• cümə, 29 Mart, 10:33
  • Baku Bakı 5°C

Ləkəli təkərləmə....

13.11.17 11:25 17629
Ləkəli təkərləmə....
Radionun səsi məhəllənin üstünə yun şal kimi atılıb. Evlər istidən tərləyib, qapılar əsnəkdi. Hündür binaların ayağı altında qalmış məhəllə kağızdan düzəldilmiş kino-dekora oxşayır. Damlar ağ-qara şəkillər kimi parlaqdı. Adamların üzü muğam zənguləsinin avazı təki ləngərlə təkrarlanır.Segahın şirin yerində hardansa Dürnusə arvadın xırıltılı səsi eşidilir: – "Bir də bu dünyaya gəlsəm, Atamın goru üçün ayağısürüşkən olacam”.
Abrından dastanlar danışılan Dürnisənin lapdan gəldiyi qənaət quşbaz Kərimi heyrətləndirir. "Əbrəş” göyərçinini qıvrım buludlu göy üzünə buraxıb Dürnisənin qırışmış əllərindən öpür.
– Elə danışma böyük məmə, biz sənə baxıb qız böyümüşük” – deyir.
Dürnusənin çölə çıxmış gözləri Kərimin sözündən sonra yerinə qayıdır. Arvad işıqlanıb: – "Matışkə kişilər kimi əlimi nöş öpürsən, alə” – söyləyir.
Dürnisənin min illik ərkini tanıyan Kərim toxtayır.
Göydə qəzəl qafiyəsi kimi oynaşan quşlarına baxıb, fit çala-çala dama qalxır. Məhəllə əxlaqından arxayın olmuş Kərimin fiti də sevincəkdi.
İki mərtəbəli köhnə mülk uzaqdan yastı balabana oxşayır. Kərim bu balabanın deşikli yerindən durbinlə şəhərə baxır. Şəhər damdan çox hündürdədi, görünmür. O, hündürlüyə baxandan sonra Kərim çevrilib ayağı altında qalmış məhəlləsinə də baxır. Məhəllə bağışladan çox aşağıdadı. Xır əkən bəstə boy "kəndliyə” oxşayır.
Dürnisə arvad köhnə palazın üstündə oturub yun çırpır. İlləri ələmiş əllərinin heyi qalmayıb. Yun çubuğu üzü üzlər görüb yaprıxmış yunu didə bilmir, eləcə havanı dilləndirir. Biri birinin əlindən tutmuş yunlar dəcəl uşaqlar təkin çubuqdan yayınıb yer üstündə "şalaxo” oynayırlar. Dürnisə arvad, orkestri çaşdırmış naşı dirijora oxşayır.
Valya xalanın əri Andro qapılarının ağzında başı aşağı durub altdan yuxarı məhəllədəkilərə tamaşa edir. Uzaqdan Andro həvəngin dəstəsinə oxşayır. O, məhəlləyə köçəndən hamının baxışı dəyişib, altdan yuxarı olub. Əvvəl məhəllənin gözünə yaxşı görünən nəsə, indi pis görünür. Əvvəllər pis kimi tanınan adam indi yaxşı adam kimi tanınır. Daha məhəllədə eyib tutan yoxdur. Nə istəsən eləyə bilərsən. Qınamayacaqlar. Hamının başı özünə qarışıb. ”Veçernə bazarı”nda olduğu kimi məhəllə daha bahanı ucuz alır. Buludlardan aşağı taxtadan yonulmuş iki quş asılıb. Dinc gözləri qapalı, qanadları parıltılı, cinsi, adı bəlli olmayan quşlardır. Uçub eləmirlər. Eləcə göydən asılıblar. Qızılı lələkləri var. Xəzri olanda Xəzriyə, Gilavar olanda Gilavara yellənirlər. O, quşları küləyin gicavar vaxtı buludlardan kim asıb? Niyə asıb? Heç kəsin xəbəri yoxdur. Məhəllədə heç kəs bu sualın cavabını axtarmır