• cümə, 04 Iyul, 10:03
  • Baku Bakı 22°C

Mənim üçün yeni il

18.01.16 10:28 1509
Mənim üçün yeni il
Amerika ədəbiyyatında dərin iz buraxmış, bu günə qədər 60 milyon nüsxəsi satılmış “Bülbülü öldürmək” və yaxın günlərdə çap edilmiş “Təsbeh ağacının kölgəsində” əsərləri necə ərsəyə gəldi? Harper Li hər il yeni roman yazsa da, heç bir nəzərəçarpan uğur əldə edə bilməyən yazarlara meydan oxuyan yazıçı kimi hər ikisi yüksək satış göstəriciləri ilə yadda qalan əsərləri haqqında “Mənim üçün Yeni il” adlı hekayəsində danışır.
“Bir neçə il əvvəl Nyu-Yorkda yaşayırdım. Ölkənin işlək “hava yollarından biri”ndə firma işçisi olduğum üçün Yeni il bayramı ərəfələrində Alabamaya gedə bilmirdim; hətta Alabamaya getmək bir tərəfə qalsın, heç günlük icazə belə ala bilmirdim. Evindən uzaqda yaşamağa məcbur qalmış bir cənublu üçün Nyu-Yorkda Yeni ili qeyd etmək hüznlü və kədərli olur, burası məlumdur. Amma bu kədər evdən uzaq, qərib bir yerdə olmaqla bağlı deyil, əksinə gündəlik səhnələrin çox tanış olmasından irəli gəlirdi: Yeni il alış-verişindəki Nyu-Yorklular da astagəl alabamalılarla eyni tərzdə hərəkət edirdilər, “Salvation Army” marş truppası və Yeni il mahnıları onsuz da, dünyanın hər yerində eyniydi, ilin o vaxtında Nyu-York küçələrini isladıb, par-par parıldadan da qışda Alabama kəndlilərinin tarlalarına yağan eyni narın yağış idi.
Evdən uzaq olduğumdan Yeni il üçün darıxdığımı zənn edirdim. Amma darıxdığım şey deyəsən, elə bircə xatirələr idi - ölümündən illər ötmüş qocaların xatirəsi, babamgilin və başqa qohumlarımın 1evlərinin xatirəsi idi. Ov ayaqqabılarının səslərinə, birdən açılan qapıdan içəri dolan şam iynələrinə və bıçaq kimi kəsən buz kimi külək üçün darıxırdım. Qardaşım Yeni il gecəsindən əvvəl taxdığı “dürüstlük” maskasından və atamın “Sevinclə dolsun Dünya” mahnısını zümzümə edən qalın səsindən ötrü darıxırdım.
Nyu-Yorkda yaşayanda əksərən günümü ya da günün iş saatlarından artıq qalan vaxtımı Manhettendəki ən yaxın dostlarımla keçirirdim. Ümumi vəziyyətləri yaxşı olan bir gənc cütlük idilər. Bu vəziyyət zaman-zaman dəyişə bilirdi, çünki ailə rəisi təminatını yazarlıq kimi qeyri-sabit, daimi gəlir mənbəyi olmayan bir işdən qazanırdı. Çox ağıllı və enerji dolu insan idi, tək eyibi söz oyunlarına həsiz aludə olması idi.
Həm bir yazarda, həm də kiməsə qayğı göstərməyə özünü borclu hesab edən insanlarda çox az rast gəlinən fərqli cəhətləri var idi. Nə isə əldə etmək istəyirdisə, onu çox arzulamaq kimi nisbi şeylərlə əlləşməzdi, bir hədəf təyin edərdi və ona aparan yolda bütün riskləri gözə ala bilərdi. Cəsarəti bəzən dostlarını heyran edirdi - o şərtlər altında yaşayan başqa kim Manhettende ev almağa cəsarət edə bilərdi ki?! Parlaq liderlik qabiliyyəti nəticəsində bu da alınmışdı. Gənclərin çoxu belə şeyləri sadəcə xəyal etməklə kifayətlənərkən, o, ailəsi üçün xəyal etdiklərini reallaşdırmış və insanoğlunun ayaq basdığı torpağın sahibi olmaq kimi ibtidai hissini təmin etmişdi. Nyu-Yorka Cənub-Qərbdən gəlmiş və bütün Cənub-qərblilər kimi Şərqdəki ən gözəl qızı tapıb evlənmişdi. Bu mələk kimi möhtəşəm qadın isə iki güclü-qüvvətli oğlan dünyaya gətirmişdi. Bu açıq ürəkli qadın mətbəxdən saatlarla çıxmaz, ailəsi və dostları üçün möhtəşəm təamlar hazırlayardı.
Hamının pərəstiş etdiyi bu möhtəşəm cütlük mənəvi baxımdan çox sağlam olduqları kimi, son dərəcə aktiv keçirdikləri həyat tərzlərindən də çox məmnun idilər. Məni onlara cəlb edən şey ortaq maraq sahələrimizdən başqa, həm də səmimi sevgi idi. Həmişə oxuyub bir-birimizə ötürdüyümüz kitablar olardo,, eyni filmlərdən, oyunlardan və mahnılardan xoşumuz gəlirdi, eyni şeylərə gülürdük... Doğurdan da bir vaxtlar nə çox gülürdük...
Birgə keçirdiyimiz Yeni illər olduqca sadə idi. Hədiyyələrimiz üçün bir dollarlıq yuxarı sərhəd təyin etmişdik və bu qətiyyətli addımı bir yarışmaya çevirmişdik. Ən maraqlı hədiyyəni ən ucuz qiymətə kim alacaqdı? Yeni ilin əsas kefini çəkənlər isə təbii ki, uşaqlar idi, məncə, elə də olmalıydı. Mənə görə yeni il sadəcə köhnə sevgilərin və boş otaqların xatirəsi idi; hər il qəribə bir sızıltı ilə oyanan o keçmişlə birgə xatirələrimi də qəlbimə basdırırdım.
Yalnız bir Yeni il var idi ki, hamısından fərqli idi. Həmin günün bəxtəvəri mən idim. Bütün gün icazəli idim və Yeni il ərəfəsini də onlarla keçirmişdim. Səhər kiçik bir əlin üzümü dartışdırması ilə oyandım. Əlini toxundurandan eşitdiyim tək söz “qalx” oldu. Aşağı enəndə “Şaxta Babanın gətirdiyi” oyuncaq raketləri və kosmos ləvazimatlarını görən oğlanların üz ifadələrinin dəyişdiyinin şahid oldum. Əvvəlcə oyuncaqlara çəkinə-çəkinə toxundular. Yoxlamaları bitəndə isə hər şeyi zalın ortasına daşıdılar. Uşaqlar hədiyyələrin mox olduğunu bilənə qədər aləm qarışdı. Ataları hədiyyələri paylamağa başlayanda, çox çətinliklə tapdığım ucuz hədiyyələri necə qarşılayacaqlarını fikirləşdikcə öz-özümə gülürdüm. Ata üçün 35 sentə Sidney Smit portreti almışdım, ana üçün isə bezmədən, yorulmadan axtardığım və çətinliklə tapdığım Margot Askvitinin “Bütün əsərləri”ni ala bilmişdim. Uşaqlar hansı paketi açacaqlarını düşünərkən, mən də gözləyirdim. Analarının oturacağının yanında bir hədiyyələrin olduğunu görmüşdüm, amma hələ heç bir dənəsini də açmağı təklif etməmişdilər. Hiss etdirməməyə çalışsam da, vaxt keçdikcə pəjmürdə olurdum.
