AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ordu quruculuğu Azərbaycan üçün prioritet məsələdir

Ordu quruculuğu Azərbaycan üçün prioritet məsələdir

Siyasət
29 İyun 2020, 19:52 4702
Ali Baş Komandan: "Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və ediləcək, heç kimdə bu haqda şübhə olmasın”
 
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu günlərdə Mingəçevirə səfəri çərçivəsində Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirak edib, nazirliyin rəhbər işçiləri ilə operativ müşavirə keçirib. Son illər ölkəmizdə ordu quruculuğunda, xüsusilə hərbi hissələrin tikintisində Azərbaycan standartlarının tətbiq edildiyini diqqətə çatdıran ölkə başçısı bu standartların ən yüksək qiymətə layiq olduğunu vurğulayıb. Bildirib ki, xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. O, Ordu quruculuğunun Azərbaycan üçün prioritet məsələ olduğunu söyləyib. Deyib ki, biz müharibə şəraitində yaşayırıq və belə olan halda ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifədir. Azərbaycan Ordusunun dünyada 50 ən güclü ordu sırasında olduğunu xatırladan Ali Baş Komandan bunun yorulmaz fəaliyyət nəticəsində əldə edildiyini deyib. Qeyd edib ki, Prezident kimi fəaliyyətində ordu quruculuğu birinci yerdədir.
 

 
"Geosiyasi vəziyyətə daim nəzarət etməliyik”
 
Prezident İlham Əliyev bu gün Azərbaycanın dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkə olduğunu bildirib: "Biz müharibə şəraitində yaşayırıq və eyni zamanda, görürük ki, bu gün dünyada, beynəlxalq müstəvidə güc amili ön plana çıxır. Beynəlxalq hüquq normaları kobudcasına pozulur, onlara əməl edilmir. Əfsuslar olsun ki, bu gün beynəlxalq münasibətlərdə "kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Biz bunu görürük, müşahidə edirik və buna uyğun öz addımlarımızı atmalıyıq. Çünki biz real vəziyyətlə hesablaşmalıyıq. Beynəlxalq hüququn normalarının pozulması hər bir ölkəni öz hərbi potensialının gücləndirilməsinə vadar etməlidir və biz buna artıq çoxdan başlamışıq. ...Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və ediləcək, heç kimdə bu haqda şübhə olmasın. Sadəcə, daha güclü olmalıyıq. Geosiyasi vəziyyətə daim nəzarət etməliyik. Beynəlxalq müstəvidə dəyişən vəziyyəti düzgün təhlil etməliyik və beynəlxalq aləmdə daha çox dost toplamalıyıq. Biz bunu da edirik. Bu gün beynəlxalq aləmdə Azərbaycanla dostluq edən ölkələrin sayı gündən-günə artır”.
 

 
"Güclü diplomatiyaya və orduya ehtiyacımız var”
 
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu Prezidentin fikirlərini şərh edərək söyləyib ki, Azərbaycan mürəkkəb geostrateji regionda yerləşir və bu bölgə öz coğrafi mövqeyinə görə ayrı-ayrı güc mərkəzlərinin maraq dairələrinə daxildir. Deputatın fikrincə, bu, vəziyyəti bir qədər də gərginləşdirir. O bildirib ki, bu vəziyyət tarixən belə olub, bu gün də belədir və gələcəkdə də belə olacaq: "Milli maraqlarımızı qorumaq üçün daima güclü siyasi hakimiyyətə və iqtisadiyyata, güclü diplomatiyaya və güclü orduya ehtiyacımız var. Bunlar milli gücün əsas komponentləridir və müstəqilliyimizi təmin edən vasitələrdir. Ona görə də Azərbaycan Prezidenti bu mühüm istiqamətləri öz siyasətinin prioritetləri kimi müəyyənləşdirib və həmişə diqqət mərkəzində saxlayır. Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır və bu, qürurvericidir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında çıxış edərkən bir daha bu məsələlərə kompleks yanaşaraq ölkəmizdə həyata keçirilən ordu quruculuğu, ordumuzun real vəziyyəti, işğalçı Ermənistanda baş verən proseslər və torpaqlarımızın erməni işğalından azad edilməsilə bağlı mühüm və aktual məsələlərə toxundu. Əslində Prezidentin nitqi görülən və görüləcək işlər və eyni zamanda işğal faktına son qoyulması üçün hansı zəruri şərtlərin olmasının qısa məcmusu idi”.
 

