• cümə, 26 Aprel, 06:30
  • Baku Bakı 12°C

Naşirlərin sətiraltı demək istədikləri

13.07.15 12:26 1557
Naşirlərin sətiraltı demək istədikləri
İngiltərənin tanınmış ədəbi agentlərindən Conni Geller kitabı nəşriyyatlardan rədd məktubu alan yazarlar üçün yarızarafat, yarıgerçək, amma olduqca yararlı bir kampaniyaya start verib. “Guardian”dan yayılan xəbərə görə, rəsmi Tvitter hesabından “publishingeuphemisms” heştəqi ilə kitabların rədd məktubları üzərinə yazılan açıqlamaları yorumlayan Gellerin tvitləri böyük marağa səbəb olub. Agentin izləyici sayını sürətlə artıran bu kampaniyaya çox keçmədən Libbi Helman, Vircina Loyd, Conatan Franzen, Piter Gina və başqaları da qoşulublar. Həmin tvitlərdən bəzilərini təqdim edirik. Məlumat üçün onu da qeyd edək ki, Conni Geller həm də “nəşriyyat işi necə gedir?” və “naşirlər nə istəyir?” suallarınıza cavab olacaq onlarla məqalənin də müəllifidir.
“Kitabınız nəşriyyatımıza görə olduqca ədəbidir” – “Kitab çox sıxıcıdır”
“Bir az redaktə işlərinə ehtiyacı var” – “Düzəltmələr kitabın özündən çox olar”
“Oxşar mövzulu bir əsərin yayımı ərəfəsindəyik” – “Kitabınız özünəməxsus deyil”
“O qədər də cəlbedici deyil” – “Yazmağı öyrən”
“Hər halda əsərin necə olduğunu siz bizdən yaxşı bilirsiniz” – “Bir söz belə oxumamışam”
“Mən girişi çox bəyəndim” – “Bala, əsər elə girişdən ibarətdir”
“İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən bildirildi ki” – “Pul yoxdur, başının çarəsinə bax”
“Əsəriniz nəşriyyatımızda canlanma yaratdı” –“ Katibəm bu əsəri bəyənib”
“Epikdir” –“ Çox uzundur”
“Olduqca dəyərli araşdırmalar əsasında yazılıb” – “Qeyri-bədii nümunə yaz”
“Olduqca kommersiya məqsədli hesab edildi” – “Bunu mən də yazaram”
“Zaman-zaman həyəcanvericidir, lakin ton olduqca qeyri-bərabərdir” – “Başdan-ayağa cəfəngiyyat”
“Çoxşaxəli” – “Həddindən artıq çox qəhrəman var”
“Satıla bilər” – “Müəllif olduqca cazibədardır”
“Mən əsərinizi sonuna qədər oxudum, olduqca xoş təəssüratla bitirdim, lakin təəssüf ki, sizi sevindirəcək təklif göndərə bilmirəm” –“Birinci və sonuncu bölmələri oxudum”
“Bəzi xırda düzəlişlərə ehtiyac olduğunu düşündük” –“27 səhifəlik düzəliş siyahısı göndərirəm”
“Əlyazmanız həm orijinal, həm də yaxşıdır” – “Orijinal olan hissələr uğursuz yazılıb, yaxşı yazılmış hissələr isə orijinal deyil”
banner

Oxşar Xəbərlər