Müzəffər Ali Baş Komandan - FOTOLAR
Regionda güc, iradə və qətiyyət hesabına yeni
reallıqlar yaradan lider
Son 200 illik tarixdə Azərbaycan daim böyük dövlətlərin,
eləcə də onların himayəsi altında olan güclərin işğalına məruz qalıb. Nəticə
etibarilə Böyük Azərbaycan Şimal və Cənuba bölünüb, ölkəmizin türk dünyası ilə coğrafi
əlaqələrini kəsmək üçün tarixi torpaqlarımızda Ermənistan adlı yeni dövlət
yaradılıb. Bu siyasətin davamı olaraq ötən əsrin 90-cı illərindən Ermənistan Azərbaycana
qarşı yeni ərazi iddiaları ilə çıxış edib.
Güc, iradə və birlik hesabına yaradılan reallıq
Nankor qonşumuz niyyətini həyata keçirmək üçün azərbaycanlılara
qarşı dövlət səviyyəsində soyqırımı və deportasiya siyasəti yürüdüb. Nəticə
etibarilə Dağlıq Qarabağ və ətraf rayonlar daxil olmaqla, ümumilikdə Azərbaycanın
20 faiz ərazisi işğal olunub, 1 milyondan artıq azərbaycanlı qaçqına, məcburi
köçkünə çevrilib, 30 minə yaxın insanımız həyatını itirib. 30 ilə yaxın davam
edən bu ədalətsizliyə beynəlxalq ictimaiyyətin seyrçi qalmasına cavab olaraq,
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz
cəmi 44 gün ərzində düşmənin belini qırıb, torpaqlarımızı işğaldan azad edib. Ölkə
başçısı Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxış edərkən Qələbəmizin
böyüklüyünü bu cür izah edib: "Müharibə ilə bağlı bəzi yerlərdə gedən müzakirələrdən
görürəm deyirlər ki, biz yeddi rayonu azad etmişik. Elə deyil. Biz, eyni
zamanda, Şuşanı azad etmişik, eyni zamanda, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin
keçmiş Hadrut rayonunu tam azad etmişik. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin
keçmiş Martuni, indiki Xocavənd rayonunun 50 faizdən çox hissəsini azad
etmişik. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Mardakert, indiki Ağdərə
rayonunun böyük hissəsini azad etmişik, o cümlədən Suqovuşan qəsəbəsini. Biz təkcə
yeddi rayonu azad etməmişik. Daha çox ərazini azad etmişik və bu gün
yaratdığımız reallıq artıq dünya tərəfindən qəbul edilir. Bu reallığı biz güc,
iradə və birlik hesabına yaratmışıq”.
Azərbaycan xalqının maraqlarına xidmət edən siyasət
Beləliklə də son 200 illik tariximizdə ilk dəfə olaraq
Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı qalibiyyəti,
zəfəri dadıb. Şanlı Ordumuz Azərbaycanın ərazi bütövlüyünü təmin edib. Prezident
İlham Əliyev yola saldığımız 2021-ci ilin əvvəlində Azərbaycan xalqına müraciətində
ölkəmizin güclənməsi, Ordumuzun ərazilərimizi işğaldan azad etməsi üçün görülən
işlərə diqqət çəkib. Bildirib ki, dəyişən dünyada güc amili rəsmi qaydada ön
plana çıxıb. O, bunu hələ 10 il əvvəl proqnozlaşdırdığını diqqətə çatdıraraq, güc
toplamaq üçün bütün imkanların səfərbər edildiyini vurğulayıb: "Güc iqtisadiyyatdır.
İqtisadiyyat güclü olmasa hərbi gücdən, siyasi gücdən söhbət gedə bilməz. Biz
iqtisadi müstəqillik yaratmalı idik və yaratdıq. Artıq neçə ildir ki, Azərbaycan
iqtisadi cəhətdən tam müstəqil ölkədir, heç kimdən asılı deyil, heç bir ölkədən
asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. İqtisadi müstəqillik
siyasi müstəqilliyimizi gücləndirdi, daha da cəsarətli siyasət aparıldı, müstəqil
siyasət aparıldı. O siyasət ki, yalnız və yalnız Azərbaycan xalqının
maraqlarına xidmət edir. Bu gün dünyada, dünya xəritəsində, sözün əsl mənasında,
müstəqil siyasət aparan ölkələrin sayı o qədər də çox deyil. Azərbaycan
onlardan biridir və Vətən Müharibəsi bir daha onu göstərdi. Bütün çağırışlara,
bütün təzyiqlərə rəğmən, biz istədiyimizə nail ola bilmişik”.
Şəhidlərə hörmət və ehtiram
Tarixdə yaşanan heç bir qələbə, heç bir azadlıq
mübarizəsi qansız, qadasız olmayıb. 20 Yanvar Şəhidləri Azərbaycanın xalqlar həbsxanası
adlandırılan SSRİ-dən ayrılmasını, azad olmasını öz qanları bahasına gerçəkləşdiriblər.
Birinci Qarabağ Müharibəsində 10 minlərlə mərd oğul-qızımız ölkənin ərazi
bütövlüyü, müdafiəsi yolunda canlarını fəda ediblər, şəhidlik zirvəsinə ucalıblar.
Vətən Müharibəsində isə 3 minə yaxın şəhidimiz öz qanları ilə Azərbaycanın zəfər
tarixini yazıb. Onların hər birinin əziz xatirəsi daim Azərbaycan xalqının qəlbində
yaşayacaqdır. Vətən Müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə
həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara, itkin
düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə
Bakı şəhərində yürüş təşkil edilməsi söylənilənlərə daha bir nümunədir. Müzəffər
Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban
Əliyeva yürüşdə iştirak ediblər. Sonra dövlətimizin başçısı Vətən Müharibəsi
Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlini qoyub.
Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı
Anım Günü ilə əlaqədar xalqa müraciət edən dövlət
başçısı İlham Əliyev 44 günlük Vətən Müharibəsini milli iradənin, ruhun və ləyaqətin
təntənəsi adlandırıb. Bildirib ki, Azərbaycan Qələbəni döyüş meydanında
qazanıb, 300-dən çox şəhər və kənd savaşda işğaldan azad edilib: "Biz qan tökərək,
şəhidlər verərək bu Qələbəni əldə etdik və düşməni məcbur etdik ki, bizim
qabağımızda diz çöksün və kapitulyasiya aktına imza atsın. Həmin düşmən ki, 30
il ərzində bizə meydan oxuyurdu, 30 il ərzində Azərbaycan xalqının şərəf və ləyaqətini
tapdalamağa çalışırdı. Azğınlaşmış, harınlamış, quduzlaşmış, qudurmuş düşmən
bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki,
noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində
yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. Beləliklə,
Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Biz müharibəni hərbi-siyasi yollarla
həll etdik, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı.
Azərbaycanda "Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil”.
Cıdır düzündə bayram tonqalları
Dövlət başçısının qeyd etdiyi kimi, yalnız öz
gücümüzə arxalanaraq düşməni torpaqlarımızdan qovmuşuq, hərbi yolla Dağlıq
Qarabağ problemini həll etmişik, Şanlı Qələbəmizi siyasi yollarla daha da möhkəmləndirmişik.
İndi qarşımızda dayanan başlıca hədəf işğaldan azad olunan ərazilərə yenidən həyatı
qaytarmaqdır. Bu məqsədə çatmaq üçün Azərbaycan Prezidentinin bilavasitə nəzarəti
altında Qarabağ geniş tikinti-quruculuq meydanına çevrilib. Yola salmağa
hazırlaşdığımız 2021-ci il ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyevanın Şuşa şəhərinə, Ağdam, Füzuli, Zəngilan,
Laçın, Cəbrayıl, Xocavənd, Kəlbəcər, Qubadlı rayonlarına, Hadrut qəsəbəsinə dəfələrlə
səfərləri olub. Bu səfərlər çərçivəsində yeni avtomobil və dəmir yollarının,
hava limanlarının, mühüm sosial obyektlərin, yaşayış binalarının təməli
qoyulub, şəhərlərin baş planlarının təqdimatı keçirilib, bir sıra yeni obyektlərin
açılışı olub. Şuşada "Xarıbülbül” Musiqi Festivalı, Vaqif Poeziya Günləri kimi
mədəni tədbirlər keçirilib, Cıdır düzündə bayram tonqalları yandırılıb. Vaxtilə
yalnız arzu və istəkdən ibarət olan tələblərimiz reallığa çevrilib.
Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi
Sözsüz ki, işğaldan azad olunan ərazilərdə yaşanan əlamətdar
hadisələrdən ən mühümü Qarabağın giriş qapısı sayılan Füzuli Beynəlxalq Hava
Limanının açılışının olmasıdır. Azərbaycanın cəmi 8 ay ərzində ən müasir səviyyədə
inşa etdirdiyi bu aeroportun istənilən tip hava gəmisini qəbul etmək imkanları
var. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə
həyata keçirilib. Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına
müvafiq qaydada uçuşların başlanması mümkündür. Dövlət başçısı İlham Əliyev və
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava
Limanının açılış mərasimi keçirilib. Eyni zamanda Şuşada iki qardaş ölkə
arasında "Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb.
Bununla da Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”,
ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət” fikirləri Vətən
Müharibəsindən sonrakı dövrdə növbəti dəfə təsdiqini tapıb.
Dünyada ən önəmli güc mərkəzlərindən biri
Bu münasibətləri Azərbaycan dövlət başçısı İlham
Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının XIV Zirvə toplantısında səsləndirdiyi
fikirlərlə ifadə etsək, Prezident R.T.Ərdoğanın yalnız müharibə vaxtı deyil,
ümumiyyətlə, Türkiyənin Prezidenti və lideri olduğu müddətdə Azərbaycana
davamlı dəstəyi Azərbaycan torpaqlarının işğaldan azad edilməsində mühüm rol oynayıb:
"Türkiyə bizim qardaşımızdır. Türkiyə bizim böyük müttəfiqimizdir. Azərbaycan
xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur. Azərbaycan və Türkiyə
xalqları və əminəm ki, dünyada bir çoxları Prezident Ərdoğanın Türkiyənin
yalnız dünyada ən önəmli güc mərkəzlərindən birinə çevrilməsində deyil, eləcə də
regionda təhlükəsizliyin təmin edilməsindəki tarixi rolundan açıq şəkildə xəbərdardırlar.
