• çərşənbə axşamı, 19 mart, 15:02
  • Baku Bakı 8°C

Mesaj

20.05.19 09:04 19049
Mesaj
Orxan [07:01] Dünən çox içdim. Evə Şərifin maşınında gəlmişəm. Maşının rəngi yadıma düşmür! Sən canın, işə gedəndə öyrən, yaz mənə. Xatırlamadığım şeylər var. Kafedən necə çıxdım, evə necə çatdım və nələr baş verdi ki, hazırda çarpayımda belə rahat-rahat uzanıb sənə yaza bilirəm. Çoxdan idi gecələr gözümə yuxu getmirdi. Bu gecə rahat yatdım. İçkinin mənə pis təsir elədiyini deyə bilmərəm. Dünən məclisdə necəydim? Kimin xətrinə dəydim? Kimdən üzr istəyim?
Orxan [07:17] Şübhəsiz, yenə içmək istəyirəm. Bu dəqiq belədir. Universitet bitir, doğmalar yad olur, dostluqlar ad olur... qəfil. İkinci kursda yaşadığım kirayə evi söküb yerində hündür bina tikməklə xatirələrin etibarsızlığını sübut etdi Bakı. Lakin Bakının dar dalanlarında, geniş küçələrində salıb itirdiyim xatirələrin hamısı gəzib-gəzib, döngələri burulub-burulub o evə qonaq gəlirdi və hamısı o evin sakinləriydi, səhər əl-üzlərini yuyub o evdən çıxmışdılar, gecələr piyan gəlmişdilər, ayıq gəlmişdilər, o evin qapısı həmişə açıq olmuşdu.
Orxan [07:20] O evə Ğ da gəlirdi. Etibarsızlaşdıqca etibarsızlaşan Bakının KFS loqosu kimi qırmızı-qırmızı gülümsəyən adamlarının arasında görürəm onu hərdən. Ögey övlad sızıltısı keçir içimdən. Öz canımçün, bilmirəm necə tanış olmuşuq. Bir də gördük sevgiliyik. Zərif, kibrit çöpü kimi nazik barmaqları barmaqlarıma keçəndə birləşən əllərimiz ərəb hərflərinə bənzəyirdi. O hərfləri dua kimi oxuyurdum, canım haqqı.
Orxan [07:26] Ayağının altında qaldığımız günlərdən birində I ilə "Tarqovu”da gəzişirdik. Ğ-nı gördüm. Onu yalnız gözlərindən tanıya bildim. Qüssəylə keçdi yanımızdan. Çevrilib baxdım. Adam selinin içində yoxa çıxmışdı. Bəlkə, heç keçməmişdi, burda olmamışdı, bəlkə, heç, ümumiyyətlə, belə bir adam yoxdu, amma mən onu niyə gözlərindən tanıdım, bilirəm. Uşaqlığımda ögey nənəmin köhnə şəkillərinə baxırdım, heç biri ona bənzəmirdi. Gözlərinin bitib alnının başladığı yerə qırışlar dalğa-dalğa yayılmışdı. O vaxt dəniz görməmişdim, mənim dalğam nənəmin alnındaydı və o dalğalar köpüklü deyildi, o dalğalar adamı boğmurdu, o dalğalara sığal çəkmək olardı. Ögey nənəmi köhnə şəkillərinə bağlayan bircə gözləriydi. O şəkillərdə nə dalğa vardı, nə də qızıl dişlərin parıltısı, amma gözlər eyniydi.
Orxan [07:29] Mən o vaxtdan doğma adamları gözlərindən tanımağı öyrənmişəm. Hətta onlar ögey nənə də olsa, ögey sevgili də olsa, bilirəm. Bilirəm, bax, mən Ğ ilə bu küçələrdən necə səliqəsizcə keçmişəm. Bu küçələr eyni küçələrdi, bu etibarsız, zalım şəhər eyni şəhərdi, ancaq, təəssüf, çox təəssüf ki, Ğ eyni Ğ deyil. Ondan geriyə bircə gözləri qalıb və mən həmin gün onu ancaq gözlərindən tanıya bildim.
Orxan [07:35] Axmaq xasiyyətdir, hələ də ayrılığımızı həzm edə bilməmişəm. Gör, aradan nə qədər zaman keçib. Özümü bağışlaya, özümlə barışa bilmirəm. Hər dəfə içəndə xatırlayıram. Gözlərini qıyıb gülümsəməyi, kövrək budaqlar kimi incə barmaqları, səsi, zarafatları, ayaqları, saçları, sinəsi, boynu, dodaqları, qaşları – hamısı, hamısı. Mən onu xatırlayanda bütöv xatırlayıram, amma ayağının altında qaldığımız günlərdən birində onu "Tarqovu”da görəndə ancaq gözlərindən tanımışdım.
