• çərşənbə axşamı, 19 mart, 10:21
  • Baku Bakı 8°C

Necəsən, Qərənfil?

03.06.19 11:07 17161
Necəsən, Qərənfil?
Arvadının ölüm xəbəri Mahmuda çatanda gözlərini bir anlığa bərk-bərk yumdu və gözlərinin qarşısında dupduru, aydın, şəffaf gün işığı canlandı. Bu şəffaf, dupduru işıqda Qərənfillə qarşılaşdı. Həmişə başıaşağı yeriyən Qərənfilin bərabərinə çatanda Mahmud qeyri-ixtiyari, pıçıltıya oxşar bir səslə "Necəsən, Qərənfil?” – dedi və bir anlığa ayaqlarını ləngitdi. Qərənfil başını qaldırmadan uzun qara kirpiklərini çatma qaşlarına doğru qaldıraraq, iri qəşəng gözlərinin ifadə etdiyi nəzərləri ani olaraq ona yönəltdi və uzaqlaşdı. Belə uzun, qara kirpik, alaca gözlər Mahmudun yaddaşında özünə möhkəm yer eləmişdi. X-XI siniflərdə onlara fransız dilindən dərs deyən Sevda müəllimənin qaşı, gözü eynilə beləydi, Qərənfilinki kimi. O vaxt bu gənc müəlliməyə Mahmud heyranlıqla tamaşa edərdi. Bu hüsnün gözəlliyi Mahmudu elə məftun etmişdi ki, Mahmud onun sehrindən heç cür xilas ola bilmirdi. Yaxşı ki, Sevda müəllimə ailə qurdu, iş yerini dəyişdirib buralardan köçüb getdi, yoxsa nə olacağını Mahmud əməlli-başlı kəsdirə bilmirdi. İllər keçəndən sonra eyni məftunedici gözəl çöhrəni Qərənfilin simasında bəlləmişdi.
Qərənfil cəmi doqquz ilin gəlini olmuşdu. Qonşu kənddən avtobus sürücüsü İmamverdi Mahmudun nəzərində dünyanın ən sırtıq və həyasız adamı – Qərənfili zorla qaçırtmışdı. Ailələr arasında yaranmış münaqişəni xüsusilə, Qərənfilin qardaşı Eldarı sakitləşdirməkdən ötrü (onda Qərənfilin atası sağ idi və İmamverdinin bu alçaq hərəkətinə qarşı o da qəzəbliydi), həm də adının ləkələnməməsi xatirənə İmamverdinin ələ aldığı sahə müvəkkilin təklifi və təkidi ilə Qərənfil öz xoşu ilə İmamverdiyə qoşulub qaçması barədə qol kağızı vermişdi. Doqquz il Qərənfil o evdə gəlin olmuş, hər istiyə, soyuğa dözmüşdü. Uşağı olmadığına görə İmamverdidən ayrılmış, atası evinə, qardaşı Eldarın yanına qayıtmışdı. Ev işlərində, təsərrüfat məsələlərində əlindən gələn köməyi edir, qardaşı uşaqlarına xüsusi qayğı göstərirdi. Uşaqların yemək-içməkləri, geyim-keçimləri, səliqə-sahmanları, məktəbə gedib gəlmələri... belə işləri Qərənfil həvəslə yerinə yetirir, bu işlərdən hədsiz dərəcədə zövq alır, İmamverdinin evindəki ağrı-acısını sanki bu yolla canından çıxarırdı. Məktəbdən, dükandan, xeyirdən-şərdən qayıdanda hərdən Mahmudla rastlaşar, bir-birinin bərabərinə çatanda Mahmudun asta səslə "Necəsən, Qərənfil?” – sorğusuna başını qaldırmadan, uzun qara kirpiklərini, eynilə Sevda müəlliməninki kimi rəssamların cızdığı rəmzi, simvolik qağayı qanadlarına bənzər qaşlarına doğru qaldıraraq iri gözləri ilə Mahmuda ani nəzər salıb ötər, sonrakı ara-sıra qarşılaşmalarında Mahmudun məlum sualına zəif və titrək səslə "Sağol, yaxşıyam,” – cavabını verib, əvvəlki kimi yoluna davam edərdi.