Xeyli sükut oldu. Axırda anaları “Səni də unutmadıq. Ağacın üstünə bax” dedi. Ağacın üstündə adıma bir zərf var idi. Açdım və içindəki qeydi oxudum: “İstədiyini yaza bilmək üçün işindən bir illik icazə. Yeni ilin mübarək”.
“Bu nə deməkdir” - deyə soruşdum.
“Nə yazılıbsa o” - dedilər.
Təbii ki, bunun bir zarafat olmadığına məni inandırdılar. Bu il yaxşı qazanmışdılar. Dar günə bir az pul yığa bilmişdilər və artıq mənim üçün də bir şey eləməli olduqlarını düşünürdülər.
“Mənim üçün bir şey etmək deyəndə, nəyi nəzərdə tutursunuz?” - deyə soruşdum. Əslində məni həyəcanlandıran bir illik icazə deyildi, mənim həqiqətən ədəbi bacarığım olduğuna bu qədər inanmaqları idi: “Buna necə qərar verdiniz?”.
Dediklərinə görə məni tanıyan hər kəsə məndəki ədəbi cövhər aydın idi. Bunu görmək üçün kənar müşahidələr kifayət edərmiş. Mənə olan inamlarını ən gözəl şəkildə göstərmək istəyirdilər. Yazacağım kitabın satılıb-satılmayacağının onlar üçün bir önəmi yox idi. Nəyə qadir olduğumu özümə də göstərmək üçün daimi və sıxıcı iş qayğısından uzaq, rahat həyat imkanı vermək, ehtiyacım olan vaxtla təmin etməklə, xəyallarımı gerçəkləşdirmək istəyirdilər. Bəs, bu hədiyyəni qəbul edə bilərdimmi? Heç bir şərti, alacağı yoxdur.
“Xahiş edirik sənə sevgimizi göstərməyimizə, qayğına qalmağımıza icazə ver...”
Boğazım düyünlənmişdi. Nəhayət, danışa biləndə: “Dəli olubsunuz?” - deyə soruşdum. Bu işin bu yerə çatacağını necə düşünmüşdülər? Elə havaya sovrulacaq pulları da yox idi. Bir il uzun bir müddət idi. Bəs, uşaqlar pis bir xəstəlik keçirsələr? Etirazlarım çox olsa da hər biri rədd edilirdi.
“Hamımız gəncik” - dedilər - “Nə olursa olsun, bacararıq. Bəd ayaqda hər zaman iş tapa bilərsən. Yaxşı, istəyirsən, borc kimi düşün. Sadəcə qəbul etməyini istəyirik. Sadəcə icazə ver, sənə inanaq. Qəbul eləməlisən”.
“Bu böyük bir qumardır” - deyə deyindim. “Çox böyük riskdir”.
Dostum gözlərini zalda gəzdirdi, Yeni il hədiyyələrinə başı qarışmış oğullarına baxdı. Gözləri arvadının gözlərinə sataşanda parıldadı və inamla bir-birlərinə baxdılar. Daha sonra mənə sarı çevrilib belə dedi: “Xeyr, əzizim. Risk yoxdur. Biz əminik”.
Yeni il günü Nyu-Yorkda çox da ənənəvi hal olmayan bir şəkildə qar yağırdı. Yaşadığım möcüzədən sarsılmış halda pəncərəyə yaxınlaşdım. Küçənin qarşısında Yeni il ağaclarının yumşaq siluetləri seçilirdi. Yeni bir həyat şansı, bütöv və ədalətli. Başlarını uca etmək üçün əlimdən gələni edəcəkdim. Aşağıdakı səkiyə hələ də qar yağırdı. Qəhvəyi damlar yavaş-yavaş bəyaza büründülər. Uzaq göydələnlərin işıqları hansısa yolun axırındakı sarı işarələr kimi parıldayırdı, mən isə pəncərəyə söykənib işıqlara və qara baxarkən köhnə bir xatirənin ağrısının əbədiyyən keçib getdiyini hiss etdim.
Tərcümə etdi: Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər