• çərşənbə axşamı, 19 mart, 14:00
  • Baku Bakı 8°C

Nümayəndələr Palatası “hə”, Senat “yox” deyirsə...

15.11.19 17:40 2918
Nümayəndələr Palatası “hə”, Senat “yox” deyirsə...
Politoloqların fikrincə, Vaşinqtonun Türkiyəyə qarşı ən kəskin addımı atacağı əvvəldən də gözlənilmirdi
Türkiyənin Respublika günündə - oktyabrın 29-da ABŞ Konqresinin Nümayəndələr Palatası gözlənilmədən qondarma "erməni soyqırımı” ilə bağlı sənəd qəbul etdi. Çünki buna qədər uzun illər ərzində bu saxta soyqırımı məsələsi Nümayəndələr Palatasının gündəliyinə salınsa da, burdan o yana, yəni müzakirələrə keçməmişdi. ABŞ tərəfi bu addımın atılmasına səbəb kimi Türkiyənin Suriyada həyata keçirdiyi əməliyyatları göstərsə də, əslində başqa məsələlərin olması dünyaya bəlli idi. Təbii ki, ABŞ öz niyyətini başqa vasitələrlə edə bilərdi, lakin qondarma soyqırımı iddialarının daha təsiredici qüvvəsinin olması diqqətdən kənarda saxlanılmadı. Nəticə isə heç də ürəkaçan olmadı. Çünki NATO-nun bir üzvünün digərini hədəfə alması, birmənalı qarşılanmadı. Halbuki NATO-ya daxil olan ABŞ və Türkiyə bütün məsələləri öz aralarında - masa ətrafında həll edə bilərdilər. Necə ki, Türkiyə prezidenti Ərdoğanın ABŞ-a səfəri zamanı bunun açıq şahidi olduq. Məhz Vaşinqtonda prezidentlər Ərdoğan və Tramp arasında aparılan müzakirələrin nəticəsi olaraq, Senata təqdim edilən qondarma "erməni soyqırımı” ilə bağlı sənədə veto qoyulub. Bəs görəsən ABŞ-ın Nümayəndələr Palatası niyə bu saxta soyqırımı ilə bağlı sənədi qəbul etdi, Senat isə ona veto qoydu?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Nəzakət Məmmədova bildirdi ki, Türkiyənin Suriyadakı hərbi əməliyyatlarına cavab olaraq, ABŞ-dakı erməni və yəhudi lobbisi Nümayəndələr Palatasında böyük səs çoxluğu ilə saxta erməni soyqırımı iddiasının tanınmasına dair qanun layihəsi qəbul etmişdi: "Konqresdə bu məsələni müzakirəyə çıxarmaqla, yəhudi lobbisi Türkiyə prezidenti Ərdoğanın Yaxın Şərq siyasətinə təsir etmək, danışıqlarda istədikləri nəticəyə nail olmaq məqsədi güdürdü. Saxta "erməni soyqırımı” məsələsi isə sadəcə təzyiq üçün bəhanə idi. Bundan başqa, Ərdoğan ailəsinin varidatı məsələsi, türk rəsmilərinin ABŞ vizalarının ləğvi, onların ABŞ banklarındakı hesablarının dondurulması və s. məsələlər də Türkiyəyə təzyiq məqsədi daşıyırdı. Lakin bu təzyiqlər NATO-nun ikinci ən böyük ordusuna malik olan ölkənin Alyansdan uzaqlaşmasına, ABŞ-ın Yaxın Şərqdəki mövcudluğunu təhdid edə bilərdi. Ümumiyyətlə, bu, təşkilatın zəifləməsinə, nüfuzunun azalmasına səbəb olacaq addım olardı. Tramp-Ərdoğan görüşünün əsas məqsədlərindən biri ABŞ-ın Türkiyəni Rusiya ilə ittifaqdan çəkindirməyə çalışmaqla, ikitərəfli hərbi əməkdaşlıq, o cümlədən 100 milyardlıq silah kontraktının bağlanılması – F- 35 qırıcılarının satılması idi. Bu mənada ABŞ-ın Türkiyəyə təzyiq amilləri təkcə saxta soyqırımı iddiaları ilə bağlı bitmirdi. Türkiyədə insan haqları, Suriyada cihadçıların Ankara tərəfindən dəstəklənməsi və s. mövzular da müzakirə predmeti idi”.
N.Məmmədova qeyd etdi ki, saxta soyqırımı layihəsinə veto qoymağa görə, Türkiyədən tələb olunan məbləğ, gördüyümüz kimi, 100 milyardlıq saziş idi: "Bu, Türkiyəni şantaj vasitəsindən başqa bir şey deyildi. Göründüyü kimi, saxta soyqırımı iddiası böyük dövlətlərin gündəliyində Türkiyəyə təzyiq və şantaj vasitəsindən başqa bir şey olmayıb və prezident Ərdoğanın ABŞ-a səfəri bunu bir daha təsdiq etmiş oldu”.
Politoloq Elşad Mirbəşiroğlu bildirdi ki, ABŞ Konqresində xüsusilə başqa dövlətlərlə bağlı qərarın qəbul olunması proseduru kifayət qədər mürəkkəb məsələdir: "Yəni bir məsələ öncə Konqresin Nümayəndələr Palatasında müzakirə olunur, daha sonra Senatın xarici əlaqələr komitəsinə təqdim edilir və burada müzakirə olunur. Nəhayət Senatda səsə qoyulur. Bu, ondan xəbər verir ki, sadəcə olaraq ABŞ, xüsusilə Konqres qondarma "erməni soyqırımı” ilə Türkiyəyə təzyiq rıçaqına əl atmaq istədi. Təbii ki, burada müəyyən faktorların təsiri oldu. Xüsusilə, erməni lobbisinin rolunu qeyd etmək lazımdır. Amma bütün hallarda ABŞ-ın Türkiyə ilə kifayət qədər ciddi ortaq maraqları mövcuddur. Bu baxımdan rəsmi Vaşinqton Türkiyəyə münasibətdə ən kəskin addıma getməyəcəkdi. Elə özüm də proqnozlaşdırmışdım ki, Senatda qondarma soyqırımı məsələsi keçməyəcək. Ümumiyyətlə, ABŞ-da belə bir təcrübə var, Konqresdə hər hansı bir dövlətə münasibətdə sənəd qəbul olunursa, Senatda o məsələ keçmir. Yəni bu da ümumilikdə o deməkdir ki, ABŞ-da rəsmi səviyyədə saxta soyqırımı tanınmır. Konqresin Nümayəndələr Palatasının tanıması, ABŞ-da rəsmi səviyyədə saxta soyqırımın tanınması anlamına gəlmir. Ümumiyyətlə, hesab edirəm ki, ermənilərin irəli sürdüyü qondarma soyqırımı məsələsi tanınmayacaq. Çünki ABŞ Türkiyə ilə münasibətlərini qoruyub saxlamaqda maraqlıdır”.
E.Mirbəşiroğlu vurğuladı ki, Türkiyə prezidenti Ərdoğanın səfəri ərəfəsində saxta soyqırımı məsələsinin Konqresin Nümayəndələr Palatasında müzakirə olunması və qərar qəbul olunması çox güman ki, dövlət başçılarının görüşü zamanı ABŞ-ın danışıqlar prosesində imkanlarını genişləndirməli idi: "Amma görünən tərəf ondan ibarətdir ki, görüş, həm ABŞ, həm də Türkiyə tərəfinin müəyyən məsələlərdə ortaq məxrəcə gəlməsi və maraqlara cavab verilməsi fonunda keçib”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər