• cümə axşamı, 25 aprel, 11:48
  • Baku Bakı 14°C

Milli Məclisin növbəti plenar iclası keçirilib

02.05.17 19:16 1000
Milli Məclisin növbəti plenar iclası keçirilib
Mayın 2-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilib.
AZƏRTACxəbər verir ki, parlamentin sədri Oqtay Əsədov iclası açaraq gündəliyi təqdim edib. Bildirib ki, iclasda 14 məsələyə baxılacaq.
Əvvəlcə deputatlar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyədə monitorinqin bərpası ilə bağlı verdiyi qərara münasibət bildiriblər.
Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycana dost və qardaş olan Türkiyəyə qarşı qəbul etdiyi bu qərar qeyri-obyektivdir. Türkiyə Avropa Şurasının yaranmasında bilavasitə iştirak edən ölkələrdən biridir və 1949-cu ildən bu təşkilatın üzvüdür. Türkiyə bu qurumun bünövrəsini qoyan ölkələrdən biridir. 13 il əvvəl postmonitorinq mərhələsinə keçən ölkənin yenidən monitorinq mərhələsinə qaytarılması AŞPA-nın tarixində ilk hadisədir. Sessiyada iştirak edən Azərbaycan nümayəndə heyəti də bu qərara qarşı etirazını bildirdi.
Sonra Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yaz sessiyasında müzakirə olunan "Türkiyədə demokratik təsisatların fəaliyyəti” adlı hesabat layihəsi və ikili standartlara söykənən qərəzli qərarın qəbul edilmə prosesi barədə məlumat verib.
Müzakirələrdə çıxış edən deputatlar Azay Quliyev, Qənirə Paşayeva, Zahid Oruc, Qüdrət Həsənquliyev, Hikmət Məmmədov, Çingiz Qənizadə, Siyavuş Novruzov, Fəzail İbrahimli, Aydın Mirzəzadə, Fərəc Quliyev, Əflatun Amaşov, Zeynəb Xanlarova AŞPA-nın qərarına kəskin etiraz edib, bunun Türkiyəyə qarşı haqsız və ədalətsiz münasibətdən qaynaqlandığını vurğulayıblar.
Sonra iclasda "Turizm haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilib.
Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli "Turizm haqqında” qanun layihəsi barədə məlumat verərək bildirib ki, sənəd 8 fəsil, 63 maddədən ibarətdir. Bu qanun Azərbaycan Respublikasında turizm sahəsində dövlət tənzimlənməsi, turizmin dövlət idarəetməsi və dövlət nəzarəti, turizm ehtiyatları, turizm fəaliyyətinin təşkili, turizm sahəsində təhlükəsizlik, maliyyə mənbələrinin təsnifatı, investisiya qoyuluşu və bu sahənin digər üsullarla stimullaşdırılması, sığorta və məlumatlandırma məsələləri ilə bağlı münasibətləri tənzimləyir.
Qanun layihəsinin iki ilə yaxın müddətdə hazırlandığını deyən H.Rəcəbli bildirib ki, bununla bağlı 10-dək ölkənin təcrübəsi öyrənilib. Dövlətimizin başçısı ölkədə əməktutumlu iş yerlərinin sayının artırılmasına töhfə verəcək turizm sahəsinin inkişafını prioritet elan edib. Bu sektorun stimullaşdırılması məqsədilə qanun layihəsində bir sıra müddəalar nəzərdə tutulub.
Qeyd edək ki, Turizm haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu yeni qanundan, "Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında” Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələrdən, digər normativ hüquqi aktlardan ibarətdir.
İclasda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycana son üç ayda gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25 faiz artıb. "Strateji yol xəritəsi”nə uyğun olaraq marketinq bazarında 15 ölkə müəyyən olunub və gəliş potensialı böyük olan ölkələr müəyyənləşdirilib. Bu da hazırda öz nəticəsini verir. Belə ki, əgər ölkəyə turist gəlişi 25 faiz artıbsa, məhz 15 ölkədən Azərbaycana gələn turistlərin sayında artım daha çox olub. Bu artım 30 faizdən çoxdur. Dövlətin siyasəti, ünvanlı layihələr öz nəticəsini verir. Viza rejiminin sadələşdirilməsi ölkəyə turist axınının artmasına təsir edib. Azərbaycan müxtəlif sərgilərdə iştirak edir, dünya televiziyalarında Azərbaycanın turizm imkanları təbliğ olunur, bu da ölkəmizə diqqəti artırır.
Yeni hazırlanan qanunun əhəmiyyətinə toxunan nazir bildirib ki, elektron turizm xidmətlərinin istifadəsinə böyük önəm verilməlidir. Qanunda yeni turizm zonalarının yaradılması və idarə edilməsi, xidmətdə yeni beynəlxalq standartların tətbiqi, tədris sisteminin formalaşdırılmasına dair yeniliklər mövcuddur. Turizm Dövlət Reyestrinə daxil olacaq iştirakçılar daha məsuliyyətli olacaqlar. Reyestrin yaradılması dələduzluqların qarşısını alacaq, nəzarət funksiyasını tam şəffaf həyata keçirməyə imkan verəcək.
Müzakirələrdən sonra "Turizm haqqında” qanun layihəsi səsə qoyularaq qəbul edilib
Həmçinin iclasda "Xəzər dənizinin Azərbaycan sektorunda "Ümid” yatağının və "Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "SOCAR Umid Oil and Gas Limited” şirkəti arasında Risk Xidmət Sazişinin və ona əlavə olunmuş "Xəzər dənizinin Azərbaycan sektorunda "Ümid” yatağının və "Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında” "SOCAR Umid Oil and Gas Limited” şirkəti ilə "Umid, Babək Eksploreyşn end Prodakşn” şirkəti arasında müqavilənin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsinə baxılıb.
Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov qanun layihəsi barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin "Xəzər dənizinin Azərbaycan sektorunda "Ümid” yatağının və "Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” 2016-cı il 2 may tarixli 2024 nömrəli Sərəncamına uyğun olaraq, 2017-ci il yanvarın 12-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ("SOCAR”) və "SOCAR Umid Oil and Gas Limited” ("SOCAR Umid”) şirkəti arasında Risk Xidmət Sazişi, "SOCAR Umid Oil and Gas Limited” ("SOCAR Umid”) şirkəti və "Umid, Babək Eksploreyşn end Prodakşn” (podratçı) şirkəti arasında isə neft-qaz əməliyyatlarının aparılması haqqında müqavilə bağlanıb.
Sonra Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi haqqında qanun layihəsinə baxılıb.
Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq qəbul edilib.
Plenar iclasda "Diplomatik xidmət haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi də müzakirə olunub. Bildirilib ki, "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 26 yanvar tarixli 1217 nömrəli Fərmanının 3.1-ci bəndinə əsasən Nazirlər Kabinetinə ticarət nümayəndələrinə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi məqsədilə "Diplomatik xidmət haqqında” Qanuna müvafiq dəyişikliyin edilməsi ilə bağlı qanun layihəsinin bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılıb. Həmin fərmanın 3.1-ci bəndinin icrası məqsədilə qanun layihəsi təqdim olunub. Qanun layihəsində xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə "Diplomatik xidmət haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinin verilməsi təklif olunur.
Müzakirə olunan "Pasportlar haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinin 6-cı maddəsinin birinci hissəsinin 5-ci bəndində "verilir.” sözü nöqtəli vergül işarəsi ilə əvəz edilir və həmin hissəyə "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə verilir” adlı 6-cı bənd əlavə olunur.
Deputatlar "Dərman vasitələri haqqında”, "Yeyinti məhsulları haqqında” və "Reklam haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə də münasibət bildiriblər.
İclasda İnzibati Xətalar, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələri barədə müzakirələr aparılıb.
Qanun layihələri səsə qoyularaq qəbul olunub.
Həmçinin iclasda "Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinə ikinci oxunuşda baxılıb. Bildirilib ki, bu qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərinə uyğun olaraq hazırlanıb və öhdəliklərin icrasını təmin edilməsi ilə bağlı daşınar əmlakın yüklülüyünün hüquqi rejimini, daşınar əmlaka dair yüklülük sahiblərinin hüquqlarının həyata keçirilməsi qaydalarını, daşınar reyestrinin aparılması və ondan istifadə ilə bağlı məsələləri tənzimləyir.
Sonra "Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinə üçüncü oxunuşda da baxılıb.
Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.
Plenar iclasda, həmçinin "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Bildirilib ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 7-ci bəndinə, 94-cü maddəsinin I hissəsinin 1-ci və 3-cü bəndlərinə uyğun olaraq, Milli Məclis deputatının etik davranış qaydalarını, həmin qaydalara əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Sənəd deputatların fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, Milli Məclisin nüfuzuna və yüksək deputat adına xələl gətirə biləcək davranışın, deputatların fəaliyyətində maraqların toqquşması hallarının qarşısının alınması, deputatların fəaliyyətinə ictimai etimadın gücləndirilməsi məqsədilə hazırlanıb.
Qeyd edilib ki, layihə lakonik şəkildə hazırlanıb və 13 maddədən ibarətdir. Hər bir deputat etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə borcludur. Qanunda göstərilir ki, deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan kobud, təhqiramiz sözlərə yol verməməlidir. Deputat öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur və vəzifələrinin icrası ilə bir araya sığmayan sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olmamalıdır. Deputat vətəndaşlarla, o cümlədən seçiciləri, həmkarları, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli, həssas və təmkinli olmalıdır. Deputat qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlərdən imtina etməlidir. O, öz səlahiyyət müddətində maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul olunub.
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.
banner

Oxşar Xəbərlər