Kolombr

Kolombr

21 Oktyabr 2019, 12:00 343
On iki yaşına dolan Stefano Roy dəniz gəmisinin kapitanı, yelkənli və yüksək sürətli bir gəminin sahibi olan atasından xahiş elədi ki, ad günü hədiyyəsi olaraq onu özüylə dənizə səfərə aparsın. Sonra da əlavə elədi:
 
- Böyüyəndə, mən də, eynilə sənin kimi, dənizlərə səyahətə çıxacağam, gəmi kapitanı olacağam. Ancaq o gəmilər səninkindən daha iri, daha yaraşıqlı olacaqlar.
Atası razılaşdı:
- Allah qoysa, oğlum.
Dəniz səyahəti elə həmin günə təyin olunduğundan ata oğluyla səfərə çıxdı.
 
Parlaq və günəşli bir gün idi. Dəniz səssizcə ləpələnirdi. O vaxta qədər bir kərə də gəmiyə minməyən Stefano bəxtəvərcəsinə göyərtədə var-gəl edir, iri yelkənlərin yönlərinin dəyişdirilməsinin necə qəliz bir iş olduğunu heyranlıqla süzürdü. Matroslara elə hey suallar verirdi, onlar da gülümsəyərək, oğlana nələrisə izah etməyə çalışırdılar.
 
Bir ara gəminin arxa qismində ayaq saxlayan Stefano gözlərini dənizdən çəkməyə cürət etmədi. Dayandığı yerdən yarım mil aralıda, gəminin öz ardınca buraxdığı köpüklü izin arasında bir şey gah görünür, gah qeybə çəkilirdi. Gəmi əsən küləklə eyni yöndə və yetərincə sürətlə irəliləsə də, oğlanla o anlaşılmaz şey arasındakı məsafə zərrəcə azalmırdı. Sanki özünün sirli və anlaşılmaz olmasıyla həmin şey Stefanonu özünə çəkir və tilsimləyirdi.
Oğlunu yan-yörəsində görməyən kapitan uca səslə onu səslədi. Oğlandan isə bir cavab gəlmədi. Kapitan körpüsündən enən ata oğlunu axtarmağa yollandı.
Oğlanın gəminin arxa qismində quruyub qaldığına və gözlərini dənizdən çəkmədiyinə şahid olan kapitan soruşdu:
- Stefano, niyə orada dayanmısan?
- Ata, bir bura gəl. Ora baxsana!
Oğlana yanaşan kapitan onun nişan verdiyi səmtə baxsa da, orada heç nə görmədi.
- Ata, gəminin yardığı sularda batıb-çıxan və qapqara rəngdə bir məxluq baxırdı ordan mənə. Yəqin indi də ardımızca üzür.
 
Atası dilləndi:
- Qırx yaşım var, gözlərimdən də hər hansı şikayətim yoxdur. Di gəl ki, o dediyin yerdə mən heçcə nə görmürəm.
Ancaq oğlan dediyindən əl çəkmədi. Belə olunca, atası durbinini gətirib, gəminin ardındakı köpüklü suları diqqətlə süzdü.
Qəfildən onun bənizi avazıdı.
- Ata, nə var orda? Sənə nə oldu belə?
- Eh, oğulbala, axı, mən niyə sənə baş qoşdum? – dedi kapitan. – Bundan belə səndən ötrü daim narahat olacağam. Orada o batıb-çıxan hər hansı məxluq deyil, kolombrdır, çox qorxunc və sirli köpəkbalığıdır. Dünyanın bütün dənizçilərinin canına vahimə salan o məxluq insandan qat-qat hiyləgərdir. İnsanlardan kimi və niyə özünə qurban seçdiyi bilinməsə də, o, həmin adamı illər uzunu, bəzən ömrü boyu, qarabaqara izləyir və ən nəhayət, onu udur. Ən qəribə məqam da odur ki, seçdiyi qurbandan və onun qan qohumlarından başqa heç kəsə kolombrı görmək qismət olmur.
- Bu danışdığın nağıl-filan deyil ki?
- Yox… Şəxsən mən indiyədək kolombrı heç görməmişdim. Ancaq dəfələrlə eşitdiyim hekayətlər sayəsində onu ilk baxışdan tanıdım: üzü kərgədanınkını xatırladır, durmadan açılıb-yumulan ağzı isə qorxunc dişlərlə doludur… Evimiz yıxıldı, bala! Görünür, bu dəfə o, səni özünə şikar seçib və dənizdə olduğun müddətcə səndən əl çəkən deyil. Odur ki, biz təcili limana dönməliyik. Mənə söz ver ki, nə olursa-olsun, heç vaxt qurunu tərk etməyəcəksən. Oğlum, dənizçi olmaq sənin qismətin deyilmiş və bu hökmlə artıq barışmağa məcbursan. Öz səadətini isə sən elə quruda da tapa bilərsən.
Bunun ardınca kapitan gəminin yönünü dəyişdi, Stefanonun soyuqladığını bəhanə gətirməklə, limana dönmək əmri verdi. Oğluyla vidalaşandan sonra o, təkrar dənizə çıxdı.
 
Atasına məxsus gəminin dor ağaclarının ucları gözdən itənə qədər oğlan çaşqın-çaşqın dənizin sahilində durub, gözlədi. Limana girişi daraldan dalğaqıranın o biri üzündə isə dəniz göz gördükcə uzanırdı. Ancaq diqqətlə baxdığı vaxt Stefano çox uzaqlarda, suyun səthində gah görünüb, gah qeyb olan xırda, qara nöqtəni – öz "kolombr"ını seçməyi başardı.
Eyni yerdəcə dövrə vuran o məxluq oğlanla görüşün intizarındaydı.
Oğlunun dənizçilik sevdasını unutması üçün ata əlindən gələni əsirgəmədi, sonra da onu sahildən yüzlərlə kilometr aralıdakı bir şəhərə oxumağa göndərdi. Düşdüyü yeni mühitdə Stefano bir müddət o qorxunc dəniz məxluqunun varlığını unutdu. Ancaq yay tətili zamanı təkrar evlərinə döndü və bir az bekar qalan kimi əlüstü dalğaqırana tərəf üz tutmağa başladı. Bəxtini sınamağa yaman həvəsliydi o, hərçənd qəlbinin dərinliyində özünə inamı az idi. Aradan bir xeyli zaman ötmüşdü və əgər atasının vaxtilə danışdığı o əhvalat həqiqətə uyğun idisə, onda yəqin ki, kolombr bu oğlana hücum fikrindən də çoxdan daşınmışdı.
 
Lakin dənizə ilk nəzər salan kimi Stefanonun nəfəsi daraldı, ürəyi quş kimi çırpınmağa başladı: dalğaqırandan bir xeyli aralıda, açıq dənizdə həmin o qorxunc balıq yavaş-yavaş gərdiş eləməkdəydi. Arabir o, başını sudan çıxarmaqla, az qala nigaranlıq içində sahilə boylanırdı ki, görəsən, Stefano Roy bir də nə vaxt buralarda peyda olacaq?
Gecə-gündüz ona pusqu qurub, gözləyən bu amansız və gizli məxluq barədə fikirlər artıq Stefanoya rahatlıq vermirdi. Hətta dənizdən xeyli uzaqdakı şəhərdə ikən də ara-sıra gecənin bir aləmi oyanır, qəlbində anlaşılmaz bir təlaş duyurdu. Əlbəttə ki, burada, kolombrdan yüzlərcə kilometr aralıda, Stefano özünü mümkün təhlükədən uzaqlarda sanırdı. Ancaq yenə də unutmurdu ki, dağların, meşələrin və vadilərin o üzündəki bir məxluq onun şirin canına susayıb. Dünyanın ən uzaq qitəsinə sığınsa belə, nisbətən yaxınlıqdakı dənizin sularında kolombrın onu inadla gözlədiyinə zərrəcə şübhə bəsləmirdi.
 
Yetərincə ciddi və çalışqan bir gənc sayılan Stefano dərslərində xeyli uğur qazanmışdı. Bir az yetkinləşincə, uşaqlıq dövrünü keçirdiyi o şəhərdə ticarətlə bağlı yüksək qazanclı bir vəzifəyə təyinat aldı. O dönəmdə xəstələnən atası dünyasını dəyişdi. Dul xanımı mərhumdan qalan gözoxşayan yelkənli gəmini satınca isə Stefano böyük bir mirasın sahibinə çevrildi. Artıq Stefanonun öz yaşam tərzi – işi-gücü, dostları, gənclik həvəsləri və ilk sevgi macərası vardı. Ancaq yenə də kolombrla bağlı fikirlər yaxasını buraxmır, taleyin həm nəhs, həm də sirli ilğımı kimi daim onu izləyirdi. Aradan zaman ötdükcə, ona bağlılıq əsla azalmır, əksinə, daha da vazkeçilməz olurdu. Bir yandan qaynar və firavan həyatdan həzz almağa çalışan bu cavan digər yandan da onu gözləyən dibsiz uçurumdan təlaşa qapılırdı.
 
İyirmi iki yaşına dolanda Stefano tutduğu vəzifədən istefa verdi, dostlarıyla vidalaşıb, doğma şəhərinə döndü. Anasına bildirdi ki, atasının işini davam etdirmək niyyətindədir. Ancaq o sirli köpəkbalığı barədə qadına bircə kəlmə də demədi. Ana da oğlunun bu fikrindən xeyli məmnun oldu, çünki o da daxilən inanırdı ki, dənizdəki işi şəhərin qaynar həyatına qurban verməklə, oğlu öz ailəsinin ənənələrinə xəyanət edib.
 
Beləcə, Stefano dəniz səfərlərinə çıxmağa başladı, bu işdə yüksək bacarıq və dönməz iradə sərgilədi, hər cür çətinliyə mətanətlə sinə gərdi. Harada olursa-olsun – gecə-gündüz demədən, durğun havalara və fırtınalara məhəl qoymadan – kolombr onun gəmisini qarabaqara izlədi. Stefano artıq razılaşmışdı ki, bu məxluq – onun ölüm fərmanıdır, əbədi lənətidir və bəlkə də elə bu üzdən ondan birdəfəlik canını qurtarmaq üçün heç nə eləmirdi. Həm də ondan başqa gəmi heyətindən heç kəs bu sirli məxluqu görmürdü. Gəminin ardınca buraxdığı köpüklü suları nişan verərək, o, hərdənbir yol yoldaşlarından soruşurdu:
- Ora baxın, o, nədir elə?
- Orada heçcə nə yoxdur, axı. Necə bəyəm?
- Yəqin gözümə nəsə göründü…
 
Yoldaşları isə məzələnərək:
- Birdən orada gözünə kolombr-filan dəyər ha! – deyər, iraq olsun mənasında taxtanı taqqıldadardılar.
- Bununla nə demək istəyirsiniz? Niyə taxtanı taqqıldadırsınız, axı?
- Dediyimiz odur ki, kolombrdan əsla mərhəmət umma. Əgər o, hər hansımızı özünə hədəf seçibsə, əcəli… qaçılmazdır.
Ancaq Stefano yenə də bunu ciddiyə almırdı, əksinə, başının üstünü alan bu aşkar təhlükə onun dənizə bəslədiyi sevgini daha da gücləndirirdi, təhlükə və mübarizə anlarında sərgilədiyi cəsarət birə-beş artırdı.
 
Qısa müddətdə o, dənizçilik işinin bütün sirlərinə yiyələndi. Atasından miras qalan pula şərikləriylə birgə kiçik yük gəmisi aldı, bir müddət sonra isə onun yeganə sahibinə çevrildi. Bir neçə ekspedisiyanı uğurla başa vurandan sonra, o, iri ticarət gəmisi satın aldı. Bu addım onun qarşısında daha cazibədar üfüqlər açdı.
Qazandığı uğurlar və sərvət Stefanonun qəlbində kök salan zəhlətökən və əzabverici qorxunu yox edə bilmədi, buna rəğmən, o, gəmisini satmaq, dənizlə vidalaşaraq, quruda hansısa başqa bir işlə məşğul olmaq fikrini heç yaxınına da buraxmırdı.
Həyatda tək arzusu – üzmək və yenə də üzmək idi. Sahilə təzəcə qədəm qoyan kimi o, növbəti səfərə çıxmaq üçün səbirsizlənirdi. Orada onu kolombrın gözlədiyini yaxşı bilsə də, içindəki çılğın ehtirasa qarşı çıxmaqda aciz idi, odur ki, öz ölümünə meydan oxuyaraq, dinclik bilmədən dəniz və okeanlarda dolaşırdı.
 
Günlərin bir günü Stefano fərqinə vardı ki, artıq yaşlanır. Heç kəs anlaya bilmirdi ki, bunca varı-dövləti olan bu adam çətin dənizçilik peşəsindən niyə bezmir, əl çəkmir. Artıq o da özündə bir yorğunluq və boşluq hiss edirdi, çünki bütün ömrünü və həyat eşqini o, amansız düşmənlə mənasız bir savaşa həsr eləmişdi. Ancaq əvvəlki firavan və sakit həyat tərzini də çoxdan yadırğamışdı, gözgörəsi uçuruma can atmağı indi daha üstün sayırdı.
Xoş bir axşam idi. Stefanonun misilsiz gəmisi doğma şəhərin sahillərində lövbər atmışdı. Qəfildən ona elə gəldi ki, əcəl saatı yetişib.
 
Etibarlı adamı saydığı kapitan köməkçisini yanına çağırdı və indicə deyəcəyi şərtlərə birə-bir əməl edəcəyinə dair ona and içdirdi. Adam da şərəfinə and içdi.
Bunun ardınca kapitan heyrətə qapılan köməkçisinə son əlli il boyu özünü inadla izləyən o kolombrla bağlı əhvalatı başdan-sona anlatdı. Stefano hekayətinə belə davam elədi:
- Dünyanın bu başından o biri başına səfərlər zamanı o, daim mənim ardımca üzüb. Adamın ən sınanmış dostu da ona bunca sədaqətli ola bilməz… İndi anlayıram ki, axırım yetişib. Yəqin elə o da mənim kimi yaşlanıb, tamam əldən düşüb. Daha mən onun ümidlərini daşlara çırpa bilmərəm.
Sözünü bitirəndən sonra o, köməkçisini bağrına basdı, suya kiçik qayıq atılmasını tapşırdı, əlinə isə bir nizə aldı.
- Ən nəhayət, bu gün onunla rastlaşacağıq. Qoy ədalət zəfər çalsın: o, umduğunu almalıdır. Ancaq mən də son nəfəsimə qədər vuruşacağam.
Yorğun-arğın halda avar çəkən Stefano gəmidən aralandı. Göyərtədəki matroslar Ayın zəif işığıyla aydınlanan sakit sularda kapitanlarının gecənin zülmətində necə qeybə qarışdığına göz qoymaqdaydılar.
 
O, çox gözləyəsi olmadı. Qəfildən kolombrın müdhiş başı qayığın lap yaxınlığında peyda oldu.
Stefano pıçıldadı:
- Bax, artıq özüm hüzuruna gəlmişəm sənin. İndi görərik kim kimi…
Var gücünü toplayaraq, o, nizəni başının üstünə qaldırdı.
Kolombr o ara dərindən köks ötürdü:
- O-o-x! Gör, nə vaxtdır yolunu gözləyirəm! Hətta gözləməkdən tamam bezmişdim. Bir bilsən, dənizlərdə nə qədər yormusan məni! Hər dəfə də qaçıb, qurtulmusan… Deyəsən, dediklərimdən heç nə anlamırsan?
Stefano çaşqın halda soruşdu:
- Nə anlamalıyam ki, görəsən?!
- Yəqin düşünürdün ki, udmaq, yemək üçün səni izləyirəm? Halbuki dənizlər padşahı bax, bunu sənə çatdırmağı tapşırmışdı mənə.
 
Dilini dışarı uzadan kolombr ağsaçlı kapitana xırda, gözqamaşdırıcı bir kürə üzatdı. Stefano ehtiyatla onu ovcuna aldı. Bu, qeyri-adi ölçülərə malik bir mirvari idi.
Stefano bu qiymətli daşın öz sahibinə uğur, qüvvət, sevgi və könül rahatlığı bəxş edən məşhur Dəniz İncisi olduğunu anladı.
Ancaq artıq iş-işdən keçmişdi. Stefano nalə çəkdi, dərindən sarsılıbmış kimi başını buladı:
- Ah, ağılsız başım! Necə də yanılıbmışam! Sırf bu üzdən mən həm özümün, həm də sənin ömrünü yelə vermişəm!
- Əlvida, zavallı insan! – deyən kolombr həmişəlik qapqara suların qoynunda qərq oldu.
 
Bundan iki ay sonra isə dəniz dalğaları həmin qayığı vurub, sıldırım qayaların ətəklərinə atdı. Bunu görən balıqçılar sırf maraq üçün üzüb, ona yanaşdılar. Qayıqda dümağ rəngdə bir skelet oturmuşdu. Sümüyə çevrilən əl barmaqlarının arasında o, xırda, parlaq bir kürə tutmaqdaydı…
 
 
Dino BUTSATİ   
Dilimizə çevirdi – Azad Yaşar