Marketləşdirilən hekayə!

Marketləşdirilən hekayə!

10 May 2016, 10:05 676

Məncə, çox sevindirici haldır! Təsəvvür elə, hər yerdə hekayə. Son zamanların ən dəbdə olan janrıdır. Ölkələri, sərhədləri aşdı. Artıq qısa hekayə müəllifləri roman yazarlarından daha çox hörmət görürlər. Bu gedişlər marketlərdə satışa yeni məhsul çıxacaq – hekayə paketləri! İronik gülmə - bu ki yaxşıdır. Deməli, hamının danışası, paylaşılmağa dəyər bildiyi hekayəsi var. Həm də ki bunlar Dostoyevskini oxumuş, Çexovu başına tac etmiş, Raymond Karverlər yatıb-duran, günü Mopassanla bitirən bir nəsildir... Yer-göyü hekayələr və təhkiyəçilərlə dolub-daşır.

Getdikcə daha çox yazmaq-oxunmaq istəyən dünyanın sakinləri oluruq. Amma bu hesab-kitabsız artım insanı qorxudur. Bir şey tələb olunandan çox istehsal ediləndə bəsitləşir, sürətlə adiləşir və eyni sürətlə də unudulur. Bu formada bir artım məni qorxudur. Mən müəlliməm. Ömrümün böyük hissəsini yazıya, qiraətə və öyrətməyə həsr etmişəm. Qarşıdakı erroziyanı az-çox görürəm. Məktəblərdə ədəbiyyat-incəsənət təlimləri çox aşağı səviyyədədir. Ona görə də müəyyən yaşdan sonra deməyə sözü olan hamı hər yerdə xilaskar kimi qəbul edilməyə meyillənir. Təkcə ədəbiyyatın yox, elə bir çox sahədə artımın "ağı” çıxıb. Möhkəm-möhkəm keşiyini çəkdiyimiz sərhəd tapdaq altda qaldı. Elə bir yerə gəlib çatmışıq ki, ədəbiyyat təlimlərinə gələnlər "Oxumadan yazmaq necə olur?”, "Yaza bilmək üçün qiraət bazamın olması şərtdir?”, "Oxumadan yaza bilərəm?” kimi bizim dilimizə gətirməkdən qorxduğumuz sualları cahillərə xas bir cəsarətlə səsləndirirlər. Sən yox deyirsən, bir ay sonra həmin adam iddialarının sübutu kimi vitrinlərdəki bilmirəm neçə min funta hazırlanmış üz qapağı ilə öz əsərinini nümayiş etdirir. Bunun bəsit səbəbi var – asan yol. Ədəbiyyatın isə nüvəsi qiraətdir. Görünmədən yazmağa çalışanlarla görüntülənərək yazan iki ədəbi nəslin arasından isə o qədər uzun əsrlər keçməyib.

Əslində isə yaşadığımız bu sancılı, yaralı zamanların ən yaxşı məlhəmidir hekayələr. Yaraları sağltmağln yaxşı yollarıdır – hekayələr və şeirlər. Amma hekayəyə nəfəs almağa belə imkan vermirlər. Heç nə veclərinə deyil – cəmiyyət, qorxu, müharibə, itkinlik, ədalətsizlik. Ədəbiyyatın məhz siyasi və ictimai silaha çevrilməli olduğu zamanlarda bu müəlliflərin hamısının dərdi mənasız festivallarda nümayiş olunmaq, dəvət alıb xaricə qaçmaq, ekranlarda 5-10 saniyə görünməkdir.

Görüntü dövründəyik. Görünmək lazımdır. İrəlilədikcə alçalan cəmiyyətlərin çoxaldığı dünyada təəssüf ki, hekayə də onu yazanların və oxuyanların taleyini yaşamağa – dəyərini itirməyə - məhkumdur. Bu isə ədəbiyyat yox, yazı-pozu oyunudur.

Məqalə Ferudin Andacın "The storyteller's book" ("Hekayə danışanın kitabı") əsərindən götürülmüşdür.

Tərcümə etdi: Elcan SALMANQIZI