Orxan [07:38] Ğ-nı unutmaq üçün "övladlığa” çoxlu sevgililər götürdüm. Tez-tələsik ayrılıb başqa adamlara, başqa nəfəslərə, başqa gözlərə, başqa ayaqlara, başqa səslərə, zarafatlara, dodaqlara qonaq elədim ömrümü. Alınmadı. İçimdəki daş "plitka” istiliyi soyumadı.
Orxan [07:42] Amma necə keçdi... Kaş yanımda I yox, sən olardın. Görərdin o keçməyi. I-ın əli əlcək kimi örtmüşdü əlimi. Yerişimizdən hiss olunurdu. Üç bakalı indicə içib çıxmışdıq pabdan. Ğ-ilə getdiyimiz pablara I-nı aparmıram. Ümumiyyətlə, bir ara çalışırdım xatirəsi olan küçələrdən keçməyəm. Sonra fərqinə vardım ki, biz bu şəhəri neçə köynək köhnəltmişik. Daşındım arzumdan.
Orxan [07:50] Yox, dəqiq içməliyəm. Azan oxunub, deyəsən, bilmirəm. İçib ağlamaq istəyirəm. Hönkür-hönkür ağlamaq istəyirəm. Kişi qadın üçün zırıldamalıdır da! Bunu da bilirəm. Bir qadının yoxluğu bir ovuc ömrü belə əksik göstərməməliydi. Salamı sevirəm də, deyir küçədən keçəndə adamlar yanımdakı boşluğuna yol verirlər, toxunmurlar. Maraqlıdır, hə? Salam Sarvanı oxuyub necə içməyəsən ki!
Orxan [07:55] Bir dəfə yenə ayağının altında qaldığımız günlərdən birində gecəylə yazıçı dostlarla Elmlərə – başqa bir yazıçı dostumuzun yanına getmişdik. Bakı Dövlət Universitetinin qabağından keçəndə qəfil içimdə şimşək kimi bir ağrı şaqqıldadı. Universitet stadionunun arxa masalarında mühafizəçilərdən gizlənə-gizlənə içdiyimiz çaxırların dadı damağımda oynadı. Heç vaxt düşünməzdim hər gün təpik döydüyüm, divarından, daşından selikli darıxmaq yağan bu universitet mənə belə doğma ola bilər. O günü başdan-başa xatırladım. Əvvəl zarafatlar, dedi-qodular, sonra gülüşlər, səslər... Hər şeydən çox səsləri xatırladım. Səslər içimdə eşələndi, özünü o buz divarlara vurub-vurub qızışdı, sonra səslər yoruldu, yenə o buz divarlara qısılıb yuxuladı. Akademiya parkında qaşqabağı yer süpürən, çiynindəki ulduzları ögey nənəmin qızıl dişləri kimi par-par yanan polisə tərlədiyimiz əlli manatı xatırladım. İçib fəlsəfə dərsinə girdiyimiz, bütün dərsi Hegeldən danışdığımız günü xatırladım. Kilsədə evləndiyimiz günü xatırladım və bütün bunları bircə anın içində xatırlayıb yenidən yaşadım. Yenidən o stadiona getdim, o polislə yenidən üz-üzə dayandım, Fəlsəfə müəlliminin "determinist” baxışları yenə məni süzdü, yenə həmin kilsədə İsanın şəkli qabağında gözlərimi yumub bütün saflığımla dua elədim, amma bunları, elə bil, bu dəfə Ğ-sız yaşadım və hər şey gözümdə çılpaqlaşdı, ağaclar yarpağını soyundu, şəhərin güzgülü binalarından əksim yoxa çıxdı.
Orxan [8:01] Yəqin, hələ də yuxudasan. Niyə cavab yazmırsan? Əşi, nəysə! Xatırlamalı o qədər şey var ki! Bircə yadıma düşmür Şərifin maşını nə rəngəydi. Dünən çox içmişdim e, Ayxan. Sən də ordaydın, hə?

Orxan Həsəni
banner

Oxşar Xəbərlər