Türkiyə geniş regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında çox önəmli
rol oynayır. Türkiyənin güclü olması Azərbaycan və bütün digər müttəfiqlərin də
güclü olması deməkdir”.
Türk dünyasının lideri
Xatırlatmaq yerinə düşər ki, Azərbaycan-Türkiyə
münasibətləri sadəcə bu iki dövlət üçün deyil, ümumilikdə türk dünyası üçün əhəmiyyətli
hadisə, türk dövlətlərinin birlik və bərabərliyi üçün gözəl nümunədir. Azərbaycanın
öz ərazilərini işğaldan azad etməsi hadisəsi də türk birliyinə mühüm töhfə hesab
olunur. Məhz bu amil nəzərə alınaraq, bölgədə davamlı sülh və sabitliyin əldə
olunmasına yol açan tarixi qələbəyə görə, Müzəffər Ali Baş Komandan, Prezident
İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə
Türk Dünyasının Ali Ordeninə layiq görülüb. Bu təltif barədə qərarı Qazaxıstan,
Qırğız, Türkiyə, Özbəkistan prezidentləri Kasım-Jomart Tokayev, Sadır Japarov,
Rəcəb Tayyib Ərdoğan, Şavkat Mirziyoyev imzalayıblar.
Davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yol
Ali Ordeni Azərbaycan dövlət başçısına təqdim edən
Rəcəb Tayyib Ərdoğan deyib ki, Azərbaycan Prezidentinin qətiyyətli rəhbərliyi
ilə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son
qoyulub. Bu, təkcə azərbaycanlılar üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət
daşımaqdadır. Türkiyə Prezidentinin sözlərinə görə, Vətən Müharibəsi nəticəsində
illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata
keçirilib və Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət
mesajını həkk edib. R.T.Ərdoğan vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünü
yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirib, Qarabağın
azadlığının rəmzi sayılan "Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olub.
Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni
zamanda, bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa
gedən yolun önü açılıb.
Tarixi nailiyyət, böyük siyasi qələbə
Vətən Müharibəsində Azərbaycanın tam Qələbəsini,
gücünü, qüdrətini nümayiş etdirən məqamlardan biri də işğalçı Ermənistanın təslimçi
sülhə - kapitulyasiya aktına imza atmağa məcbur edilməsidir. 2020-ci il
noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı Üçtərəfli
Bəyanatda Ermənistan üzərinə böyük öhdəliklər götürüb. Bunlardan ən əhəmiyyətlisi
Zəngəzur dəhlizinin açılmasıdır. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks
olunması Azərbaycanın tarixi nailiyyəti, böyük siyasi qələbəsidir. Dəhlizin
istifadəyə verilməsi ilə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan
Muxtar Respublikası ilə quru əlaqə yaradılır. Bu dəhliz ümumilikdə türk dünyası
ilə əlaqənin yaradılması baxımdan da əhəmiyyətlidir.
Ərazi bütövlüyünə, suverenliyə dəstək
Rusiya Prezidenti Vladimir Putinin moderatorluğu ilə
cari il yanvarın 11-də Moskvada, noyabrın 26-da Soçidə Azərbaycan Prezidenti
İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli
görüşlərdə, həmçinin dekabrın 14-də Brüsseldə Müzəffər Ali Baş Komandan İlham
Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və erməni baş nazirlə,
eləcə də Fransa Prezidenti Emmanuel Makronla keçirilən üçtərəfli görüşlərdə
kommunikasiyaların açılmasının, əlaqələrin bərpasının zəruriliyi vurğulanıb.
Kommunikasiya və əlaqələr dedikdə isə Zəngəzur dəhlizinin açılması nəzərdə
tutulur. Azərbaycan Prezidentinin bu günlərdə Brüsselə səfəri çərçivəsində
iştirak etdiyi Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində, NATO-nun
Baş katibi Yens Stoltenberqlə görüşdə NATO-ya üzv dövlətlər tərəfindən ölkəmizin
ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin
toxunulmazlığına bir daha dəstək ifadə olunması da rəsmi Bakının diplomatik və
siyasi qələbəsi kimi tarixə yazılıb.
Vətən qarşısında xidmət
Bütün bunlar Müzəffər Ali Baş Komandan, Prezident
İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin, ölkəmizdəki xalq-iqtidar
birliyinin, həmçinin Azərbaycanın müstəqilliyini ən böyük sərvət və dəyər hesab
edən, milli maraqların qorunmasında son dərəcə prinsipiallıq nümayiş etdirən
liderin Vətən qarşısında xidmətləridir.
Rufik İSMAYILOV