• çərşənbə axşamı, 19 mart, 09:22
  • Baku Bakı 8°C

“Onlar Azərbaycanı sevə bilməzlər”

01.07.20 18:13 5845
“Onlar Azərbaycanı sevə bilməzlər”
Şəxsi mənafeyini milli maraqlardan üstün tutanlar işğalçı dövlətə simpatiya bəsləyir, düşmən ölkə ilə eyni mövqedən çıxış edirlər
Azərbaycan Prezidentinin tutarlı faktlara əsaslanaraq Ermənistan hakimiyyətini tənqid etməsi, bu dövlətin işğalçılıq siyasətini beynəlxalq tədbirlərdə ən yüksək tribunalardan dilə gətirməsi rəsmi İrəvanı, ümumdünya ermənilərini qıcıqlandırır, narahat edir. Bu, təbii haldır. Çünki işğalçı, təcavüzkar dövlət və onun təmsilçiləri beynəlxalq aləmdə ifşa olunur, siyasi-diplomatik zərbə alırlar. Təəssüf doğuran məqam budur ki, Prezident İlham Əliyevin beynəlxalq hüquqa, tarixi reallığa, ərazi bütövlüyü prinsipinə söykənən fikirləri sapı özümüzdən olan baltaların kürkünə birə salıb.Bu məsələdə Ermənistan mediası, erməni fəalları və AXCP sədri Əli Kərimlinin kurasiyasında olan Milli Şura, bu antimilli təşkilatın Koordinasiya Mərkəzində yer alanlar, həmçinin xaricdə yaşayan bəzi fəallar "əks-arqumentlə”, müəyyən iddialarla çıxış edirlər. Hətta bir sıra hallarda iddia olunur ki, guya Ermənistan hakimiyyəti haqqında Prezident İlham Əliyevin irəli sürdüyü fikirlər, əslində Azərbaycan hakimiyyətinin özünə aiddir.


Ermənistan iqtidarını mədh edənlər
Yalnız satqın və xəyanətkarlar, öz şəxsi maraqlarını milli-dövlətçilik maraqlarından üstün tutanlar işğalçı dövlətə bu qədər simpatiya bəsləyə, kin-küdurətini düşmən ölkə ilə eyni mövqedən çıxış etməklə ortaya qoya bilərlər. Milli Şura təmsilçilərinin, eləcə də onların xaricdəki dəstəkçilərinin simasında biz bu mənzərəni hər gün seyr etməkdəyik. Antimilli təşkilatda yer alan şəxslər davamlı şəkildə Ermənistan iqtidarını, onun həyata keçirdiyi siyasəti mədh edir, inqilab yolu ilə hakimiyyəti zəbt edənləri "demokratiya fədailəri” sayıb, təbliğatını aparırlar. Halbuki, Azərbaycan və Ermənistanın sosial-iqtisadi inkişafı, dünya, o cümlədən regional siyasətdə rolu və yeri azacıq təhsili, savadı olan hər kəsə bəllidir. Bu yöndə ortada olan kəskin fərqləri aydın görmək üçün siyasətçi, iqtisadçı olmağa ehtiyac yoxdur. Pandemiya dövründə Azərbaycanda əhalinin sosial durumunun yaxşılaşdırılması üçün müəyyən addımlar atıldığı, iqtisadiyyatın, biznesin dayanıqlığının təmin edilməsi üçün mühüm işlər görüldüyü halda, işğalçı Ermənistanda olduqca acınacaqlı durum hökm sürməkdədir. Acınacaqlı durumda olan baş nazir Nikol Paşinyan ölkəsində pandemiyanın nəzarətdən çıxmasını, yoluxma sayına görə Ermənistanın dünyada lider olmasını şəxsən etiraf edib. Onun bu çıxışı "Youtube”da, xəbər saytlarında var.
Könlü balıq istəyən suya baş vura bilər

Deyilənlərə şübhə ilə yanaşan istənilən şəxs internet resurslara baş vurub axtarış edə, bu barədə istənilən qədər materialla tanış ola bilər. O da heç kimə sirr deyil ki, müstəqil xarici və daxili siyasət aparan Azərbaycandan fərqli olaraq işğalçı Ermənistan Rusiyanın forpostudur, müstəqil siyasət həyata keçirə bilmir, daim xarici ölkələrdən asılıdır. Ermənistanın forpost dövlət olduğunu Rusiya siyasətçilərinin dilindən dəfələrlə səsləndirilib. Eyni zamanda bu ölkədə siyasi opponentlərə, müstəqil media, vətəndaş cəmiyyəti institutları və fəallarına qarşı ciddi təzyiqlər, həbslər var. Digər tərəfdən, Ermənistanda hakim ailəyə qarşı irəli sürülən korrupsiya və sair qanun pozuntuları ilə bağlı ittihamlar da səsləndirilməkdədir. Könlü balıq istəyən suya baş vura bilər. Yəni həqiqətləri bilmək arzusunda olan internet üzərindən axtarış edib, bütün bu sadalananlara dair faktlarla, çoxsaylı materiallarla tanış ola bilər.
Radikalların əsl siması və xisləti