 
"Azərbaycan strateji üstünlüyə malikdir”
 
Millət vəkili deyib ki, Prezidentin səsləndirdiyi fikirlər şəxsi heyətin xidmət aparması üçün bütün zəruri şərtlərin yüksək səviyyədə təmin edildiyini bir daha göstərib: "Atılan bu addım həm də Ali Baş Komandanın Milli Ordumuzun şəxsi heyətinə olan diqqət və qayğısının ifadəsidir. Şübhəsiz ki, ordunun texniki təchizatı və döyüş hazırlığı da ən ümdə vəzifələrdən biridir. Bu faktor həm müharibə şəraitində canlı qüvvənin itkilərini azaldır, həm də düşmən üzərində üstünlük əldə etməyə imkan verir. Ona görə də Prezident İlham Əliyev bu məsələlərə toxunaraq bildirdi ki, son illərdə ordumuzun silah-sursat, texnika ilə təchizatı da təşkil edilir. Bu məqsədlər üçün milyardlarla dollar vəsait xərclənib. Bu gün texniki təchizat baxımından Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bizim zirehli texnikamız ən yüksək standartlara cavab verir. Bizim hava hücumuna qarşı müdafiə sistemimiz müasirləşib, müasir qurğularımız imkan verir ki, bizim ölkəmiz, o cümlədən strateji obyektlər qorunsun. Cəbhə bölgəsində yaranmış vəziyyət də bir daha onu göstərir ki, Azərbaycan strateji üstünlüyə malikdir. Ona görə ordumuzun müasir silah-sursat, texnika ilə təchizatı bundan sonra da davam etdiriləcək”.
 

 
Növbəti "Aprel döyüşləri” həmləsi...
 
H.Babaoğlu qeyd edib ki, bütün bunlarla yanaşı, Prezident İlham Əliyev işğalçı ölkədəki vəziyyətə diqqəti çəkərək, bu ölkədə demokratiya adı altında diktatura rejiminin qurulmasını bildirdi: "Əslində doğrudan da işğalçı Ermənistan bu gün terroru və faşizmi dövlət siyasəti səviyyəsinə qaldırıb və işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək istəmir. Bu isə regionda gərginliyi artırmaqla yeni müharibə təhlükəsi yaradır. Milli Ordumuzun gücünə diqqət çəkən Prezident qeyd etdi ki, həm 2016-cı ilin, həm 2018-ci illərin hərbi əməliyyatları göstərdi ki, biz böyük ərazilərimizi işğaldan azad edə bilmişik. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsini 2016-cı ildə düşməndən azad etmişik və o torpaqlarda Azərbaycan bayrağını ucaltmışıq. Ermənilərin işğal edilmiş torpaqlarda qazdıqları səngərlərə girmişik. Biz indi orada otururuq və orada möhkəmlənmişik. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazini işğalçılardan azad etmişik və strateji yüksəkliklərə çıxmışıq. Ermənistandan Dağlıq Qarabağa gedən yol bizim gözümüzün qabağından keçir. Döyüş qabiliyyətinin artırılması istiqamətində əlavə addımlar atılmalıdır ki, biz hər an ərazi bütövlüyümüzü bərpa etmək üçün hazır olaq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və ediləcək, heç kimdə bu haqda şübhə olmasın. Doğrudan da bu gün Azərbaycan Ordusu keçirdiyi hərbi əməliyyatlarla öz gücünü işğalçı Ermənistana göstərib və hər kəsə aydındır ki, növbəti ”Aprel döyüşləri” həmləsi Azərbaycan torpaqlarının tam azad edilməsinə gətirib çıxara bilər. Ona görə də hər bir Azərbaycan vətəndaşı bu gün öz Milli Ordusu, onun şəxsi heyəti və döyüş qabiliyyəti ilə fəxr edir”.
 

 
"Gənclərimiz müstəqilliyin qədrini bilməlidirlər”
 
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva Azərbaycan Ordusunun gündən-günə qüdrətini artırdığını dilə gətirib. Bildirib ki, son illər ölkədə ordu quruculuğunda, hərbi hissələrin tikintisində tətbiq olunan standartlar ən yüksək qiymətə layiqdir: "Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar demək olar ki, yenidən qurulur. Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda ordu ilə bağlı bütün məsələlər çox əhəmiyyətlidir. Artıq Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Azərbaycan onlarla ölkəyə hərbi məhsul ixrac edir. Prezidentimiz hərbi hissələrdə ideoloji tərbiyə işi və gənclərin vətənpərvərlik ruhunda böyümələri ilə bağlı da qiymətli fikirlər səsləndirdi. Torpaqlarımızın 20 faizinin işğal altında olduğu bir vaxtda hərbi hissədə ideoloji tərbiyə işinin lazımi səviyyədə qurulması, döyüş ruhunun yüksək olması çox önəmlidir. Gənclər arasında vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilməlidir. Gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda böyüməli, müstəqilliyin qədrini bilməlidirlər. Onlar ölkəmizin tarixi ilə bağlı dolğun məlumata malik olmalıdırlar”.
 

 
"Bizim işimiz haqq işidir”
 
Deputat qeyd edib ki, Azərbaycan Ordusu öz torpaqlarını işğalçılardan azad etməyə qadirdir: "Biz bunu həm 2016-cı ilin, həm də 2018-ci illərin hərbi əməliyyatları nəticəsində düşmənə və dünyaya sübut etdik. Əgər oğru, quldur dəstəsinin, terrorizmin vətəni olan Ermənistan sülh yolu ilə torpaqlarımızı qaytarmaq istəmirsə, özündən küssün. Ali Baş Komandanın bir əmri kifayətdir ki, şanlı ordumuz hərb meydanında öz sözünü desin və düşməni yerində oturtsun. Bilsinlər ki, hazırda böhran vəziyyətində yaşayan, diktaturanın hökm sürdüyü işğalçı Ermənistanın qarşısında güclü iqtisadiyyatı, ordusu, vətənpərvər gəncliyi, dövlətlə həmrəylik nümayiş etdirən xalqı olan Azərbaycan var. Bizim işimiz haqq işidir. Biz, mütləq qalib gələcəyik”.
 

 
"Azərbaycan standartları ən yüksək qiymətə layiqdir”
 
Milli Məclisin deputatı Vüqar İskəndərov hesab edir ki, Azərbaycan Ordusu ölkəmizin müstəqillik illərində, daha dəqiq desək, ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirilən siyasət nəticəsində uğurla inkişaf edib. Onun sözlərinə görə, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusu bu gün dünyada 50 ən güclü ordu sırasındadır: "Prezident İlham Əliyevin iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışındakı nitqində bəyan etdiyi kimi, bizim ordumuzun son illər ərzində uğurlu inkişafı göz qabağındadır. Bunu Azərbaycan xalqı yaxşı bilir və dəyərləndirir. Eyni zamanda, dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar da bunu xüsusi olaraq qeyd edirlər. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yorulmaz fəaliyyət nəticəsində ölkəmiz bu uğuru əldə edib. Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətində ordu quruculuğu birinci yerdədir. Son illər ordu quruculuğunda, hərbi hissələrin tikintisində tətbiq olunan Azərbaycan standartları ən yüksək qiymətə layiqdir”.
 
 
 
Vətənə sədaqətlə və qüsursuz xidmət etmək
 
Millət vəkili deyib ki, dövlət başçısının göstərişi ilə bütün hərbi hissələrimiz, şəhərciklərimiz, hərbi bazalarımız faktiki olaraq yenidən qurulur: "Son məlumata görə, hərbi hissələrimizin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri demək olar ki, tamamlanıb. Eyni zamanda, yaxın iki il ərzində qalan hərbi hissələr də bu vəziyyətə gətiriləcək. Bütün bunlar da Azərbaycan dövlətinin öz ordusuna göstərdiyi qayğının təzahürüdür. Bir sözlə, müharibə şəraitində yaşayan Azərbaycanda ordu quruculuğu prioritet məsələdir. Azərbaycan Ordusunda şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər, zabitlərin məişət problemləri də həll olunur, Vətənə sədaqətlə və qüsursuz xidmət edən hərbçilər dövlət tərəfindən yüksək təminatla əhatə olunurlar. Prezident İlham Əliyevin göstərişi ilə orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir və bu proqram icra edilir. Bu, əlbəttə ki, böyük vəsait tələb edir və Azərbaycan dövləti bu vəsaiti ayırır. Bu günə qədər 1700 zabit bu proqramla əhatə olunub və onlara yaxşı mənzillər verilib. Eyni zamanda dövlət başçısının bu yaxınlarda verdiyi göstərişə əsasən, bu ilin sonuna qədər əlavə 419 zabitə dövlət tərəfindən mənzillər veriləcək. Beləliklə, bu günə qədər olan vəziyyətə görə, bu proqramla əhatə olunan zabitlərin maksimum sayı təmin edilib. Son məlumata görə, təqribən 200-dən bir qədər çox zabit isə hələ növbədədir və dövlət başçısının bəyan etdiyi kimi, onların da mənzil problemləri həllini tapacaq. Bir sözlə, Vətənə sədaqətlə və qüsursuz xidmət edən hərbçilər dövlət tərəfindən yüksək təminatla əhatə olunurlar. Bundan başqa, hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır. Fərqlənmiş hərbçilər mükafatlandırılır”.

 

Ermənistan üçün əsl fəlakət
 
Deputat V.İskəndərov bildirib ki, ordumuzun gücünün artması işğalçı Ermənistan tərəfindən də etiraf edilir və onları ciddi şəkildə narahat edir. Millət vəkilinin sözlərinə görə, ermənilər Aprel döyüşlərində Azərbaycan ordusunun gücünü görüblər və yaxşı bilirlər ki, əgər bu döyüşlər təkrarlansa, Ermənistan üçün əsl fəlakət olacaq.
 
Rufik İSMAYILOV