Bir dəfə kənd dükanından çıxıb evlərinə yön alanda Mahmudla qarşılaşdı və Mahmud yenə adəti üzrə asta səslə:
– Necəsən, Qərənfil? – deyə onun kefini xəbər aldı və addımlarını yavaşıtdı.
Həmişəki "Sağ ol, yaxşıyam,” – cavabını alacağı ümidi ilə ani də olsa nəzərlərini onun qəşəng çöhrəsinə yönəltdi. Qərənfil pıçıltıya bənzər titrək səslə adətinə xilaf olaraq:
– Sən necəsən? – dedi.
Bu sözlərdən Mahmudun ürəyi atlandı, elə şiddətlə döyündü ki, bu döyüntünün tıppıltısını açıq-aşkar qulaqlarında da hiss etdi və bu həyəcanlı, təlaşlı anda ilk dəfə Qərənfilin dupduru bulaq suyuna bənzər şəffaf çöhrəsinin allandığını və bu xəfif qızartının içərisində güclə sezilən bir təbəssümün təsirindən hər yanağında sakitcə uyuyan göldə əsrarəngiz gözəllik yaradan ilk yağış damlasından əmələ gələn nöqtələr kimi batığı Mahmud ilk dəfə gördü və yuvasından düşən quş balasının aramsız qanad çalması kimi Mahmudun ürəyi daha şiddətlə çırpındı.
Qərənfil "Sən necəsən?” – deyib uzaqlaşdığı halda, Mahmud tilsimə düşmüş nağıl qəhrəmanı kimi hələ də durduğu yerdə donub qalmışdı.
– A kişi, nə gözlərini bərk-bərk yumubsan, yatıbsan, nədi?
Mahmud bu qəfil səsdən diksinib, tez-tələsik gözlərini açanda qarşısında dolu, tökmə bədənli, üzü yupyumru, xırda, cücəgözlü, saçını da öz rənginə uyğun sarıya boyamış bir qadının dayandığını gördü. Mahmud ha baxdı bu qadında qaş tapa bilmədi. Qaş əvəzinə sifətinin göz qapaqlarından yuxarı hissəsində, həyətlərində "lapatka” ilə tapdalayıb düzəltdiyi hamar bibər ləkinə bənzər bir sahə gördü. Bir də diqqətlə baxanda onun saçının qabaq tərəfdən bir hissəsini ayırıb alnına tərəf gətirdiyi telinin içərisində bibər ləkinin alına doğru qurtaracağında üstündən qələmlə qaraldılmış nazik (qadının rəngi o qədər ağ idi ki, bu ağlıq sarıya çalırdı və qaş tükləri də bir növ sarı idi) qaşları ancaq anışdıra bildi və Mahmudun ağlına gəldi ki, şairlərin dedikləri qələm-qaş yəqin belə olur.
– Kartofun kilosu neçəyədi? – deyə həmin qələmqaş arvad Mahmuddan soruşdu.
Mahmud əvvəlcə qadına:
– Bir manat, iyirmi qəpik – dedi, sonra üzünü onunla bərabər kartof satan dostu Əhmədə tərəf çevirib, – Əhməd, evdə nəsə qarışıqlıq var, mən təcili kəndə getməliyəm, sən bu xanıma kartof çək, dörd manatlıq elə, həm də mənim mallarımdan göz qulaq ol, mən getdim.
Mahmud dostu Əhmədin köməkliyi ilə bazarda işə düzəlmişdi. Hər gün bazarın anbarından çəki ilə müəyyən edilmiş qiymətə kartof götürür, bazarın bir səmtində kartof və soğan satılması üçün ayrılan yerdə, hamı kimi hər kiloqramın üstünə yenə də müəyyən olunmuş miqdarda qəpik əlavə edib satırdı.
Yumrusifət qadın artıq orada durmayıb, yanbızlarını yırğalaya-yırğalaya kənarlaşıb digər kartof satanlara yanaşdı. Mahmud bazarda olduğu müddətdə gəlib-gedənlərə, xüsusən, qadınlara arada fikir verirdi. – Mahmud ürəyindən keçirtdi – Qərənfil nə qədər rahat yeriyirmiş.

