Ölülərin harayı

Ölülərin harayı

16 May 2016, 10:54 1250

Şəhər zindanının qarşısındakı meydan yenə izdihamlıydı. Meydanın yuxarı başında kral öz taxtında oturmuşdu. Əyan-əşrəfi sıra ilə sağ-solunda düzülmüş, üz-gözlərinə də elə ifadə vermişdilər ki, elə bil hərəsi bir ədalət mələyidir və indicə İncilin içindən çıxıb gəliblər… Onların arxasında sıyrılmış qılıncları, üzü göyə doğru tutulmuş nizələri ilə əmrə müntəzir əsgərlər cərgə-cərgə düzülmüşdülər. Meydanın aşağı başında isə şəhər əhli yığışmışdı. Kimi ittiham olunacaq yaxınlarının aqibətini öyrənmək üçün, kimi də sadəcə baş verənlərə tamaşa eləmək üçün. Hər kəsin boynubükük, başları da aşağı dikilmişdi. Heç kəs başını qaldırıb kralın gözlərinə baxmağa cürət eləmirdi.

Nəhayət, hazırlıq işləri tamamlandı və kral əlini havaya qaldırıb yüksək səslə qışqırdı:

- Günahkarları tək-tək hüzuruma gətirin!

Dərhal zindanın qapısı açıldı. Uzun dəhlizin divarları əsnəyən aslanın boğazına bənzəyirdi. İçəridən məhbus naləsi, ağlaşma, qandal və zəncir cingiltisinin qarışığından yaranmış vahiməli və boğunuq səslər gəlirdi. Meydandakı hər kəsin gözü bu uzun, dərin məzarın dibində baş verənləri görə bilmək üçün ora zillənmişdi. Bir azdan iki əsgərlə qolları qandallı bir gənc zindanın qapısında göründü. Əsgərlər, çatılmış qaşları, gərilmiş üzü və məğrur baxışından vüqar və cəsarət yağan gənci meydanın ortasında saxlayıb, bir az arxaya çəkildilər. Kral bir müddət gəncə nəzər salıb düşündü: "Sən bir buna bax! Elə bil məhkəmə qarşısında deyil, fəxri kürsüdə dayanıb!..” Kralın əl işarəsi ilə gəncin ittihamı oxunmağa başladı:

- O çox alçaq bir qatildir. Dünən kral ordusunun başçılarından birinin qarşısını kəsərək onu öldürüb. Qurbanının qanına boyanmış qılıncı əlindəykən həbs olunub.

İttihamın oxunuşu ilə kral taxtından hirslə dikəldi. Qəzəbdən gözlərindən alov yağırdı. Var səsi ilə bağırdı:

- Onu zindana qaytarıb zəncirə vurun! Sabah öz qılıncı ilə başını bədənindən ayırın! Cəsədini də çölə atın! Qoy, yırtıcı heyvanlara, qurda-quşa yem olsun!

Gənci yenidən zindana apardılar. O, hələ ömrünün bahar çağını yaşayan, yaraşıqlı vədəli-dolu bir cavandı… İki əsgər yenə də zindanın çıxış qapısında peyda oldu. Bu dəfə isə gözəl, yaraşıqlı bir qızı gətirirdilər. Gənc qızın gözəl üzü ümidsizlikdən və çarəsizlikdən saralıb-solmuş, gözləri yaşla dolmuşdu… Onu görən hər kəsin ağlından istər-istəməz belə bir sual keçdi: "Görəsən, dünyanın bu qədər sərt üzü qarşısında kölgəyə bənzər,çəlimsiz, zəif bir qız, axı, hansı cinayəti işləyə bilər?”

İttiham oxunmağa başladı:

- O, əxlaqsız qadındır. Əri gecə evə gələndə onu aşnasının qolları arasında tutub.

Kral qadına tərs-tərs baxdı. Qadın utandığından başını aşağı əymişdi.

-Onu zindana qaytarın! - deyə kral qəzəblə səsləndi.

Tikanlı yatağa uzadın ki, günahla kirlətdiyi yatağını xatırlasın. Sonra da sirkəni acı xiyar suyu ilə qarışdırıb içirin ki, öpüş paylayan dodaqları para-para olsun! Səhər də soyundurub sürüyə-sürüyə şəhər kənarına aparın və daşqalaq edin! Cəsədini də çölə atın! Qoy, heyvanlara, həşaratlara yem olsun!..

Meydana yığışanların bir qismi kralın ədalətindən məmnun, bir qismi də gənc qızın məsum nəzərləri qarşısında boynu bükülü ikən, əsgərlər onu sürüyərək zindanın qaranlığında gözdən itdilər. İki əsgər yenidən qapıda göründü, bu dəfə də taqətdən düşmüş bir qocanı gətirirdilər. Qocanın nimdaş paltarlarının parçalanmış ətəkləri arasından ayaqlarının tir-tir titrədiyi, addımlarını zorla atdığı aydın gürünürdü. Çöhrəsində ürək yandıran bir ifadə, baxışlarında ümidsizlik vardı… Kral onun bu halını süzüb:

- Ayaq üstündə ölmüş bu qoca kaftarın günahı nədir? - soruşdu. O andaca qocanın ittihamını oxumağa başladılar:

- O, oğrudur. Gecəyarısı monastrdan oğurluq edərkən tutulub. Üst-başını axtararkən qurban üçün istifadə olunan müqəddəs qabı tapıblar.

Kral gözlərini qocaya elə zillədi ki, sanki qartal qanadları qırılmış sərçəyə baxırdı. Sonra da nə fikirləşdisə yüksək səslə qışqırdı:

- Bu gecə onu zindanın dirəklərinə zəncirləyin. Səhər açılanda sürüyə-sürüyə aparıb hündür bir ağacdan asarsınız. Cəsədini də kəndirdə saxlayın! Qoy, çürüyüb tökülsün!

Adamlar arasında belə bir pıçıltı dolaşırdı: "bu çəlimsiz qoca monastrın müqəddəs qabını oğurlamağa, axı, necə cürət edib?”

Deyəsən, bugünkü məhkəmə yığıncağı bununla da tamamlanırdı. Kral taxtdan enəndə əyan-əşrəf ona xidmət göstərmək üçün sanki yarışa girmişdi. Gözləri də kralda idi ki, bir şey istəyən kimi canfəşanlıqla irəli atılsınlar. Əsgərlər də önündə və arxasında cərgə-cərgə düzülmüşdülər. Meydana yığışanlar dağılışdılar. Orada sadəcə məhbusların fəryadı və ümidsizlərin iniltisi qalmışdı. 

Bütün bunlar baş verərkən mən ora-bura qaçan insanların görüntüsünü əks etdirən güzgü kimi idim, səssiz-səmirsiz dayanıb baş verənləri izləyirdim. Bu nə qanun, bu necə ədalətdir, İlahi?! İnsandan bir söz soruşmadan, haqlı, ya haqsız olduğunu araşdırmadan qətlinə fərman vermək nə zamandan ədalət olub? İnsanların"ədalət” anlayışını düşünərək varlığın mənasını dərk etmək üçün düşüncələrə qərq olmuşdum…

Ertəsi gün şəhərdən çıxıb tarlalar arasında gəzinirdim. Dünən gördüyüm hadisələrin ağırlığını çiyinlərimdən atmaq istəyirdim. Buradakı sakitlik insana rahatlıq verir, havanın təmizliyi, göz işlədikcə uzanıb gedən genişlik şəhərin dar küçələrindən, alatoran evlərindən ruhuma çökmüş ümidsizliyi və əlaczsızlığı silib aparırdı. Vadinin ətəyində bir dəstə yırtıcı quşun havada dövrə vurduğunu gördüm. Quşların bəzisi yerə enir, bəzisi havalanırdı. Onların qarıltısı havada qəribəəks-səda verirdi. Yolumu dəyişib quşların dövrəvurduğu yerə tərəf getdim və gördüyüm mənzərə qarşısında donub qaldım!.. Dünən müttəhim kimi meydana gətirilmiş qocanın cansız bədəni hündür bir ağacın budağından asılmışdı. Yerdə isə daha iki cəsəd vardı, daşlanaraq öldürülmüş, al qan içində çılpaq bir qadın bədəni və başı bədənindən ayrılmış gəncin qana boyanmış cəsədi…

Dəhşətli mənzərə qarşısında donub qaldım… Burda ölümdən başqa hər şey səssizliyə qərq olmuşdu. Mən də eləcə yerə çökdüm. Qulaqlarım qarğa qarıldısına bənzər səslərlə dolub daşmağa başladı.

Dünən üçü də həyatdaydı, canlıydılar, indi isə atılmış meyit… İddiaya görə, onlar cinayət işləmiş və qanunlar da onlara ən sərt üzünü göstərmişdi. Siz bu qanuna bir baxın! Monastırdan bir qab götürməyə cəhd edən adam insanlar üçün "təhlükəli oğru”, onun qətlinə fərman verən kral isə ədalətli olur. Bir qadın ərinə xəyanət edəndə insanlar onu barmaqla göstərərək pozğun qadın” deyirlər, ancaq kral onu çılpaq soyundurub qayalar üzərində daşlanaraq öldürməyi əmr edəndə"çox ləyaqətli kral” hesab olunur. Qan tökmək haramdır, elə isə onu krala kim halal etdi? Başqalarının malını qəsb etmək günahdır. Bəs, onda canları qəsb etməyi kim müdriklik adlandırdı? Cinayətə daha böyük cinayətlə qarşılıq verib "qanun budur”mu deyəcəyik? Günahı daha böyük bir günah işləyərək ortadan qaldırıb "ədalət budur”mu deyəcəyik?!

Bu qoca oğrunu dar ağacına çəkənlər kimdir?! Bunlar göydən enən mələklərmi, yoxsa halal-haram demədən yoxsulların malını qəsb edən zalımlar?

Bu qatilin başını kim kəsdi?! Göydən enənərənlərmi, yoxsa hər yerdə ölüm saçan vəqan tökən vicdan cəlladları?

Zinakar qadını kim daşlayaraq öldürdü?! Günlərini məbədlərdə keçirən iffətli, zahid bəndələrmi, yoxsa gecənin zülmətini fürsət bilib hər cür rüsvayçılığa, pisliyə bulaşan insanlar?

Qanun, qanun... Nədir qanun? Səmanın ortasından Günəş şəfəqləriylə birgə onun yer üzünə endiyini kim görüb?! Mələklərin insanlar arasına enib "Gücsüzləri həyat işığından məhrum edin, cinayətkarları qılıncdan keçirin, günahkarları yumruqla əzin!” - dediyini tarix boyunca kim görüb, kim eşidib?

Düşüncələrə qərq olmuşdum. Birdən qulağıma ayaq səsləri gəldi. Çevrilib baxanda ağaclar arasında gənc bir qızın qorxu içində ətrafına boylanaraq cəsədlərə tərəf getdiyini gördüm. Gənc oğlanın kəsilmiş başını görəndə dərindən bir qıyya çəkdi və yerə çökdü. Titrəyən qollarıyla onun başsız bədənini qucaqladı, gözlərindən yaş sel kimi axdı, barmaqlarının ucuyla kəsilmiş başın qıvrım saçlarını oxşadı… Ağlamaqdan taqəti kəsiləndə dayandı, bir qədər nəfəsini dərdi və əlləri ilə torpağı eşməyə başladı. Geniş bir çuxur qazdı, başsız cəsədi çəkib ora saldı, al qana bulanmış başı çiyinlərinin ortasına qoydu və üstünü torpaqla örtdükdən sonra qanlı qılıncı məzarın baş tərəfinə sancdı. Ona yaxınlaşdım. Məni görüb qorxudan titrəyib əsməyə başladı. Başını önünə əydi. Göz yaşları yaz yağışı kimi ətəyinə tökülürdü… Ağzımı açıb bir söz soruşmağa macal tapmamış içini çəkə-çəkə danışmağa başladı:

- Get, kralına şikayət elə. De ki, bir qız namusunu qurtaran gəncin meyitini qurda-quşa yem eləmədi, sənin əmrinə qarşı çıxaraq onu məzara qoydu. Bu gəncin nəinki dirisi, ölüsü üçün də ölməyə dəyər!..

