• cümə, 29 Mart, 03:53
  • Baku Bakı 7°C

Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi həyasızlığı - Fotolar

31.10.19 18:42 3279
Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi həyasızlığı - Fotolar
Siyasi şərhçilərin qənaətincə, işğalçı Ermənistanın bu addımı geosiyasi sabitliyə və sülhə təhdiddir
İşğalçı Ermənistanda millətçilik, terrorizm dövlət siyasətinin tərkib hissəsi sayılır. Ona görə də bu dövlət tərəfindən zaman-zaman Ermənistandakı soydaşlarımıza, həmçinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərində yaşayan azərbaycanlılara qarşı soyqırımı, deportasiya siyasəti həyata keçirilib. İşğal və etnik təmizləmə nəticədə Azərbaycanın 20 faiz ərazisi zəbt olunub, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. ASALA erməni terror təşkilatının imkanlarından yararlanan Ermənistan hökuməti 90-cı illərdə xüsusi-xidmət orqanlarının xətti ilə Azərbaycan ərazilərində müxtəlif terror aktları törədib, dinc sakinlərin ölümünə səbəb olub. Bütün bunlar tarixdir və Ermənistanın terrorçu, işğalçı mahiyyətini ortaya qoymağa xidmət edən faktlardır. Təbii olaraq bu faktlar özünü beynəlxalq birliyin layiqli üzvü sayan normal, sivil dövlət üçün utancverici olmalıdır. Lakin işğalçılığı, millətçiliyi, faşizmi, terrorizmi qəhrəmanlıq kimi qələmə verən Ermənistanda bu, belə deyil.


Oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyev dünyanın diqqətini bu faktlara yönəldib. O qeyd edib ki, MDB üzvü olan Ermənistanda faşistlər qəhrəman kimi təqdim olunur, əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyur. Dövlət başçısının sözlərinə görə, MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib.

Prezident İlham Əliyev vurğulayıb ki, 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer olmadığını dilə gətirən dövlət başçısı təəssüflə bildirib ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Oktyabrın 30-da MDB Müdafiə Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edən ölkə rəhbəri İlham Əliyev yenidən bu məsələyə toxunub. O qeyd edib ki, Azərbaycanda tarixin saxtalaşdırılması, faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi, tarixin yenidən yazılması cəhdlərinə çox həssas yanaşılır: "Bu, təkcə tarixin təhrif edilməsi baxımından deyil, gələcək nəsillər üçün də böyük təhlükədir. Çünki onlar bu miflərə inana bilər, mahiyyət etibarilə tarixi həqiqətdən uzaqlaşa bilərlər. Buna görə biz müharibənin səbəbləri haqqında, təcavüzkarın kim olması və həm ölkəsini, həm də dünyanın yarısını XX əsrin bu taunundan xilas etmiş sovet xalqının qəhrəmanlığı barədə həqiqətin dünyaya çatdırılması üçün ümumi səylərimizlə çox fəal iş aparmalıyıq. Təəssüf ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi faktları var. Məhz Ermənistanda faşist cəllad Ter-Arutyunyan qəhrəman səviyyəsinə qaldırılıb. Bu adam deyirdi ki, "Almaniya uğrunda ölənlər Ermənistan uğrunda ölür”. Bu adam SMERŞ tərəfindən tutularaq uzunmüddətli həbs cəzasına məhkum edilib və onun şərəfsiz ömrü Vladimir həbsxanasında başa çatıb. Bax, belə bir "xadim”ə heykəl qoyulub və bu heykəl indiyə qədər götürülməyib. MDB məkanında bu, yolverilməz hərəkətdir. Ermənistanın yeni rəhbərliyi özünün faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi ilə assosiasiya edilməsinə imkan verməməlidir. Təəssüf ki, bu heykəl indiyə qədər götürülməyib və bu, erməni tərəfin səmimiyyəti barədə çox böyük suallar doğurur”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Prezident İlham Əliyev tərəfindən işğalçı Ermənistanı ifşa edən faktlar ən yüksək tribunalardan dilə gətirilir. Siyasi şərhçinin fikrincə, Rusiyanın həm Xarici İşlər Nazirliyinin, həm də Müdafiə Nazirliyinin sözügedən məsələyə dair açıq münasibəti var: "Ermənistan ifşa olunub, faşizmə açıq dəstək verən ölkə statusu qazanıb. Digər dövlətlərin buna birmənalı münasibət bildirməsi zəruridir. Lakin təəssüf doğurucu haldır ki, Ermənistana qarşı sərt reaksiyaların indiyə qədər şahidi olmamışıq. Halbuki, SSRİ-də təmsil olunan 15 müttəfiq dövlətin hər biri faşizmə qarşı mübarizədə böyük itkilər verib. Ermənistanda faşizmin qəhrəmanlaşdırılması ayrı-ayrılıqda bu dövlətlərin hər birinə qarşı təhqirdir. Bu məsələdə iki ən həssas dövlət var ki, bunlardan biri Rusiya, digəri İsraildir. Çünki, vaxtilə Hitler Almaniyası, faşizmin təbliğatçıları SSRİ-ni süquta uğratmaq, onun ərazilərini zəbt etməyi başlıca hədəf kimi qarşıya qoymuşdular. Bu prosesin həyata keçirilməsi zamanı 6 milyona yaxın yəhudini – dinc əhalini öldürmüş, yəhudi xalqına qarşı soyqırımı törətmişdilər. Ermənistanın bu gün qəhrəman kimi cəmiyyətə sırımaq istədiyi xəyanətkar Nijde də faşistlərə satılaraq bu prosesin icraçılarından biri olmuşdu. Ona görə də hər iki dövlət bu məsələyə kəskin və həssas yanaşma ortaya qoymalı, Ermənistan hakimiyyətindən hesabat tələb etməlidirlər. Prezident İlham Əliyevin yorulmadan daim bu faktı gündəmə gətirməsi təqdirəlayiq haldır. Eyni zamanda bu, işğalçı ölkəyə qarşı tətbiq edilən hücum taktikasıdır. Ölkə başçısı imkan tapdıqca bundan məharətlə yararlanmağa çalışır”.


Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə isə qəzetimizə açıqlamasında deyib ki, Ermənistanda faşizmin təbliği və faşist Ndjeyə abidə qoyulması bu ölkənin XXI əsrdə dözümsüzlüyü və irqi ayrı-seçkiliyi dövlət ideologiyasına çevirdiyini nümayiş etdirir. Siyasi şərhçinin fikrincə, müasir dünya faşizm ideyalarını ləğv etdiyi bir dövrdə Yerevanın mərkəzində faşistə abidə ucaldılması bir növ erməni gəncliyini yaşadığı region xalqlarına, xüsusilə türklərə və Azərbaycana nifrət hissini, düşmənçiliyi davam etdirməyə səsləyir: "Prezident İlham Əliyevin Aşqabadda Ermənistanı faşizmin ideyalarına dəstək verdiyi üçün sərt tənqid etməsi regionda sülhün qorunmasına hesablanıb. Ermənistan rəhbərliyi faşizmi təbliğ etməklə, yeni müharibələrin alovlanmasına gətirib çıxara bilər. Prezident İlham Əliyev Aşqabadda dövlət başçıları qarşısında bunu xüsusi olaraq qeyd etməklə, prosesin nə qədər təhlükəli olduğunu, bütün dünyada, o cümlədən MDB məkanında bunun qəbul edilməzliyini vurğulayıb. Çünki, faşizm ideyalarına qarşı vaxtı ilə MDB dövlətləri bir yerdə mübarizə aparıb. İndi isə bu qurumun üzv dövləti faşizmi təbliğ edir. Rusiyanın da buna reaksiyası mənfidir. MDB müdafiə nazirlərinin görüşündə bu məsələnin yenidən qaldırılması Ermənistana qarşı faşizm məsələsində hərəkətə keçiləcəyinin mesajıdır. Aşqabadda və Bakıdakı toplantıda prezidentin çıxışı geosiyasi sabitliyin və sülhün qorunması istiqamətində əhəmiyyətli mesajdır”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər