi, cah-cəlala üstünlük verməsi erməni mediasının ciddi müzakirə mövzusuna çevrilib. "Sadə baş nazir” imicli Nikol tez bir zamanda bu imicindən yaxa qurtarmaq üzrədir. Erməni mediası yazır ki, "Ermənistan mənim evim, xalq – mənim ailəmdir” proqramı çərçivəsində dövlət büdcəsi ailə büdcəsinə sərf olunur. Nikol Paşinyan böyük həcmdə vəsaitləri bahalı aviasəyahətlərə, yeni zirehli avtomobillərin alınmasına, komanda üzvlərinin mükafatlandırılmasına, onların məxfi şəkildə əmək haqlarının artırılmasına və qanunsuz ələ keçirdiyi villanın təmirinə sərf edir. Bəlli olur ki, 2020-ci il üçün vəd etdiyi 5 faizlik ümumdaxili məhsul artımı, iqtisadi yüksəliş əslində Paşinyana yeni təyyarə alınması deməkdir. Faktiki olaraq söhbət vətəndaşlardan gedirsə, pul olmur. Amma baş nazirin əyləncəsi üçün pul hər zaman tapılır”. "aysor.am” yazır ki, baş nazir müxalifətdə olanda Yerevanda "ölüm liftləri”ni ləğv edəcəyini, "Qazellər”in olmayacağını vəd edirdi. İddia edirdi ki, lift zavodu tikəcək. Nəşr yazır ki, "yalan vədlərinə görə, Nikol Paşinyan siyasi klounlar Karqin Ayko və yaxud Ayk Marutyanı da keçib. Həmin liftlər və "qazellər” əvvəlki tək sadə vətəndaşlara xidmət etməkdə davam edirlər. "İnqilabın ürəyi” isə "cənnət mülkündə”, bahalı "Mersedes”ində və "arzular təyyarəsi”ndə gəzməkdə davam edir. Bax budur "iqtisadi inqilab”ın mahiyəti”,- deyə müəllif yazır.
Ən son məlumatlara görə, Nikola növbəti zərbə ABŞ-dan gəlib. Belə ki, onun əsas rəqibi, "məxməri inqilab”la devrilən Serj Sarkisyan yenidən siyasi səhnəyə qayıdır. Sarkisyan ABŞ-ın Yerevandakı səfiri Linn Treysi ilə görüşüb. Görüş Amerika tərəfinin təşəbbüsü ilə baş tutub və orada Sarkisyanın başçılıq etdiyi Ermənistan Respublika Partiyasının nümayəndələri də iştirak edib. Səfir Linn Treysinin xahişi ilə Sarkisyan Ermənistandakı daxili siyasi vəziyyət, Qarabağ danışıqlarına dair bir sıra məsələlər, iqtisadiyyat və Ermənistan-Amerika münasibətlərinin perspektivləri barədə mövqeyini çatdırıb. Səfirliyin bəyanatında deyilir ki, ABŞ Ermənistanda sosial, iqtisadi və demokratik idarəçiliyin dəstəklənməsi vəzifəsinə sadiq qalır.
 
 
 
Azər