Onun bu halına baxdıqca ürəyim parçalanırdı. Əsəblərinin daha da gərilməsini istəmədim, təsəlli verməyə başladım:

- Məndən qorxma, ey talesiz qadın, başı bədənindən ayırılmış o cəngavərə mən səndən əvvəl ağlamışam. Sən mənə o gəncdən danış. Necə oldu ki, sənin namusunu qurtardı və başına bu işlər gəldi?

Qız mənim səmimiyyətimdən ürəklənib danışmağa başladı:

- Kral ordusunun başçılarından biri vergi yığmaq üçün tarlamıza gəlmişdi. Mənə iyrənc nəzərlərlə baxdığını hiss etdim. Niyyəti məlumdu… Sonra da yoxsul atamın tarlasına çox yüksək vergi qoydu. Atam o vergini ödəyə bilmədiyi üçün məni girov kimi tutub kralın sarayına aparmaq istədi. Göz yaşları içində nə qədər yalvarsaq da, məhəl qoymadı. Atamın ağ saqqalı xatirinə mərhəmət etməsini istədim, ancaq faydası olmadı… Çarəsiz qalıb kənd camaatını köməyə çağırdım. Kimsə yaxınlaşmağa cürət etmədi. Birdən nişanlım, yəni bu gənc özünü yetirdi və məni onun çirkli əllərindən aldı. Qəzəblənən ordu başçısı onu öldürmək üçün əlini qılınca atdı. Nişanlım da onun niyyətini anlayıb divardan asılmış köhnə qılınca əl atdı və onu öldürdü. Özü də şərəfli və qürurlu bir insan olduğu üçün günahkar qatillər kimi qaçmadı, o zalımın cəsədi başında dayanıb gözlədi. Sonra da əsgərlər gəldilər, onu qandallayıb apardılar…

Gənc qız sözünü bitirib qəmli baxışlarını üzümdə dolandırdı və çarəsizcə gözdən itdi. Mənsə durduğum yerdəcə donub qalmışdım. Namuslu bir insanın başına gələnləri bütün ağrıları ilə qəlbimdə duydum. Gözlərimin qaraldığını hiss elədim və yerə çöküb eləcə qaldım…

Bir az sonra səs eşitdim və başımı qaldırıb gördüm ki, üzünü örtmüş bir gənc zinakar qadının cəsədinə yaxınlaşdı, əbasını çıxardı və qadının çılpaq bədənini örtdü. Sonra da belindən xəncəri çəkib yeri qazmağa başladı. Məzar hazır olanda cənazəni ehtiyatla çəkib ora uzatdı və ağlaya-ağlaya üstünü torpaqla örtdü. Ətrafdakı güllərdən yığaraq məzarın üstünə düzdü. Getmək istəyəndə ona yaxınlaşıb soruşdum:

- Bu günahkar qadın sənin nəyindir ki, kralın iradəsinə qarşı çıxaraq öz həyatını təhlükəyə atırsan, onun parçalanmış cəsədini yırtıcı quşlardan qorumağa çalışırsan?

Gənc məni görüb qorxdu. Gözlərinə baxdım, ağlamaqdan və yuxusuzluqdan şişib qan çanağına dönmüşdü. Dərdi gözlərindən oxunurdu…Əslində,heç sual verməyə ehtiyac da yoxmuş… Gənc kədər içində ah çəkərək astadan danışmağa başladı:

- Bu qadının daşqalaq edilməsinə səbəb olan o bədbəxt adam mənəm… Uşaqlığımızdan bəri o məni sevdi, mən də onu. Biz böyüdük, bizimlə birlikdə eşqimiz də böyüdü. Könlümüzün sultanı olmuşdu bu eşq!.. Bir dəfə uzaq bir səfərə getmişdim, qayıdanda xəbər tutdum ki, atası onu zorla ərə verib. Bir anda gözlərim qaraldı, həyatım söndü!.. Nə qədər çalışsam da, özümü ələ ala bilmirdim. Həyat mənə ölümdən betər olmuşdu… Hislərimi cilovlaya bilmirdim.. Bir gün dayana bilməyib onun gəlin köçdüyü evə getdim. Sadəcə, onu görmək, səsini eşitmək və dönüb getməkdən başqa bir niyyətim yoxdu... Evə daxil olanda ağlamaq səsi eşitdim. Sevdiyim və uğrunda canımı verməyə hazır olduğum o qadının təkbaşına oturub ağladığını gördüm. Daha nə deyib, nə soruşacaqdım ki?.. Hər şey ilk baxışdan məlum idi. Özümü saxlaya bilməyib mən də ağlamağa başladım. Çox keçmədi ki, əri içəri girdi, məni görən kimi ağlına pis şeylər gətirdi və əşya kimi satılmış bu məsum qadının üstünə cumdu, bir tərəfdən onu boğmağa, bir tərəfdən dəvar səsi ilə:

- Gəlin, gəlin, bu zinakar qadınla aşnasını görün! - deyə çığırmağa başladı. Səsə əvvəlcə qonşular, sonra da əsgərlər tökülüb gəldilər. O zalım adam sevdiyim qadını əsgərlərə təslim etdi. Əsgərlər də onu saçı-başı dağınıq, paltarları param-parça halda götürüb apardılar. Mənə isə heç kim toxunmadı. Çünki kor qanunlar zina edən qadını günahkar tutur, kişiyə isə heç tənə ilə də toxunmur…

Gənc sözünü tamamladı və başını aşağı salıb gözlərindən yaş tökə-tökə şəhərə tərəf getdi. Mənsə dərd üstünə dərd yüklənib eləcə donub qalmışdım. Başımı qaldırıb baxanda ağacdan asılmış cəsədi gördüm, külək ağacın budaqlarını silkələdikcə o cansız cəsəd də yellənçək kimi yellənirdi. Ürəyimə dammışdı ki, bu adam da ittiham olunduğu kimi günahkar deyil və indicə kimsə onun üçün buraya gələcək. Zənnimdə yanılmamışdım… Heç bir saat keçmədi ki, cır-cındır içində cılız bir qadının ona tərəf gəldiyini gördüm. Qadın asılmış cəsədin yanında dayandı, ağlaya-ağlaya sinəsinə döyməyə başladı. Sonra ağaca dırmandı və dişləriylə kəndiri kəsdi. Cənazə yaş paltar kimi yerə sərildi. Qadın aşağı enib əvvəlki iki məzarın yanında daha bir məzar qazdı və ağacdan endirdiyi cəsədi torpağa basdırdı. Kiçik bir taxta parçası tapıb məzarın baş tərəfinə sancdı, getmək istəyəndə məni görüb dayandı. Qorxu dolu baxışlarını mənə zillədi. Sanki son bir neçə gündə əsrlər, qərinələr, yaşamış, beli bükülmüşdü. Yaxınlaşıb soruşdum:

- Ey qadın, bu adam sənin nəyindir ki, heç nədən qorxmadan onu basdırırsan?

Hər halından ümidsizlik və inamsızlıq yağan qadın çuxura düşmüş gözlərini mənə zilləyib baxdı, baxdı və dilləndi:

- O, mənim ərim, uşaqlarımın atasıdır. Özü də oğru deyildi, əlinin qabarı, alnının təri ilə ailəsini dolandırırdı. Səhərdən axşama qədər əlləşib-vuruşmağının qarşılığında evə yavan çörəkdən artıq bir şey gətirə bilmirdi… Gəncliyindən bəri monastrın tarlalarını alnının təri ilə suvarar, biləyinin  gücüylə əkib-becərərdi. Son illərdə yaşlandığı üçün tez-tez xəstələnirdi. Elə buna görə də onu işdən qovub dedilər ki, artıq monastırın sənə ehtiyacı yoxdur. Ərim göz yaşı axıdıb onlardan İsa peyğəmbər adına mərhəmət dilədi, mələklər və əzizlər adına yalvarıb yaxardı, amma rahiblər nə qoca ərimə, nə mənə, nə də ac-yalavac uşaqlarımıza mərhəmət göstərdilər…Əlacsız qalan ərim iş tapmaq üçün şəhərin yolunu tutdu, ancaq tapa bilmədi, geri qayıtdı. Çünki iş sahibləri güclü, qüvvətli gəncləri işə götürürdülər. Ərimin çarəsi kəsildi, yol kənarında oturub dilənçilik etməyə başladı… Amma heç kimsə rəhm edib ona bir quruş da vermədi… Görənlər "tənbəl insanlara sədəqə vermək doğru deyil!” - deyib ötüb keçirdilər. Yoxsulluqdan elə vəziyyətə düşmüşdük ki, uşaqlarımız acından qıvrılırdı. Bir gecə südəmər sonbeşiyimiz acından elə ağladı ki, ərim dözəbilmədi və evdən dəli kimi çıxdı. Sonradan öyrəndik ki, monastrda tarlalardan yığılan məhsulların və şərabların saxlandığı anbarlarından birinə girib. Kürəyinəbir kisə un alıb bizə gətirmək istəyərkən səsə oyanan keşişlər onu tutub möhkəmcə döyüblər. Səhər açılanda isə əsgərlərə təhvil verib deyiblər ki, guya ərim monastrda saxlanan qızıl qabları oğurlamaq istəyirmiş. Əsgərlər də onu zindana atdılar. Ərimin günahı o idi ki, balaları acından ölməsin deyə öz əlləri ilə yetişdirib rahiblər üçün anbara yığdığı məhsuldan bircə kisə un götürmək istəmişdi…

Qadın bir anlığa duruxdu və sanki hamının əvəzinə məni ittiham etməyə başladı:

- Çoxmu böyük günah eləmişdi ərim? Balaları acından ölməsin deyə bir kisə un oğurlayanı asmaq ədalətdirmi? Dillənsənə,ədalətdirmi? Ömrü boyu rahiblərin, keşişlərin xidmətində durdu, sonra da həmin o rahiblər ərimi kəndirə göndərdilər. Budurmu ədalət, budurmu insanlıq?!..

Qadın elə danışa-danışa da dönüb getdi. Gözdən itən qatarın dumanı havada parçalanıb yox olduğu kimi getdikcə uzaqlaşan qadının səsi də qırıq-qırıq itməyə başladı…

Üç məzarın arasında donub qalmışdım… Artıq üçünün də taleyi mənə məlum idi. Elə bilirdim, yaxınlarım, doğmalarımdır… Göz yaşımı saxlaya bilmirdim… Özümü ələ alıb son iki gün ərzində gördüklərimi anlamağa, haqqın, nahaqqın harada olduğunu görməyə çalışdım, amma bacarmadım… Daha doğrusu, vicdanım bu mənzərə qarşısında tab gətirmədi, sel ağzındakı daxma kimi sovrulub getdi… Qulaqlarımda fəryad, gözlərimdə yaş eləcə dayandım, dayandım o üç məzarın arasında…Ərtafda bir yarpaq belə tərpənməsədə,bu səssizlik içində qulaqlarımı doldurmuş fəryad səngimək bilmirdi… Nə qədər çırpınsam da, mən o səsdən qurtula bilmirdim. Və bir anlıq ağlıma gəldi ki, insanlar səssizliyin içində gizlənmiş fəryadı, naləni eşidə bilsəydilər, bu qədər amansız, bu qədər vəhşi olmazdılar… Nəfəsim təngimişdi. Mənə elə gəlirdi ki, ciyərlərimin odundan qalxan hava dağ boyda ağaclara toxunsa, hamısı bir andaca məşələ dönər.Əgər bu məzarlarda yatanların başına gələnləri bu dağlar, bu ağaclar, bu quşlar bilsəydilər, hamısı birdən kralın da, onun ordu başçısının da üzərinə şığıyar, monastrın divarlarını rahiblərin üstünə aşırardılar. Amma onlar nə bu talelərdən xəbər tutacaq, nə də bu zülmü edənlərdən qisas alacaqlar…

