• çərşənbə axşamı, 19 mart, 07:54
  • Baku Bakı 8°C

Nifaq ağacı

03.06.19 14:30 18280
Nifaq ağacı
Qırğız yazıçısı, dramaturq, jurnalist və tərcüməçi Aydarbek Sarmanbetov 1953-cü ildə indiki Bişkekdə doğulub. Otuza qədər kitabın müəllifi, yüzdən çox kitabın redaktoru, "Türk dünyası ədəbiyyatı” jurnalının baş redaktorudu. Əsərləri Cin, Azərbaycan, türk, qazax, uyğur, türkmən, qaqauz, rus və digər dillərə çevrilib. Çağdaş nəsrimizin usta qələmlərindən sayılan Əlabbasın bir neçə hekayəsi onun tərcüməsində qırğız oxucularına çatdırılıb. "Nifaq ağacı” da onun dilimizə çevrilən ilk əsəri deyil, daha əvvəl yazıçı Eyvaz Zeynalov tanınmış nasirin bir neçə hekayəsini dilimizdə səsləndirib.

– Baba, ağacımızı kəsirlər! Orda... Əhməd! – özünü itirmiş halda qaçıb gələn kiçik nəvə birdən evi çaxnaşdırdı. Quzu dərisi sərilmiş dəhlizin uzaq küncündə böyrü üstə uzanıb sakitcə kitab oxuyan ağsaqqal Bektur uşağın anlaşılmaz danışığından heç nə başa düşmədi və gözlərini təəccüblə nəvəsinə zillədi.
– Nə danışırsan? Kim?... Hansı ağacı deyirsən? – narahatlıqla başını qaldırdı.
– O... ortadakını...
Nəsə pis bir hadisə olacağını duyan Bektur kitabı kənara qoydu, bir təhər qalxdı və uzunboğazlarını geyib çölə çıxdı.
Həə, elədi ki, var. O elə indicə evdə uzandığı vaxt küçədən balta səsi gəldiyini eşitmiş və bir müddət hətta bunun nə ola biləcəyini anlamadan qulaq kəsilmişdi. Sən demə, qonşu Əhməd uzun illərdən bəri iki həyətin arasında sərhəd rolu oynayan qoca, quru ağacı şaqqıltı ilə kəsib aşırıbmış. Aha, özündən razı halda qollarını çırmalayıb, bircə köynəkdə ciddi-cəhdlə işə girişmişdi. Hələ bu vicdansıza bir bax, yaxınlıqdakı alma ağacının budağından da təklifsiz-filansız köhnə papağını asmışdı. Necə də gümrah görünür, elə bil? öz ağacını kəsir!
– Bir buna bax! Neynirsən? – Bektur iri addımlarla qonşusuna tərəf gedə-gedə qəzəblə dilləndi. Ancaq qonşu heç vecinə almayıb, ona tərəf baxmadı da. Yəqin eşitməyib, bir qulağı mayıfdı axı, həm də həyətə bitişik böyük yolla bir-birinin dalınca gurultu ilə iki-üç ağır yük maşını keçirdi.
– Ey, kar şoğərib! Soruşuram, bu ağacı niyə kəsirsən? Olmaya ağac əkmisən?
Əhməd bütün boyu bərabəri qalxdığından və balta ilə qolaylandığından halını da pozmadı, qeyzlənmiş Bektur onu möhkəmcə itələdi. Əhmədsə, görünür, gözləmədiyindən və boş dayandığından səndələyib, böyrü üstə yıxıldı. İşdən əvvəl iri qurtumlarla, bərk qızardılmış xırda buğda içkisi – maksımı içmişdi, şişmiş qarnı loqquldayırdı. Balta əlindən çıxdı, köməksiz halda yerdə uzanıb qaldı.
– Öldürürlər! Qoymayın! Öldürürlər! – qonşu həyətdən əks-səda yaradan qorxunc qadın səsi gəldi, – lənətəgəlmiş, kişini öldürəcək. Bəlkə də, artıq öldürüb!
Əhmədin arvadı Zuura idi. Kök, kösöv kimi qara və qılıqsızdı. Ailədə azğınlığına görə onunla ayaqlaşa bilən bir qadın belə yox idi. İndi budur, ətəkləri yellənən rəngbərəng don əynində qaz kimi fısıldayaraq haldan-hala düşüb kişilərə tərəf qaçırdı.
Qonşunun təkanından yıxılan Əhməd hələ bir şey anlamadan təzə-təzə ot cücərməyə başlayan torpaqdan tez qalxmaq iqtidarında olmadığından aşağıdan-yuxarı, təəssüflə, özünü itirmiş halda Bektura baxırdı. Ay səni, qocalıq!... Yoxsa böyrüüstə uzanıb torpağa dirsəklənmək vaxtı idi? Tövşüyə-tövşüyə ətrafına göz gəzdirib bir az da gərgin vəziyyətə düşdü. O, baş verəni anlamırdı. Hardansa peyda olan Bektur qışqırıb-bağıraraq onu vurub yıxmış, indi də öz növbəsində məğlub qonşuya qəzəblə göz yetirirdi, sanki onu yemək istəyirdi. Əhməd qalxmaq istəyəndə qatlanmış barmağı ilə onun peysərinə döyəclədi.
– De görüm, ağacımı niyə kəsirsən, hə? Hər necə olsa, bu ağacın yiyəsi mənəm axı!... Elə bil öz əlinlə əkibsən! Qurtar! Ölənlərinin goru çatlasın, – deyib qalxmaq istəyən Əhmədi yenidən yerə yıxdı.
Bekturun başı, saqqalı əsə-əsə onu vəhşi qışqırıqla gözlənilmədən vurub yerə sərməsi azmış kimi, indi də uşaq təki peysərini döyəcləyib, təzədən ağacın yanında yerə uzatması Əhmədi tamam-kamal özündən çıxartdı. O qaçıb yanına gələrək qoltuğunun altından qayğıkeşliklə yapışan arvadının əllərinə söykənərək ağır-ağır nəfəs alıb hıqqıldayaraq bir təhər qalxdı və kəskin hərəkətlə silkindi, üst-başını çırpdı.
-Nə lazımdı? O keçi saqqalından qorxum yoxdu. Sənə böyük kimi hörmətlə yanaşıramsa, onda özünü hökmən belə aparmalısan? Məni niyə itələdin? – adama elə gəlirdi ki, indicə qeyzlənib qonşusunun üstünə atılacaq, – mən ki sənə toxunmuram. Sənsə Allah bilir, özünü nə hesab eləyirsən?
Onun belə təkəbbürlü cavabı, adətən, sakit və kinsiz dolanan qoca Bekturu bir az da qızışdırdı.
– Ə, nə danışırsan, əclaf! Ağacımı kəsdiyin bəs deyil, hələ söyüş də söyürsən? Nədi, məni yemək istəyirsən? Bax ha! – Hirsindən sözünü udan, əsəbindən, beyninə vuran qandan bərk dilxor olmuşdu. Əslində o, soyuqqanlı adam idi, az-az hallarda hiddətlənirdi, amma onda da çətin sakitləşir, quduzlaşıb ölüm-dirim savaşına çıxırdı. Odur ki, dostları onu "kontuziyalı” adlandırırdılar.
– Vay sizi, ake, bu nə həngamədi? – Əhmədin arvadı qır-saqqız olub qopmurdu, – az qala onu öldürmüşdünüz. Biz axı nə günahın yiyəsiyik? Axı sizə həmişə hörmət eləmişik. Bunu ki özünüz də bilirsiniz.
Qızışmış qocalar Zuuraya əhəmiyyət vermirdilər. Əhməd Bekturdan dörd-beş yaş kiçik idi, bundan başqa, ata tərəfdən bir-birinə qohum idilər. Buna görə qadın qonşunu "ake” çağırırdı.
-Soruşuram, bu ağacı niyə kəsirsən?-Bektur şəhadət barmağını Əhmədin alnına toxundurmaq istədi, ancaq o özünü yayındıra bildi. Bektur yöndəmsiz, ancaq güclü idi, şəhadət barmağını qonşunun alnına dirədi. Bu onu ağrıtdı. Əhməd özünü saxlaya bilmədi:
–Axmaq, – o ufuldayaraq zarıdı. Belə söyüşlər adətən onun sevimli söz yığını idi və o sanki belə də lazımmış kimi söyürdü. Ancaq bu dəfə təhqir Bektura möhkəm toxundu, ona elə gəldi ki, canına yaba soxdular.