da. Hamı gözünü açandan o quşları göydən asılı görüb. Gözləri ilə gördükləri möcüzənin niyə quş şəklində olduğu da heç zaman məhəllə adamlarına çöçün gəlməyib. Quşlar onların sirridir. Onlar bu möcüzəni gözləri ilə görə bildiyi üçün hər axşam göyə dua edirlər. Bu adamlar sirr adamlarıdır. Seçilmişdilər. Elə bir iş bilirlər ki, bu işi başqaları bilmir. Bu sirr həm də onları göyə yaxın edir. Göydəki ilə qohum kimi yaşayırlar. Göydən aşağı ancaq onların məhəllələrində quşlar sallanıb. Başqa məhəllələrin quşları da başqadır, adamları da. Quşa görə onlar qəzavü-qədərə də daha çox bağlıdırlar. Olana tabe olandılar. İnandıqları yeganə möcüzə bu quşlardır. Quşlar onları görünən üfüqün cızığından çıxarıb. Doğulandan təkkə uşaqları kimi dincliyə, özünə qapanmağa meyillidilər. Ayaqlarına geyindikləri rezin "şap-şuplarını” kandarda çıxarıb dünya xalçadı deyə üstünə çıxmırlar. Gözləri həmişə göydədir. Dəyişikliyi ordan gözləyirlər.
Səlimin oğlu Bahadır özünü tanıyandan tində dayanır. Bir ayağını qaldırıb divara söykəmiş Bahadırın saçları Buzovna yeli kimi titrəkdi. Məhəllənin xırda uşaqları əsgər marşı oxuya-oxuya Bahadırın qarşısından keçib gedirlər. Bahadır yorğun generallar kimi onlara əl eləyir.
Hər dəfə birinci mərtəbənin kəllə qapısı açılanda Kərim udqunur. Qapıdan çölə çıxan Mərdan kişi hər səhər əlində təzə daş güzgü tutur. Güzgünün üstünə düşən gün işığı Kərimin gözlərini qamaşdırır. Mərdan əlində tutduğu güzgünü hər səhər tut ağacına söykəyir. Güzgünü görən məhəllə adamları ağacın başına toplaşırlar. Güzgüdə görünən üzlərini biri-birilərinə göstərib gülüşürlər. Nədənsə onlara öz üzləri güzgüdə gülməli görünür. Uşaqların oxuduğu əsgər marşı da güzgüdə məzəli səslənir. Gülən adamlara yuxarıdan baxan Kərim hər səhər "Olanla görünən yəqin başqa başqadır” deyə düşünür.
Vaxtdan çıxmaq istəyən başı aşağı Andornun hər səhər altdan yuxarı səsi eşidilir: – "Ay kişilər belə yaşamayın. Düşər-düşməzi olar. Elə bilirsiz Allahın səbri bir gün tükənməyəcək”.
Hər səhər məhəllə adamları himə bənd imiş kimi bu sözlərdən sonra gülməklərini kəsib ağlayırlar.
Onda Andro ucadan: – "Ağlamaq lazım deyil. Mən başqa zaddan danışırdım” – qışqırır.
Hər səhər məhəllə adamları Mərdanın güzgüsünü daşla vurub sındırırlar. Hər səhər Mərdan sınıq güzgüsünü götürüb məhəllədən qaçır.
Sonra yenə səhər də, güzgü də, Mərdan da məhəlləyə qayıdır...
Qafar kişi məhəllənin nəfəsliyidir. Məhəlləyə gələn yel ondan keçib içəri girir. Qafar günəbaxana oxşayan arvadı ilə qapısının ağzındakı artırmada oturub çay içir. Arvad hər səhər Qafara özünə çöçün görünən tərs-avand sualını verir.
– Qədeş necə olur ki, meşədə bitən ağac susuz böyüyür, bağçada əkilən ağac böyümür?
Qafar dərindən nəfəs alıb üzünü arvadına tutur:
– Adamlar da belədir. Kökü susuz olanı var – deyir.
Arvadı Qafarın nə dediyini anlamasa da evdə qanqaraçılıq düşməsin deyə dinmir.
Dürnisə arvadın nəvəsi Sübhan qaça-qaça həyətə girib nənəsinin tumanı altında gizlənmək istəyir.
Nadir kişi Sübhana:
– Nənənin dalında niyə gizlənirsən, alə – qışqırır.
Sübhan ağlaya-ağlaya: – "Dünyadan qorxuram” – deyir.
Dürnisə arvad abrını vermək üçün Nadir kişiyə tərəf çönmək istədiyi an həyətə nazirlər kimi bahalı kostyum geyinmiş iki kişi girir.
Bahalı kişilərdən biri çantasından çıxardığı "noutbuka” baxıb: – "Mərdanov qardaşları 18 A buradır?” – soruşur.
Məhəllə adamları: – "Buradır” deyirlər.
İkinci kişi: – "Sizin kanalizasiya xətləriniz tutulub, Təmir eləməyə gəlmişik” – söyləyir.
Səməd kişi gələnlərin bahalı görkəmlərinə göz vurub: – "Siz, doğurdan, "zaxod” düzəldənsiniz?” – soruşur.
Nisbətən cavan kişi
– Belə baxanda mən professoram, elmi açılışlarım da var. Kolleqam da elə belə adam deyil. On il bundan qabaq yeni modeldə nüvə silahı icad etmişdi – deyir.
Səməd kişi köksünü ötürüb: – "Keçmiş olsun, bala. Sonra nə oldu ki? – soruşur.
İkinci kişi:
– Sonra bizə boru işlərini etibar etdilər. Elm zamanı deyil. Bazar dövrüdür. Neynəyək? Acından ölək?”
Səməd kişi:
– Sizə baxanda Mərdana çox şükür – deyib qapısına tərəf gedir.
"Bahalı kişilər”-dən biri əlindəki iri açarla kanalizasiya xəttini döyəcləyir. İki üç zərbədən sonra köhnə cuğun boru açarın zərbinə dözməyib partlayır.
Borudakı pislik çölə fışqırır...
Həyəti üfunətli qoxu bürüyür.
İki üç dəqiqənin içində borudan fışqıran çirkab su həyəti basır....
Qapılar, adamlar çirkli su altında qalıb görünməz olurlar....
"Bahalı kişilər” borunu təmir edə bilməyəcəklərini anlayıb məhəllədən qaçırlar.
Göz görəsi bir iki saatın içində məhəllə çirkab suların altında görünməz olur. Hardansa uzaqdan, suların altından Dürnisə arvadın nəm səsi eşidilir:
– Mən sənə neynəmişdim ki, axırımı belə yazdın, ey yeri göyü heç nədən yaradan kişi? Məni bir təmiz yerdə öldürə bilmirdin?
Kərim çirkabın göydən asılan möcüzə quşlara qədər qalxdığını görəndə əlindəki durbini kənara atır. Çevik həmləylə quşlardan birinin belinə hoppanır. Quş belində adam olduğunu hiss edib dirilir. Kərim taxta quşun gözlərini açdığına sevinir. Barmaqlarının ucuyla onun isti qanadlarını sığallayır. Quş bu təmasa bəndmiş kimi göydən asılı iplərini qırıb buludlara doğru uçur. Kərim geriyə çevriləndə o biri quşun da arxalarıyca süzdüyünü görür. Min illik yuxudan oyanmış müqəddəs quşlar haralarasa çox yuxarılara doğru uçurlar. Hara getdiyini əvvəllər də düşünməyən Kərim belində oturduğu quşun iradəsindədir. Hara gedəcəyi onun üçün həmişə olduğu kimi bu gün də maraqlı deyil. Bu haqda heç düşünmür də. Onun üçün maraqlı olan yolun özüdür. Amma hardansa içində göynək bir sızıltı da var. İndicə ayrıldığı keçmişi onu doğma haləsindən asanca buraxmaq istəmir. Son dəfə çevrilib çirkaba batmış keçmişinə, ömrünü yuxudaymış kimi şirin-şirin yaşadığı məhəlləsinə baxır. Məhəllə görünməsə də, xatirəsi görünür. Keçmiş gözünün tutumundadır. Gözdən kənarda keçmiş olmur. Ancaq gələcək olur. Gələcək Kərimi qorxudur. Görəsən, altındakı quş onu hara aparacaq? Oralarda nə var? Gələcək keçmiş qədər tanış deyil deyə qorxuludur. Bir var harasa öz iradənlə gedəsən. Bir də var səni harasa aparalar. Bunlar fərqli-fərqli hallardır. Kərim çətinliklə də olsa gözlərini açıb aşağı boylanır. Bütün dünyanı çirkab su basıb. Su göyün boğazına qədər qalxıb. Buludların yarısı suda boğulub. Artıq geriyə yol yoxdur. Keçmiş su altındadır. Bəs gələcək? Kərim başını yuxarı qaldırıb bu dəfə dibsiz göy üzünə baxır. Göy üzünün tutacağı, görünən hər hansı bir əlaməti, daşı, ağacı olmur. Göy üzü sənə heç zaman olduğu kimi görünmür də. Ora ayağının heç zaman dəyməyəcəyi boşluqdur. Göydə toxunulası heç nə yoxdur. Oranın suyu da başqa cürdür. Oraların öz zamanı, öz görüntüləri var. Belə baxırsan göydə buludlardan savayı gözünə heç nə dəymir, amma nədənsə sənə elə gəlir ki orda kimsə var. Göy üzü sənin uydurduğun qədərdir. Onu necə görmək istəyirsənsə elədir. Göyün ölçüsü, şəkli yoxdur. Orda sənin öyrəşdiyin, ağlının kəsdiyi, sənə tanış gələcək keçmişin də yoxdur. Ənənədə yaşayan, dünyaya durbinlə baxan Kərimi qorxudan da budur...
Və beləcə Kərim göy üzünün dibsiz boşluqlarına baxa-baxa qəfil anlayır ki, göy üzü sən demə, gedəcəyin yol qədərdir. Mütləq o yolun sonunda kiminsə olacağına inanmaqdır. Yol varsa, deməli, yolun axırında da kimsə olacaq. Yol adamı harasa aparmaq, kiməsə çatdırmaq üçün salınır axı. Kimisə tezliklə görəcəyini anlayan kimi Kərim toxtayıb quşun boynunu bərk-bərk qucaqlayır. Quş da Kərimin "yolu” anladığını görüb elə bil sevinir. Üç dəfə ucadan qağayı səsinə oxşar səslə çığırıb buludların arasına girir...
Kərim onu da anlayır ki, getdiyi yolun axırı olmaya da bilər. Keçmiş də, indi də, gələcək də eləcə yoldu. Sən bu yolu keçmişsiz, gələcəksiz olduğu kimi anlamayınca, sədlərdən, mənindən çıxa bilməyincə yola yoldaş ola bilməyəcəksən. Getdiyin yeri sevmək, ora çatmaq istəmək də şərtdir.
Kərim hara getdiyini, niyə getdiyini və ən başlıcası oralarda nə edəcəyini dəqiq bilmir. Hələ yol onu arıtlamalıdır.
Kərim nəhayət dərk edir ki, göy üzündə ona ağıl yox, ürək gərəkdir. Və elə həmin an da xatırlayır ki, ürəyi aşağıda, çirkab sular altında qalmış məhəllədə qalıb...
ORXAN FİKRƏTOĞLU
banner

Oxşar Xəbərlər