Eləcə böyük bir boşluğa düşmüş kimi orada döyüküb qaldım. Gözlərimi bu məzardan o məzara, o məzardan bu məzara gəzdirirdim. Birində ömrünün baharında canından olmuş bir gənc yatırdı, sevdiyi qızın namusunu qorumaq üçün ölümün qanlı pəncələri arasına atılmışdı. Qız da onun fədakarlığını, qəhrəmanlığını cavabsız qoymamış, ölümünü gözə alaraq gəlib onun cansız cəsədini burada dəfn etmiş, sanki hər cür alçaqlığa, qorxaqlığa meydan oxuyaraq igidinin yadigar qalmış qılıncını da məzarına başdaşı kimi sancmışdı…

O biri məzarda isə bu dünyada sevgidən, həsrətdən və işgəncədən başqa bir şey görməyən gənc qadın yatırdı. Qısaca ömrünü namusla yaşadı,əli sevgilisinin əlinə dəymədən qətlə yetirildi… Sevdiyi gənc isə onu tərk etmədi, ardınca buralara gəldi, cənazəsini tapıb torpağa tapşırdı və məzarının üstünə tər çiçəklər düzdü... Bu çiçəklər onların qırılmış,əzilmiş, tapdalamnış sevgisinə necə də bənzəyirdi, ilahi!..

Üçüncü məzar isə qoca, dərdli, kasıb bir kişinin idi. Bütün gəncliyini monastrın tarlalarında çalışaraq keçirmişdi. Əldən düşəndə isə qovmuşdular ki, onun yerinə gənc, qüvvətli birini işlətsinlər. Çarəsi tükənən bu yazıq qoca da balaları acından ölməsin deyə monastrın anbarından bir kisə un götürmək istədikdə yaxalanmış və qatı cinayətkar kimi edam olunmuşdu. Qocanın dul qalan qadını isə Həzrəti İsanın yolunu tutduqlarını iddia edən, amma məsələni qılıncla həll etməyi üstün tutan rahiblərə öz peyğəmbərlərini xatırlatmaq üçün ərinin məzarının başına ağacdan xaç düzəldib basdırmışdı…

Axşam yaxınlaşır, Günəş də sanki bu mənzərəni görməkdən canını qurtarmaq üçün şəfəqlərini tələm-tələsik yığışdırıb uzaqdakı dağın arxasında gözdən itməyə çalışırdı… Çox keçmədi ki, Günəş batdı və qaranlıq qara yorğan kimi bu qədər qəddar və bu qədər məsum insanları bağrında yaşadan dünyamızın üstünə sərildi…

Üzümü səmaya çevirdim,əllərimi məzarlara,o məzarların üzərindəki rəmzlərə uzatdım.

Onların aqibətindən şikayətlənərək var səsimlə bağırdım:

- Ey igidlik! Torpağın bağrına sancılmış bu qılınc sənin qılıncındır!

- Ey eşq! Od-alovun dağladığı bu çiçəklər sənindir, sənin!

- Ey İsa! Gecə qaranlığının örtdüyü bu xaç sənin xaçındır!..

 

Ərəb dilindən çevirən: Mahir Həmidov