Mahmud açıq darvaza qapısından həyətlərinə girəndə qabağına ilk yüyürən, telefonda "Dayı, tez gəl dayıcanım...”, – deyib hönkürən bacısı oğlu Gündüz oldu. Gəlib dayısının ortasını qucaqlayıb:
– Mahmud dayı, Mahmud dayı, dayıcanım öl..., – dalısını deyə bilməyib hönkür-hönkür ağladı. Sol qolu ilə Gündüzün çiyinlərini özünə tərəf bərk-bərk sıxan, sağ əli ilə onun başını tumarlayan Mahmud da kövrəldi.
Həyətdə xeyli adam var idi. Molla Əbdüləlinin rəhbərliyi ilə hər şey hazırlanmışdı. Qadınlar həyətin bir küncündə çarpayı örtükləri, xalça-palazla qapatdıqları yerdə Sənəmi-Mahmudun mərhum arvadını yuyub kəfənləmiş, məsciddən gətirilmiş, yanları məhəccərli, üstüaçıq tabuta qoyub, mərhumun üstünü yüngül, ala-bəzək çarpayı örtüyü ilə örtmüş, Molla Əbdüləli ölü namazını təzəcə qılıb qurtarmışdı ki, Mahmud gəlib çatdı. Qızları Mahmudu görəndə "Ata, anamız bizi yetim qoydu”, – deyib elə qiyyə çəkdilər ki, Mahmud da özünü saxlaya bilmədi, əl atıb cib dəsmalını çıxardı, gözlərinə sıxıb, göz yaşlarını qurutmağa çalışdı.
Molla Əbdüləli Mahmudun qolundan tutub, yüngülvarı sıxmaqla cənazənin qaldırılmasının vaxtı olduğuna işarə etdi, Mahmud da öz növbəsində həm başını yırğalamaqla, həm də Mollanın çiyninə əlini qoyub-çəkməklə razılığını bildirdi. Molla amiranə səslə:
– Uşaqlar, yaxın gəlin götürək, – dedi.
Cavanlar irəli yeriyib cənazə qoyulmuş mafanı, tabutu qaldırdı, onun tutacaqlarından yapışıb, çiyinlərinə qoydular. Kəndin əksər evlərində olduğu kimi, Mahmudun da evi iki otaq, bir dəhliz və şüşəbənddən ibarət idi. Molla Əbdüləli cənazə qaldırılanda daha da çılğınlaşan, ətürpərdici səslər çıxaran, haray-həşir salan qız-qadınlara acıqlandı.
Cənazə qoyulmuş tabut əvvəlcə düz istiqamətdə dəhlizə, oradan da sağa burulub aynabəndə çıxarılmalıydı. Otağın qapısından keçən anda tabutun qabaq səmtindən yapışanlar dəhlizin qapısına dönəndə tabutun arxasının sol qolundan tutan oğlan qapının darısqallığı ucbatından əlini tutacaqdan çəkib tabutun ortasına dayaq verdi ki, özü və tabut qapıdan rahat keçə bilsin. Qabaqdakılar bir az kəskin hərəkətlə dəhlizin qapısına tərəf dönəndə tabutun sol tutacağı otağın qapı bəndinə dəydi. Bu anda ağlagəlməz bir hadisə baş verdi.
– Adə, tez tabutu geri çəkin, arvad dirildi, – deyə Molla Əbdüləli qışqırdı. Aləm qarışdı bir-birinə. Baxdılar ki, yatmış adam oyanıb çarpayıda oturmuş vəziyyət aldığı kimi Mahmudun arvadı da tabutda o vəziyyətdədir. Tez-tələsik tabutu geri qaytardılar. Kişilər otağı tələsik tərk etdilər. Qadınlar ölüb, yenidən dirilən Sənəmi kəfəndən xilas etdilər, geyindirib, yatağa uzatdılar.
Sənəmi Mahmuda anası almışdı. Sənəm anasının qohumlarından idi. Mahmudu, qardaşını və bir bacısını anası əzab-əziyyətlə böyütmüşdü. Sənəm məsələsi ortaya çıxanda, Mahmud anasının sözündən çıxa bilməmiş, könülsüz də olsa Sənəmlə ailə qurmuşdu.
Qorxmaz həkimin nəzarəti altında Sənəm, Mahmudun dəqiq hesablamasına görə, düz iki ay, beş gün, hətta üç saat yaşadı. Sənəm ikinci dəfə öləndə axşamçağı idi. Mahmud həyətdə nəsə iş görürdü. Yataqda olan anasına xidmət edən qızının qışqırığına Mahmud özünü evə yetirdi. Sənəmin göz qapaqları qapanmışdı, nəfəsi dayanmışdı....
Bu dəfə Sənəmin cənazəsi qaldırılanda Mahmud qeyri-ixtiyari:
– Ay uşaq, ehtiyatlı olun, qapıdan rahat keçirin ki, ora-bura dəyməsin, – deyə səsləndi,
üzündə güclə hiss ediləcək xəfif bir qımışıq hiss olundu və gözləri önündə Qərənfil canlandı.

Mahmud Qərənfillə ailə qurdu. Qərənfil Mahmudun üç qızına və sonbeşik oğlu Elşada analıq etdi. Qızları bir-bir gəlin köçürtdülər, Elşadı evləndirdikləri il Mahmud bu dünyadan köçdü. Qərənfil bu evdə Mahmuddan sonra yaşamağın artıq olduğu gümanı ilə qardaşının evinə qayıtdı. Qardaşıgilə qayıtmasına çox da həmin gün ata evində olan Mahirənin – Mahmudun böyük qızının Qərənfilin təklifini sükutla qarşılaması oldu. Lakin tezliklə Mahmudun evinin pərgarı pozuldu, nizamı qarışdı. Ev Qərənfilsiz quşu uçmuş soyuq yuvaya bənzər bir boşluğa çevrildi. Bu boşluğu təkcə Mahmudun oğlu Elşad və gəlini Gülər hiss etmədilər, Mahirə başda olmaqla Mahmudun digər iki qızı da bunun fərqinə vardılar. Bir axşamüstü Elşad işdən çıxıb birbaşa Eldargilə – Qərənfilin qardaşı evinə getdi, darvaza qapısını aralayıb həyətə daxil oldu və
– Ana, ay ana! – deyə ucadan səsləndi.
Səsə Qərənfil çıxdı. Uzun illər oğluna həsrət qalan ana kimi özünü Elşadın üstünə atdı. Qərənfilin aşıb-daşan göz yaşları Elşadın yanağında özünün sellənən göz yaşlarına qarışdı. Elşad elə bu vəziyyətdə güclə də olsa Qərənfilin qulağına qəhərli səslə pıçıldadı:
– Ana, yığış gedək evimizə...

Elşadın oğlu Mahmud dil açmağa başlayanda Qərənfil ona "Necəsən, Qərənfil?” sözlərini deməyi öyrətdi. Uşaq hər dəfə şirin-şirin "Necəsən, Qəyənfil?” –deyəndə hamı uğunub gedir, Qərənfilin isə üzündə yüngülvarı kədər qarışıq bir təbəssüm yaranır və nəvənin dediyi bu sözlərdən sonra Qərənfil başını qaldırıb, divardan asılan, gözlərini düz ona zilləyib duran, azacıq qayğılı görünən Mahmudun rəngli fotoşəkilinə baxar, qəlbinin dərinliyində bir ah alovlanıb alışar və ona elə gələrdi ki, "Necəsən, Qərənfil”i elə Mahmudun özü ona pıçıldayır...

Akif İmanlı
banner

Oxşar Xəbərlər