– Ə, nə danışdığını bilirsən? Allah cəzanı versin! – Bektur çovuyan gülləni tuturmuş kimi sıçradı, – Belə qələt qırarlar, ə? Sən ki anamın əllərindən yemək yeyə-yeyə böyüyübsən. Gözündən gəlsin! – deyib Bektur şahin kimi Əhmədin peysərindən yapışıb kəskin hərəkətlə itələdi.
– Kömək eləyin, öldürürlər – İkiqat olub zarıyan və torpağa düşüb qalımış Əhmədin qarşısında dayanan arvadı ciyiltili səslə qışqırdı, – ay ca...ma...at! Kömək eləyin, öldürürlər!
– Bir buna bax, söyüş söyməyinə bax, yaramaz! Sənin özünü necə, ana doğub, ya başqası, heyvanın biri heyvan?!
Əhməd dərk elədi ki, o özü də bilmədən bağışlanmaz səhvə yol verib. Və özünü itirdi. Bu iyrənc sözlər necə oldu ağzından çıxdı, ay səni!...
O dostlarına, uşaqlara nağıl danışan kimi, gündə o sözləri təkrar eləyirdi, ancaq indi bu vəziyyətdə onlar açıq-aşkar yersiz idi. Əslində, qalmaqal da söyüşə görə böyümüşdü.
Bektur mərhum anasının təhqir edilmiş, şərəfinə görə heç vaxt olmadığı dərəcədə kədərli halda Əhmədin sinəsinə təpik vurmaq niyyətilə ayağını möhkəmcə irəli uzatdı. O isə hələ də yarıqat halda köməksizcəsinə yerdə uzanıb qalmışdı və əgər arxadan özünü yetirən arvadı olmasaydı, o, havası çıxmış top kimi zərbədən yastılanıb qalacaqdı. Bəs necə, əgər boyu iki metrə çatan iri sümüklü, ölçüsü qırx beş də olmasa, yüz faiz qırx dörd olan çəkmə geymiş üzü üzlər görən, iri uzunboğazı ilə hədəfə vursaydı, hər şey alt-üst olacaqdı. Qabırğaları xurd-xəşil olmasaydı, yaxşıydı.
Bekturun özünü yetirən arvadı bəs qədər möhkəm qadın idi. O, öz ərinin qoluna girib, onu evə tərəf çəkdi:
– Bəsdi, qoca, yetər! Böyük-kiçik qarşısında ləyaqətini itirmə! Camaat nə deyər?
Ancaq onun məyus olmuş əri arvadı ilə razılaşmayaraq qızışdı:
– Məgər onun əməllərinə dözmək olar? Ağacımı kəsdiyi bəs deyil, hələ söyür də...
– Evdə gəlinin, oğlun nə deyər sənə, bir utan! Elə elə ki, sabah söz-söhbət mövzusu olmayasan!
– Nə olub? Siz artıq az vaxt deyil qızışıbsız. Bu nə xoşagəlməz haldı? – qəfil gələn səsə tərəf çəpərin dalından at belində görünən ağsaqqal Toktomambetə hamı birdən nəzər saldı. Artan mərəkədən heç kim ağsaqqalı və öz yiyəsinin dalınca kölgə kimi gəzən kürən iti görməmişdi. Qaşqabaqlı adamlardan qorxsa da, it bir müddət uzunboğaz çəkmələri və şalvarları iyləyə-iyləyə onların arasında vurnuxurdu.
– Səsiniz aləmi başına alıb. Nə məsələdi? Nə bədbəxtlik üz verib?
Bektur köhnə, heç yatanda da çıxarmadığı iy hopmuş ağ papaqlı və seyrək saqqallı Toktomambeti görəndə sanki, başına gələnləri danışa biləcəyi adamı tapdığından yüngüllük hiss elədi.
– Heç belə olar? Bax bu nanəcib mənə deməmiş icazəsiz mənim ağacımı kəsdiyi azmış kimi, hələ söyür də... Siz ki yaxşı bilirsiz. Bu ağacı atam əkmişdi. Müharibədən qayıdandan sonra...
Adətən, Bektur möhkəm söymək istəyən zaman axırıncı sözlərini udurdu, ancaq bu dəfə qətiyyətlə "necə lazımsa yağladım” deyə əlavə elədi. Əməlli-başlı hirslənmişdi. Ağappaq olmuş Əhməd bir kəlmə də demədi. Əvəzində arvadı qızışdı:
– Bu nə sözdü, deyirsiz, ake? Mən hər şeyi öz gözlərimlə gördüm. Siz qaçıb gəldiniz, qolaylanıb yazığı vurub yıxdınız. Birdən başı daşa dəysəydi, onda nə olardı, hə? Partlayardı... Allah bilir, nə olardı? Birdən iti budaq sinəsinə keçərdi, onda necə?
– Heç nə partlamayıb ki? O heç Allaha da lazım deyil. Belə küt kəllə kərəminə qurban olduğumun nəyinə gərəkdi? Partlasaydı, bundan yaxşı idi...
– Hım... Həə, deməli, yaxşı iş olmayıb, – Toktomambet ani hökm sürən sakitlikdən istifadə edərək fikirli halda dilləndi. O, əlində qamçı-qırmanc, azacıq yana sarı əyilib sanki hamını sakitləşdirməkdən ötrü münasib qərarı tapa bilmirdi. Hər necə olsa da, o, köhnə sovet fəallarından idi, vəzifəsinə görə nəsə deməli idi. İşə bax ki, bu üzüntülü məqamda ağlına bir dənə də olsun münasib söz gəlmirdi.
Həyəcanlanmış Bektur belə vəziyyətlərdə tez-tez əllərini ölçüb od püskürürdü.
– Yadındadı, mən uşaq olan vaxt qırğızlarda çəpər yox idi, atam da bu ağacı ona görə əkmişdi ki, evlərimizin arasında sədd rolu oynasın. Bütün ailə bilir bunu! İndi onu ana qayğısı görməsin, götür kəs!... – qoca heç cür kirimək bilmirdi.
– Mənsə fikirləşirdim, sədd bu arxdır... Həm də ağac bizə daha yaxındır, – Əhməd dodağı altda mızıldandı, dili birdən açılmışdı, – elə belə də deyə bilməzdin? Vurub yıxmadan! – onun hirsinin, hikkəsinin sonu yox idi. Əhmədin nəsə demək istədiyini görən Bektur onu qabaqladı:
– Mən bir dəfə, iki dəfə yox, çox dedim, ancaq sən məni eşitmədin. Bəs onda neyləyəydim? Necə, durub baxardım ki, ağac haçan aşacaq? Bu arxı da mən qazmışam. Onda istəyirdim ağacın arxasından çəkim, ancaq sənin quruyub qaxac olan atan etiraz elədi, onun bir azca torpağa heyfi gəldi.
Görünür, Bekturun məhvedici tonda dediyi sözlər ona pis təsir elədi.
– Bəsdir! Atam haqqında belə danışma, qaxac özünsən, – Əhməd çımxırdı, hətta üzündəki tüklər belə qabardı, – Atamın ruhunu rahat burax!
Əvvəllər belə söyüş və belə etirazları eşitməyən Bektur bir az da həddini aşdı.
– Bir buna bax, atasına qahmar çıxır. Nə yaman inciyən olub, – o indi heç arvadına da qulaq asmırdı, lap qızışdı. İstəyir ki, mən quruyum. İndi sənə necə qurumağı göstərərəm!
– Sən özün başladın, atamı...
– "Sən”ə keçdin, həə? Elə bil beşiyimi bu yelləyib... Mən müharibə vaxtı səni xilas eləmişəm, onda qoturdan öləcəkdin, səni yudum, təmizlədim, yedizdirdim. Bəlkə, belə deyil?! Sonra qoyun kəsdim, bu qadınla kəbininizi kəsdirdim. Onda sənin qotur arvadın da yox idi. İndi yadından çıxardıbsan hə? Piydən gözün ayağının altını görmür.
Qışqırıq yenidən başladı. İki kişi bir-birini eşitmədən bağırır, yəqin ki, qəbirlərində o üz-bu üzə çevrilən çoxdankı ölülərini də söyürdülər. Lap ağını çıxartmışdılar. Qohum-qonşular ağıllarını itirib bir-birinin üstünə dartınır, bir-birinin üstünə atılmağa hazır idilər. Bu arada onların arvadı ucadan qışqırıb ağlayaraq ərlərini geri çəkirdilər. Necə deyərlər, baş qarışanda tədricən kiminsə qucağına düşürsən, nəticədə daha böyük qalmaqal yaranır.
Adamlar yığılmağa başlamışdı. Adətən, özünü sakit aparan, heç vaxt heç nəyə etiraz etməyən Əhməd bağırdı:
– Sənin ağacın məni boğaza yığıb. Ondan özünə tabut düzəlt!
Cavabında Bektur qışqırdı:
– Yaxşısı budur tabutu arvadına düzəlt! Qoy bu mənim sizə dilənçi payım olsun! – hirsindən o özünü saxlaya bilmir, xırıltılı səslə ağzına gələni deməkdə davam eləyirdi. Onun keçmiş gəlini, Əhmədin özünü abırlı aparmağa çalışan arvadı da artıq indi kənarda qalmışdı.
– Boyunu yerə soxum! Çürük, yöndəmsiz uzundraz! Mənim bambılılığımı harda görübsən? – qadın əməlli-başlı özündən çıxmışdı.
Bircə Bekturun hövsələli qarısı hələ də onları sakitləşməyə çağırırdı. Əgər o da latayıra başlasaydı, ərinin tərəfini saxlasaydı, onda kişilərin davası qaçılmaz olacaqdı, qadınlar özləri də saçyoldusuna çıxacaqdılar. Bu isə yaxşı heç nədən xəbər vermirdi.
Qışqırıq və səs-küy eşidən qonşular, küçəni keçən veyillər, hardasa on-on iki qadın-kişi artıq həyətdə vurnuxurdular. Yaxında tükləri tərpənmədən sakitcə dayanmış qohumlar özlərini elə aparırdılar ki, guya, onları sakitləşdirməyə çalışırlar, ancaq bununla belə etirazların qızışması dərəcəsindən asılı olaraq hər biri bu və ya digər tərəfə qahmar çıxır, sonda – nəticədə adamlar özləri də bilmədən bu ayırd eləmədə iştirakçı olduqlarını görürdülər.
– Bəsdi, Zukeş, nə oldu ki? Bəsdi, qurtar!...
– Vicdansız belə sözü necə dilinə gətirdi?! – Zuuranın tərəfində duranlar onu müdafiə eləyərək cidd-cəhdlə Bektura hücum çəkdilər.
– Səni görüm, biabır olasan!
– Haramızda yüngüllük görübsən?!
– Eje, əzizim, qabağını alın, yoxsa...
Ağsaqqal Toktomambet ya işin onluq olmadığını görüb, ya da nəyisə xatırlayıb atın sağrısına möhkəmcə bir qamçı çəkərək söyüş yerindən uzaqlaşdı. Onu burda eşidən olmayacağını hiss etdiyini də düşünmək olardı.
– Ey, Əhməd, niyə özündən böyük qohumuna hörmət eləmirsən? Bu nə düşüncəsiz sözdü? Ondan başqa, elə qohum varmı ki, sənə belə mərhəmət göstərmiş olsun?
– Ağzını yum, yoxsa...
– Məgər Bektur yaxşı hərəkət elədi? Belədirsə, onu sakitləşdirin!
– Çıx get, burdan!
– Niyə itələyirsən?
– Aşağısından tutma, adətən o, çürük olur, – kimsə hələ də dayanmış hündür ağacın kəsilməsilə bağlı məsləhət verdi.
– Həə, aşağıdan kəsməyə sənin gücün çatmaz.
– Gərək ehtiyatla kəsəydin. Birdən başqa tərəfə, düz evin üstünə yıxılsaydı, nə olardı?
– Gərək yuxarıdan kranla saxlayaydıq...
– Lənətə gəlmiş.
– Yöndəmsiz əclaf, keçən dəfə quzumuz onun həyətinə keçmişdi, heyvancığazın ayağını qırdı. Yadınızdadı? – bunu Bekturdan bir ev aralı yaşayan Kaçkın ucadan dedi. O keçən incikliyi xatırlayıb, şəraitdən istifadə edərək qınayıcı tərzdə danışır, ürəyində yığışıb qalanların hamısını açıb tökürdü. Əyri Asan onun sözlərinə qüvvət verdi:
– Keçən il mənim oğlumla suvarma suyu üstündə mübahisə eləyib, kətməni uşaqdan almışdı. Heç sonra da qaytarmadı. İndi qaytar kətməni.
Adamların sayı hiss olunmadan artırdı. Bekturun qonşularının qonşuları, onların da qonşuları, küçənin axırında yaşayan Amanay və Beyşebay isə burun-buruna bir-birinə xoruzlanmağa başladılar:
– Mənə neyləyəcəksiz, hə?
– Əhmədnən birlikdə mənim eşşəyimin pulunu verin!
Sən demə, Amanay beş-altı il əvvəl itən eşşəyini xatırlayıbmış – onda Əhməd həmkəndlilərinin əkininin qoruğunu çəkirmiş və çoxdanın gizli incikliyi, budur, üzə çıxdı. Onda ailədə şayiə gəzirdi ki, Əhməd və Beyşebay çəpərin o tərəfində veyillənən eşşəyi kənarda satıblar. Onlar məktəbdə bir yerdə oxumuşdular və münasibətləri bəs qədər isti idi. Belə vəziyyətdə adam nəyi xatırlamır?
Hadisələrin inkişafı dərəcəsinə uyğun olaraq iki düşərgəyə bölünmüş qadınlar və kişilər ikibir-üçbir qruplarda bir-biriylə sözləşməyə girişir, bir-birini itələyirdilər. Heç kim heç kimə qulaq asmırdı. Onlar özlərinin bütün incikliklərini xatırlayıb, indi kim nədə günahkardı məsələsini təhlil eləyirdilər. Və artıq bütün həngamənin qurumuş ağaca görə başladığını unutmuşdular. Hətta Bektur və Əhməd də diqqətdən kənarda qalmışdılar. İllərlə ürəklərində yığılıb qalmış, əvvəllər gizli saxlanan hər şey dönə-dönə deyilmişdi, adamı dəli eləyən səs-küy vardı.
Heç kəs sakitləşməyə, başqasını sakitləşdirməyə çalışmırdı da. Ancaq əgər kimsə istəsəydi belə heç nə alınmayacaqdı. Necə deyərlər, bu qatma-qarışıqda, çaxnaşmada aradüzəldənə bir-ikisini çəkməklə də iş düzələn deyildi. Burda heç kim heç nəyə qulaq asmırdı. Təzə adam görünəndə, peyda olanda dərhal, vaxt itirmədən dava-qalmaqala qoşularaq tərəflərdən hansınasa qahmar çıxırdı. Hər halda, qohum qohuma arxadır, havadardır. Bütün ailə bir-birinə qohum düşürdü. Kimi ata, yaxud ana tərəfdən qohum, ən uzağı dost idilər. Bir sözlə, burda yad adam yox idi. Günortadan az sonra başlamış qalmaqal hətta axşam düşəndə də bitməmişdi. Mal-heyvan və uşaqlar şam yeməyi və məişət məsələləri hamının yadından sadəcə olaraq çıxmışdı. İnəklərin böyürtüsü, qoyunların mələrtisi eşidilmirdi.
Nəhayət, söz davası hamını boğaza yığdı, ya da başqa nəsə oldusa, adamlar hərəkətə keçdilər. Qadınlar bir-birinin üz-gözünü cırmaqlamağa, kişilərsə dalaşmağa başladılar. Elə bu vaxt kimsə səsləndi.
– Allah bəlanızı versin, kiriyin! İndiyəcən sakitləşməyibsiniz hələ? – Ağsaqqal Toktomambetin kütlə üzərində qəfildən uca səsi eşidilməsəydi, kim bilir, bütün bunlar nə vaxt, nə ilə qurtaracaqdı? Ağsaqqal işlərini çoxdan qurtarıb geri, evinə qayıdırdı. Onun gündüz necə çıxıb getməsini heç kim sezməmişdi.
– Sən burda nə itiribsən, axmaq qadın? Get evinə! – Toktomambet özünün dişsiz qarısını görüb, onu qamçı ilə hədələdi, qarı isə duruxub qorxa-qorxa evə tərəf üz tutdu, – bircə sən çatmırdın. Ay səni...
Hələ də canısululuğunu itirməyən Toktomambet amiranə tərzdə boğazını yırtırdı. Axı bir vaxtlar briqadir olmuşdu.
Adamlar lal-dinməz dayandılar. Hər halda Toktomambetə hörmət eləyirdilər. Kim bilir, hiddətlənmiş kütlə nə törədə bilərdi? Ən azı kişilər bir-birinin başını əzər, qadınlarsa bir-birini cırmaqlayardı. Ağlını itirmiş Əhməd indicə özündən yaşca böyük qohumunun üstünə yeriməyə hazırlaşırdı və bir-iki dəfə hədə-qorxu ilə Bekturun üstünə qolaylanmışdı. Yaxşı ki, zərbələri hədəfə çatmamışdı, çünki məsafə çox da yaxın deyildi. Həm də hər ikisinin arvadı geri çəkildi. Əgər zərbə lazım olan yerə çatsaydı, ən azı dişlər tökülərdi, qan axıdılardı. Gör düşmənçilik hara gətirib çıxarır? Heç kim Əhməddən belə şey gözləmirdi. Boş yerə deməyiblər ki, suyun lal axanı, adamın yerə baxanı.
– Allahı bura qatma. Bəsdir, nə qədər ki gec deyil, ağlınız başınıza gəlsin, nəhayət! Bir özünüzə baxın, kişilər qadınlara oxşayır, qadınlarsa mal-qaraya! – Toktomambet yığışanlara məzəmmətlə baxıb, özü də hirsləndi. Deyəsən, camaat nəhayət, o vaxt anlamağa başladı ki, qızışmaqda həddi aşıblar və boşalmış adamlar özlərinə gəlməyə başladılar, danışmadılar.
– Bir qurumuş ağacdan ötrü qohumluq münasibətlərinin ikitirəliyini istəyirsiniz? – Toktomambet sözünə davam etdi, – yerli-dibli vicdanınızı itiribsiniz, utanıb qızarmırsınız!
O fikirləşirdi ki, indiyəcən qalmaqal həmin o ağaca görə sakitləşməyib, hardan biləydi ki, indi səbəb artıq çoxdankı incikliklərdi.
– Bu ağac ömrünüzü uzadacaq, nədi? Onsuz da günlərin birində hamınız əcdadlarınızın yanına yollanacaqsınız. Qəbirə də özünüzlə heç nə aparmayacaqsınız.
Ancaq sizdən sonra əsrlərlə söz-söhbət qalacaq. Biabırçı, alçaldıcı söz-söhbət. Deyəcəklər ki, qohum-qardaş bir çürük ağaca görə özlərini biabır etdilər. Belə şey harada görünüb? Rüsvay-cahan olasınız sizi. Biabırçılıqdı. Qurtarın! Qoy bu burda, öz aramızda qalsın... Çu!-Tokmambet atın boynuna qamçı vurub mahmızladı, xırda addımlarla qorxa-qorxa evə tərəf yortan qarısının dalınca yorğa sürməyə başladı, – Dağılın! Heykəl kimi durmayın... Yaramazlar!
Camaatın içindən bir adam da olsun, heç olmasa mədəniyyət xatirinə ağsaqqalla xudahafizləşmədi, buna cəhd də göstərən olmadı. Qəzəbli, əlbəyaxa olmaqdan, səs-küydən bir-birinin yaxasından tutub silkələməkdən həyəcanlanmış qonşular hələ də sakitləşə bilmirdi. Buna görə də hamı pərt idi, özünü itirmişdi, heç kim yerindən tərpənmirdi.
– Cəhənnəm ol e! Mənim başbilənimə bax! – kimsə dilləndi.
Bu kimsə, görünür, o, Toktomombetdən yanıqlı idi. Ola bilsin çoxdankı inciklik üzə çıxırdı. Üzünə heç nə deməyə cürəti çatmasa da, belə məqamları da fövtə vermirdi.
İndi heç kimdə yerindən tərpənməyə həvəs yox idi, hamı alış-verişi sona çatdırmayan möhtəkir kimi durmuşdu. Bektur və Əhməd də hələ yorulmamışdılar, heç biri qahmarsız qalmaq istəmirdi. Kimsə söyüş meydanından getmək qərarına gəlmişdisə də, onun haqqında, vicdanı narahat oldu, ona görə də getdi, deyəcəkdilər. Qadınlar dağılışmağa ürək eləmirdilər, məsələ məhz bunda idi; şərəf nümayişində! Ağsaqqalın müdrik sözlərinə fikir vermədilər, sözlər boş yerə küləyə qoşulub dağda-dərədə dolaşırdı. Bu adamların üz-gözündəki qırışlar müdrik, ağıllı məsləhət üçün yaranmışdı, amma su boş dolçanın boğazına dolan kimi indi ora qeybətlər, söyüş və latayırlar da soxulurdu.
Hələ ki, adamlar anlaşılmayan mızıltı ilə dayanmışdılar, azca aralıda atın belində hiss olunacaq dərəcədə o tərəf-bu tərəfə səndələyən Taştan peyda oldu. Lül-atəş idi, dumanlı başı ilə hara getdiyini, nə elədiyini heç təsəvvür belə eləmirdi. Onun kəhəri Taştanla birlikdə onu yıxılmağa qoymamaq və evə sağ-salamat aparıb çıxarmaqdan ötrü yiyəsilə birgə yellənərək adət elədiyi yolla gedirdi. Taştan səhər erkən dostları ilə iki gün əvvəl satdığı cöngəni "yuyandan” sonra qalan pulların başına daş salmamış mağazadan çıxmamışdı. İndi budur, damağını, boğazını yaşlamaq imkanına malik olmayan Taştan atı qaşqabaqlı və hirsli halda sürürdü. O, Bekturun həyətində toplaşmış adamları görüb dayandı.
– M-m-m... – bu qədər camaatın nə üçün yığıldığını başa düşmək halında olmayaraq hıçqırdı. Yəhərdə qəddini düzəldib gözünü növbə ilə adamlara zillədi. O, dumanda qoyun axtarırmış kimi gözlərini qıyıb nə qədər çalışsa da, kimin kim olduğunu fərqləndirə bilmədi, çünki hələ ayılmamışdı. Keçmişdə çoban işlədiyi vaxtlarda belə hallar çox olurdu, – nə olub? Hə? Ölüb-eləyən yoxdu ki?
Sonra camaatın içində kiməsə nəsə deyən ətiacı arvadı gözünə dəydi. Ona elə gəldi ki, kimsə onun üstünə gedir, qəzəblə irəli dartınır. Qan kefli adamın başına vurdu. Hər necə olsa da o, kişidir axı. Öz ikinci yarısına qahmar çıxmaya bilməz.
– Çu! Çu!-deyə o, atını qamçılayıb möhkəm mahmızlayaraq ucadan muşqurdu. At gözlənilməz zərbədən və böyürlərinə dəyən dabanlardan qorxdu, yerindən sıçradı, az qala kütləni tapdayaraq həyətə cumdu.
– Siz mənim arvadıma sataşırsınız? – Taştan adamları bir-birindən ayıra bilməyərək sağa-sola, kim gəldi qamçılamağa başladı, – Al! Al! Bu da sənin! Mənim arvadıma nə sözün ola bilər, hə?...
Qamçı yeyənlər də, hələlik ondan yayınanlar da – bütün kişilər və qadınlar qızışıb hücum eləyən çalağandan qaçan toyuqlar kimi hərə bir tərəfə dağılışdı.
– Kömək edin!
– Öldürəcək!
– Bu ki qudurub, lül-qənbərdi!
– A-aa...
Heç kim Taştana cavab vermədi. Onsuz da faydasız idi. Arvadlarına arxa durmaq üçün gələn kişilər heç nəyə baxmadan qaçaraq onları unutmuşdular və bir göz qırpımında həyətlərdə yox olmuşdular. Buralarda Taştanla höcətləşə biləcək adam yox idi. Buna görə də onu "Quduz” çağırırdılar. Aildə ona oxşar ikinci belə qəhrəman tapılmazdı. Taştan möhkəm içdiyi vaxt heç doğma atasını da tanımayan, xoşlamadığı adamı öldürə bilən birisi idi. İndi o yüyəni çəkərək at oynadır və kim gəldi amansızlıqla qamçılayırdı. Arvadı cinli ərini yaxşı tanıyırdı, ona görə də birinci özü qaçıb uzaqlaşdı. Paylarını almış digər qadınlar qorxudan qışqırırdılar, zərbədən yayınan bəxti gətirənlərsə yaxındakı həyətlərdə gizlənirdilər. Yəni doğrudanmı, bir axmaq on müdrikin öhdəsindən gələ bilər?...
Küçəyə sürətlə sakitlik çökdü. Nifaq ağacı da, onunla bağlı başlanan mübahisə də qonum-qonşunun başlarından birdəfəlik, tamam-kamal çıxıb getdi. Bekturla Əhməd də arvadlarını tək buraxıb döyüş meydanından birincilər sırasında çıxdılar. Onlar "Quduz”a tay ola bilməzdilər. Qoy cəhənnəm olsun ağac da!...
Aydarbek Sarmanbetov
Tərcümə edən: Vaqif Əjdəroğlu

banner

Oxşar Xəbərlər