Amma həyata qara eynək arxasından baxmağı, ağa qara deməyi özlərinə həyat tərzi seçənlər, vətənpərvərlik və reallıq hissini itirənlər üçün bütün bu deyilənlərin heç bir faydası yoxdur. Misal üçün, Milli Şuranın sədri Cəmil Həsənli, bu qurumda təmsil olunmuş digər fəallar, habelə keçmiş səfir Arif Məmmədov kimi xaricdə yaşayan bəzi şəxslər milli hisslərini tam itirərək hakimiyyətə qarşı deyil, artıq dövlətə qarşı mübarizə aparmağa başlayıblar. Onlar "Azərbaycana nə qədər pisdirsə, bizə o qədər yaxşıdır” prinsipindən çıxış edir, öz iddialarını gerçəkləşdirmək üçün hətta işğalçı Ermənistanın təbliğatçısına çevrilir, vətənlərini ləkələməkdən belə çəkinmirlər.Məhz bunun nəticəsidir ki, Milli Şura, AXCP, xarici ölkələrdə yaşayan bəzi fəalların iddiaları Ermənistan mediasının irəli sürdüyü tezislərlə sinxron təşkil edir. Bu isə heç də təsadüfən baş vermir. Bir qədər dərinə gedəndə aydın olur ki, antimilli şura üzvlərinin və onların xaricdəki dəstəkçilərinin əməllərinin arxasında Qərbin bəzi ermənipərəst dairələrinin maliyyə qaynaqları dayanır. Necə deyərlər, pulu kim verirsə, sifarişi də o edir. Vətənpərvərlikdən uzaq qaragüruh yığını da bu musiqi sədaları altında rəqs edir. Bunu aydın dərk etmək üçün Milli Şuranın son videokonfransından yayılan görüntülərlə tanış olmaq da kifayətdir. Həmin toplantıda Milli Şura üzvləri özləri etiraf edirlər ki, bu qurumun əsas vəzifəsi Azərbaycan hakimiyyətini şərləməkdir. Sözügedən fakt onların əsl simasını və xislətini növbəti dəfə aydın şəkildə nümayiş etdirir.


Özlərinin öz üzərlərində istehzası

Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə açıqlayan siyasi şərhçi Azər Həsrət bildirib ki, AXCP sədri Əli Kərimli, onun kimi adamların toplaşdığı, özünə "milli” deyən antimilli şura illərdir Azərbaycan dövlətinin erməni təcavüzünə qarşı siyasətini baltalamaqla məşğuldur. Onun sözlərinə görə, antimilli şəxslərin belə davranması əsla təəccüblü deyil: "Məhz belə davrandıqları – Azərbaycan dövlətinin milli maraqlarına balta çaldıqları üçün başında ağlı olan, normal siyasi müxalifətçiliklə məşğul olan heç kim onların yanında uzun müddət qalmır. Yəni bu adamların antimilli mahiyyəti dərhal özünü büruzə verir. Bu baxımdan Prezident İlham Əliyevin Ermənistan və onun küçədən gəlmiş baş naziri ilə bağlı səsləndirdiyi fikirlər, ümumiyyətlə ermənilərin təcavüzkar mahiyyəti haqqında dedikləri Milli Şura adlı qurumdakıları daim narahat edir. Ona görə Azərbaycan Prezidenti milli maraqları ifadə edir, bunlarsa antimilli mövqedədirlər. Belə olan halda, ermənilərlə səs-səsə vermələri şəxsən mənim üçün heç təəccüblü deyil. Digər tərəfdən, antimilli şura üzvlərinin bu günlərdə internetdə yayılan videokonfrans görüntülərindən də belə məlum olur ki, onların işinin adı hökuməti şərləməkdir. Bu etiraf onların əsl simasını və xislətini aydın nümayiş etdirir. Bu, sadəcə olaraq özlərinin öz üzərlərində istehzasıdır. Yəni adamlar özlərinin mahiyyətini öz dilləri ilə ifadə edirlər”.


Xaricdəki "dayılarının” sifarişlərini yerinə yetirənlər

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə hesab edir ki, əslində müxalifət hakimiyyətdə olanların çatışmazlığını üzə çıxarıb, əsaslı şəkildə ortaya alternativ bir variant, layihə qoymaqla bu səhvlərin düzəldilməsinə çalışmalı, əgər düzəlməzsə, özləri gələrlərsə, hansı yollarla bunu edəcəklərini göstərməlidir. O təəssüflə qeyd edib ki, hazırda Azərbaycandakı radikal müxalifət, həmçinin Milli Şura adlı qurumda toplaşanlar tamamilə fərqli yanaşma ortaya qoyurlar: "Həm xaricdə, həm də daxildə müxalifət partiyalarının üzvü olaraq, "beşinci kolon” yaradıb, ölkənin siyasi rəhbərliyinə, ölkədəki müvafiq qurumlara, vəzifəli şəxslərə böhtan atmaqla məşğul olurlar. Belə hesab edirlər ki, bununla hansısa bir siyasi mübarizə aparırlar. Hətta düşmən mövqedə dayananda belə, onu kişi kimi aparmaq lazımdır. Lakin Milli Şuradakı qruplar bu məsələdə tamamilə fərqlidirlər və nəinki dövlətin, hakimiyyətin, həm də xalqın düşməni olaraq davranırlar. Bu adamlar hətta söyüşdən, təhqirdən belə çəkinmirlər, vəzifəli şəxslərə qarşı çox iyrənc formada fikirlərini çatdırırlar. Milli Şura üzvü Qənimət Zahidin Fransada oturub açıq-aşkar hakimiyyəti şərlədiyini etiraf etməsi, həmçinin təmsil olunduğu qurumun bütövlükdə işinin bundan ibarət olmasını deməsi, özü-özlüyündə oradakıların simalarını, daha dəqiqi desək, simasızlıqlarını ortaya qoyur. İnsanlar görsünlər ki, bunlar xaricdə oturub, oradan maliyyələşirlər, müəyyən dairələrin dedikləri ilə hərəkət edirlər. Bunlar Azərbaycanı sevə bilməzlər. Onlar hakimiyyətə, vəzifəli şəxslərə şər-böhtan atmaqla xaricdəki "dayılarının” sifarişlərini yerinə yetirirlər. Bu isə Milli Şuranın yararsız, xalqa, dövlətə düşmən qurum olduğunu nümayiş etdirir”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər